Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3637/2022 30.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X6 və cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı arayışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum həyat yoldaşı X1 ona miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 142 saylı torpaq üzərində hüquqlarının dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək mərhum həyat yoldaşı X1 ona miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 142 saylı torpaq üzərində hüququn mərhum həyat yoldaşı X5 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması haqqında qərar çıxarılmasını xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçının nümayəndəsi və vəkili X9 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı ünvan ünvanında fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kvm. torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İdarə xx.xx.2021-ci il tarixli, **********04 №-li bildirişi ilə mərhum həyat yoldaşı X1 ona miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 142 saylı torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilmiş və əsas kimi qeydiyyatın Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq, sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlər arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatı ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiy ə dair sənədlər olduğu halda həyata keçirilməsi göstərilmişdir. Bildirir ki, Əzizbəyov rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli, 1378 nömrəli sərəncamı ilə Qala qəsəbəsində 142 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Mərhum həyat yoldaşı X7 həmin sahəni hasarlamış, orada ev tikmiş, lakin sənədləşdirməni tamamlamamışdır. Həmin tikilidə yaşayış var, habelə həmin torpaq sahəsinə münasibətdə heç bir üçüncü şəxsin iddiası mövcud deyildir. İmtina bildirişi xx.xx.2021-ci ildə ona şəxsən təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X9 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddiaya etiraz edərək verdiyi izahatında bildirdi ki, elektron kadastr məlumatına əsasən Bakı şəhər Xəzər (Əzizbəyov) rayonu İcra Hakimiyyəti Başçısının 1378 №-li, xx.xx.2000-ci il tarixli sərəncamına əsasən X5 fərdi yaşayış evi tikmək üçün Qala qəsəbəsində 142 saylı sahədə ayrılmış 1200 kv.m torpaq torpaq sahəsinin Buzovna Tərəvəzçilik-Südçülük sovxozunun ərazisində yerləşdiyi müəyyən edilmişdir. Bu səbəbdən də iddiaçının müraciəti tərəflərindən təmin edilməmişdir. Qeyd olunanlara əsasən iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Bakı şəhər Əzizbəyov rayonu İcra Hakimiyyəti Başçısının “Vət. X3 Qala qəsəbəsində fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” 1378 №-li, xx.xx.2000-ci il tarixli sərəncamının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Əzizbəyov rayon İHB-nın Qala qəsəbəsindəki nümayəndəsinin xx.xx.2000-ci il tarixli təqdimatına əsasən X5 Qala qəsəbəsində 142 saylı sahədə fərdi ev tikmək üçün 1200 kvm. torpaq sahəsinin ayrılmasına və evin tikintisinin təsdiq edilmiş 145-000-129С tipli layihə əsasında aparılmasına sərəncam verilmişdir. - Bakı şəhəri, Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ 149484 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə hipertoniya xəstəliyindən vəfat etmişdir. - Laçın rayon XDS İcraiyyə Komitəsinin Qarıkaha kənd sovetliyi tərəfindən verilmiş xx.xx.1980-cı il tarixli, İİ-ЖГ 312266 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 ilə İddiaçı arasında xx.xx.1980-ci il tarixdə nikah bağlanmışdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 3 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən cavabdehə ünvanlanmış 1503 nömrəli, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi - İddiaçı ərizəsi əsasında tərəflərindən V-539/2021 saylı vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ünvanında 142 saylı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m torpaq sahəsinə dair hüquq müəyyənedici sənəd - çıxarış verilməsi xahiş edilmişdir. - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 40827 nömrəli torpaq sahəsinin planı və ölçüsünün lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, torpaq sahəsinin planı və ölçüsü Xəzər rayonu, Qala qəsəbəsində X5 Xəzər (Əzizbəyov) rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 1378 saylı sərəncamı ilə 1200 kvm., 142 saylı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. - Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 315 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Buzovna Tərəvəzçilik-südçülük sovxozu üzrə aqrar islahatların başa çatması dövrü, aqrar islahatlar başa çatdıqdan sonra torpaqların hüquqi statusu, habelə həmin sovxozun mülkiyyətində olan torpaq sahələrinin kimin idarəçiliyinə verilməsi barədə tərəflərindən Xəzər RİHB-nın Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə sorğu ünvanlanmış və sorğuya cavab olaraq Buzovna Tərəvəzçilik-südçülük sovxozu üzrə aqrar islahatların başa çatması dövrü, aqrar islahatlar başa çatdıqdan sonra torpaqların hüquqi statusu, habelə həmin sovxozun mülkiyyətində olan torpaq sahələrinin kimin idarəçiliyinə verilməsinə dair hər hansı bir məlumatın olmadığı bildirilmişdir. - “X11 və Ekspertiza Mərkəzi” MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022ci il tarixli, 126 nömrəli məktuba əlavə edilmiş 99 nömrəli, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 142 saylı torpaq sahəsinin hazırki vəziyyəti naturaya uyğundur, döngə nöqtələrinin koordinatları rəyin təsviri hissəsində qeyd edilir, sərhəd xətləri hər hansı torpaq sahəsi ilə üst-üstə düşmür, habelə onun yerləşmə mövqeyində hər hansı uyğunsuzluq yoxdur. Dövlət mülkiyyətinə aid olmaqla yaşayış məntəqəsinin torpaqlarının hüdudları daxilindədir. - İdarə tərəfində iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********04 №-li məktubdan görünür ki, mərhum X1 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 142 saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli ərizəsinə tərəflərindən baxılmışdır. Müraciəti ilə əlaqədar olaraq bildirilir ki, elektron kadastr məlumatına əsasən tərəfindən göstərilən torpaq sahəsi Buzovna Tərəvəzçilik- Südçülük sovxozunun ərazisində yerləşir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə vəfat etmiş mərhum Fətullah Abbasov vərəsəsidir. Bakı şəhəri Xəzər (Əzizbəyov) rayonu İcra Hakimiyyətinin Başçısının 1378 №-li, xx.xx.2000-ci il tarixli sərəncamı ilə X5 Qala qəsəbəsində 142 saylı sahədə fərdi ev tikmək üçün 1200 kvm. torpaq sahəsinin ayrılmış və evin tikintisinin təsdiq edilmiş 145-000-129С tipli layihə əsasında aparılmasına icazə verilmiş, həmin vaxtdan torpaq sahəsi təyinatı üzrə istifadə edilmişdir. Fətullah Abbasovun müraciətinə əsasən Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti tərəfindən ayrılmış torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı hazırlanmış, həmçinin topraq sahəsinin plan və ölçüsü səlahiyyətli orqan tərəfindən tərtib edilmişdir. İddiaçının mübahisəli torpaq sahəsinə dair mərhum ərinin hüquqlarının tanınaraq müvafiq arayışın verilməsi barədə müraciəti cavabdeh inzibati orqan tərəfindən elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinin Buzovna Tərəvəzçilik-Südçülük sovxozunun ərazisində yerləşdiyi əsas gətirilərək təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinin 2-ci hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin 2-ci hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. - 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.2.2-ci maddəsinə görə isə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallarda, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyinə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. - 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qanunun bu normasının mənasından göründüyü kimi hər hansı əsasla daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü halda, bu əmlak üzərində vəfat etmiş şəxsin mülkiyyət hüququna dair çıxarış tərtib olunması qanunda nəzərdə tutulmamışdır. Qanun bu vəziyyətdə belə bir tənzimləmə qaydasını müəyyən edir ki, qeydiyyat orqanı hüququn ölmüş şəxsə məxsus olması haqqında mərhumun vərəsəsinə arayış verir və bu arayış, miras qalmış daşınmaz əmlaka hüquqların vərəsənin adına dövlət qeydiyyatı (çıxarışın verilməsi) üçün əsasdır. “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın: - 1.2-ci bəndinə əsasən bu Təlimatda müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra-Xidmət) tərəfindən daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış (bundan sonra - arayış) hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. - 7.1-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması barədə arayış verilir. Arayış əmlakın növündən asılı olaraq bu Təlimata əlavə olunmuş 1-36-cı əlavələrə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. - 7.2-ci bəndinə əsasən müqavilə və ya digər əsaslara görə vəfat etmiş şəxsə məxsus olmuş və üzərində hüquqlar qeydiyyata alınmamış əmlak üzərində hüquqların rəsmiləşdirilməsi məqsədilə onun qanun və ya vəsiyyət üzrə vərəsələrindən birinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayış verilir. Bu arayış vərəsə tərəfindən qanunvericiliklə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən edilmiş sənədlər təqdim olunduqda verilir, həmin sənədlər ərazi idarəsində saxlanılır və vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənəd təqdim olunduqdan sonra müvafiq qaydada əmlakın qeydiyyata alınması aparılaraq sənədlər əsas kimi əlavə olunur. Arayış bu Təlimata əlavə olunmuş 37-ci əlavəyə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. Normaların məzmunundan göründüyü kimi, daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs, istər müraciət etdikdən sonra, lakin çıxarış almadan öldükdə, istərsə də, daşınmaz əmlaka hüquqa dair sənədlərlə müraciət edənədək öldükdə onun vərəsələrinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış və ya çıxarış verilir. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanunun: -1-ci maddəsinə əsasən sovxoz və kolxozların islahatı haqqında qanunvericilik “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, Azərbaycan Respublikasının Torpaq Məcəlləsindən, “Sahibkarlıq fəaliyyəti haqqında” və “Müəssisələr haqqında” Azərbaycan Respublikası qanunlarından və digər normativ aktlardan ibarətdir. - 3-cü maddəsinə əsasən islahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Sovxoz və kolxozların daimi işçiləri və üzvləri, sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir. Sovxoz və kolxozların əmlakından tələbi olan fiziki və hüquqi şəxslərin, digər subyektlərin dairəsi, hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir. Torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun: - 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, bir qayda olaraq, elmi tədqiqat və tədris müəssisələri, onların təcrübə bazaları; baytarlıq və bitki mühafizəsi obyektləri cins toxumçuluq və damazlıq təsərrüfatları, balıqartırma müəssisələri; təbiəti mühafizə obyektləri, qoruqları mühüm heyvandarlıq və quşçuluq kompleksləri, emal müəssisələri, meliorasiya və su təsərrüfatı obyektləri, kənd təsərrüfatı maşınları istehsalı və təmiri müəssisələri, maşın-sınaq stansiyaları və dövlət əhəmiyyətli digər obyektlər saxlanılır. - 5-ci maddəsinə əsasən islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. Torpaq islahatı zamanı ərazinin təbii-coğrafi şəraiti, əhalinin sıxlığı və kənd təsərrüfatı istehsalında iştirakı, torpaqların keyfiyyəti, torpaqdan istifadənin yerli xüsusiyyətləri nəzərə alınır, torpaqlardan təyinatına görə istifadə olunması və ətraf mühiti mühafizə tələbləri gözlənilir. “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 534 №-li, xx.xx.1997-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Dövlət Aqrar İslahatı Komissiyasının hazırladığı Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında Əsasnamə; Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının keyfiyyəti nəzərə alınmaqla torpaq paylarının müəyyən edilməsi haqqında Əsasnamə; Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə; Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin torpaqlarının özəlləşdirilməsi (xüsusi hallar nəzərə alınmaqla) haqqında Əsasnamə; Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında Əsasnamə; Yardımçı kənd təsərrüfatı üçün sovxoz və kolxozların ərazisindən, nazirliklərə, komitələrə, birliklərə, müəssisələrə, idarələrə və təşkilatlara verilmiş torpaqların onların istifadəsində saxlanılması, yaxud bütövlükdə və ya qismən əvvəlki istifadəçilərinə qaytarılması qaydaları; Torpaqların alqı-satqısı qaydaları; Kənd təsərrüfatı müəssisələrində əmlakın bölünməsi və onun bir hissəsinin bələdiyyə mülkiyyətinə verilməsi qaydaları təsdiq edilmişdir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 11-ci maddəsinə əsasən sovxozların (dövlət mülkiyyətində saxlanan müəssisələr istisna olmaqla), kolxozların özəlləşdirilən torpaqları onların daimi istifadəsindəki torpaqlarından bələdiyyənin ehtiyat fonduna ayrılan torpaqlar çıxılmaqla müəyyən edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: - 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. - 18-ci maddəsinə əsasən şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. İctimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri yaşayış məntəqələrinin torpaqlarının tərkibinə daxildir. - 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. - 88-ci maddəsinə görə tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Məhkəmə qeyd edir ki, iddiaçının mərum ərinə torpaq sahəsinin ayrılması barədə Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyətinin Başçısının 1378 №-li, xx.xx.2000-ci il tarixli sərəncamı hal-hazırda qüvvədə olmaqla mübahisələndirilməmişdir. Eyni zamanda həmin torpaq sahəsi naturada müəyyən edilərək iddiaçının ərinə təhvil verilmiş, həmçinin həmin torpaq sahəsinə dair verildiyi zaman səlahiyyətli olan dövlət qurumu tərəfindən plan ölçü və xəritə hazırlanmışdır. Belə olan halda iddiaçının əri “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən həmin torpaq sahəsinə qanuni istifadəçi kimi mülkiyyət hüququ əldə etmişdir. Həmin torpaq sahəsinin hal-hazırda elektron kadastr məlumatlarına əsasən Buzovna Tərəvəzçilik-Südçülük sovxozunun ərazisində yerləşməsi isə hüquqların qeydiyyatından imtina üçün əsas hesab edilə bilməz. Belə ki, Buzovna Tərəvəzçilik-Südçülük sovxozuna aid torpaq sahələrinin “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanunun, “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq statusunun müəyyən edilməməsi vətəndaşın iradəsində asılı olan hal deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - 139-1.1.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; - 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.1, 8.0.5 və 8.0.7-ci maddələrinin tələblərinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, 2006-cı il iyulun 6dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. - 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Göstərilənlərə əsasən, habelə hazırkı İddiaçı mərhum X4 vərəsəsi olduğundan, vəfat etmiş şəxs həmin torpaq sahəsinə onun hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmadan vəfat etdiyindən və müvafiq torpaq sahəsinin qanuni istifadəçisi kimi həmin torpaq sahəsinə mülkiyyət hüququ əldə etdiyindən məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri qanuna zidd və vərəsə qismində iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilərək İddiaçı ünvan ünvanda fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kvm. torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İİddiaçı ünvan ünvanda fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kvm. torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-3637/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3637/2022
30.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver