Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3638/2020 05.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxslər X8, X3) “qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxslər X8, X3) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1957-ci il təvəllüdlü X1 və xx.xx.1995-ci il təvəllüdlü X2 iddiaçı onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən 15 saylı evin, 3 saylı mənzilindən pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən 15 saylı evin 3 saylı mənzili ona məxsusdur. Bu barədə ona ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi idarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə dövlət reyestrindən çıxarış verilmişdir. O, həmin mənzili xx.xx.2006-cı il tarixdə alqı-satqı müqaviləsi əsasında almışdır. Həmin tarixdən etibarən mənzildə tək yaşayır. Bakı şəhəri Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 31 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2014-cü il tarixli FORMA 2 arayışında da daimi qeydiyyatda olan şəxs kimi yalnız onun qeydiyyatda olduğu öz əksini tapmışıdır. Lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2020-ci il tarixli arayışdan məlum olur ki, üçüncü şəxslər X3 və X8 həmin mənzildə pasport qeydiyyatındadırlar. O, həmin şəxsləri ümumiyyətlə tanımır və həmin şəxslər onun mənzilində yaşamırlar. Həmin şəxslərin onun mənzilinə hansı yolla qeydiyyata düşməsi barədə məlumatı yoxdur. Adları qeyd olunan şəxslərin ona məxsus olan mənzildə qeydiyyatda olması onun mülkiyyət hüquqlarını pozur. O, cavabdeh Bakı şəhəri Cavabdehnə ərizə ilə müraciət etmiş və qeydiyyatda olan şəxslərin pasport qeydiyyatından çıxarılması barədə müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Lakin cavabdehin xx.xx.2020-ci il tarixli cavab məktubunda “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanununun tələblərinə əsasən, vətəndaşın yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinin yalnız Məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnaməsi əsasında həyata keçirildiyi qeyd edilmişdir. Odur ki, o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə və üçüncü şəxslərə məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilsə də, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəməyə gəlməmişlər. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 (yeni qaydalarla: AZ1102, Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi, 61, M1, m3) İddiaçı adına xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli ******* saylı arayışından görünür ki, X3 və X8 ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi rayon MKTB-nin 31 saylı MKİS-nin xx.xx.2014-cü iltarixli 31/1051 saylı Forma-2 arayışından görünür ki, ünvan 1 ünvanında yalnız İddiaçı qeydiyyatdadır və mənzil ona məxsusdur. İş materiallarında olan Bakı şəhəri X16 tərəfindən İddiaçı ünvanmış xx.xx.2020-ci il tarixli 082-6132A-3220 saylı məktubda qeyd edilir: Sizin, Nəsimi RPİ-nə ünvanladığınız ərizənizə Qeydiyyat Məsələləri Bölməsində baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən, vətəndaşın yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız Məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnaməsi əsasında həyata keçirilir. Nəzərinizə çatdırırıq ki, Sizin Məhkəmə orqanlarına müraciət etmək hüququnuz var. İş materiallarında olan Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontorunun 4ə-261 nəmrəli notariat işində olan (notariat işinin təsdiq edilmiş surəti) xx xxxxx 2006-cı il tarixli, AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, satıcı X6 özünə məxsus olan ünvan 5ov küçəsi, 15 saylı evin 3 saylı mənzilini alıcı İddiaçı satmışdır. Həmin notariat işində olan sənədlərdən görünür ki, həmin tarixdə qeyd olunan mənzildə X5, X4, X9 (xx.xx.1996-cı il təvəllüdlü), Almasova Könül Vaqif qızı, X7 qeydiyyatda olmuşlar və onlar tərəfindən verilmiş ərizələrdən görünür ki, onlar həmin mənzilin satılmasına etiraz etmədiklərini bildirmişlər. İş materiallarında olan Bakı şəhəri Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli 082-30749-1220 saylı məktubda qeyd edilir: qeyd olunmuş şəxslərin qeydiyyata düşməsi üçün əsasverici sənədlər “DİN-in sistemində istifadə olunan sənədlərin saxlanma yeri və müddətləri haqqında Siyahının təsdiq edilməsi barədə” DİNin xx.xx.2015-ci il tarixli Q36-001-15 nömrəli Qərara əsasən arxivdə saxlanıldıqdan sonra yandırılaraq məhv edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, ünvan 5ov küçəsi, 15 saylı evin 3 saylı mənzilində qeydiyyatda olan X3 və X8 onun qohumu və tanışı deyildirlər. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır; 5-ci maddəsinin 1-ci hissəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir; 5-ci maddəsinin 2-ci hissəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi ; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi; 9-cu maddəsinin 1-ci bəndinə əsasən, şəxs yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 15, mənzil 3 iddiaçının xüsusi mülkiyyətindədir. İş üzrə üçüncü şəxslər iddiaçıya məxsus həmin mənzildə qeydiyyatdadırlar. İddiaçı üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmalarını tələb edir. Üçüncü şəxslər iddiaçıya məxsus mənzildə qeydiyyatda olsalar da, onların hansı əsasla iddiaçının mənzilinə qeydiyyata alınmaları barədə sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmişdir. Üçüncü şəxslərin iddiaçıya məxsus mənzilə qeydiyyata alınmaları «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmamışdır. Hazırda üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalmaları iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 15 saylı evin 3 saylı mənzilindən X1 və X2 qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-3638/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3638/2020
05.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver