Məhkəmə qərarları › İş №2-1(112)-3639/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3639/2022

16.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3639/2022 16.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə (üçüncü şəxs X6) qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu İ.N.İbadovun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasına dair xx.xx.2018-ci il tarixli və ona Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün verilmiş MYİ №0461185 nömrəli icazənin ləğv edilməsinə dair xx.xx.2021-ci il tarixli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, onun xəbəri və razılığı olmadan xx.xx.2018-ci il tarixdə Çexiya Respublikasında anadan olmuş, Çexiya Respublikasının vətəndaşı azyaşlı oğlu X8 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması və ona Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün verilmiş MYİ №0461185 nömrəli icazənin ləğv edilməsinə dair qərar qəbul edilmişdir. Çexiya Respublikasının vətəndaşı olan oğlunun vətəndaşlığına dair iddiaçının xəbəri və razılığı olmadan hər hansı bir qərarın qəbul edilməsi Azərbaycan Respublikası və beynəlxalq qanunvericiliyə zidddir. Bu qərar oğlu üçün arzuolunmaz vəzifələr yaradaraq, onun hüquq və maraqlarını kobud surətdə pozur. Belə ki, ikili vətəndaşlığın və ya başqa dövlətlər qarşısında öhdəliyin olmasının fəsadları nəzərə alınaraq oğlunun məcburən ikili vətəndaşlığa mənsub edilməsinin onun gələcəkdə istifadə edə biləcəyi bir sıra əsas hüquqlardan məhrum edilməsi ilə nəticələnə biləcəyini demək olar. Eyni zamanda Azərbaycanda olduğu kimi, ikili vətəndaşlıq və ya başqa dövlətlər qarşısında öhdəliyin olması Çexiya Respublikasında da müəyyən məhdudiyyətlərə səbəb ola bilər. Cavabdeh xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında göstərmişdir ki, Azərbaycan Respublikasının vətəndaşı X6 övladı X8 vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırma aparılmış və azyaşlı şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi Qaydası"nın 3.6-cı bəndində qanuni nümayəndə barədə təsdiq edən müvafiq sənəd əlavə edilməklə vətəndaşlığa mənsubiyyətin müəyyənləşdirilməsi barədə sorğunun verilə bilməsi qeyd olunmuşdur. Azyaşlı şəxs llias Nadir İbadov 2018-ci ildə Çexiya Respublikasında anadan olarkən onun atası Azərbaycan Respublikasının vətəndaşı olmuşdur. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun (1-ci maddəsi) və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydasının (qaydaların 4.1.5-ci bəndi) müddəalarına əsasən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulduqda Azərbaycan Respublikasının vətəndaşı sayılır. Azyaşlı şəxsin valideyni Nataliya Yefimovna xx.xx.2019cu ildə azyaşlı şəxs üçün müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin əldə edilməsi ilə bağlı DMX-ya müraciət etmişdir. Nəticədə azyaşlı şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək etibarlı olan sənədlə təmin edilmişdir Lakin xx.xx.2021-ci il tarixli 7423191-L saylı qərarla müvəqqəti yaşamaq üçün verilmiş icazə ləğv edilmişdir. Buna əsas kimi yuxarıda qeyd olunan şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərarın qəbul edilməsi olmuşdur (şəxsin vəkilinin müraciəti əsasında bu barədə məlumat verilmişdir). Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz ərizəsinə uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Çexiya Respublikası tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2018-ci il tarixdə Praqa şəhərində doğulmuş, bu barədə Praqa 2 Şəhər Bələdiyyəsində 2018-ci il tarixində doğum haqqında qeydlər kitabında 185 nömrə ilə qeyd aparılmışdır. X8 atası xx.xx.1976-cı il təvəllüdlü X5, anası xx.xx.1985-ci il təvəllüdlü İddiaçıdır. - X6 xx.xx.2018-ci il tarixdə oğlu X1 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün ərizə-anket ilə cavabdehə müraciət etmişdir. - Cavabdeh 30 aprel 2018-ci il tarixdə şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında ******* nömrəli qərar qəbul etmiş və 14 mart 2018-ci il təvəllüdlü X1 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. - Cavabdeh tərəfindən X11 xx.xx.2018-ci il tarixdə ******* saylı müvəqqəti yaşamaq haqqında icazə verilmiş, icazənin müddəti xx.xx.2019-cu il tarixədək müəyyən edilmişdir. - xx.xx.2019-cu ildə iddiaçı əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılması barədə ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin uzadılması haqqında ******* nömrəli qərar qəbul edərək Çex Respublikası vətəndaşı X9 xx.xx.2019-cu il tarixli müraciətini təmin etmiş və Çex Respublikası vətəndaşı X9 Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazəsinin etibarlılıq müddətini 15 noyabr 2019-cu il tarixədək uzatmış, bu barədə X11 ******* nömrəli müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi vermişdir. - Cavabdeh xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin ləğv edilməsi haqqında 7423191-L saylı qərarla Çex Respublikası vətəndaşı X12 Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün verilmiş icazəni ləğv etmiş və Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün verilmiş 461185 nömrəli icazə vəsiqəsinin qüvvədən düşməsi məqsədilə bu barədə müvafiq məlumatların Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinə göndərilməsini qərara almışdır. İddiaçı hazırda cavabdehin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” ******* nömrəli 30 aprel 2018-ci il tarixli qərarının və “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin ləğv edilməsi haqqında” 7423191-L saylı xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsini xahiş edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddiaçının hazırkı iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir (İPM, maddə 2.2.1). Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra –İPM): -2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; - 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər; - 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarı). Məhkəmə iddianın mümkünlüyünü yoxlayaraq hesab edir ki, iddiaçı həm ümumi, həm də xüsusi mümkünlük şərtlərin əməl etmişdir. Belə ki, iddiaçı hazırda onun azyaşlı uşağı barəsində digər valideyninin müraciəti əsasında qəbul edilən qərarın ləğvini tələb edir ki, məhkəmə hesab edir ki, qanuni nümayəndə kimi onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır. Belə ki, işdə olan cavabdehin xx.xx.2021-ci il tarixli 04/3394 saylı məktubundan görünür ki, cavabdeh üçüncü şəxs R.İbadova məktub ünvanlamaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 mart 2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1.5-ci yarımbəndinə əsasən övladı llias Nadir İbadovun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanındığını və buna görə də llias Nadir İbadova Azərbaycan Respublikasının ərazisində 461185 nömrəli müvəqqəti yaşamaq üçün verilmiş icazənin ləğv olunması ilə bağlı icraata başlanıldığı bildirmişdir. İddiaçı bu məlumatı əldə etdikdən sonra xx.xx.2021-ci il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – İİQ) 62.2-ci madəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. İİQ-nin 62.3-cü maddəsinə əsasən həmin Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Cavabdeh “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” ******* nömrəli 30 aprel 2018-ci il tarixli qərarının daha əvvəl iddiaçıya təqdim edilməsi barədə sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının həmin qərardan xəbərsiz olmasını onun qərarın qəbulundan sonra İ.N.İbadova müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsi barədə cavabdehə müraciət etməsi də sübut edir. İşdə olan cavabdehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının vəkilinin sorğusuna cavab olaraq cavabdeh bildirmişdir ki, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.1, 3.6-cı bəndlərinin tələbinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı X6 övladı xx.xx.2018-ci il təvəllüdlü X8 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün xx.xx.2018-ci il tarixli 5148/m nömrəli sorğu ilə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və adıçəkilən Qaydanın 4.1.5-ci yarımbəndinə əsasən (Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxs) sonuncunun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında xx.xx.2018-ci il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. X8 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması ilə əlaqədar inzibati aktın mövcud olması əsas götürülərək 15 noyabr 2019-cu il tarixdən 15 noyabr 2021-ci il tarixədək etibarlı olan Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi Dövlət Miqrasiya Xidmətinin xx.xx.2021-ci il tarixli 7423191-L nömrəli qərarı ilə ləğv edilmiş və qərarın surəti xx.xx.2021 tarixdə 04/3750 nömrəli məktubla şəxsin qanuni nümayəndəsinin ünvanına göndərilmişdir. Cavabdeh həmin məktuba hazırda mübahisələndirilən qərarların surətini əlavə etməklə iddiaçıya təqdim etmişdir. Göründüyü kimi, cavabdeh mübahisəli qərarları iddiaçıya o, məhkəməyə müraciət etdikdən sonra, xx.xx.2021-ci il tarixli məktubla rəsmi qaydada təqdim etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia müddəti ötürülməmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə aşağıdakıları qeyd edir. İddiaçının tələbi iki hissədən ibarətdir:

1. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” ******* nömrəli 30 aprel 2018-ci il tarixli qərarın ləğv edilməsi;

2. “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin ləğv edilməsi haqqında” 7423191-L saylı xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi. İ tələbə münasibətdə: Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə əsasən Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Konstitusiyanın 53-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikası vətəndaşlığından (onun qanunla müəyyən edilmiş itirilmə halları istisna olmaqla) məhrum edilə bilməz. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən şəxs Azərbaycan Respublikasının vətəndaşlığını aşağıdakı hallarda əldə edir: 1) Azərbaycan Respublikasının ərazisində (bu Qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda; 2) Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildikdə; 3) Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda; 4) bu qanunda nəzərdə tutulmuş başqa əsaslar olduqda. Qanunun 11-ci maddəsini 1-ci hissəsində nəzərdə tutulan vətəndaşlığın əldə edilmə üsulu filiasiya adlanır. Yəni şəxs doğulduğu andan vətəndaşlığı əldə edir. Bu zaman iki prinsip fərqləndirilir. 1) jus sanguinis - qan hüququ (valideynlərin qanı ilə gələn vətəndaşlıq); 2) jus soli - torpaq hüququ (vətəndaşlığın doğulduğu yer ilə əldə edilməsi). Qanunun müddəasından görünür ki, Azərbaycan Respublikasında müəyyən məhdudiyyətlər nəzərə alınmaqla hər iki prinsip tətbiq edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”na (bundan sonra – Qayda) əsasən: - 1.1. Bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. - 1.3. Bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (bundan sonra - Dövlət Miqrasiya Xidməti) tərəfindən həyata keçirilir. - 2.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar aşağıdakılardır: 2.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşıdırsa. - 3.1. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraata şəxsin özünün və ya mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarının, prokurorluq və məhkəmə orqanlarının (bundan sonra – dövlət orqanları) sorğusu (bundan sonra – sorğu) əsasında başlanılır. - 3.6. Sorğu şəxsin qanuni nümayəndəsi tərəfindən verildikdə, bu hüququ təsdiq edən müvafiq sənəd sorğuya əlavə edilməlidir. 4.1. Aşağıdakı hallardan hər hansı biri müəyyən edildikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır: - 4.1.5. Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxs. Göründüyü kimi, qanunverici şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması əsaslarını konkret müəyyən etmiş və bu zaman inzibati orqana mülahizə sərbəstliyi verməmişdir. X8 atası olan X3 Azərbaycan Respublikasının vətəndaşı olması, yəni X8 Azərbaycan Respublikasının vətəndaşından doğulmuş şəxs olması işin mübahisəsiz halıdır. Deməli, X13 doğulduğu andan Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmişdir və buna görə də onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmalı idi. İddiaçı hazırkı iddianı qaldırarkən oğlu X8 Çexiya Respublikasının vətəndaşı olmasına istinad edir. İşdə olan 44811714 nömrəli pasportdan görünür ki, İ.N.İbadova Çexiya Respublikasının vətəndaşı kimi xx.xx.2018-ci il tarixdə pasport verilmiş və xx.xx.2023-cü ilə kimi qüvvədə olması müəyyən edilmişdir. İşdə olan müvəqqəti yaşamaq üçün icazə vəsiqələrindən görünür ki, cavabdeh də həmin vəsiqələri verərkən X8 Çexiya Respublikasının vətəndaşı olmasını qəbul etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Çexiya Respublikasının 2013-cü il tarixli “Vətəndaşlıq haqqında” Qanununa əsasən, Çexiya Respublikasında vətəndaşlıq doğum, atalığın müəyyən edilməsi, övladlığa götürmə və ya verilməsi yolu ilə əldə edilə bilər. Jus sanguinis prinsipinə əsaslanan Çexiya qanunvericiliyinə əsasən valideynlərdən ən azı biri Çexiya vətəndaşıdırsa, uşaq doğulanda Çexiya vətəndaşlığını əldə edir. İddiaçı Çexiya Respublikasının vətəndaşı olduğundan və İ.N.İbadov Çexiyada doğulduğundan həmin dövlətin qanunvericiliyinə əsasən onun Çexiya vətəndaşı kimi qəbul edilməsi və bu barədə pasport verilməsi başadüşüləndir. Lakin həm Azərbaycan Respublikası Konstitusiyasının, həm də “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun istinad edilən normalarından görünür ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşı olması üçün Azərbaycan Respublikasının vətəndaşından doğulması kifayətdir və bu zaman onun digər dövlətin vətəndaşı olub olmaması şəxsin Azərbaycan Respublikasının vətəndaşı hesab olunması üçün mane deyildir. Çünki “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. Yəni başqa dövlətin İ.N.İbadovu öz vətəndaşı kimi qəbul etməsi, həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşı olmasını müəyyən etməyə mane olmur. Çünki yuxarıda qeyd olunanlardan da göründüyü kimi şəxs Azərbaycan Respublikasının vətəndaşından doğulduqda artıq Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş olur. Cavabdehin, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini tanıması isə artıq mövcud olan bir faktın təsdiqindən ibarət olmaqla, qeyri-müəyyən hüquqi vəziyyətin hüquqi cəhətdən məcburi qüvvəyə malik olan aydınlaşdırılmasından ibarətdir. Belə ki, Qaydanın 2.1-ci bəndində də qeyd edildiyi kimi şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərə malik olmadığı və ya belə sənədləri qanunsuz əldə etmələrinə əsaslı şübhələr olduğu təqdirdə aparılır. Yəni şəxs Azərbaycan Respublikasının vətəndaşlığına mənsub olsa və ya olmasa da, onun bu barədə hər hansı bir sənədi mövcud olmur və bu qeyri-müəyyənliyi aradan qaldırmaq üçün onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı müvafiq icraat başlanır. İddiaçının razılığının olmaması məsələsinə gəldikdə, istinad olunan Qaydadan görünür ki, sorğu yetkinlik yaşına çatmayan şəxs barəsində verilirsə, bu zaman bütün qanuni nümayəndələrin, yəni valideynlərin razılığı tələb olunmur. Bu halda yeganə tələb kimi Qaydanın 3.6-cı bəndinə əsasən sorğu verən qanuni nümayəndənin bu hüququnu təsdiq edən müvafiq sənədi təqdim etməsi çıxış edir ki, X13 barəsində sorğu verən üçüncü şəxs R.İbadov bu sənədi cavabdehə təqdim etmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” ******* nömrəli 30 aprel 2018-ci il tarixli qərarının ləğv edilməsi üçün əsas olmadığından bu iddia təmin edilməməlidir. İİ tələbə münasibətdə: “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin ləğv edilməsi haqqında” 7423191-L saylı xx.xx.2021-ci il tarixli qərarın ləğvinə gəldikdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinə əsasən müvəqqəti yaşamaq üçün icazə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə verilir. xx.xx.2018-ci il tarixli qərarla İ.N.İbadovun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanındığından cavabdehin onun barəsində xx.xx.2019-cu il tarixdə qəbul etdiyi Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin uzadılması haqqında ******* nömrəli qərar qanuni olmamışdır. İİQ-nin 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmış İ.N.İbadov barəsində müvəqqəti yaşamaq üçün icazə verilməsi barədə qərar qəbul edilməsi özlüyündə əhəmiyyətsiz olmaqla həmin şəxsə münasibətdə əlverişsiz inzibati akt olmuşdur. İİQ-nin 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının ilkin tələbi təmin olunmadığından, İ.N.İbadov əcnəbi və ya və vətəndaşlığı olmayan şəxs deyil, Azərbaycan Respublikasının vətəndaşı olduğundan, ona müvəqqəti yaşamaq üçün icazə verilməsi özlüyündə onun barəsində hər hansı bir hüquqi nəticə yaratmadığından cavabdehin xx.xx.2021-ci il tarixli “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin ləğv edilməsi haqqında” 7423191-L saylı qərarı mahiyyət etibarı ilə əsaslı olmuşdur. Buna görə də iddia tələbi həmin qərarın ləğv edilməsi hissəsində də təmin edilməməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı : İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar