Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3631/2025 30.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, "torpaq sahəsinə mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrinə qeydə alınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X4 üçüncü şəxs qismində cəlb edilməklə) “torpaq sahəsinə mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrinə qeydə alınması” tələbinə dair iddiası üzrə inzibati işə 30 iyul 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Abşeron 3 saylı Zeytun sovxozunun xx.xx.1991-ci il tarixli, 17 № li əmrinə əsasən İddiaçı (bundan sonra - iddiaçı) 0,10 ha torpaq sahəsi ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatı tərəfindən torpağın yerləşmə cizgisi tərtib edilərək iddiaçıya təqdim edilmişdir. İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “...3 nömrəli X5 direktorunun xx.xx.1991-ci il tarixli, 17 nömrəli əmri ilə hüquq sahibinə torpaq sahəsi ayrılan zaman həmin dövrdə qüvvədə olan Torpaq Məcəlləsinə əsasən yerdə (naturada) sahənin hüdudları müəyyən edilərək müvafiq rəsmiləşdirmə işlərinin aparılması təmin edilməmişdir. Belə ki, təqdim edilmiş yerləşmə sxemi torpaq sahəsi ayrılan zaman sovxoz tərəfindən deyil, sonradan Bakı şəhər İcra Hakimiyyəti tərəfindən tərtib edilmişdir. Həmçinin göstərilən sahəyə digər şəxs tərəfindən müraciət olmuşdur.” İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində yerləşən 0.1 ha əraziyə malik torpaq sahəsinə dair onun, İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla reyestrindən çıxarışın və texniki pasportun verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan SSR Nazirlər Sovetinin 1990-ci il 259 nömrəli və 24 oktyabr 1990-cı il 489 nömrəli qərarları ilə Abşeron rayon 3 №-li sovxoz fəhlə və qulluqçularına 0.1 ha hesabı ilə 6 ha və 8,4 ha fərdi ev tikdirmək üçün torpaq sahəsi ayrılmışdır. Abşeron rayon 3 nömrəli Zeytun sovxozunun 05 mart 1991-ci il tarixli 17 nömrəli əmrində qeyd edilmişdir ki, 3 nömrəli Zeytun sovxozunun Həmkarlar İttifaqı və ƏKŞ-nin 18 may 1990-cı il 3 saylı protokoluna əsasən sovxoz rəhbərliyindən fəhlə İddiaçı 0.1 hektar hesabı ilə torpaq sahəsi ayrılması əmr edilmişdir. Bununla bağlı Abşeron rayon Dövlət Arxivinə müraciət edilmiş və həmin müraciətə əsasən göndərilmiş 30 dekabr 2023cü il tarixli cavabda Abşeron rayon 3 nömrəli Zeytun sovxozunun 05 mart 1991 -ci il tarixli 17 nömrəli əmrinin arxivdə mövcud olduğu bildirilmiş və əmrdən çıxarış iddiaçıya təqdim edilmişdir. Həmçinin iddiaçı həmin torpaq sahəsinə dair cizgi planın hazırlanması ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmiş və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən cizgi plan hazırlanaraq təsdiq edilmişdir. Bundan sonra iddiaçı öz hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə müraciət etsə də, xx.xx.2024-cü il tarixli, **********57 nömrəli bildirişlə hüquqların dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. İmtinanın əsası kimi yerləşmə sxeminin sovxoz tərəfindən deyil, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən tərtib edildiyi qeyd edilmişdir. Göründüyü kimi cavabdeh 3 nömrəli Zeytun sovxozu tərəfindən verilmiş əmri və arxivdən çıxarışı qəbul etsə də, yerləşmə cizgisinin sovxoz tərəfindən tərtib edilmədiyini əsas gətirərək imtina etmişdir. Bununla bağlı bildirmək istəyir ki, şəxsə məxsus torpağa dair hüquqmüəyyənedici sənəd məhz sovxoz rəhbərinin əmridir. Cizgi texniki sənəd olduğu üçün əmrə əlavə edilməmişdir. Həmçinin iddiaçı uzun illərdir özünə məxsus torpağa faktiki sahiblik edir. Bildirmək istəyir ki, sözügedən torpağa dair başqa şəxsin müraciətinin olması hissəsində də imtina əsassızdır. Belə ki, yuxarıda da qeyd edildiyi kimi iddiaçı uzun illərdir həmin torpaq sahəsindən istifadə edir. İndiyədək bununla bağlı hər hansı şəxslə mübahisə olmamışdır. Bu səbəbdən hesab edir ki, cavabdeh tərəfindən qeyd edilmiş səbəblər əsassız olduğundan məhkəmə tərəfindən cavabdehin üzərinə hüquqların dövlət reyestrində qeydiyyata alınması ilə bağlı öhdəlik qoyulmalıdır. Tərəflərindən bütün hüquqmüəyyənedici və digər lazımi sənədlər təqdim edilmişdir. Hesab edirlər ki, cavabdehin göstərilən əsaslarla müraciətdən imtina etməsi tam olaraq qanunsuz və əsassızdır. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etirazın dəlilləri imtinanın dəlilləri ilə eyni məzmunludur. Əlavə olaraq qeyd edilmişdir ki, sahəyə X1 müraciəti olmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə etirazı müdafiə edərək iddianın rədd edilməsini xahiş etdi. Üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə hər-hansı məlumat məhkəməyə daxil olmamışdır. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə digər üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən halıdır ki, Abşeron rayon 3 saylı Zeytun sovxozunun xx.xx.1991-ci il tarixli, 17 № li əmrinə əsasən iddiaçıya 0,10 ha torpaq sahəsi ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilərək iddiaçıya təqdim edilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq dövlət reyestrindən çıxarışın verilməsini xahiş edir. İddia tələbinin qanuni əsasını «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. və 8.0.8-ci maddələri təşkil edir. Həmin normalar görə, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 439 saylı, xx.xx.2015-ci il tarixli Fərmanının 2.5-ci bəndinə əsasən yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış torpaq sahəsinə hüququn qeydə alınması üçün əsasdır. İddiaçının təqdim etdiyi sovxozun əmri mülkiyyət hüququnun qeydə alınması üçün hüquqmüəyyənedici sənəddir. Cavabdeh iddiaçının hüquqmüəyyənedici sənədini mübahisələndirmir. Hazırkı mübahisə torpağın yerləşməsi ilə bağlıdır. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən aşağıdakı əsaslara istinad edir: 1) 3 nömrəli X5 direktorunun xx.xx.1991-ci il tarixli, 17 nömrəli əmri ilə hüquq sahibinə torpaq sahəsi ayrılan zaman həmin dövrdə qüvvədə olan Torpaq Məcəlləsinə əsasən yerdə (naturada) sahənin hüdudları müəyyən edilərək müvafiq rəsmiləşdirmə işlərinin aparılması təmin edilməmişdir. Belə ki, təqdim edilmiş yerləşmə sxemi torpaq sahəsi ayrılan zaman sovxoz tərəfindən deyil, sonradan Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən tərtib edilmişdir. 2) göstərilən sahəyə digər şəxs tərəfindən müraciət olmuşdur. Məhkəmə cavabdehin imtinasının dəlilləri kimi istinad etdiyi halları əsassız hesab edir. Belə ki, 1-ci imtina dəlilində qeyd edilən hal iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir. Torpaq sahəsi ayrılarkən sovxoz tərəfindən yerləşmə cigisin tərtib edilmədiyindən, sonradan həmin cizgi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən tərtib edilmişdir. Hazırda sovxozlar ləğv edildiyindən və həmin torpaqların idarəçiliyi Bakı şəhər İcra Hakimiyyətinə qaytarıldığından cavabdehin bu imtinasının əsası yoxdur. Ümumiyyətlə cavabdeh bu imtinanın iddianın mülkiyyət hüququnun qeydə alınmasından imtinaya nə üçün mane olduğunu etirazında əsaslandırmamışdır. İkinci imtina dəlili ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında üçüncü şəxsin nümayəndəsi (oğlu) iştirak etmiş və verdiyi izahatda üçüncü şəxsin adına Xəzər rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş torpaq sahəsinin yerləşmə sxeminin olduğunu bildirmiş, lakin hər hansı sübut və ya yerləşmə sxemi təqdim edə bilməmişdir. Məhkəmə sorğusu əsasında Bakı şəhər Xəzər rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktubda bildirilmişdir ki, Xəzər RİH-də Qala qəsəbəsində vətəndaş X2 ayrılmış torpaq sahəsinin yerləşmə sxeminə dair heç bir məlumat aşkar edilməmişdir. Göründüyü kimi, surəti təqdim edilmiş üçüncü şəxsin torpaq sahəsinə aid olduğu bildirilən torpaq sahəsinin yerləşmə cizgisinin mötəbərliliyi sübuta yetirilmir. Bundan başqa cavabdeh tərəfindən məhkəməyə təqdim edilən 2.06.2025-ci il tarixli məktubda bildirilmişdir ki, sözügednə sahələrin bir-biri ilə üst-üstə düşmə halı müəyyən edilməmişdir. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Abşeron rayon 3 nömrəli Zeytun sovxozunun 17 nömrəli, xx.xx.1991-ci il tarixli əmrinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində yerləşən və İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-3631/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3631/2025
30.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver