Məhkəmə qərarları › İş №2-1(112)-364/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-364/2023

03.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-364/2023 03.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1ə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinə (bundan sonra cavabdeh) qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8883/2021 saylı 02 dekabr 2021-ci il tarixli qərardadı ilə iddianın geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı məhkəmə iclaslarına gəlməməklə, üzrsüz səbəbdən məhkəmə iclaslarından yayınmış və bu səbəbdən də iş üzrə yekun qərarın çıxarılması mümkün olmamışdır. İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi və işin birinci instansiya məhkəməsində baxılmasının davam etdirilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-939/2022 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi birinci instansiya məhkəməsinə qaytarılmışdır. Məhkəmə qeyd etmişdir ki, “...birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddiaçının iddia tələbini geri götürülmüş saymaqla düzgün nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Qeyd olunan maddənin məzmunundan görünür ki, iddiaçının iddia tələbinin geri götürülmüş sayılmasını qanunvericilik məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş iddiaçının 30 gündən çox müddət ərzində ardıcıl olaraq məhkəmə icraatından yayınması ilə şərtləndirir. “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarında qeyd edilir ki, İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır. Məhdudiyyətin mütənasibliyinə gəldikdə isə qeyd olunmalıdır ki, qanunverici bu meyarın tələblərini nəzərə alaraq iddianın geri götürülmüş sayılması haqqında qərardadın qəbulunu bir neçə qayda ilə şərtləndirmişdir. Belə ki, belə qərardadın çıxarılmasından öncə məhkəmə mütləq tələb irəli sürməlidir. Burada nəzərə almaq lazımdır ki, tələb xəbərdarlıq məqsədi daşıyır. Yəni məhkəmə iddiaçının davranışından artıq görür ki, iddiaçı mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır və bu davranışın hüquqa zidd olduğunu iddiaçının nəzərinə çatdırır. İddiaçının ciddi nəticələrlə üzləşə biləcəyini, habelə məhkəməyə müraciət etmək hüququnun demokratik cəmiyyətdə vacibliyini nəzərə alaraq, məhkəmə bu tələbi iddiaçıya onun davranışı haqqında tutarlı və mötəbər dəlillərə malik olduğu təqdirdə irəli sürə bilər. Bundan əlavə, öz məqsədlərinə nail olmaq üçün tələb aşağıdakı şərtlərə cavab verməlidir: - məhkəmənin iddiaçıdan konket olaraq nə gözlədiyi göstərilməlidir (məsələn, müvafiq sənədləri və digər sübutları təqdim etmək və ya iddianı əsaslandırmaq və s.); - tələbin məhz məhkəmə (müvafiq hakim) tərəfindən irəli sürüldüyü aşkar bilinməlidir və buna görə o, hakimin imzası ilə təsdiq olunmalıdır; - tələb iddiaçıya sübut oluna biləcək qaydada çatdırılmalıdır (təqdim olunmalıdır); - tələbin iddiaçı tərəfindən yerinə yetirilməməsinin hüquqi nəticələri (iddianın geri götürülmüş sayılması və prosessual xərclərin ödənilməsi vəzifəsi) qanunun müvafiq maddələrinə istinad edilməklə aydın şəkildə ifadə olunmalıdır. Məhkəmənin bu meyarlara cavab verən tələbinin irəli sürülməsinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia məhkəmə tərəfindən geri götürülmüş sayılır. Hazırkı işdə isə məhkəmə iddianın geri götürülmüş sayılması və inzibati icraatın xitam olunması barədə qərardad çıxararkən bunun üçün qanunla müvafiq əsasların müəyyən edildiyini nəzərə almamışdır. Belə ki, iş materiallarında olan (i.v. 41) məhkəmə iclasının xx.xx.2021-ci il tarixə təyin edilməsi barədə 10 sentyabr 2021-ci il tarixli məhkəmə bildirişinin iddiaçı tərəfindən alınıbalınmamasının müəyyən edilməsi mümkün olmamışdır. Həmin bildirişin iddiaçıya çatması xx.xx.2021-ci il tarixli reyestrdən də (i.v.43) müəyyən edilmir. Daha sonra məhkəmə iclasının 02 dekabr 2021-ci il tarixə təxirə salınması barədə olan məhkəmə bildirişinin də (i.v.75) iddiaçıya çatması barədə sübut mövcud deyildir. Həmin tarixə təyin edilmiş məhkəmə iclası ilə bağlı hüquqi yardım məzmununda olan məktub isə onun göndərilməsi barədə olan poçt zərfinin üzərindəki qeydə əsasən «ünvan tam deyil» səbəbindən geri qaytarıldığı üçün iddiaçı həmin məhkəmə iclası barədə məlumatlı olmamışdır. O ki qaldı keçirilmiş məhkəmə iclasları barədə iddiaçının telefon nömrəsinə SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə, bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin SMS xəbərdarlıq “iddianın geri götürülmüş sayılması ilə bağlı olan qanunvericiliyin nəzərdə tutduğu xəbərdarlıq” kimi qəbul edilə bilməz. Belə ki, həmin SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsi barədə olan bildirişin məzmununda İnzibati Prosessual Məcəllənin 55.3-cü maddəsində müəyyən edilmiş qaydada icraatın xitam olunacağına dair məlumat göstərilmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının məhkəmə icraatından yayınması işin materiallarından müəyyən edilmədiyindən, hazırkı iddianın geri götürülmüş sayılması üçün Azərbaycan Respublikası İPM-in 55.3-cü maddəsində nəzərdə tutulmuş prosessual əsaslar olmamışdır”. İnzibati iş icraata daxil olduqdan sonra işin mahiyyəti üzrə qərar qəbul olunmasını təmin etmək məqsədilə iş üzrə məhkəmənin hazırlıq icraatı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş, həmin tarixli məhkəmə iclasının bildirişi “üzərində ünvan tam deyil” qeydi ilə məhkəməyə geri qayıtmış, iddiaçı həmin iclasda iştirak etmədiyinə görə məhkəmə iclası xx.xx.2022-ci il tarixə təxirə salınmış, məhkəmənin həmin tarixli bildirişi də, “üzərində ünvan tam deyil” qeydi ilə məhkəməyə geri qayıtmış, həmçinin iddiaçının istifadəsində olan mobil telefon nömrəsinə SMS xəbərdarlıq göndərilmiş, iddiaçı həmin iclasda da iştirak etmədiyinə görə, məhkəmə iclası xx.xx.2022-ci il tarixə təxirə salınmış, məhkəmənin həmin tarixli bildirişi də, “üzərində ünvan tam deyil” qeydi ilə məhkəməyə geri qayıtmış, həmçinin iddiaçının istifadəsində olan mobil telefon nömrəsinə SMS xəbərdarlıq göndərilmiş, iddiaçı həmin iclasda da iştirak etmədiyinə görə məhkəmə iclasları xx.xx.2022-ci il tarixə, xx.xx.2023-cü il tarixə, xx.xx.2023-cü il tarixə, xx.xx.2023-cü il tarixlərə təyin edilmiş, lakin iddiaçı məhkəmə iclaslarında iştirak etməmişdir. İddiaçı məhkəmə iclaslarında iştirakını təmin etmədiyindən xx.xx.2023-cü il tarixdə məhkəmə icraatından yayınmanın nəticələri barədə xəbərdarlıq ünvanlanmış, 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınacağı təqdirdə, iddianın geri götürülmüş sayılacağı barədə xəbərdarlıq edilmişdir. Həmin məktub hakimin elektron imzası ilə imzalanaraq elektron kabinetə yerləşdirilmişdir. Qeyd edilən məktub “üzərində ünvan tam deyil” qeydi ilə məhkəməyə geri qayıtmışdır. İPM-in 62.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarını şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. İPM-in 20.1-ci maddəsinə görə müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. İPM-in 20.2-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində yaşayış yeri və ya olduğu yer olmayan proses iştirakçısı, məhkəmənin tələbinə əsasən ona ünvanlanmış məhkəmə aktlarını və digər məhkəmə sənədlərini almaq üçün Azərbaycan Respublikasının ərazisində daimi yaşayış yeri olan tam fəaliyyət qabiliyyətli şəxsi müvəkkil təyin etməyə borcludur. Müvəkkilin təyin edilmədiyi hallarda, məhkəmə həmin proses iştirakçısı qarşısında təqdimetmə vəzifəsi daşımır və təqdim edilməli sənədləri məhkəmə binasının elanlar lövhəsində asmaqla kifayətlənə bilər. İPM-in 20.3-cü maddəsinə əsasən məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra – MPM) müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. MPM-in 146-cı maddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə hesab edir ki, məhkəmə bildirişləri iddiaçının iddia ərizəsində göstərdiyi ünvana göndərildiyindən, ünvanın dəyişməsi barədə məhkəməyə heç bir məlumat verilmədiyindən məhkəmə bildirişi rəsmi qaydada iddiaçıya verilmiş hesab edilməlidir. Bundan başqa işdən müəyyən edilir ki, iddiaçı elektron məhkəmə informasiya sistemində xx.xx.2021-ci il tarixdə yaradılmış elektron kabinetə malikdir. Belə olan halda iddiaçı, iş üzrə aparılmış bütün prosessual hərəkətlərdən, o cümlədən iş üzrə məhkəmə iclaslarının təyin edilməsindən xəbərdar olur. Bu hal, işə apellyasiya instansiya məhkəməsinin icraatında baxılarkən, iddiaçının elektron kabinet vasitəsi ilə iddia ərizəsinə yazılı etirazı təqdim etməsi ilə də müəyyən edilir. İş üzrə məhkəmənin xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu da hakimin elektron imzası ilə imzalanmışdır. Lakin iddiaçı məhkəmə iclaslarında iştirak etməmiş, xx.xx.2022-ci il tarixdə verdiyi iddiaya və 538 gün (17 ay) məhkəmənin icraatında olan inzibati işə marağını itirmişdir. Məhkəmə iddiaçının məlumatlandırılması üçün mümkün bütün vasitələrdən (məhkəməyə məlum olan ünvana bildiriş göndərmək, SMS məlumatlandırma, xəbərdarlıq məktubunun elektron imza ilə imzalanması) istifadə etmişdir. Məhkəmənin iddiaçını məcburi qaydada məhkəmə icraatına cəlb etmək kimi bir səlahiyyəti və vəzifəsi yoxdur. İddia tələbinin məhkəməyə verilməsi və müdafiə edilməsi dispozitivlik prinsipinə əsasən iddiaçının üzərinə düşür. Əks halda məhkəmə icraatının qeyri-müəyyən vaxta uzadılmasına, məhkəmə iclasının dəfələrlə təxirə salınmasına səbəb olar. Belə olan halda isə aydın olur ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra 30 gündən çox, 1 ildən artıq bir müddət ərzində inzibati məhkəmə icraatından yayınmış, məhkəmə iclaslarında iştirak etməmişdir. İPM-in 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındığından, onun iddiası geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsinə görə inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında İPM-in 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli Qərarının 2-ci bəndində belə qənaətə gəlinmişdir ki, İPM-in 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. Həmçinin, iddiaçıya izah olunur ki, İPM-in 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması onun yenidən məhkəməyə müraciət etməsi üçün maneə deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prossesual Məcəllənin 55.3, 80, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia geri götürülmüş sayılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar