Məhkəmə qərarları › İş №2-1(112)-3635/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3635/2021

03.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3635/2021 03.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvanı: İsmayıllı şəhəri, M.F.Axundov küçəsi ev 57), cavabdehin nümayəndəsi X4 (Ünvanı: Bakı şəhəri, Azadlıq prospekti, ev 196, mənzil 171; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı, Hüquq və kadrlar sektorunun böyük məsləhətçihüquqşünas) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanaraq ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı təyin olunmuş pensiyanın yenidən hesablanması və vəzifə maaşının düzgün hesablanmaması nəticəsində ona dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 28.04.2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclası 03.05.2021-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında iddiaçının “təyin edilmiş pensiyanın yenidən hesablnaraq ödənilməmiş məbləğin ğdənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbini dəqiqləşdirilməsin ərizəsi icraata qəbul edilmişdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı xx.xx.1956-ci ildə İsmayıllı rayonun Hacıhətəmli kəndində anadan olmuşdur. 1981 -1985-ci ildə SSSR Daxili İşlər Nazirliyinin Ryazan Ali məktəbində təhsil almışdır. Hüquqşünas ixtisasına yiyələnmişdir. 01.09.1985-ci il tarixdən SSSR RF ərazisində, daha sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətində müxtəlif vəzifələrdə işləmişdir. 2001-ci ilin 12 yanvar tarixindən ədliyyə polisinin ləğv olunması ilə əlaqədar orqandan tərxis olunmuşdur. Ona təminat xərcliyinin 56% pensiya təyin olunmuş və Azərbaycan Respublikası Penitensiar xidmətinin müvafiq əmri ilə ehtiyata buraxılmışdir. Həmin tarixdən təyin olunmuş pensiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Pensiya şöbəsindən almışdır. Sonradan pensiya şöbəsi ləğv olunmuş və hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı bütün funksiyalar ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli 184-İİİ QD nömrəli Qanunu və həmin Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli, 499 nömrəli Fərmanı ilə xidmətinin hərbi qulluqçularının və xüsusi rütbəli şəxslərinin pensiya təminatı ilə bağlı bütün funksiyalar cavabdehə həvalə edilmişdir. Hesab edir ki, təqaüdü düzgün hesablanmır, pensiyaların artımı ilə əlaqədar verilən sərəncamlardan sonra artımlarda elə fərq görünmür. Bununla əlaqədar cavabdehə müraciət etsə də, müsbət cavab almamışdır. 2019-cu ilin may ayında cavabdehə bir daha müraciət edərək təqaüdün yenidən hesablanması (Şimali Uralda xidməti illərin bir ilin il yarımla hesablanması, xidməti stajın yeni qaydalara uyğun, o cümlədən natamam ilin ayların sayına mütənasib hesablanması, vəzifə maaşımın düzgün qeyd olunması) xahiş olunmuşdur. Müraciətini cavablandıran cavabdeh göstərmişdir ki, bu məsələ ilə əlaqədar araşdırma apardıqlarını, Ə.N.Penitensiar Xidmətə sorğu göndərildiyini və sorğuya cavab olaraq 31.05.2019-cu il tarixində 1296 nömrəli yeni məlumat vərəqəsi aldıqlarını bildirdilər. Həmin məlumata əsasən vəzifə maaşının ƏN PX-nin müvafiq şöbə tərəfindən düzgün göstərmədiyinə görə əmək pensiyası müraciət edilən tarixdən əvvəlki üç il 01.06.2016- 01.06.2019-cu il tarixləri arasındakı dövr üçün yenidən hesablanmış və yaranmış fərq 727.23 manat ona ödənilmişdir. Qalan 16 ildə öz vəzifələrini layiqincə yerinə yetirməyən məsul şəxslərin günahı üzündən ona ödənilməmiş xeyli məbləğ var ki, bunun da hesablanmasını və verilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. İddiaçıya Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən 12.01.2001-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Adı çəkilən orqan tərəfindən yenidən “məlumat vərəqi” 11.06.2019-cu il tarixdə İdarəyə daxil olmuş və əmək pensiya məbləğinin keçmiş dövrü ilə bağlı hissəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 və 37.7 maddələrinə uyğun olaraq əmək pensiyası yenidən hesablanmış və ödənilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər”. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə, Qanunun 32.1-1 maddəsinə əsasən “əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir”. Qeyd: yuxarıda qeyd edilən maddənin və onun yer aldığı fəslin adından da göründüyü kimi həmin müddəa “əmək pensiyasının təyin edilməsi” ilə əlaqədardır. Və həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən “keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1 maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir”. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə əsasən bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır və iddiaçının hüquqularını pozmur. İddiaçı müvafiq qaydada təsdiq edilmiş pensiya işinə dair sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. İş materiallarından görünür ki, Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsi tərəfindən iddiaçıya 12.01.2001-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. 13.06.2019-cu il tarixli qərarla iddiaçının pensiyası yenidən hesablanmışdır. İş materiallarından görünür ki, Ədliyyə Nazirliyinin iddiaçı barəsində tərtib olunmuş məlumat vərəqəsinə əsasən cavabdeh tərəfindən 01.06.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə istinad edilməklə ona əvvəlki 3 il daxil edilməklə ödənilməmiş pensiya hesablanmışdır. İddiaçı bildirir ki, ona 12.01.2001-ci il tarixdən 01.06.2019-cu ilədək, yəni, əmək pensiyası təyin edildiyi günədək pensiya hesablanmalı olduğu halda, cəmi əvvəlki 3 il üçün pensiya hesablanmışdır. Bununla da, ödənilməli olan 16 il üçün pensiya ödənilməmişdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir: 2006-cı il 01 yanvar tarixdən qüvvəyə minən və hazırda da qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edən vahid normativ-hüquqi akt kimi çıxış edir. Həmin Qanunun 31.1-ci maddəsinin ilkin redaksiyasına əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin maddəyə 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (01.07.2017-ci il tarixdən qüvvəyə minmişdir) edilmiş dəyişikliyə əsasən maddədən “heç bir müddət məhdudiyyəti olmadan” sözləri çıxarılmışdır. Həmin Qanunun 32.1-ci maddəsinin ilkin redaksiyasına əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən ömürlük təyin edilir. 2007-ci il 6 noyabr tarixli 474-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 32.1-ci maddə yeni redaksiyada verilmişdir - yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Həmin maddəyə 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (01.07.2017-ci il tarixdən qüvvəyə minmişdir) edilmiş dəyişikliyə əsasən maddədən “əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla” sözləri çıxarılmışdır. 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (01.07.2017-ci il tarixdən qüvvəyə minmişdir) Qanuna yeni məzmunda 32.1-1-ci maddə əlavə edilmiş, 2018-ci il 30 noyabr tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə isə 32.1-1-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir. Qanunun 32.1-1-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 2020-ci il 15 may tarixli qərar: “...Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair“ 2014-cü il 14 noyabr tarixli Qərarında qeyd edilmişdir ki, mübahisələndirilən bu və ya digər normanın Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə uyğun olub-olmaması məsələsinə qiymət vermək üçün hansı şəxslərin bərabər və ya müəyyən meyarlara görə oxşar vəziyyətdə olmalarını, mübahisələndirilən normanın bu cür şəxslərə aid bərabər və ya fərqli rəftarı nəzərdə tutubtutmadığını və belə rəftar üçün obyektiv və ağlabatan əsasın mövcudluğunu aydınlaşdırmaq vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu daha sonra göstərmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) X1rşı iş üzrə 2011-ci il 7 iyul tarixli Qərarında aşağıdakılar qeyd olunmuşdur: Ayrı-seçkilik obyektiv və ağlabatan əsaslandırma olmadan eyni vəziyyətdə olan şəxslərə fərqli rəftar deməkdir. “Obyektiv və ağlabatan əsaslandırma olmadan” o deməkdir ki, sözügedən rəftarda fərqlilik “legitim məqsəd” daşımır və ya “istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi” yoxdur (§87). Avropa Məhkəməsi həm də onu göstərmişdir ki, iqtisadi və sosial strategiyaların ümumi tədbirlərinə gəldikdə, adətən Üzv Dövlətə mülahizə sərbəstliyi verilir. Dövlət hakimiyyəti orqanları cəmiyyət və onun ehtiyacları barədə bilavasitə biliyə malik olduqlarından, onlar sosial və ya iqtisadi sahədə ictimai maraqların qiymətləndirilməsində beynəlxalq hakimə nisbətən daha çox imkanlara malikdirlər və Məhkəmə “açıq-aydın ağlabatan əsaslandırma olmayan” hallardan başqa, adətən qanunverici orqanın siyasi seçiminə hörmət edir (Karson və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 2010-cu il 16 mart tarixli Qərarı, §61). Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, Konstitusiyanın 25-ci maddəsinin tələbləri və bu maddəyə dair Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeləri məhkəmələr tərəfindən işlərə baxılarkən dönmədən yerinə yetirilməlidir”. Qanunvericiliyin yuxarıda göstərilən müddəalarından göründüyü kimi 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, 01.07.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), 01.07.2017ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Beləliklə, müəyyən olunur ki, sözügedən qanun normasının qəbul edilməsi ilə əmək pensiyaçılarının hüquqi vəziyyətlərinə təsir edən yeni məzmunda normativ tənzimləmələr həyata keçirilmişdir. Bu yeni normanın əmək pensiyası hüquqları 2017-ci il 01 iyul tarixdən sonra yaranan şəxslərə münasibətdə tətbiq ediləcəyi ilə bağlı şübhə yoxdur. Lakin, həmin tarixədək hüquqlarının yaranmasına baxmayaraq pensiyanın təyin edilməsi və ya yenidən hesablanması üçün qanunvericilikdə dəyişiklik edilənədək müraciət etməmiş, başqa sözlə, hüquqlarını reallaşdırmamış şəxslərin hüquqlarının həyata keçirilməsinə münasibətdə bu normanın tətbiq edilməsinin mümkünlüyü məsələsinə aydınlıq gətirilməlidir. Bunun üçün isə ilk növbədə dövlətin sosial təminat hüququ sahəsində qanunvericilik tənzimləmələri həyata keçirərkən nəzərə almalı olduğu prinsiplərə diqqət yetirilməlidir. Dəyişikliyin mahiyyəti ilə bağlı qeyd edilməlidir ki, yeni tənzimləmə əmək pensiyalarının onu almaq hüququnun yarandığı gündən (Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla) təyin ediləcəyi ilə bağlı mövcud qaydaya toxunmamışdır. Buna görə, pensiyalar yenə də hüququn yarandığı an qüvvədə olan qanunvericilik əsas götürülməklə təyin edilməlidir. Dəyişiklik onunla bağlı olmuşdur ki, artıq əvvəlki qaydadan fərqli olaraq keçmiş dövr üçün təyin edilmiş pensiyalar müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilə bilər. Yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixdə qəbul edilmiş, 2017-ci il may ayının 03-də mətbuatda dərc edilmiş, 2017-ci il 01 iyul tarixdən etibarən isə qüvvəyə minmişdir. Bu qaydada faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, kollegiya hesab edir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Yeni tənzimləmələrlə gətirilən tədbirlərin geriyə şamil edilməsi əmək pensiyaçılarını əlverişsiz vəziyyətdə də qoymur. Çünki onlar hər şeydən əvvəl əmək pensiyaçısı olmaq statuslarını saxlayırlar, əmək pensiyasının tamamilə məhrum edilməsi və ya ləğv edilməsi halından söz edilə bilməz. Bundan başqa, pensiyaçılar keçmiş dövrlə bağlı alacaqlarından da bütövlükdə məhrum edilmirlər, əvvəlki üç ili almaq hüquqları qalır. Dolayısıyla, bu kateqoriya şəxslərin itirdikləri məbləğ onların alacaqları vəsaitlərin əhəmiyyətli dərəcədə azalmasına və müvafiq olaraq yaşayış səviyyəsinin son dərəcədə pisləşməsinə də gətirib çıxarmır. Məhkəmə qeyd edir ki, müdaxilənin mütənasibliyinin qiymətləndiriliməsi baxımından konkret vəziyyətdə şəxslərdən gözlənilən məsuliyyətli davranışın edilib-edilmədiyinə də diqqət yetirilməlidir. Bu baxımdan, şəxslərin hüquqlarının yarandığı uzun müddət ərzində və hətta yeni qanunun qüvvəyə mindiyi günədək olan keçid dövrü ərzində hüquqlarının reallaşdırılması üçün konkret müraciət etməmələri onların həmin pensiya vəsaitlərinə real ehtiyaclarının olmadığını təsdiq edən hal kimi qiymətləndirilə bilər. Keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmlaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Bu mənada, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında da istər inzibati orqanlara, istərsə də vətəndaşlara münasibətdə konkret hərəkətlərin müəyyən edilmiş müddətlər daxilində edilməsini tələb edən normalar mövcuddur (məs; Vergi Məcəlləsinin 85-ci maddəsi, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi və s.). Odur ki, kollegiya hesab edir ki, yeni tənzimləmə həm də hüquqi müəyyənliyi və sabitliyi təmin etməyə dair əsaslı legitim məqsədə də xidmət edir. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən 12.01.2001-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Adı çəkilən orqan tərəfindən yenidən “məlumat vərəqi” 11.06.2019-cu il tarixdə İdarəyə daxil olmuş və əmək pensiya məbləğinin keçmiş dövrü ilə bağlı hissəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 və 37.7 maddələrinə uyğun olaraq əmək pensiyası yenidən hesablanmış və ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli Qərarı ilə «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatın təqdim olunması Qaydaları» təsdiq edilmişdir. Qaydaların 1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Qaydaların 2-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Qaydaların 3-cü bəndinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Beləliklə, məhkəmə iş üzrə müəyyən etdiyi faktiki hallara yuxarıda sadalanan hüquq normalarının tələbləri baxımından qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçıya Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən 12.01.2001-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilsə də, həmin orqan tərəfindən yenidən “məlumat vərəqi” 11.06.2019-cu il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına göndərildiyindən və qeyd edilən “məlumat vərəqi” daxil olduqdan sonra iddiaçıya cavabdeh inzibati orqan tərəfindən əvvəlki 3 il üçün ödəmələr həyata keçirildiyindən, həmçinin pensiya təyin edilərkən və yenidən hesablanarkən cavabdeh inzibati orqan tərəfindən hər hansı qanuna zidd hərəkət edilmədiyindən, hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı təyin edilmiş pensiyanın yenidən hesablnaraq ödənilməmiş məbləğin ğdənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilmir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar