Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3639/2025 29.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və göndəriş əsasında əlilliyin müəyyən olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarının ləğv edilməsi və göndəriş əsasında əlilliyin müəyyən olunması” tələbinə dair iddiası üzrə inzibati işə 29 may 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2017-ci il tarixdə əlilik təyin edilmişdir. Əlilliyin müddəti – 5 il, səbəb əlaqəsi – Azərbaycan Respublikasının Ərazi Bütovlüyünün müdafiəsi ilə əlaqədar, dərəcəsi – İİ dərəcə, diqanoz – baş beynin silkələnməsi, keçirilmiş ağır kəllə beyin travmasından və baş beynin silkələnməsindən sonrakı vəziyyət, koordinator, koqnitiv və yaddaş pozulmaları ilə; Üzvi mənşəli emosional labil (astenik) pozuntu, ifadəli astenonevrotik sindrom. Generalizə olunmuş epilepsiyanın və epilektik sindromların digər növləri, tez-tez təkrarlanan toniko-klonik qıcolma tutmaları ilə ayda 12-14 dəfə; Eşitmənin neyrosensor tipli ikitərəfəli itirilməsi, poskontuzion iki tərəfli ağıreşitmə; Ürəyin hipertenziv xəstəliyi, İİ dərəcə; OU-hipertonik angiopatiya. Ürəyin xroniki işemik xəstəliyi; ÜİX-gərginlik stenokardiyası İİ f.s. İddiaçının əlillik vəziyyətinə Bakı 2 nömrəli X3 P00139911TİA nömrəli, xx.xx.2023-cü il tarixli göndərişi əsasında xx.xx.2023-cü il tarixdə baxılmış və Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları ilə (funksional) qıcolma tutmaları və yaddaşın enməsi ilə (ayda 12-14 dəfə). Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması-Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının 16 fevral 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin növbəti göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016cı il tarixli 218 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qapalı kəllə-beyin travmasından (baş-beyin silkələnməsi xx.xx.1994) sonrakı vəziyyət asteno-nevrotik sindromla. Postkontuzion ikitərəfli ağıreşitmə pıçıltı nitqinin AD 3m məsafədən, AS-5m məsafədən eşitməsi ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qıcolma tutmalarının olmasından, yaddaşsızlıqdan şikayətlənmişdir. Anamnezində ayda 5-6 dəfə baş verən qıcolma tutmaları olduğunu söyləsə də, təqdim etdiyi sənəddə 14-15 dəfə tutma olduğu qeyd edilmişdir. Medikamentoz preparatlardan Fillepsin 500 mg qəbul etdiyini söyləmişdir. Nevroloji müayinə zamanı əlillik təyinatına əsas verən koqnitiv gerilik, yaddaş pozuntusu aşkar edilməmişdir. Təqdim edilmiş EEQ dalğaları qıcolma tutmalarını təsdiqləməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qıcolma tutmaları, gecələr qulağında səsdən şikayətlənmişdir. Anamnestik məlumatlarında 1992-ci ildə başından güllə yaralanması nəticəsində qıcolma tutmalarının yarandığını, gecələr qulağındakı səslərin sanki onu çağırdığını, tutmalarının ilk başlanğıcda ayda 2-3 dəfə olduğunu, lakin son zamanlar 15 dəfə olduğunu, sonuncu tutmasının 2 gün əvvəl baş verdiyini, yaxınlarının ona dərman verməsi nəticəsində ayıldığını bildirmiş, medikamentoz preparatlardan “Sinarizin” qəbul etdiyini qeyd etmişdir. Vətəndaşın bildirdiyinə görə əvvəl başqa dərman qəbul etdiyini, son bir ildir (EEQ dalğalarının nəticəsinə əsasən deyil) qan analizlərinə əsasən yeni dərman təyin olunduğunu, psixiatrik xəstəxanalara müraciət səbəbini qıcolma tutmalarının olması kimi izah etmişdir. Bildirdiyi anamnestik məlumatlara əsasən tutmalarının sayının artmasına baxmayaraq iddiaçı heç bir travma alması barədə məlumat verməmiş, təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamışdır. Təqdim edilmiş baş-beynin instrumental müayinə nəticəsinə (MRT) əsasən patologiya aşkarlanmamış, ekspertiza üçün əhəmiyyətli olan qıcolma tutmalarını təsdiqləyən EEQ müayinəsinin dalğalarını təqdim etməmişdir. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2022-ci il tarixli 10325 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli (İ Qarabağ Müharibəsi zamanı alınmış KBT nəticəsində) şəxsiyyət pozuntusu, kobud davranış və yaddaş zəifliyi ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. 2 saylı X3 xx.xx.2023-xx.xx.2023-cü il tarixli Çıxarışında diaqnoz “Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları ilə (funksional) qıcolma tutmaları və yaddaşın enməsi ilə (ayda 12-14 dəfə)” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. 2 saylı X3 xx.xx.2022-ci il tarixli Elektroensefaloqrafiya müayinəsinin nəticəsi “Alın, mərkəz və gicgah paylarının hiperventilyasiya zamanı aşkarlanan paroksizmal aktivliyi qeyd olunur” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X5 xx.xx.2023-cü il tarixli Beyin MRT müayinəsinin nəticəsi “İzlənilən kranial struturlarının radioloji anatomik. Görünüşlü normaldı” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İddiaçının əlillik vəziyyətinə Bakı 2 nömrəli X3 Z00235644ZQP nömrəli, xx.xx.2024cü il tarixli göndərişi əsasında xx.xx.2024-cü il tarixdə baxılmış və Diaqnozun mətni: Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, funksional qıcolma tutmaları və yaddaşın enməsi ilə (ayda 12-14 dəfə), MMSE-24. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əlillik təyin edilməsindən imtina edilməsinə dair xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və ona xx.xx.2024-cü il tarixli, Z00235644ZQP nömrəli göndəriş əsasında orqanizmin funksiyalarının müvafiq faiz dərəcəsi ilə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda qeyd edilən hallarına istinadən tələb onunla əsaslandırılmışdır ki, Tibbi- Sosial Ekspert Komissyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibbi müəssisəsində tərtib olunmuş 88 saylı Formada qeyd olunmuş “F07.0- üzvi məşəli şəxsiyyət pozuntusu, baş beyin üzvi xəstəliyi (travma məşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, psixopatabənzər davranış pozuntuları ilə, Ağırlaşma: F07.8 - baş beyin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi məşəli şəxsiyyət dəyşikliyi, psixopatabənzər davranış pozuntuları ilə "diaqnoz ona 2 saylı X1 stasionar müalicəsi zamanı müəyyən edilmiş və 12 oktyabr 2022-ci il tarixli baş beyin MRTmüayinəsi ilə təsdiq olunmuşdur. Ambulator Tibb kitabçasında olan tibbi sənədlər və tibbi göndərişdə (forma-88) onda əsas olan üzvi mənşəli şəxsiyyət pozğunluğu göstərilmişdir ki, hansı ki, “Əlilliyin müəyyən olunması meyarları”nın 7-ci bölməsində F.07.0-kodu altında əlilliyə əsas verir. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məmzunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Cavabdehin iddiaçının müraciətini təmin etməkdən xx.xx.2024-cü il tarixli qərarla imtina etmiş, lakin həmin qərarına iddiaçıya hansı tarixdə təqdim edilməsinə dair hər hansı sübut olmadığından məhkəmə iddiaçı tərəfindən iddia müddətinin riayət edilməsi qənaətinə gəlir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına əsasən iddiaçıya xx.xx.2017-ci il tarixdə 5 il müddətinə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik təyin edilmişdir. Təyin edilən əlilliyin diaqnozu - “baş beynin silkələnməsi, keçirilmiş ağır kəllə beyin travmasından və baş beynin silkələnməsindən sonrakı vəziyyət, koordinator, koqnitiv və yaddaş pozulmaları ilə; Üzvi mənşəli emosional labil (astenik) pozuntu, ifadəli astenonevrotik sindrom. Generalizə olunmuş epilepsiyanın və epilektik sindromların digər növləri, tez-tez təkrarlanan toniko-klonik qıcolma tutmaları ilə ayda 12-14 dəfə; Eşitmənin neyrosensor tipli ikitərəfəli itirilməsi, poskontuzion iki tərəfli ağıreşitmə; Ürəyin hipertenziv xəstəliyi, İİ dərəcə; OU-hipertonik angiopatiya. Ürəyin xroniki işemik xəstəliyi; ÜİX-gərginlik stenokardiyası İİ f.s. İddiaçının əlillik vəziyyətinə Bakı 2 nömrəli X3 P00139911TİA nömrəli, xx.xx.2023-cü il tarixli göndərişi əsasında xx.xx.2023-cü il tarixdə baxılmış və diqanozun öz təsdiqini tapmaması əsası ilə əlillik təyinatı aparılmasından imtina edilmişdir. İddiaçının əlillik vəziyyətinə Bakı 2 nömrəli X3 Z00235644ZQP nömrəli, xx.xx.2024cü il tarixli göndərişi əsasında xx.xx.2024-cü il tarixdə baxılmış və Diaqnozun mətni: Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, funksional qıcolma tutmaları və yaddaşın enməsi ilə (ayda 12-14 dəfə), MMSE-24. “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir və xx.xx.2024-cü il tarixli göndəriş əsasında orqanizmin funksiyalarının müvafiq faiz dərəcəsi ilə əlilliyin təyin edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi. Məhkəmə cavabdehin imtinası, yəni iddiaçıda olan diaqnozun əlillik əlaməti təyin etməməsi əsası ilə bağlı qeyd edir ki, hazırkı işin hallarından müəyyən edillir ki, iddiaçının müraciətinə əsasən Z00235644ZQP nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixdə baxılmış və “Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, funksional qıcolma tutmaları və yaddaşın enməsi ilə (ayda 12- 14 dəfə), MMSE-24” diaqnozu qoyulmuşdur. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə-psixiatrik ekpertizası təyin edilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MəhkəməPsixiatrik Ekspertiza Mərkəzinin ekspertlərinə tapşırılmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli 1165 №-li ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı hal hazırda “Üzvi şəxsiyyət pozuntusu, depressiv daxilomalarla, anamnezində funksional qıcolma tutmaları” (Psixi və davranış pozuntulannın beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) müəyyən edilir. a) Əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı), b) məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti. Yoxlanılan şəxs İddiaçı “Üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla, anamnezində funksional qıcolma tutmaları” (F07.0) müəyyən edilir. Sualın digər hissə şəxsin əmək qabiliyyətinin qiymətləndirilməsinin meyarlarına aid olduğu üçün məhkəmə psixiatrik eksperizasının səlahiyyətlərinə aid deyildir. Göründüyü kimi, iddiaçıya əvvəl təyin edilmiş əlilliyin diaqnozu ilə, onun barəsində rəsmiləşdirilmiş Z00235644ZQP nömrəli göndərişdə olan diaqnozlar eynilik təşkil etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1637/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadında məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətini mümkünsüz hesab edərək qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, cavabdeh hər bir halda əlilliyin müəyyən olunması məsələsinə fərdi yanaşmalı, iş üzrə müəyyən olunmuş hallara obyektiv qiymət verməlidir. Bu zaman iddiaçının dəyişməyən xəstəliyi, habelə ötən müddət ərzində xəstəliyinin ağırlaşması, eyni zamanda, iddiaçıya həmin diaqnoz əsasında müvafiq əlillik dərəcəsinin artıq bir neçə dəfə təyin olunduğu da cavabdeh tərəfindən nəzərə alınmalıdır. Eləcə də, şəxsin əlilliyinin müəyyən olunması məsələsinə münasibətdə, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndinin tələbləri baxımından nəzərə alınmalıdır ki, həmin bənddə təsbit edilən müalicə müddəti ilə bağlı şərt aşkar mövcud olmadığı hallarda, diaqnozun dəqiqləşdirilməsi ilə bağlı araşdırma zərurəti aradan qalxır”. Məhkəmə qeyd edir ki, iddiaçının əlilliyi təkrar əlillikdir və uzun müddətdir ki həmin xəstəliklərdən əziyyyət çəkir. İddiaçıya 2017-ci il tarixdə əlillik təyinatı aparılmış, müvafiq olaraq ambulator və stasionar müalicə və müayinələrdə olmuş, həmin sənədləri məhkəməyə təqdim etmişdir. Bundan başqa iş materiallarından müəyyən edilir ki, cavabdeh iddiaçının instrumental müayinəsini deyil, əyani müayinəsini apararaq iddiaçıda olan diaqnozun əlillik əlaməti təyin etməməsi qərarına gəlmişdir. Halbuki iddiaçıda olan diaqnozların əyani müayinə nəticəsində müəyyən edilməsi mümkün deyildir. Belə ki, iddiaçı “Əsas diaqnoz: F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları ilə, (funksional) qıcolma tutmaları və yaddaşın enməsi ilə (ayda 12-14 dəfə) MMSE-24 xəstəliyindən əziyyət çəkir Bu xəstəliyin iddiaçıda olması ekspert rəyi və digər tibbi sənədlərlə müəyyən edilir. Cavabdeh isə, əyani müayinə apararkən belə nəticəyə gəlmişdir ki, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qıcolma tutmaları, gecələr qulağında səsdən şikayətlənmişdir. Anamnestik məlumatlarında 1992-ci ildə başından güllə yaralanması nəticəsində qıcolma tutmalarının yarandığını, gecələr qulağındakı səslərin sanki onu çağırdığını, tutmalarının ilk başlanğıcda ayda 2-3 dəfə olduğunu, lakin son zamanlar 15 dəfə olduğunu, sonuncu tutmasının 2 gün əvvəl baş verdiyini, yaxınlarının ona dərman verməsi nəticəsində ayıldığını bildirmiş, medikamentoz preparatlardan “Sinarizin” qəbul etdiyini qeyd etmişdir. Vətəndaşın bildirdiyinə görə əvvəl başqa dərman qəbul etdiyini, son bir ildir (EEQ dalğalarının nəticəsinə əsasən deyil) qan analizlərinə əsasən yeni dərman təyin olunduğunu, psixiatrik xəstəxanalara müraciət səbəbini qıcolma tutmalarının olması kimi izah etmişdir. Bildirdiyi anamnestik məlumatlara əsasən tutmalarının sayının artmasına baxmayaraq iddiaçı heç bir travma alması barədə məlumat verməmiş, təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamışdır. Təqdim edilmiş baş-beynin instrumental müayinə nəticəsinə (MRT) əsasən patologiya aşkarlanmamış, ekspertiza üçün əhəmiyyətli olan qıcolma tutmalarını təsdiqləyən EEQ müayinəsinin dalğalarını təqdim etməmişdir”. Məhkəmə qeyd edir ki, TSEK-in əyani müayinənin nəticəsi olaraq qəbul etdiyi qərarı lazımi qaydada, şəxsin xüsusi halları ilə əlaqələndirilməklə əsaslandırılmamış, göndərişdə göstərilmiş diaqnozlar müvafiq tibbi sənədlərə istinadla deyil, ümumi ifadələrdən istifadə edilməklə inkar olunmuşdur. Əyani müayinənin nəticəsində qəbul edilən qərarlara münasibətdə nəzərə alınmalıdır ki, sözügedən müayinələr şəxsin sağlamlıq vəziyyətinin obyektiv qiymətləndirildiyi barədə nəticəyə gəlməyə imkan verən şəkildə aparılmalıdır. Bu zaman çıxarılan qərarlar şəxsin hərtərəfli, funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələrinə, mütəxəssislərin ətraflı obyektiv məlumatlarına, aparılmış müalicə tədbirləri və onların səmərəliliyinə, klinik proqnozlara əsaslanmalıdır. Ona görə də, cavabdehin iddiaçının xarici görünüşünə əsaslanan formal əyani müayinədən ibarət dəlili, yəni iddiaçıda olan diaqnozun əlillik təyinatına əsas verməməsi barədə dəlili də əsassızıdır. İş materiallarında iddiaçının göstərilən xəstəliklərdən əziyyət çəkməsi həmçinin ekspert rəyi ilə də sübut olunur. Məhkəmə qeyd edir ki, iddiaçıda Əsas diaqnoz: F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları ilə, (funksional) qıcolma tutmaları və yaddaşın enməsi ilə (ayda 12-14 dəfə) MMSE-24 olması da iş materiallarında olan tibbi sənədlər və ekspert rəyi ilə təsdiq olunur. Yuxarıda göstərilən Meyarlara Əlavənin:
7. Psixi və davranış pozuntuları ... 7.6.Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular ... 7.6.2. Üzvi mənşəli şəxsiyyət pozuntusu - F07.0
Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1940/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadında məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətini mümkünsüz hesab edərək qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının X2 Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 2-1(102)-1038/2023 nömrəli, X1 Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 2-1(102)-437/2024 nömrəli, X3 Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 2-1(102)-73/2024 nömrəli, X4 TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 2-1(102)-234/2024 nömrəli, X5 Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 2-1(102)-589/2024 nömrəli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş diaqnozu iş materialları ilə öz təsdiqini tapırsa və həmin diaqnoz şəxsə müvafiq əlillik dərəcəsinin təyin edilməsi üçün meyarların müvafiq bəndinə uyğundursa, cavabdeh inzibati orqan tərəfindən müvafiq əlillik dərəcəsinin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olacaq və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmayacaqdır. Cavabdeh hər bir halda əlilliyin müəyyən olunması məsələsinə fərdi yanaşmalı, iş üzrə müəyyən olunmuş hallara obyektiv qiymət verməlidir”. Məhkəmə iddiaçının əlilliyin orqanizmin funksiyaların pozulması faizi və əlilliyin təyin edilmə müddəti ilə bağlı qeyd edir ki, iddiaçıda mövcud olan əsas diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin hansı bəndinə uyğun olması və hansı faiz dərəcəsi və hansı müddətdə olmasını cavabdeh müəyyən etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: Bənd 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır;
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,
qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Rasim Sarış oğluna əlillik təyin edilməsindən imtina edilməsinə dair xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2024-cü il tarixli, Z00235644ZQP nömrəli göndəriş əsasında orqanizmin funksiyalarının müvafiq faiz dərəcəsi ilə əlilliyin əlilliyin müəyyən olunması öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Bəhlul Cəlalov