Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3634/2021 23.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X11 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair plan və ölçü, dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il tarixli 6/333 nömrəli və Azərbaycan SSR NK-nın 02 iyun 1988-ci il tarixli 195 nömrəli qərarlarına əsasən 12 saylı Orderlə ona ayrılan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-İ bağ massivi 782B saylı bağ sahəsi üzərinə mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın hazırlanıb verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonar İPM) 54-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə (dəyişdirilməsi) dair ərizə təqdim edərək, məhkəmədən Bakı şəhər İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il tarixli 6/333 nömrəli və Azərbaycan SSR NK-nın 02 iyun 1988-ci il tarixli 195 nömrəli qərarlarına əsasən 12 saylı Orderlə ona ayrılan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-İ bağ massivi 782V saylı bağ sahəsini sxematik xəritəyə uyğunlaşdırmaqla faktiki istifadəsində olan ərazidə yerləşən torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı yenidən məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən Bakı şəhər İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il tarixli 6/333 nömrəli və Azərbaycan SSR NK-nın 02 iyun 1988-ci il tarixli 195 nömrəli qərarlarına əsasən 12 saylı Orderlə ona ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-İ bağ sahəsində 17 saylı BTK nəzdində yerləşən faktiki istifadəsində olan 1060,0 kv. metr torpaq sahəsindən ibarət 782 V saylı bağ sahəsinin bağların sxematik xəritəsinə uyğunlaşdırmaqla onun adına Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il tarixli 6/333 №-li və Azərbaycan SSR NK-nin 02 iyun 1988ci il tarixli 195 №-li qərarlarına əsasən, ona bağ-tikinti kooperativlərinin tərkibində bağ sahəsi ayrılmış və Vişnyovka (indiki Albalılıq) bağlar sahəsindəki 782 V nömrəli 0,12 ha torpaq sahəsinin ona ayrılmasına dair 12 saylı Order verilmişdir. Bundan sonra o, həmin bağ sahəsinə sahiblik edərək, hazırki vaxtadək həmin bağ sahəsini istifadə etməyə başlamışdır. Ona verilən 12 saylı Orderdə onun adı İddiaçı deyil, səhv olaraq X13 qeyd edildiyindən bu bağ sahəsi üzərində öz mülkiyyət hüquqlarını qeydə aldıra bilməmişdir. Bu yalnışlığı aradan qaldırmaq üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 mart 2016-cı il tarixli 2(011)-841/2016 saylı qətnaməsi ilə ərizəsi təmin edilmişdir. Bundan sonra zəruri sənədlər toplanaraq, aidiyyəti üzrə DƏDRX-nin Bakı Ərazi idarəsinə müraciət edilmişdir. Həmin idarədən ərizəsinə verilən 02.06.2016-cı il tarixli **********17 saylı məktubda bir neçə bağ sahəsinin bir hasar daxilində olduğundan ərizənin icrasının mümkün olmadığı bildirilmişdir. Bundan sonra o, qeyd edilən çatışmamazlığı aradan qaldıraraq ona məxsus olan bağ sahəsini əlavə hasara aldırmışdır. Bu işlər başa çatdıqdan sonra növbəti dəfə o, cavabdeh inzibati orqana müraciət edərək, mülkiyyət hüquqlarının qeydə alınmasını xahiş etmişdir. Cavabdeh inzibati orqanın ərizəsinə verdiyi 17.12.2019-cu il tarixli **********89 saylı cavab məktubunda bu dəfə inzibati orqan torpaq sahəsinin ölçülərini və guya sxematik xəritədə uyğun gəlmədiyini bəhanə gətirərək, müraciətinə imtina vermişdir. O, orada qeyd edilənlərə əsaslanaraq ona ayrılan bağ sahəsinin harada yerləşməsini və hansı əsaslarla onun istifadəsində olan bağ sahəsinin fərqli qeydiyyatının aparıldığını dəqiqləşdirmək istəsə də, cavabdeh inzibati orqanın 06.10.2020-ci il tarixli **********83 saylı imtina məktubunda əvvəlki məktuba istinad edilmiş və müraciətində qeyd edilən hallara aydınlıq gətirməmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsinə dair etirazda göstərilmişdir ki, İddiaçı hazırki tələblə bağlı İdarəyə müxtəlif vaxtlarda müraciətləri olmuşdur. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, bağ sahəsi sənədlə 1200.0 kv. metr olsa da, faktiki 1060.0 kv. metr təşkil edir. Həmçinin sözügedən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil edir, belə ki, sxematik xəritəyə əsasən 781 “B” saylı bağ sahəsinin yerinə uyğun gəlir. İddiaçı 27.08.2020-ci il tarixli müraciəti araşdırılması üçün İdarənin mütəxəssisləri tərəfindən çöl-ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. Bununla bağlı İdarə tərəfindən iddiaçıya **********9 qeydiyyat nömrəli 17.12.2019-cu il tarixl, **********83 qeydiyyat nömrəli 06.10.2020-ci il tarixli məktublar ünvanlanmışdır. İddiaçı nümayəndəsi və vəkili X6 iddianın mahiyyəti üzrə izahat verərək, iddia ərizəsində mübahisəli bağ sahəsinin nömrəsinin texniki səhv olaraq “782B” kimi göstərildiyini, əslində cavabdeh inzibati orqana olunan müraciətlərində və iddia tələbində “782 V” №li bağı nəzərdə tutduqlarını bildirərək, məhkəmədən qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X7 məhkəmə iclasında etiraza uyğun izahat verərək, iddiaçının müraciətləri əsasında Xidmətin mütəxəssisləri tərəfindən ona məxsus “782V” saylı bağla bağlı araşdırma aparılaraq, müvafiq cavab verildiyini bildirərək, məhkəmədən qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmamasını xahiş etdi. İPM-nin 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı özünə məxsus torpaq sahəsinə dair plan və ölçünün, dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə ona özünə məxsus torpaq sahəsinə dair plan və ölçünün, dövlət reyestrindən çıxarışın verilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan; iddiaçıya məxsus Bakı şəhəri Xətai rayon polis idarəsi tərəfindən 03.02.2005-ci ildə verilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1949-cu ildə Gürcüstan, Saqareco rayonu, Lambalo kəndində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş 15.04.2016cı il tarixli E-21-112 №li arxiv aryışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin “Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsi haqda (bağ məsələləri üzrə komissiya yığıncağının 03.05.1994-cü il tarixli, 58 №li protokolu)” 04 may 1994-cü il tarixli 663 saylı Sərəncamı ilə Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 №li və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 №li Qərarlarına əsasən X8 bağ tikinti kooperativlətinin tərkibində Vişnyovka 1, BTK № 17, bağ 782 V ayrılmışdır. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının X4 və X5-İ bağlar sahəsindəki 17 saylı kooperativ tərəfindən verilmiş 12 saylı orderin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyətinin 04 may 1994-cü il tarixli 663 saylı qərarına əsasən Vişnyovka-İ bağlar sahəsində 17 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 782“V” saylı bağ sahəsi X9 ayrılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-841/2016 saylı iş üzrə çıxartdığı 14 mart 2016-cı il tarixli qətnaməsi ilə Bakı şəhər İcra Hakimiyyətinin 04 may 1994-cü il tarixli, 663 saylı sərəncamına əsasən, Vişnyovka bağlar sahəsində 17 saylı BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 782 V saylı bağa dair Bakı şəhər İcra Hakimiyyəti Aparatının X4 və İstismarı Birliyi tərəfindən X8 verilmiş 12 saylı orderdə göstərilmiş “X13”nun Bakı şəhəri Xətai rayon polis idarəsi tərəfindən 03 fevral 2005-ci il tarixində verilmiş AZE seriyalı, 0******* saylı “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”ndə göstərilən, xx xxxxxx 1949-cu il təvəllüdlü X15 olması və həmin orderin İddiaçı məxsus olmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi qət edilmişdir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********40 saylı 09.06.2021-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş aşağıdakı sənədlərdən müəyyən olunur ki; AN-İ ******* №-li 22.04.2010-cu il tarixli Daşınmaz Əmlakın alqı-satqısı müqaviləsi ilə X10 xüsusi mülkiyyətində olan (MA seriyalı ******* saylı çıxarış) Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsi, 0,10768 ha torpaq sahəsindən ibarət olan 781 B bağ sahəsini X1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı Ərazi idarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA Seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsi, 781 B saylı 0,10768 ha bağ sahəsi X12 adına xüsusi mülkiyyət kimi 22.05.2010-cu il tarixdə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 247 nömrəli reyestr kitabının 23023 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı Ərazi idarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 433452 saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsi, 781 B saylı 0,1077 ha torpaq sahəsi və 467 kv. metr yaşayış sahəsi X12 adına xüsusi mülkiyyət kimi 08.01.2020-ci il tarixdə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 185 nömrəli reyestr kitabının 18267 nömrəli vərəqində qeydiyyata alınmışdır. X12 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən bağ evinə dair 07.01.2020-ci il tarixdə 04/34 inventar nömrəli (reyestr nömrəsi **********90-11301) texniki pasport verilmişdir. İddiaçının hazırki tələblə bağlı inzibati orqana etdiyi müraciətə cavab olaraq, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********89 №li 17.12.2019-cu il tarixli imtina məktubunda göstərilmişdir ki, bağ sahəsi sənədlə 1200.0 kv. metr olsa da, faktiki 1.060,0 kv.metr təşkil edir. Həmçinin sözügedən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil edir, belə ki, sxematik xəritəyə əsasən 781 “B” saylı bağ sahəsinin yerinə uyğun gəlir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. - 8.0.5-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələrindəndir. Göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək və vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək cavabdeh inzibati orqanın vəzifələrinə aid edilmişdir. Cavabdeh inzibati orqanın imtinada və iddiaya dair etirazda göstərdiyi dəlillərə gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı sərəncamla ona ayrılmış 0,12 ha torpaq sahəsindən hazırda faktiki istifadəsində olan 1060,0 kv. metr bağ torpaq sahəsinin adına mülkiyyət hüququ ilə rəsmiləşdirilməsini tələb edir. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının hazırda faktiki istifadəsində olan 782 “V” saylı 1060,0 kv. metr bağ torpaq sahəsinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən yerinə uyğun gəldiyi 781 “B” saylı bağ sahəsi digər bir şəxsin xüsusi mülkiyyətində olmaqla, faktiki istifadəsindədir və qeyd olunan bağ torpaq sahələrinin faktiki olaraq üst-üstə düşməsi halı cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən müəyyən olunmamışdır (nə imtina məktubunda, nə də ki, iddiaya dair etirazda belə bir halın mövcudluğu qeyd olunmamışdır). İddiaçı qeyd olunan halı nəzərə almaqla, özünə məxsus bağ sahəsinin bağların sxematik xəritəsinə uyğunlaşdırmaqla Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsini xahiş etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhər İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il tarixli 6/333 nömrəli və Azərbaycan SSR NK-nın 02 iyun 1988-ci il tarixli 195 nömrəli qərarlarına əsasən 12 saylı orderlə İddiaçı ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-İ bağ sahəsində 17 saylı BTK nəzdində yerləşən, faktiki istifadəsində olan 1.060,0 kv. metr torpaq sahəsindən ibarət 782 “V” saylı bağ sahəsinin bağların sxematik xəritəsinə uyğunlaşdırmaqla, İddiaçı adına Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər 1 saylı Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3634/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3634/2021
23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver