Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3642/2022 08.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X16 və İbatova Jalə Musayəddin qızı) “qeydiyyata alınma” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanda mülkiyyətində olan evə qeydiyyatının bərpa edilməsi və qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən X16 və İbatova Jalə Musayəddin qızı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, onun yaşadığı və qeydiyyatda olduğu ünvan 2 ünvanındakı yaşayış evi torpaq sahəsi ilə birlikdə ana-X2nun şəxsi mülkiyyətində olmuşdur. X2 vəfat etdikdən sonra həmin yaşayış evi vərəsəlik yolu ilə anası X4 mülkiyyətinə keçmişdir. Anası 21 yanvar 1980-ci ildə vəfat etmişdir. Bundan sonra şəxsi mülkiyyət hüququ əsasında valideynlərinə məxsus olan həmin yaşayış evi vərəsəlik yolu ilə X1 və ona keçmişdir. X1 25 aprel 2006-cı ildə vəfat etmişdir. Arzu İbatova vəfat etdikdən sonra o, qanun üzrə vərəsə olmuşdur. Onlar hamısı həmin yaşayış evində qeydiyyatda olmuşlar. Yaşayış evinin həyətyanı sahəsi ilə birlikdə X9 şəxsi mülkiyyət hüququ əsasında ona məxsus olmasını təsdiq edən fevral 1964-cü il tarixli texniki pasport da mövcuddur. Ailə qurduqdan sonra da həmin yaşayış evində yaşamışlar, qeyd olunan yaşayış evi vərəsəlik qaydasında onların şəxsi mülkiyyətindədir. Ailə qurduqdan sonra həmin evdə 19 fevral 1988-ci ildə oğlu X17 və 06 iyul 1989-cu ildə oğlu X18 anadan olmuşdur. Onların hər üçü də anasından vərəsəlik yolu ilə qalmış həmin yaşayış evində qeydiyyatdadırlar. Həmin yaşayış evində eyni zamanda mərhum bacısı X6 oğlu X16 da qeydiyyatdadır. Üçüncü şəxs X16 06 oktyabr 2009-cu ildə digər üçüncü şəxs İbatova Jalə Musayəddin qızı ilə nikaha daxil olmuş, bu səbəbdən də sonuncu ona məxsus həmin yaşayış evinə onun razılığı ilə qeydiyyata alınmışdır. Ona vərəsəlik yolu məxsus olan və yaşadığı evə gəlin gəlmiş məhrum bacısı Arzu İbatovanın gəlini İbatova Jalə Musayəddin qızı ona və oğulları X17, X10 və üçüncü şəxs Binəqədi Rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi Şöbəsinə qarşı “yaşayış sahəsinə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Onların məlumatı və iştirakı olmadan Binəqədi Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli, 2(001)-6822/2018 nömrəli onların ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi və qeydiyyatdan çıxarılmaları barədə qanunsuz və əsassız qətnaməsi qəbul edilmişdir, qətnamə onlara göndərilməmiş və onlara məlumat verilməmişdir. Belə ki, həmin qətnamənin qanuni qüvvəyə mindikdən sonra onun, oğulları X7 və X8 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının olmamaları və həmin ünvandan qeydiyyatdan çıxarılmaları üçün əsas hesab edilməsi müəyyən edilmişdir. Lakin həmin qətnamə qanuni qüvvəyə minmədən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Qeydiyyat şöbəsi tərəfindən onların üçü də qanunsuz olaraq qeydiyyatdan çıxarılmışlar. Onlar sözügedən qanunsuz və əsassız qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 01 avqust 2019-cu il tarixli, 2(103)-6870/2019 nömrəli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli, 2(001)-6822/2018 nömrəli qətnaməsi ləğv edilərək onların şikayəti təmin olunmuşdur. Üçüncü şəxs İbatova Jalə Musayəddin qızı Bakı Apellyasiya Məhkəməsinin 01 avqust 2019-cu il tarixli, 2(103)- 6870/2019 nömrəli qətnaməsi ilə razılaşmayaraq kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 2(102)-8097/19 nömrəli qərarı ilə İbatova Jalə Musayəddin qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 01 avqust 2019-cu il tarixli, 2(103)-6870/2019 nömrəli qətnaməsi qüvvədə saxlanılmışdır. Beləliklə də, onların qeyd olunan ünvana olan mülkiyyət və qeydiyyata alınma hüquqlarının bərpa edilməsi barədə məhkəmə qərarı qüvvəyə minmişdir. Lakin qanuni qüvvəyə minmiş həmin qərarı hələ də icra olunmamışdır. Dəfələrlə ASAN Xidmətə və cavabdehə müraciət etsələr də onların müraciətlərinə baxılmamış, onların mülkiyyətində olan evə qeydiyyatları bərpa edilməmişdir. Qarşı tərəfin mənafeyini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi və Ali Məhkəmənin qərarı bu günə qədər əsassız icra olunmur. Məhkəmə qətnaməsinin icrası və qeydiyyata alınma ilə bağlı o, cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdeh ona xx.xx.2020-ci il tarixli cavab məktubu ilə onun və ailə üzvlərinin ünvan 1 ünvanına qeydiyyata alınmaları üçün məhkəmə qətnamələrini icra olunması üçün ASAN Xidmət mərkəzinə göndərdiklərini bildirmiş və onların şəxsiyyət vəsiqələri ilə ASAN Xidmət mərkəzinə müraciət etmələrini tövsiyə etmişdir. O, qeydiyyata alınmaq üçün ASAN Xidmət mərkəzinə müraciət etsə də, onun qeydiyyatını bərpa etməkdən əsassız olaraq imtina etmiş və yenidən cavabdehə müraciət etməsini bildirmişlər. O, cavabdehə müraciət etsə də, xx.xx.2021-ci il tarixli məktubla onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Hazırda onun şəxsiyyət vəsiqəsi etibarlı deyil, onun qeydiyyat ünvanı yoxdur. O, qeydiyyatdan çıxarıldığına görə yenidən şəxsiyyət vəsiqəsi ala bilmir. Onun oğullarından biri hərbiçidir və xidmət etdiyi hərbi hissənin ünvanına qeydiyyata düşmüş, digər oğlu isə müvəqqəti olaraq qohumlarının evinə qeydiyyata düşmüşdür. O isə hələ də heç yerdə qeydiyyata alına bilmir, qeydiyyat yeri olmadığına görə şəxsiyyət vəsiqəsi qüvvədən düşmüşdür. Bu da onun bir vətəndaş kimi hüquqlarını məhdudlaşdırır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X16 iddia tələbini qəbul etməyərək onun rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında üçüncü şəxs İbatova Jalə Musayəddin qızının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək onun rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmişdir. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq işə onun nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd edilir: Sizin məhkəmə qətnaməsinin icrası və qeydiyyata alınma ilə bağlı müraciətinizə Binəqədi Rayon Polis İdarəsinin Qeydiyyat məsələləri bölməsində araşdırma aparılaraq baxılmışdır. Bildiririk ki, Sizin və ailə üzvlərinizin ünvan 1 ünvanına qeydiyyata alınmanız üçün məhkəmə qətnamələri icra olunması üçün tərəfimizdən ASAN Xidmət mərkəzinə göndərilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq Sizin və ailə üzvlərinizin şəxsiyyət vəsiqəsi ilə ASAN Xidmət mərkəzinə müraciət etməyiniz tövsiyə olunur. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Sizin Binəqədi Rayon Polis İdarəsinə ünvanladığınız müraciətinizə Qeydiyyat məsələləri bölməsində baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə Qeydiyyat" haqqında Qanunun 5-ci maddəsinin tələblərinə əsasən X3 və X11 ünvan 1 ünvanına qeydiyyata alınması üçün müvafiq sənədlərlə birlikdə Rayon Polis İdarəsinin Qeydiyyat məsələləri bölməsinə müraciət etməlisiniz. Qanunda qeyd olunan sənədlərdən hər hansı təqdim edilmədikdə Sizin göstərilən ünvana tərəfimizdən qeydiyyata alınması qanunamüvafiq deyildir. Nəzərinizə çatdırırıq ki, bu məsələ ilə bağlı Sizin məhkəmə orqanlarına müraciət etmək hüququnuz var. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli məhkəməyə ünvanlanmış məktubda qeyd edilir: Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, döngə 4, 4 saylı evə dair sənəd surətlərinin, həmçinin Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş texniki pasportun surətinin verilməsi ilə bağlı müraciətinizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, döngə 4, 4 saylı evin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Məktuba həmin evə dair fevral 1964-cü ildə Tapdıq İbad oğlunun adına tərtib edilmiş texniki pasportun təsdiq edilmiş surəti əlavə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məhkəməyə ünvanlanmış məktubda qeyd edilir: İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2018-ci il tarixədək ünvan 6 ünvanında qeydiyyatda olmuşdur. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(001)-6822 nömrəli qərarına əsasən qeyd olunan ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmışdır. Qeyd olunan şəxsin qeydiyyata alınmasına əsas olunmuş sənədlərin saxlama müddəti bitdiyinə görə müvafiq qaydada məhv edildiyindən və fərdi uçot kartoçkası arxivdə aşkar olunmadığından Sizə göndərilməsi mümkün deyildir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-6822/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı İbatova Jalə Musayəddin qızının cavabdehlər X12, X10 və İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Binəqədi Rayon Polis İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinə qarşı “yaşayış sahəsinə istifadə hüququnun olmamasının müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilmiş, cavabdehlər X7, X8 və İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının olmadığının müəyyən edilməsi, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehlər X7, X8 və İddiaçı ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-6870/2019 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli, 2(001)-6822/2018 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli, 2(001)-6822/2018 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-8097/2019 saylı qərarının surətindən görünür ki, iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının həmin iş üzrə 01 avqust 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-6870/2019 saylı qətnaməsi 25 dekabr 2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon VVADQ şöbəsi tərəfindən verilmiş 29 aprel 2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı 193060 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2006-cı ildə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Bakı şəhəri Kirov rayon VVAQ şöbəsi tərəfindən verilmiş 15 oktyabr 1982-ci il tarixdə verilmiş İİ-JQ seriyalı 374608 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1980-ci ildə Bakı şəhərində ölmüşdür. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinin 1-ci hissəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Həmin Qanunun 5-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2018-ci il tarixədək ünvan 6 ünvanında qeydiyyatda olmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-6822/2018 saylı qətnaməsinə əsasən qeyd olunan ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmışdır. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-6822/2018 saylı qətnaməsinə əsasən iddiaçı İbatova Jalə Musayəddin qızının cavabdehlər X12, X10 və İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Binəqədi Rayon Polis İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinə qarşı “yaşayış sahəsinə istifadə hüququnun olmamasının müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilmiş, cavabdehlər X7, X8 və İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının olmadığının müəyyən edilməsi, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehlər X7, X8 və İddiaçı ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməsi qət edilmişdir. Qeyd olunan qətnaməyə əsasən iddiaçı ünvan 6 ünvanından qeydiyyatdan çıxarılmışdır. Lakin bundan sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-6870/2019 saylı qətnaməsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli, 2(001)-6822/2018 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli, 2(001)-6822/2018 saylı qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-8097/2019 saylı qərarına əsasən iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan da görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-6870/2019 saylı qətnaməsi 25 dekabr 2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. Göründüyü kimi, iddiaçı qeydiyyatda olduğu ünvandan onun həmin ünvana istifadə hüquqlarının olmadığını müəyyən edən məhkəmə qətnaməsinə əsasən qeydiyyatdan çıxarılmışdır. Lakin həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-6870/2019 saylı qətnaməsinə əsasən ləğv edilmiş və İbatova Jalə Musayəddin qızının iddiaçının qeyd olunan ünvana istifadə hüququnun olmamasının müəyyən edilməsinə dair iddiası təmin edilməmiş (İbatova Jalə Musayəddin qızının həmin iddianı qaldırmağa subyektiv hüququ olmadığı üçün), Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsi hazırda qanuni qüvvəyə minmişdir. Bundan sonra iddiaçı qeydiyyatının bərpa edilməsi üçün cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, həmin ünvana dair 1964-cü ilin fevral ayında Taptıq İbad oğlunun adına texniki pasport tərtib olunmuşdur və həmin texniki pasportun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində saxlanılan təsdiq edilmiş surəti həmin İdarə tərəfindən məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, iddiaçının istifadə hüququnun olmadığını müəyyən edən və qeydiyyatda olduğu ünvandan qeydiyyatdan çıxarılmasına əsas olmuş məhkəmə qətnaməsi ləğv edilmiş, ona qarşı iddia tələbi təmin edilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyatının bərpa edilərək qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-3642/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3642/2022
08.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver