Məhkəmə qərarları › İş №2-1(112)-3631/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3631/2023

13.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3631/2023 13.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh firmasına qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh firmasına qarşı “cavabdehin xx.xx.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 8 000.00 manat vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 8 000 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh firması (VÖEN **********) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna və İşsizlikdən sığorta fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 05 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2021-ci il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2021-ci il tarixə yaranan 86 765.95 manat borcuna görə 8 000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2021-ci il tarixli **********7 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 8 000.00 manat ödənilməmiş vergi borcu qalmışdır. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı, cavabdeh firmanın dövlət büdcəsinə ödənilməmiş 8.000 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 8.000 manat məbləğində siyahıya alınmış əmlakının satılması barədə qərarın qəbulunu xahiş edir. Halbuki vergi orqanı belə bir iddia ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş və həmin işə Bakı Apellyasiya Məhkəməsində baxılarkən (14 iyun 2022-ci il tarixdə) cavabdeh firma 8.000 manat pulu ödəmişdir (qəbz əlavə olunur). Bu barədə qəbz həmin iş üzrə elektron məhkəmə sisteminə də əlavə olunmuşdu, yəni iddiaçı bu barədə məlumatlıdır. Vergi orqanı yenə də həmin pulu niyə və hansı əsasla tələb edir? Göründüyü kimi, cavabdeh firma tələb edilən 8.000 manat pulu 6 ay bundan qabaq ödəmişdir. Deməli, artıq tərəflər arasında bu məsələ ilə bağlı hər hansı mübahisə yoxdur. Odur ki, iddia mümkün sayılmamalıdır. Cavabdehə ünvanlanmış 18 yanvar 2021-ci il tarixli **********306600 saylı vergi borcunun ödənilməsinə dair bildirişdə bildirilmişdir ki, xx.xx.2021-ci il tarixə dövlət büdcəsinə ümumilikdə 87,158.83 manat, o cümlədən: vergilər üzrə 43,060.54 manat, maliyyə sanksiyaları üzrə 29,845.66 manat, faizlər üzrə 14,252.63 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0.00 manat borc vardır. Vergi Məcələsinin 65.1-ci maddəsinə əsasən göstərilən borcların 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb olunur. 17 fevral 2021-ci il tarixli, **********7 saylı əmlakın siyahıya alınması haqqında protokola əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 11 fevral 2021-ci il tarixli qərarı ilə Cavabdeh firmasının Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə borclarını ödəmədiyinə və yaxud öhdəliyini yerinə yetirməkdən boyun qaçırdığına görə əmlakları siyahıya alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********7 saylı 11 fevral 2021-ci il tarixli qərarına əsasən Cavabdeh firmasının əmlaklarının siyahıya alınmasının həyata keçirilməsi böyük dövlət vergi müfəttişi X2 tapşırılmışdır. Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında 17 fevral 2021-ci il tarixli akta əsasən Cavabdeh firmasının siyahıya alınmış əmlakları böyük dövlət vergi müfəttişi X3 tərəfindən məsul saxlanma üçün Cavabdeh firmasının direktoru X1 təhvil verilmişdir. Əmlakı məsul saxlanmaya təhvil almış şəxs siyahıya alınmış əmlak barəsində sərəncam vermək hüququndan məhrum edildiyi, həmin əmlaka sahiblik və ondan istifadə edilməsinin yalnız vergi orqanının nəzarəti ilə həyata keçirilə biləcəyi, habelə bu əmlaka dair onun bağladığı əqdlərin etibarsız hesab ediləcəyi və siyahıya alınmış əmlakın israf edilməsinə, özgəninkiləşdirilməsinə, gizlədilməsinə, dəyişdirilməsinə yol verdiyi təqdirdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 303-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilmişdir. Cavabdeh firması tərəfindən iddiaçıya təqdim olunmuş arayışda bildirilmişdir ki, siyahıya alınmış əmlak firmaya məxsusdur, ondan başqa firmanın heç bir nağd pulu, əmlakı, nəqliyyat vasitələri yoxdur. Daş karxanasında işləyən transformator Cavabdeh firmasına məxsus deyil. 23 fevral 2021-ci il tarixli **********229600 saylı vergi ödəyicisinin siyahıya alınmış əmlakına qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə xəbərdarlıqda bildirilmişdir ki, Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********7 saylı qərarına əsasən xx.xx.2021-ci il tarixdə 8 000 manat dəyərində əmlakları siyahıya alınmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.2ci maddəsinə əsasən siyahıya alınmış əmlaklar barəsində sərəncam vermək hüququna malik olmadığı üçün həmin əmlaklara sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Bununla əlaqədar olaraq siyahıya alınmış bu əmlaklara dair bağladığı əqdlər etibarsız hesab edilməklə həmin əmlakların israf edilməsinə, özgəninkiləşdirilməsinə, gizlədilməsinə, dəyişdirilməsinə yol verdiyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyətə cəlb ediləcəyi barədə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.10-cu və Cinayət Məcəlləsinin 303-cü maddələrinə əsasən xəbərdarliq edilir. Əmlakının siyahıya alındığı vaxtdan 30 gün müddətində vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacaqdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1417/2022 saylı 09 mart 2022-ci il tarixli qətnaməsinə əsasən “Firuzə” firmasının xx.xx.2021-ci il tarixə dövlət büdcəsinə olan 8.000 (səkkiz min) manat məbləğində vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış 8.000 (səkkiz min) manat dəyərində olan əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması və satışdan artıq qalan məbləğin “Firuzə” firmasına qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-515/2022 saylı 20 iyul 2022-ci il tarixli qərardadına əsasən "Firuzə” firmasının apellyasiya şikayəti qismən təmin edilərək Bakı Kommersiya Məhkəməsinin 09 mart 2022-ci il tarixli 2-2(113)- 1417/2022 saylı qətnaməsinin ləğv edilməsi və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Firuzə” firmasına qarşı “siyahıya alınmış əmlakın satılması”na dair iddia tələbi üzrə icraata xitam verilməsi qərara alınmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim olunmuş 14 iyun 2022-ci il tarixli 4257 saylı qəbzə əsasən Cavabdeh firması 8 000 manat pul məbləğini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin balansına köçürmüşdür. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddia mümkün hesab edilməməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilməməsini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü müvafiq olaraq bu Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, cavadeh tərəfindən 14 iyun 2022-ci il tarixli 4257 saylı qəbzə əsasən 8 000 manat pul məbləği iddiaçının balansına köçürülmüşdür. İddiaçı müvafiq tələblə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Belə olan halda, aydın olur ki, iddiaçı müvafiq tələblə məhkəməyə müraciət edərkən artıq cavabdeh tərəfindən tələb ödənildiyindən və faktiki olaraq iddiaçı ilə cavabdehin arasında əmlak tələbi barədə mübahisə qalmadığından iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ mövcud deyil. Odur ki, iddia mümkün hesab edilməməlidir. Məhkəmə qeyd edir ki, hazırkı tələblə iddianın mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar