Məhkəmə qərarları › İş №2-1(112)-3632/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3632/2025

15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3632/2025 15.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Sabir oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 1877 saylı sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3126-cı məhəllədə yerləşən ümumi sahəsi 0,06 ha torpaq sahəsinə dair cizginin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 01 dekabr 2000-ci il tarixli 1877 saylı sərəncamına əsasən iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3126-cı məhəllədə yerləşən ümumi sahəsi 0,06 ha torpaq sahəsi ayrılmışdır. Qeyd olunan torpaq sahəsinə dair torpaq sahəsinin cizgisinin tərtib edilməsi barədə Binəqədi Rayon İcra Hakimiyyətinə ərizə və ona əlavə edilmiş sənədlərlə müraciət etmişdir. Ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən ərizə təmin edilməmiş, imtinaya əsas kimi göstərilmişdir ki, sözügedən torpaq sahəsinin cizgisinin arxiv arayışı müraciətə əlavə edilmədiyinə görə ərizəni təmin etmək mümkün olmamışdır. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassız olmaqla hüquqlarını məhdudlaşdırır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş ‘‘Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı maddəsinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli 5-10/2-Ə-196-091/2024 nömrəli imtina məktubunda qeyd etmişdir ki, qeyd edilən məsələ ilə əlaqədar bildirilir ki, sözügedən torpaq sahəsinin cizgisinin Arxiv arayışı müraciətə əlavə edilmədiyindən müraciətin təmin edilməsi mümkün olmamışdır. Cavabdeh məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli 5-10/2-2494/2024 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edərək, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində istifadəsinə ayrılmış torpaq sahəsinin cizgisinin təsdiq edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Sözügedən torpaq sahəsinin cizgisinin arxiv arayışı müraciətə əlavə edilmədiyindən müraciətin müsbət həll olunması mümkün olmamışdır. Bu barədə vətəndaşa ətraflı cavab verilmişdir. Rayon İcra Hakimiyyəti vətəndaşa imtina etməmiş, qanunvericiliklə təqdim olunması zəruri olan sənədlərin təqdim olunmasından sonra məsələyə baxılacağı bildirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsinin onun özünə aid edilməsini dəqiqləşdirmək mümkün olmadığı üçün torpaq sahəsinin cizgisinin arxiv arayışının təqdim olunmadan yerləşmə cizgisinin təkrar verilməsi məqsədəmüvafiq hesab edilməmişdir. İddiaçı iddia ərizəsində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 1877 saylı sərəncamı ilə ona ayrılmış torpaq sahəsinin cizgisinin tərtib olunaraq təsdiq olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Belə ki, eskizin arxiv arayışı olmadığı təqdirdə torpaq sahəsinin koordinatlarının müəyyən olunması qeyri mümkündür. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 2189 saylı sərəncamına əsaslanaraq həmin zaman qüvvədə olan qanunvericilik aktlarına əsasən yerləşmə sxeminin yer quruluşu orqanları tərəfindən yerdə (naturada sahənin hüdudları müəyyən edilməklə ) müvafiq sənədlər rəsmiləşdirib verilmişdir. Belə ki, həmin sərəncamın 1-ci bəndində qeyd olunmuşdur ki, Bakı şəhəri, B.Süleymanov küçəsi, 59 saylı binada yaşayan vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Binəqədi rayonu ərazisində 7-ci mikrorayon 3126-cı məhəllədə əlavə olunmuş cizgi əsasında 600,0 kv.m torpaq sahəsi ayrılsın. Nümayəndəlik tərəfindən eskiz əlavə olunmasa idi, torpaq sahəsinin ayrılması mümkün olmazdı. Belə ki, edilən müraciətdə də qeyd olunduğu kimi, sözügedən torpaq sahəsi ayrılarkən həmin zaman qüvvədə olan qanunvericilik aktlarına əsasən ona yerləşmə cizgisi yer quruluşu orqanları tərəfindən yerdə (naturada) sahənin hüdudları müəyyən edilməklə müvafiq sənədlər rəsmiləşdirilib verilmişdir. Bu həmin sərəncamın qüvvəyə minməsi üçün əsasdır. Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1999-cu il 7 il iyun tarixli, 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinin tələblərinə əsasən yerquruluşu işləri respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. Yəni iddiaçıya ayrılmış torpaq sahəsinin plan-cizgisinin verilməsi öhdəliyi Binəqədi Rayon İcra Hakimiyyətinin öhdəliyi deyil. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Qeyd olunan iddia ərizəsinə münasibət bildirilməklə, iddia ərizəsinin əsassız olunmasını və Binəqədi Rayon İcra Hakimiyyətinin hüquq və vəzifələrini icra edərək qeyd edilən faktlara və hüquq normalarına əsaslanaraq iddiaçının irəli sürdüyü iddia tələbləri əsassız olduğu üçün iddia tələbinin qeyri mümkün sayılması barədə qərar qəbul edilməsi xahiş olunur. Bakı İnzibatı Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-3632/2025 nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə, “Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 1877 saylı sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3126-cı məhəllədə yerləşən faktiki sahəsi 577 kv.m olan torpaq sahəsinə dair cizginin verilməsi öhdəliyinin cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması” kimi icraata qəbul edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq Məhkəmə iddianın mümkünlüyü ilə bağlı bildirir ki, hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti cavabdeh qismində çıxış etməkdədir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş (06 iyun 2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 28-ci bəndinə görə müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı bəndinə görə torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir. Göründüyü kimi, sadalanan qanunvericilik aktlarına əsasən torpaq sahəsi ayrılan vaxtda və ondan sonrakı dövrlərdə torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək, torpaq istifadəçilərinin müraciəti əsasında yerquruluşu sxemlərinin hazırlanması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxildir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1359/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 2-1(102)-1577/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarlarında da kassasiya instansiya məhkəməsi həmin işlər üzrə aidiyyəti yerli icra hakimiyyətinin cavabdehlik daşıdığını bildirmişdir. İş materiallarında olan sənədlərə əsasən: Məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli 3-48-2F-23230/2024 nömrəli məktubu ilə göndərilmiş sərəncamın surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 1877 tarixli sərəncamı ilə Bakı şəhəri, B.Süleymanov küçəsi, 59 saylı binada yaşayan İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Binəqədi rayonu ərazisində 7-ci mikrorayon 3126-cı məhəllədə əlavə olunmuş cizgi əsasında 600,0 kv.metr torpaq sahəsi ayrılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, göstərilən torpaq sahəsi sənəd üzrə 600.0 kv.m olsa da, faktiki olaraq 577.0 kv.m təşkil edir. Göstərilən faktiki torpaq sahəsinin sərhədləri üç tərəfdən mişar daş hasarla, bir tərəfdən müəyyən hissəsi şərti və mişar daş hasarla sərhədlənmişdir. Əlavə 46.0 kv.m sahə istifadədədir. Sahə üzərində tikili yoxdur. Faktiki olaraq göstərilən 577.0 kv.m kv.m torpaq sahəsinin koordinatları məktuba əlavə olunmuşdur. Vahid electron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Üst-üstə düşmə ilə bağlı elektron bazada məlumat aşkar olunmamışdır. Sahənin bir hissəsi (280 kv.m) Azərsu ASC-yə məxsus su boru xəttinin mühafizəsində yerləşir. Məhkəmə hesab edir ki, işin yuxarıda qeyd edilən faktiki hallarına qanunvericiliyinin aşağıda göstərilən normalarının tətbiqi baxımından hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının 27 fevral 2001-ci il tarixli, 96-İİQD nömrəli Qanununa əsasən qüvvədən düşmüş Torpaq Məcəlləsinə əsasən: Maddə 14. Müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Maddə 22. Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; ... 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; ... 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. Maddə 29. Torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Maddə 57. Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. .. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnaməyə görə (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür): Bənd 13. İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri q) torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. ... Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinin: 1-ci bəndinə görə yerquruluşu – torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir; 3-cü bəndinə görə yerquruluşu, ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə respublika və regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu sxemlərinin hazırlanması, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin hazırlanması işlərini də nəzərdə tutur; 4-cü bəndinə əsasən yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının (yerli icra hakimiyyəti orqanları) qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. Həmin Məcəllənin 56-cı maddəsinin 6-cı hissəsinə əsasən, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin” 4.16.6-cı maddəsinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Qanunvericiliyin müddəalarından göründüyü kimi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilə bilən torpaq sahələri yalnız dövlət ehtiyat fondu torpaqlarına aid ola bilər və qəbul edilmiş qərarla rəsmiləşdirilməlidir. Torpaq sahəsi ayrılarkən yerquruluşu qaydalarına uyğun olaraq əvvəl onun sərhədləri yerdə (naturada) və xəritədə, yəni həmin torpaq sahəsinin digər torpaq sahələrinə münasibətdə yerləşməsi və döngə nöqtələri müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi onu ehtiva edir ki, torpaq sahəsi ayrılan şəxsə onun ölçüləri göstərilməklə təqdim edilir. Bu prosedurun nəticəsi olaraq torpaq sahəsinin planı və təsviri hazırlanmalıdır. İş materiallarından müəyyən edilir ki, Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 1877 nömrəli sərəncamı əsasında torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, həm sərəncam tam şəkildə icra edilməmiş, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi verilməmiş, fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinə dair ayrıc aktını həmin dövrdə sərəncam ilə birlikdə vətəndaşa təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının tələb etdiyi sənədin tərtib edilməsi torpaqayırma prosedurunun ayrılmaz tərkib hissəsidir və torpaqayırma prosedurunun sonunda həmin sənədin sərəncamla birlikdə təsdiqlənmiş qaydada iddiaçıya, eləcə də arxivə təqdim olunması cavabdehin məsuliyyət sferasına aid olmuşdur. Sərəncama əlavə edilmiş müvafiq sənədlərin, o cümlədən hazırkı halda torpaq aktının və torpağın yerləşmə cizgisinin lazımi qaydada təsdiqlənməməsi iddiaçının məsuliyyət sferasına aid edilə və onun təqsirli davranışının nəticəsi kimi qiymətləndirilə bilməz. Torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olmuş qanunvericiliyə görə, torpaqayırma sənədlərinin tamlığının, eyni zamanda dəqiqliyinin təmin olunması cavabdehin öhdəliyinə aid edilmişdir. Odur ki, hazırda qüvvədə olan qanunvericiliyin tələbi baxımından, cavabdehin həmin səlahiyyətə malik olub-olmaması da onu mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş öhdəliyin icrasından azad etmir. Bundan başqa Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsinin ayrılması barədə sərəncam ləğv edilmədiyindən, geri çağrılmadığından, dəyişdirilmədiyindən və hal-hazırda öz hüquqi qüvvəsini saxladığından, faktiki olaraq həmin sərəncam əsasında ayrılan torpaq sahəsinə dair cizgi aktının verilməsi təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).” Odur ki, məhkəmə hesab edir ki, torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, sərəncam tam şəkildə icra edilməmiş, torpaq sahəsinin hüdudlarını müəyyən edən səlahiyyətli qurum tərəfindən təsdiq edilmiş dəqiq cizgi mövcud deyildir. Məhkəmə araşdırması zamanı həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Sxem iş materiallarında mövcuddur. Belə olan təqdirdə, məhkəmə hesab edir ki, iddiaçı müvafiq öhdəliyin qoyulmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Bu səbəbdən də Məhkəmə hesab edir ki, hazırki iddia üzrə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti cavabdehlik daşıyır və iddiaçıya ayrılan torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi onun tərəfindən təmin olunmalıdır. Cavabdeh isə heç bir obyektiv araşdıma aparmadan torpaq sahəsinə dair cizgi aktının verilməsindən imtina etmişdir ki, bununla da iddiaçının etimad göstərdiyi və halhazırda qüvvədə olan inibati akta münasibətdə etimad hüququnun pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının aşağıdakı qərarlarında da oxşar mövqedən yanaşılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1359/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “İş materiallarından müəyyən edilir ki, torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, sərəncam tam şəkildə icra edilməmiş, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyildir. Cavabdeh qurum fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m. torpaq sahəsinə dair ayrıc aktını həmin dövrdə sərəncam ilə birlikdə vətəndaşa təqdim etməmişdir. Həmçinin qeyd edilməlidir ki, iddiaçıya Zirə qəsəbəsinin şimal-qərb hissəsində 145 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.m. torpaq sahəsinin ayrılmasına dair Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 629/611 həmin sərəncamı hazırda qüvvədədir.” Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1577/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “İş üzrə müəyyən olunur ki, iddiaçı məhz Bakı şəhər İcra Hakimiyyətinin 659 saylı 02 may 1994-cü il tarixli Sərəncamı və Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 11 yanvar 1998-ci il tarixli 13 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi (Sulutəpə) ərazisində X1 (iddiaçının mərhum əri) ayrılmış 600 kv.m torpaq sahəsinin cizgisinin təsdiq edilməsini xahiş etmişdir. İddiaçı öz tələbində hər hansı digər (o cümlədən zəbt olunmuş) sahəyə deyil, məhz sərəncama əsasən ona verilmiş torpaq sahəsinə dair cizginin təsdiq edilməsini tələb etdiyindən məhkəmələr iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişlər.” Yuxarıda göstərilən məhkəmə qərarlarından aydın olur ki, kassasiya instansiyası məhkəməsinin hazırkı işlər üzrə formalaşmış mövqeyi, torpaq sahəsinin ayrılması ilə bağlı aktın qəbul edilməsi zamanı yerli icra hakimiyyətinin həyata keçirməli olduğu vəzifələri və bu prosesin vətəndaşın xeyrinə tənzimlənməsi prinsiplərinə əsaslanır. Həmin qərarlara əsasən, yerli icra hakimiyyəti tərəfindən veriləcək yerləşmə cizgisinin təmin edilməsi, məhz həmin qurumun özünün məsuliyyətində və müvafiq səlahiyyətlər çərçivəsində olmalıdır. Bu zaman, yerli icra hakimiyyətinin bu vəzifəni yerinə yetirərkən qanunvericiliyə və müvafiq hüquqi normativ aktlara uyğun olaraq hərəkət etməsi vacibdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilir ki, mübahisəli torpaq sahəsinin iddiaçıya ayrılması barədə Bakı şəhəri Binəqədi RİH-in sərəncamı qüvvədədir və arxiv nüsxəsi mövcuddur. Torpaq sahəsi iddiaçının istifadəsində olmaqla faktiki ölçüsü 577 kv.m-dir. Vahid elektron kadastr baza məlumatlarına əsasən “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Üst-üstə düşmə halı müəyyən edilməmişdir. İnzibati Prossesual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, məhkəmə hesab edir ki, işə iddia tələbi çərçivəsində baxılaraq hüquqi qiymət verilməli və iddia tələbi təmin edilməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə- vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 1877 saylı sərəncamına əsasən İddiaçı ayrılmış, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3126-cı məhəllədə yerləşən, faktiki sahəsi 577 kv.m olan torpaq sahəsinə dair torpağın yerləşmə cizgisinin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar