Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3642/2024 30.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzinə qarşı “əmrin ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizə ilə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-24-2/3-01-f-190/2023 saylı əmrinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2023-cü il tarixli 3-24-2/3-01-f- 190/2023 saylı əmri ilə iddiaçıya töhmət verilmişdir. Belə ki, iddiaçı cari ilin xx.xx.2023 – cü il tarixində qəfil səhhətində baş vermiş kəskin ağrılar səbəbilə Dövlət xəstəxanası olan Yeni Klinikaya getmişdir. Klinikaya getməmişdən əvvəl, yəni iş saaatı başlamamışdan bu barədə birbaşa rəhbərinə-sektor müdirinə məlumat verərək səhhəti ilə əlaqədar olaraq işə gələ bilməyəcəyini bildirmişdir. İnsan resursları tərəfindən etiraz bildirilmədiyindən iddiaçı həmin gün həkim müayinəsində olmuş və əməliyyata göstəriş təyinatı almış, eyni zamanda xəstəxana tərəfindən verilən arayışı xx.xx.2023-cü il tarixində iş yerinə təqdim etmişdir. Lakin, rəhbərliyin qeyri-humanist yanaşması ilə qarşılaşmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 41-ci maddəsinə görə hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququnun olmasını rəhbərliyin nəzərinə çatdırmış və həmin gün məsul şəxslərə məlumat verildikdən sonra üzrlü səbəbdən işdən qaldığını bildirmişdir. Daha sonra iddiaçıya İİ dərəcəli diz oynaqlaranın artrozu (qonartroz) diaqnozu qoyulmuş və xx.xx.2023-cü il tarixindən - xx.xx.2023-cü il tarixə kimi əmək qabiliyyətini müvəqqəti itirmiş, eyni diaqnozdan xx.xx.2023-cü il tarixində əməliyyat olunmuş və işə gedə bilməmişdir. İddiaç xx.xx.2023-cü il tarixində işə qayıtmış və bütün aidiyyatı sənədləri iş yerinə təqdim etmişdir. Bundan sonra iddiaçının səhhəti yenidən pisləşmiş və xx.xx.2023-cü il tarixinə qədər əmək qabiliyyətimi itirmişdir. Buna baxmayaraq işəgötürən tərəfindən xx.xx.2023-cü il tarixli 3-24-2/3-01-f-190/23 nömrəli əmrlə iddiaçı barəsində intizam tənbeh tədbirinin (töhmət elan edilməsi) verilməsi barədə əmr verilmişdir. İddiaçı xx.xx.2013-cü il tarixindən Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzində əmək fəaliyyətinə başlamışdır. Hazırda eyni müəssisədə Planlaşdırma və inkişaf şöbəsinin fəailiyyətin proqnozlaşdırılması və inkişafı sektorunda metodist olaraq çalışır. Fəaliyyəti dövründə onlarla metodiki vəsaitlər, çap məhsulları, redaktə işləri, mərkəzin saytının məlumat bazasının doldurulması, canlı təqdimatların edilməsi və bir çox layihələri icra etmişdir. İddiaçı qeyd edir ki, o, iş yerində işəgötürən tərəfindən ayrıseçkiliyə məruz qalan və qərəzli münasibət görən, hüquqları pozulmuş bir vətəndaşdır. İddiaçı hazırda Konstitusiyasında qeyd edildiyi kimi insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri həll etmək hüququna sahib məhkəməyə pozulmuş hüququmun bərpa olunması və barəsində verilmiş intizam tənbehinin qüvvədən salınması üçün müraciət edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən “İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çoxolmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini buMəcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğvetmək.” İstinad olunan maddənin tələbindən göründüyü kimi, töhmət o halda verilir ki, əgər işçi əmək funksiyasını tam və qismən yerinə yetirmir, yaxud keyfiyyətsiz yerinə yetir, yaxud vəzifəsini, müəssisədaxili intizam qaydalarını pozur. Bu hissəyə münasibətdə iddiaçı qeyd edir ki, işəgötürənlə razılaşdırılmış şəkildə bir gün işə getməməyi istinad olunan maddədə sadalanan halların heç birini yaratmamışdır. Bununla yanaşı, həmin maddənin 3-cü bəndinə əsasən “İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.” İddiaçı artıq 11 ilə yaxın vaxtdır ki, cavabdeh qurumda fəaliyyət göstərir və hər zaman intizamlı işçi olmuşdur. Son olaraq, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xx.xx.2022-ci il tarixli 113-f nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Aparatında, strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda çalışan işçilərin daxili intizam” Qaydalarının 3.8-ci bəndinə əsasən “işçi özünun və ya yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi ilə əlaqadar işə gələ bilmədiyi halda həmin gün ən geci saat 11:00 qədər birbaşa rəhbərinə məlumat verməlidir.” İstinad olunan Qaydanın tələbinə iddiaçı tərəfindən tam şəkildə riayət edilmişdir.
3. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi “tərəfindən verilmiş 06 oktyabr 2023-cü il tarixli, 3-24-2/3-01-f- 190/2023 nömrəli “İddiaçı töhmət verilməsi barədə” əmrdə qeyd olunur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndini və Mədəniyyət üzrə Elmi-Metodiki və X1 8.6.2-ci yarımbəndini rəhbər tutaraq Mədəniyyət üzrə Elmi-Metodiki və X2 və inkişaf şöbəsinin Fəaliyyətin proqnozlaşdırılması və inkişafı sektorunun metodisti İddiaçı töhmət verilmişdir.
4. Cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş “Əmək müqaviləsini (kontraktı) bağlayan tərəflər haqqında məlumatlar” iş materiallarına əlavə olunmuşdur.
5. Mediasiya prosesinin tətbiqi barədə xx.xx.2023-cü il tarixli Təklifə əsasən İddiaçı (təklif göndərən tərəf) tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinə (təklif göndərilən tərəf) əmək mübahisəsi ilə bağlı (mübahisənin predmeti: töhmət əmrinin qüvvədən salınması) ilkin mediasiya sessiyasının keçirilməsi təklif olunmuşdur.
6. Bakı 16 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə” Arayışa əsasən İddiaçı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və X3 X5 Sektorunun aparıcı mütəxəssisi vəzifəsində çalışan X4 iştirakı ilə keçirilən xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında X6 mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi hazırki iddianın mülki xarakterli olduğunu bildirərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
II. İddianın mümkünlüyü
8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. 17.Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
10. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Qərarı:
18. Məhkəmələrə izah edilir ki, işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Belə ki, bir sıra kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından bu və ya digər formada işin ümumi və yaxud kommersiya məhkəməsinə aidiyyətini birbaşa olaraq müəyyənləşdirməyə imkan verir. Məsələn, ailə-nikah, mənzil, əmək, vərəsəlik, renta, istehlak münasibətlərindən, habelə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, oyun və mərclərin keçirilməsindən irəli gələn mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid edir.
11. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvələ əsasən, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq aşağıdakı tələblərə ümumi məhkəmələr baxır: - Əmək münasibətlərindən irəli gələn tələblər; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 4-1-ci maddəsinə əsasən, Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.
12. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzi inzibati orqan kimi müəyyən olunmur və hazırki mübahisə iddiaçı ilə işəgötürəni arasındakı əmək münasibətlərindən irəli gəlir.
13. Belə olan təqdirdə məhkəmə qeyd edir ki, iddiaçının vəziyyətinə uyğun olaraq çatmaq istədiyi məqsədə nail olmaq üçün səmərəli hüquq müdafiə vasitəsi əmək hüquqlarının müdafiəsi ilə bağlı səlahiyyətli ümumi məhkəməyə müraciətdir.
14. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd).
15. Odur ki, iddiaçıya müvafiq iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etmək hüququ izah olunsun.
16. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
17. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva