Məhkəmə qərarları › İş №2-1(112)-3643/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3643/2021

01.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3643/2021 01.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Bakı şəhəri 11 saylı Vəkil bürosunun vəkili X2, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə X1rşı, Azərbaycan Respublikası Təhsil Nazirliyi 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə diplomun tanınması və ekvivalentlik şəhadətnaməsinin verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “diplomun tanınması və ekvivalentlik şəhadətnaməsinin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X11 Ərsoy Universitetinin 20.06.2018-ci il tarixli ******* nömrəli bakalavr diplomu üzrə ixtisasının tanınması və ekvivalentlik (nostrifıkasiya) haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, X11 Ərsoy Universiteti tərəfindən verilmiş 20.06.2018-ci il tarixli ******* nömrəli bakalavr diplomu üzrə ixtisasın Azərbaycan Respublikası ərzisində tanınması və bu barədə şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, orta məktəbi bitirdikdən sonra 2013-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Antropologiya ixtisasına, dövlət sifarişi əsasında (pulsuz) qəbul olunmuşdur. 1 (bir) il Bakı Dövlət Universitetində həmin ixtisasda təhsil aldıqdan sonra təhsilini Türkiyə Cümhuriyyətində davam etdirmişdir. Belə ki, 2014-cü ildə TC X12 Universitetinin Fən Ədəbiyyat fakültəsinin Antropologiya ixtisasına qəbul olunmuşdur və 2014-2018-ci illərdə təhsilini həmin Universitetdə eyni ixtisasda davam etdirmişdir. 2019-cu ildə Ankara Dövlət Universitetində Magistraturaya qəbul olunmuşdur və hal hazırda təhsilini davam etdirir. Təxminən 2020-ci ilin noyabr ayının sonlarında diplomun tanınması və ekvivalentliyin müəyyən edilməsi üzrə Təhsil Nazirliyinə elektron ərizə ilə müraciət etmişdir və 12.12.2020-ci il tarixdə müraciətinə imtina cavabı verilmişdir, Təhsil Nazirliyi imtina məktubunda əsas olaraq göstərmişdir ki, X12 Universiteti tərəfindən verilmiş diplom üzrə aldığı “Antropologiya” ixtisasının ekvivalenti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il tarixli 8 nömrəli Qərarına əsasən təsdiq edilmiş “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının təsnifatında mövcud deyildir. Halbuki, o BDU-da həmin ixtisasa qəbul olunaraq orada 1 il təhsil almışdır və daha sonra təhsilini təkminləşdirmək, daha keyfiyyətli təhsil almaq və gələcəkdə ciddi tələb və ehtiyacı olduğu bu sahə üzrə ən qabaqcıl mütəxəssislərdən olmaq üçün təhsilini Türkiyədə davam etdirmişdir. Hesab edir ki, Təhsil Nazirliyinin imtinasının heç bir hüquqi əsası yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, məhkəmənin 14 aprel 2021-ci il tarixli qərardadları ilə inzibati iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilərək, Azərbaycan Respublkası Təhsil Nazirlyinin 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplom üzrə ixtisasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi Ekspert Qrupu tərəfindən müəyyən edilmişdir. Araşdırma zamanı iddiaçının əldə etdiyi ixtisasının dövlət təhsil standartlarına uyğun olaraq ekvivalentliyini müəyyən etmək mümkün olmamışdır. Belə ki, “Antropologiya” ixtisasının ekvivalenti və ya alternativi Azərbaycan Respublikası Nazirlər Kabinetinin halhazırda qüvvədə olan 11 fevral 2019-cu il tarixli, 45 nömrəli Qərarına əsasən təsdiq edilmiş “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların)Təsnifatı”nda mövcud deyildir. Qaydaların 3.2-ci bəndinə əsasən ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza-xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). Eyni zamanda Qaydaların 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi əsaslarından biri kimi Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulmuş tələblərin uyğun olması qeyd olunmuşdur. Həmin Qaydaların 3.7ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina üçün səbəb ola bilər. Cavabdeh inzibati orqan qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. 3-cü şəxsə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədiyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında 3-cü şəxsin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili Bakı şəhəri 11 saylı Vəkil bürosunun vəkili X5 cavabdehin imtinasının qanunsuz hesab olunmaqla, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndəsi X6 məhkəmə iclasında iddianı qəbul etməyrək və etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək və tərəflərin nüayəndələrinin izahatlarını dinləyərək, hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İş materiallarına əlavə edilmiş; AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1996-cı ildə doğulmuşdur. X11 Ərsoy Universiteti tərəfindən 20.06.2018-ci il tarixdə verilmiş ******* nömrəli bakalavr diplomunun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı Ədəbiyyat fakültəsinin “Antropologiya” ixtisası üzrə bakalavr dərəcəsini almışdır. X10 Akif Ərsoy Universiteti tərəfindən 17.09.2020-ci ildə 1042 nömrəsi ilə 05.10.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. Bakı Dövlət Universiteti tərəfindən verilmiş 15.04.2021-ci il tarixli məktubda göstərilmişdir ki, İddiaçı Tarix fakültəsinin “Antropologiya” ixtisası əyani təhsilalma forması üzrə 13.09.2013-cü il tarixli 3/577 nömrəli əmrlə İ kursa qəbul olunmuş, 16.09.2014-cü il tarixli 3/617 nömrəli əmrlə öz xahişi ilə Universitet tələbələri sırasından xaric olunmuşdur. 2020/2021-ci il tədris ilində Bakı Dövlət Universitetində “Antropologiya” ixtisası üzrə tələbə qəbulu aparılmamışdır, bu səbəbdən həmin ixtisas üzrə tədris Tarix fakültəsində yalnız İİ, İİİ, İV kurslarda həyata keçirilir. İddiaçı hazırkı tələblə cavabdeh orqana elektron qaydada müraciət etmiş, elektron müraciətinə cavab olaraq verilmiş 12.12.2020-ci il tarixli imtina məktubunda müraciətçiyə bildirilmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Türkiyə Respublikasının X12 Universiteti tərəfindən verilmiş 20.06.2018-ci il tarixli ******* nömrəli bakalavr diplomu üzrə aldığı “Antropologiya” ixtisasının ekvivalenti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il tarixli 8 nömrəli qərarına əsasən təsdiq edilmiş “Ali Təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nda mövcud deyildir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (hostrifikasiya) Qaydaları”nın 3.7-ci bəndinə əsasən ********** nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. Məhkəmə işin sadalanan halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.43-cü maddəsinə əsasən təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”nın: - 2.3-cü maddəsinə əsasən bakalavr təhsilinin məzmunu tədris prosesinin planlaşdırılmasını, onun həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətini, tədris növlərini (mühazirə, məşğələ, laboratoriya və s.), ayrı-ayrı fənlərin həcmini və ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələbləri əhatə edir. - 4.1-ci maddəsinə əsasən “Bakalavr” dərəcəsi almış məzunlar: - təhsil aldıqları ixtisas üzrə təhsil proqramı əsasında qazanılmış bilik və bacarıqlarını əmək fəaliyyətinin müxtəlif sahələrində tətbiq etməyi bacarmalı; - humanitar və ixtisasın peşə hazırlığı sahəsində əsas bilikləri mənimsəməli, onlardan peşə və sosial fəaliyyətin müxtəlif sahələrində istifadə etməyi, sosial əhəmiyyətli məsələləri və prosesləri araşdırmağı bacarmalı; - təhsil proqramına uyğun tədris olunan fənlər üzrə müvafiq hazırlığa malik olmalı, qazanılmış nəzəri bilikləri təcrübədə tətbiq etməyi bacarmalı; - əmək fəaliyyətində ixtisasa dair məsələləri həll etmək bacarığına malik olmalı; - peşə fəaliyyətində qarşıya çıxan məsələləri optimal həlletmə qabiliyyətinə malik olmalı; - əmək fəaliyyətində informasiya və kommunikasiya texnologiyalarından istifadə etməyi bacarmalıdırlar. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367- İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. Həmin Konvensiyanın 6-cı maddəsinə əsasən, bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Qiymətləndirmə meyarlarına əsasən, tanınma zamanı a) tədrisin nəticələri; b) gələcək fəaliyyətə çıxış; c) proqramın əsas elementləri; d) qiymətləndirmə üzrə mütəxəssis tərəfindən sənədləşdirilmiş, proqramların keyfiyyəti arasında əhəmiyyətli fərq olduqda tanınma yox alternativ, hissəvi və ya şərti tanınma məsələsinə baxıla bilər. Bu bənddə qeyd edilir ki, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Konvensiyanın 5-ci bölməsinin 36-cı bəndinə görə, “təqribən eyni olan ixtisaslarda məzmun, ixtisas, həcmlər, keyfiyyət və tədrisin nəticələri arasında fərq ola bilər. Xarici ixtsasların qiymətləndirilməsi zamanı bu fərqlər çevik formada nəzərə alınmalıdır və yalnız tanınmanın məqsədindən asılı olaraq (akademik ya professional fəaliyyət üçün tanınma) əhəmiyyətli fərqin olacağı halda hissəvi tanınma və ya tanınmama halı baş verə bilər”. Bu bölmənin 37-ci bəndinin a) yarımbəndinə əsasən, “xarici ixtisasın tədris nəticələri ilə müvafiq ixtisasın tədris nəticələri arasında fərq əhəmiyyətli dərəcədə olduğundan müraciət edildiyi formada tanınma ola bilməz. Bu halda qiymətləndirmənin alternativ, hissəvi və ya şərti olmasının mümkünlüyünə baxılmalıdır”. Həmin bəndin c) yarımbəndində qeyd edilir ki, “ixtisasın verilməsi üçün əsas olan proqramların əsas elementləri arasındakı fərq əhəmiyyətli dərəcədə olduqda. Bu halda qiymətləndirmənin alternativ, hissəvi və ya şərti olmasının mümkünlüyünə baxılmalıdır. Proqram elementlərinin müqayisəsinin aparılması nəticələrin və gələcək fəaliyyətə anın verilməsi səpkisində baxılmalıdır”. d) yarımbəndində qeyd edilir ki, “səlahiyyətli tanıma qurumları ixtisasın verildiyi təhsil müəssisəsi və ya proqramın keyfiyyəti ilə ixtisasın verildiyi müvafiq təhsil müəssisəsi və ya proqramın keyfiyyəti arasında fərqləri sənədləşdirə bilmiş olsunlar. Bu halda qiymətləndirmənin alternativ, şərti və ya hissəvi olmasının mümkünlüyünə baxılmalıdır”. Konvensiyanın 6-cı bölməsinin (qiymətləndirmənin nəticələri) 36-cı paraqrafında qeyd edilir ki, “İxtisasın tanınması, tədrisin nəticələri və profili ilə bağlı fərqlər (ixtisasın dərəcəsi, təcrübə müddətləri, labaratoriya işləri və.s) oxşar tələblər(tibb və təbiət elmində) və ya qeyri-akademik elementlərin (idman və ya peşə təlimi) ixtisasa daxil ediməsi formasında ola bilər”. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaların 1.1-ci bəndinə əsasən bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Qaydaların 1.5-ci bənində qeyd edilir ki, “xarici dövlətlərin ali təhsil sahəsində ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi bu ixtisasın alındığını təsdiq edən sənədlərin sahiblərini Azərbaycan Respublikasında isə qəbul zamanı bu respublikanın qanunvericiliyində müəyyən edilmiş ümumi tələbləri gözləməkdən azad etmir”. Qaydaların 1.6-cı bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Qaydaların 2.2-ci bəndində qeyd edilir ki, “xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır”. Qaydaların 3.3.-cü bəndinə görə təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. İş materiallarından görünür ki, iddiaçı hazırki tələblə cavabdeh inzibati orqana rəsmi qaydada 26.11.2020-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2019-cu il tarixli 45 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”ndan (iddiaçının inzibati orqana müraciət etdiyi zaman qüvvədə olan) göründüyü kimi, qeyd olunan Təsnifatda “Antropologiya” ixtisasının ekvivalenti nəzərdə tutulmamışdır. İş materiallarından görünür ki, Təhsil Nazirliyinin nəzdində yaradılmış ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi üzrə Komissiya tərəfindən AR Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş Qaydaların (Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları) tələblərinə uyğun olaraq, aparılmış araşdırma zamanı iddiaçının Türkiyə Respublikasının X12 Universiteti tərəfindən verilmiş 20.06.2018-ci il tarixli ******* nömrəli bakalavr diplomu üzrə aldığı “Antropologiya” ixtisasının ekvivalentinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2019-cu il tarixli 45 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”nda mövcud olmadığı müəyyən olunmuş və buna görə də müraciətçinin müraciətinin təmin olumasındn imtina olunmuşdur. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar