Məhkəmə qərarları › İş №2-1(112)-364/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-364/2020

03.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-364/2020 03.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Emin Etibar oğlu Eminzadənin katibliyi, iddiaçının vəkili və nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin X4 üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 6) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 01.xx.xx.1982-ci ildən xx.xx.2006-cı il tarixə kimi “xxxx”nin İstehsalat Təmir müəssisəsinin Turbin Avadanlıqlarının təmiri üzrə çilingər və usta peşələrində və “xxxx” ASC-nin Əlibayramlı DRES-ində usta işlədiyi illərin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısı”na daxil olunaraq onun güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququnun olmasına dair müvafiq qərarın qəbul edilməsi öhdəliyinin DSMF-nin üzərinə bir vəzifə olaraq qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ilkin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna göndərilmiş, Fonddan iddiaya dair münasibətini yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Hazırlıq icraatının gedişində iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.2017-ci il tarixdən əmək kitabçası, iş materiallarında olan arayışlarda göstərilən iş stajının nəzərə alınması və ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X4 İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin (hakim Elvin Əliyev) 2-1(81)-4345/2019 saylı, xx.xx.2019cu il tarixli qərardadına əsasən ərizə icraata qəbul edilmiş, nəticədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun əvəzinə əsl cavabdeh kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X4 İdarəsi qəbul edilmişdir. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. Sonradan iddiaçının nümayəndəsi yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələbinə uyğun olaraq İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin X4 üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1960-cı ildə Salyan rayonunun Qarabağlı kəndində anadan olmuş və hazırda həmin rayonun Kərimbəyli kəndində yaşayır. Əmək fəaliyyətinə 1979-cu ildə başlamış, xx.xx.1979-cu ildə “Muğanmeliovodstroy” Trestinin 16 saylı X6 2-ci dərəcəli fəhlə qəbul olunmuş, 1981-ci ildə hərbi xidmətə getmiş, 1982-ci ildə hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra Əli- Bayramlı şəhəri Cihazqayırma zavoduna Plastmas sexinə 3-cü dərəcəli fəhlə qəbul olunmuşdur. 1982-ci ildə “xxxx”nin İstehsalat-Təmir müəssisəsinin turbin avadanlıqlarının təmiri üzrə Əli-Bayramlı daimi təmir sexinə çiligər peşəsinə qəbul olunmuş və sonradan usta işinə keçirilmişdir. 2002-ci ildə həmin yerdən öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.2002-ci ildə “xxxx” ASC-nin Əlibayramlı DRESİN-ə 7-ci dərəcəli usta vəzifəsinə qəbul olunmuş və xx.xx.2006-cı ildə öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.2007-ci ildə “Monoton-elektrik” İdarəsinə usta vəzifəsinə qəbul olunmuş və xx.xx.2009-cu ildə həmin işdən öz razılığı ilə azad olunmuşdur. xx.xx.2010-cu ildə “xxxx” ASC-nin Quraşdırma sahəsinə 6-cı dərəcəli quraşdırıcı işinə qəbul olunmuş, 2015-ci ildə həmin İdarə MAQ və T. İdarəsi adlandırılmışdır. İddiaçı güzəştli şərtlərlə pensiya yaşına çatdığından pensiyaya çıxmaq üçün aidiyyəti üzrə Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin X4 İdarəsinə müraciət etmişdir. xx xxxxxxxx 2019-cu il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, onun “xxxx”nin İstehsalat Təmir müəssisəsində və “xxxx” ASC Əlibayramlı DRESİ-nin təmir quraşdırma sexində işlədiyi çilingər və usta peşələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vermir. İddiaçı həmin halın aydınlaşdırılması məqsədilə Azərbaycan Respublikası “xxxx” ASC-yə rəsmi müraciət etmiş və ona xx.xx.2019-cu il tarixdə rəsmi cavab verilmişdir ki, xx.xx.1982-ci ildən xx.xx.2006-cı il tarixə kimi “xxxx”nin İstehsalat-Təmir müəssisəsində və Əlibayramlı DRES-nin Təmir Quraşdırma sexində işlədiyi vəzifələr güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən sahələrdir. Bu səbəblərə görə də iddiaçı məhkəmədə iddia qaldırmışdır. Cavabdehin nümayəndəsi X5 tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya qarşı etirazda qeyd edilmiş mövqeyə görə, “Vətəndaşların pensiya təminatı haqqında” Qanun iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Həmin Qanunun iddiaçıya şamil edilməsi üçün onun xx xxxxxx 2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya almaq hüququ olmalıdır. İddiaçı qanunla tələb edilən zəruri stajı toplamamış və onun işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı siyahısı”nda göstərilməmişdir. İş materiallarından göründüyü kimi xx.xx.2006-cı il tarixədək iddiaçının topladığı güzəştli iş stajı 12 il 6 aydan azdır. Həmçinin, iddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. Bu səbəbdən iddiaçının qüvvədə olan qanunvericiliyə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya qarşı etirazında qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: - Salyan RPŞ tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, yaşayış yeri üzrə Salyan rayonu, Kərimbəyli kəndində qeydiyyatda olan İddiaçı xx.xx.1960-cı il tarixdə Salyan rayonunun Qarabağlı kəndinə doğulmuşdur. - İddiaçıya məxsus olmaqla xx.xx.1979-cu ildə açılmış İT-İ seriyalı ******* saylı əmək kitabçasının Azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı 16 TMİ-nə daxil olana qədər əmək stajı olmamış, 9/k saylı xx.xx.1979-cu il tarixli əmrlə “Muğanmeliorasiyasutikinti” trestinin 16 saylı TMİyə xx.xx.1979-cu il tarixdən 2-ci dərəcəli fəhlə işinə qəbul olunmuş, xx.xx.1979-cu il tarixdə Sovet Ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılmaqla əlaqədar işdən azad edilmiş, HЗ № ******* saylı hərbi biletə əsasən xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək Sovet Ordu sıralarında xidmət etmiş, 2-k saylı xx.xx.1982-ci il tarixli əmrə əsasən xx.xx.1982-ci il tarixdən Plasmas sexinə üçüncü dərəcəli fəhlə işinə qəbul olunmuş, 118/k saylı xx.xx.1982-ci il tarixli əmrlə xx.xx.1982-ci il tarixdən Mexanika sexinə dördüncü dərəcəli çilingər işinə qəbul edilmiş, 225-k nömrəli xx.xx.1982-ci il tarixli əmrlə xx.xx.1982-ci il tarixdən şəxsi arzusuna əsasən işdən azad edilmiş, 129-ok saylı xx.xx.1982-ci il tarixli əmrə əsasən xx.xx.1982-ci il tarixdən Əli Bayramlıda yığma qazan təmiri üzrə sexinə dördüncü dərəcəli çilingər işinə qəbul edilmiş, 02-1 saylı, xx.xx.1986-cı il tarixli əmrlə xx.xx.1986-cı il tarixdən beşinci dərəcəli çilingər işinə qəbul edilmiş, 126 saylı xx.xx.1991-ci il tarixli əmrə əsasən xx.xx.1991-ci il tarixdən Qazanxana sexlərinin avdanlıqlarının təmiri üzrə altıncı dərəcəli çilingər işinə qəbul edilmiş, xx.xx.1995-ci il tarixdən 71-Ш saylı xx.xx.1995-ci il tarixli əmrə əsasən həmin sahədə birinci dərəcəli usta vəzifəsinə keçirilmiş, 28-kş saylı xx.xx.2002-ci il tarixli əmrə əsasən xx.xx.2002-ci il tarixdən başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə işdən azad edilmiş, 07n/125 saylı xx.xx.2002-ci il tarixli əmrə əsasən xx.xx.2002-ci il tarixdən təmir quraşdırma sexinin istehsalat sahəsinə 7-ci dərəcəli usta vəzifəsinə işə qəbul edilmiş, 393 saylı xx.xx.2002-ci il tarixli əmrə əsasən xx.xx.2002-ci il tarixdən həmin sexdə 9-cu dərəcəli usta vəzifəsinə işə qəbul edilmiş, 799 saylı xx.xx.2002-ci il tarixli əmrə əsasən xx.xx.2002-ci il tarixdən “xxxx” ASC-nin prezidentinin idarəetməni təkmilləşdirmək məqsədilə xx.xx.2002-ci il tarixdə Əli Bayramlı DRES-in yeni təşkilat strukturunun təşkili ilə əlaqədar 787 saylı, xx.xx.2002-ci il tarixli əmrilə TQS ləğv edildiyi üçün yeni yaradılmış qazan avadanlığının təmiri sexinə 9-cu dərəcəli usta vəzifəsinə keçirilmiş, 41-y saylı xx.xx.2006-cı il tarixli əmrə əsasən xx.xx.2006-cı il tarixdən əmək müqaviləsinə öz xahişi ilə xitam verilmişdir. - HЗ seriyalı, ******* saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək Sovet Ordu sıralarında xidmət keçmişdir. - “xxxx” ASC tərəfindən məhkəməyə təqdim edilmiş 01-71/285 saylı, xx.xx.2020-ci il tarixli arayışdan müəyyən edilir ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1995-ci il tarixədək “xxxx" İstehsalat-Təmir müəssisəsinin Əli-Bayramlı Dövlət Rayon Elektrik Stansiyasının Qazanxana avadanlıqlarının təmiri sexində çilingər, xx.xx.1995-ci il tarixdən xx.xx.2002-ci il tarixədək həmin sexdə usta vəzifəsində işləmişdir. İddiaçı “xxxx” İstehsalat-Təmir müəssisəsinin Əlibayramlı DRES-in Qazanxana avadanlıqlarının təmiri sexində işlədiyi çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 saylı qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısının Xİİİ fəslinin (bənd: 21400000; “Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı”), 2140000a-18455 yarımbəndinə (qazanxana, turbin, (buxar turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri), onun həmin sexdə işlədiyi usta vəzifəsi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısının Xİİİ fəslinin (bənd: 21400000; “Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı”), 2140000b-23362 yarımbəndinə (avadanlığın qoyulmuş yerdə təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin, (buxar turbini) yanacaq ötürmə tozhazırlama) uyğundur. İddiaçı “xxxx” İstehsalat-Təmir müəssisəsinin Əlibayramlı Qazanxana avadanlıqlarının təmiri sexində (xx.xx.1982-ci il tarixdən xx.xx.2002-ci il tarixədək) güzəştli şərtlərlə iş stajının cəmi 19 il, 06 ay, 12 gündür. İddiaçı xx.xx.2002-ci ildə başqa işəgötürənlə əmək müqaviləsi bağlayaraq “xxxx” İstehsalat-Təmir müəssisəsinin Əlibayramlı DRES-in Qazanxana avadanlıqlarının təmiri sexində işlədiyi usta vəzifəsindən azad olunmuşdur. - “xxxx” ASC tərəfindən verilmiş çıxış nömrəsi “20” olan xx.xx.2019-cu il tarixli arayışın surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.1982-ci ildən hal-hazırkı dövrədək “xxxx” İstehsalat-Təmir Müəssisəsində və “xxxx” ASC-də işlədiyi müddət ərzində ödənişsiz məzuniyyətdə olmamışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun X4 İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********2 saylı, xx xxxxxxxx 2019-cu il tarixli məktubda iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, təqdim etdiyi sənədlərdə əmək kitabçasında qeyd olunan “Azbaşenerjı” İstehsalat Təmir müəssisəsində və “xxxx” ASC-nin Əlibayramlı DRES-in təmir quraşdırma sexində işlədiyi çilingər və usta vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa gorə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. Məhkəmə göstərməyi zəruri hesab edir ki, cavabdeh tərəfin mübahisələndirdiyi işin halları iddiaçının çalışdığı müvafiq vəzifələrin (çilingər və usta) güzəştli vəzifələrin siyahısına aid edilməsi ilə bağlıdır. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəllənin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar— 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa...; Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 55 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 25 illik ümumi və 12,5 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 57 yaşdan təyin edilir. Beləliklə, iddiaçının tələbinin təmin edilməsi və ona 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 2006-cı il 1 yanvar tarixədək azı 25 il ümumi iş stajı olmalı, bunun 12 il 6 ayını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. İşin araşdırılan hallarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 13-cü, yəni “Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” fəslinin a yarımbəndində 2140000a— 18455 şifri ilə “qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri” vəzifələri, b yarımbəndində 2140000b—23362 şifri altında isə “avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaq ötürmə, tozhazırlama” peşələri təsbit edilmişdir ki, İddiaçı da müvafiq sahədə çilingər və usta vəzifələrində işləməklə riyazi hesablamanın nəticəsinə əsasən xx.xx.2006-cı il tarixədək 19 il 06 aydan artıq güzəştli iş stajını toplamışdır. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Göstərilən normanın tələbləri baxımından iddiaçının Sovet Ordu sıralarında xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək müddətli həqiqi hərbi xidmət müddəti də ümumi iş stajı kimi nəzərə alınmalıdır. Beləliklə, yuxarıda şərh edilənlərin nəticəsi olaraq iddiaçının 2006-cı il 01 yanvar tarixədək 25 ildən artıq (riyazi hesablamanın nəticəsi olaraq 25 il 10 aydan artıq) ümumi iş stajı vardır və bunun 12 il 6 aydan ildən artığını Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulmuş işlərdə çalışmışdır. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı siyahısı”na əsasən 12 il 6 aydan artıq güzəştli iş stajının olmasını, eyni zamanda, xx.xx.2017-cı il tarixdə isə iddiaçının 57 yaşının tamam olmasını, onun güzəştli şərtlərlə işlədiyi müddətin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nın deyil, məhz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısı”nın təsir dairəsinə düşməsini nəzərə almadan formal mülahizələrlə iddiaçının haqlı tələbini təmin etməmişdir. Məhkəmə, həmçinin, onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının məhkəməyədək cavabdeh pensiya təyinatı orqanına təqdim etdiyi arayışda onun işlədiyi güzəştli vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»na uyğunlaşdırılmış, bu yalnışlıq cavabdeh orqana bəlli olsa da, müvafiq çatışmazlıqların inzibati icraat çərçivəsində aradan qaldırılması istiqamətində müraciət edən şəxsə heç bir hüquqi yardım göstərilməmiş, cavabdeh orqan imtinaya üstünlük verərək, məsələnin həllindən yayınmışdır. Halbuki, «İnzibati icraat haqqında» Qanunun: 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə yuxarıda şərh edilənlərə əsasən cavabdehin nümayəndəsinin iddiaya qarşı etirazında qeyd edilənləri də əsassız hesab edir. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, dövlət pensiya sistemini yaratdıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar, bu sistemin maliyyələşdirilməsinə haqq ödənilib-ödənilməməsindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür. 1 Saylı Protokolun 1-ci Maddəsinə əsasən işlərə ümumilikdə tətbiq olunan prinsiplər sosial yardıma gəldikdə eyni dərəcədə qüvvədə olur. Xüsusilə də, bu Maddə əmlak əldə etmək hüququ yaratmır. Bu, Razılığa gələn Dövlətlərin sosial sığorta sxeminin hər hansı formasını yaradıbyaratmaması barədə qərar vermək və ya hər hansı belə sxem altında təmin edilən yardımın növünü və ya məbləğini seçmək azadlığına hər hansı məhdudiyyət qoymur. Lakin əgər Razılığa gələn Dövlətin – ödənişlərin əvvəlcədən edilməsi şərti qoyulubqoyulmamasından asılı olmayaraq - sosial yardım hüququ əsasında belə ödənişi nəzərdə tutan qüvvədə olan qanunvericiliyi varsa, bu, onun tələblərindən faydalanan şəxslər üçün 1 Saylı Protokolun 1-ci Maddəsinin təsir dairəsinə düşən, əmlak maraqlarını yaradan qanunvericilik hesab olunmalıdır (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın xx xxxxx 2006-cı il tarixli Qərarı, §47-53; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın xx xxxxxx 2009-cu il tarixli Qərarı, §76-77, Karsonun işi (Carson), § 64). Göründüyü kimi, iddiaçı əmək fəaliyyətinin ilk dövründən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona güzəştli şərtlərlə pensiya verilməsinə ümid etmiş, həmçinin, həmin işlərdə işləməklə əmək haqqının müəyyən hissəsini məcburi sığorta haqqı kimi ödəməklə əmək pensiyasının ödənilməsinə yönəldilən vəsaitlərin yaradılmasında iştirak etmiş və həmin vəsaitlərin yaradılması üçün iddiaçı tərəfindən ödənilmiş məbləğ onun mülkiyyəti hesab olunur. Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). Sadalanan normaların tələbinə görə məcburetmə haqqında iddianın əsaslı olması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır: inzibati orqan tərəfindən inzibati aktın qəbulundan imtina edilməli və ya inzibati orqanın hərəkətsizliyi nəticəsində inzibati akt qəbul edilməməli, həmin hərəkətlər qanuna zidd olmalı, həmçinin həmin hərəkətlər iddiaçının hüquqlarının pozulmasına səbəb olmalıdır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia tələbi işdə olan sübutlara görə əsaslı və qanuni olduğuna görə təmin edilməli, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələbinə uyğun olaraq İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin X4 üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələbinə uyğun olaraq İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin X4 üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar