Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3645/2020 12.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4 iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair hüquqların tanınması və çıxarışın verilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, sonradan iddia tələbinə dəqiqləşmə verərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 9 nömrəli bağ sahəsi üzərində iddiaçı Huseynau Karamatın mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Belarus Respublikasının vətəndaşı Huseynau Karamat (xx.xx.2012-ci ilədək Azərbaycan Respublikasının vətəndaşı X2) 1972-ci ilin oktyabr ayından Azərbaycan SSR Daxili İşlər Nazirliyi, 1991-ci ildən 2002-ci ilin iyun ayınadək isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində xidmət etmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin xx xxx 1988-ci il tarixli 189 saylı Fərmanına əsasən dövlət tərəfindən bəzi dövlət qurumlarına torpaq sahələri ayrılmışdır. xx xxxx 1988-ci il tarixdə tərkibində iddiaçının da olduğu daxili işlər orqanları əməkdaşı olan 110 nəfərlik şəxsi heyətə ümumi ərazisi 7,9 ha olan torpaq sahəsi ayrılmaqla bağçılıq təsərrüfatı təsis edilmişdir. xx xxx 2011-ci il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Naziri tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Hövsan qəsəbəsindəki “Abşeron” Bağçılıq yoldaşlığının ərazisindən torpaq sahələri verilmiş bağçılıq üzvlərinin adlı siyahısında 8-ci sırada mənə 9 saylı 748 kvadratmetr sahəsində torpağın ayrıldığı bir daha təsdiq edilmişdir. Buna dair iddiaçıya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi Aparatı “Abşeron” Bağçılıq Cəmiyyəti üzvlərinin üzvlük kitabçası verilmişdir. Sözügedən torpaq sahəsi 1988-ci ildən etibarən iddiaçının faktiki sahibliyində olmaqla maneəsiz istifadəsində olmuşdur. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. 2012-ci ildə Belarus Respublikasının vətəndaşlığına qəbul edənədək artıq qüvvədə olan Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununa əsasən bağ sahəsinə dair hüquqlarının qeydə alınması üçün təqdim edilməsi tələb edilən sənədlər mövcud olmuşdur. Bununla cavabdeh tərəf iddiaçının mülkiyyət hüququnu və bunların əsasında verilmiş dövlətin sənədləri ilə yaranmış münasibətləri iddiaçının xeyrinə tanımalıdır. Digər tərəfdən işin faktiki hallarından biridə odur ki, mülkiyyət baxımından yanaşanda mülkiyyətin toxunulmaz olduğunu, məhkəmə qərarı olmadan heç kəsin mülkiyyətindən məhrum ola bilməyəcəyini AR Konsititusiyasından və Mülki Məcəlləsindən bilinir. Ancaq heç kəs avtomatik mülkiyyətindən məhrum ola bilməz. Belə olan halda isə iddiaçının sözü gedən torpaq üzərindəki mülkiyyət hüququ ləğv edilməyənə kimi dövlət tərəfindən tanınmalıdır və beləliklədə bu münasibətlər qeyri müəyyən qala bilməz. Həmçinin AR İXM-nin 48.1-ci maddəsinə görə sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Həmçinində bu Məcəllənin 13-cü maddəsinə görədə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Aşağıda qeyd olunanlara əsasən iddiaçı hesab edirik ki, cavabdehin xx.xx.2020-ci il tarixli imtinası əsassızdır və cavabdehin üzərinə İddiaçıya məxsus torpaq sahəsinə plan və ölçünün tərtib edilərək daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə dair öhdəlik qoyulmalıdır. İddiaçının sözügedən bağa aid olan sənədlərindən aydın olur ki, bağ sahəsi iddiaçının faktiki qanuni istifadəsindədir və sərhədləri məlumdur. İddiaçıya ayrılmış sahə naturada ayrılaraq ona təhvil verilib və onun faktiki istifadəsindədir, döngə nöqtələri bəllidir. Eyni zamanda daşınmaz əmlakın dövlət reyestri haqqında qanunvericilikdə bağ sahəsinə dair hüquqların qeydə alınması üçün lazımi sənədlər mövcuddur ki, iddiaçı məhz bu sənədlər əsasında cavabdehə müraciət etmişdir. Buna baxmayaraq, cavabdehin əcnəbi olduğu üçün hüquqların qeydə alınmasından imtina etmişdir. Bununla cavabdeh “İnzibati icraat haqqında” Qanunun 19-cu (mötəbərlik prezumpsiyası), 21-ci (inzibati icraatda maraqlı şəxslərin iştirakı), 24- cü (işin hallarının obyektiv araşdırılması) və 61-ci (inzibati aktın əsaslandırılması) maddələrinin tələblərini pozmuş və nəticədə İddiaçının mülkiyyət hüququna xələl gətirmişdir. Digər tərəfdən, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxx 2015-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə təsdiq edilmişdir və həmin Əsasnamənin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, 3.0.29-cu bəndinə əsasən vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və 3.0.31-ci bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq Xidmətin vəzifələrinə aid edilmişdir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X6 iddiaya etiraz edərək bildirmişdir ki, torpaq sahəsi sənədlə 748 kv.m göstərilsə də, faktiki olaraq 677 kv.m təşkil edir. Həmçinin, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 48.3-cü maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahəsini yalnız icarə hüququ əldə edə bildiyi üçün ərizənin icrası mümkün olmamışdır. Bundan əlavə İdarəyə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Suraxanı rayon Məhkəməsinə ünvanladığı iddia ərizəsi daxil olub, lakin qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı daxil olmamışdır. Bu barədə vətəndaşa **********69 saylı, xx.xx.2020-ci il tarixli məktubu ünvanlanmışdır. Göründüyü kimi, iddiaçı öz ərizəsində mülkiyyət hüququnun pozulmasını qeyd etsə də, qüvvədə olan qanunvericiliyə əsasən, sözügedən daşınmaz əmlakın üzərində iddiaçının mülkiyyət hüququ mövcud deyil və əvvələr də mövcud olmamışdır. Bu səbəbdən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 cavabdeh orqanın imtinasının qanuni və əsaslı olduğunu qeyd edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, cavabdehin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan sənədlər: -BLR BM ******* saylı şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı Belarusiya Respublikasının vətəndaşıdır, xx.xx.1955-ci il təvəllüdlüdür. -Abşeron şəhər X3 İcrayyə Komitəsi tərəfindən qəbul olunmuş xx xxxxxxx 1987-ci il tarixli, 242.20 nömrəli qərarı ilə, kollektiv bağçılığın təşkili üçün Türkan üzümçülük sovxozundan 7.9 ha torpaq sahəsinin Azərbaycan SSR Daxili İşlər Nazirliyinə ayrılması qərara alınmışdır. -Azərbaycan Respublikası DİN-in Hövsan qəsəbəsindəki “Abşeron” bağçılıq yoldaşlığının ərazisindən torpaq sahələri ilə bağlı tərtib olunmuş xx xxx 2011-ci il tarixli siyahıdan görünür ki, həmin siyahıda 8 nömrəsi altında 748 kv.m topraq sahəsi ünvan 1 mənzil 40 ünvanında qeydiyyatda olan X1 ayrılmışdır. Həmin siyahı Azərbaycan Respublikası DİN-in Hövsan qəsəbəsindəki “Abşeron” bağçılıq yoldaşlığının möhürü ilə təsdiqlənmişdir. -Azərbaycan Respublikasının DİN Mərkəzi Aparatı “Abşeron” Bağçılıq Cəmiyyəti Üzvlərinin 1988-ci ilə aid üzvlük kitabçasından görünür ki, 1955-ci il təvəllüdlü X2 “Abşeron” bağçılıq yoldaşlığına üzv qəbul edilmiş və ona № 9 sahədə 748 m2 həcmində torpaq sahəsi ayrılmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi Aparatının “Abşeron” Bağçılıq Yoldaşlığı tərəfindən tərtib olunmuş 1989-cu ilə aid sxematik xəritədə 9 № sahə qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Huseyinau Karamata ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, torpaq sahəsi sənədlə 748 kv.m göstərilsə də, faktiki olaraq 677 kv.m təşkil edir. Həmçinin, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 48.3-cü maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahəsini yalnız icarə hüququ əldə edə bildiyi üçün ərizənin icrası mümkün olmamışdır. Bundan əlavə İdarəyə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Suraxanı rayon Məhkəməsinə ünvanladığı iddia ərizəsi daxil olub, lakin qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı daxil olmamışdır. Beləliklə, işin məhkəmə araşdırılması ilə müəyyən olunmuşdur ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası DİN-in Hövsan qəsəbəsindəki “Abşeron” bağçılıq yoldaşlığının ərazisində olan torpaq sahələri ilə bağlı tərtib olunmuş xx xxx 2011-ci il tarixli siyahı əsasında ona ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 9 №-li bağ sahəsin üzərinə mülkiyyət hüququnun qeydiyyata alınması və müvafiq çıxarışın verilməsini xahiş etmişdir. İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsində göstərilən halları təsdiq edən sübut qismində iddiaçının şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikası DİN-in tərəfindən torpaq sahəsinin ayrılmasını təsdiq edən xx xxx 2011-ci il tarixli siyahı, Azərbaycan Respublikası DİN Mərkəzi Aparatı “Abşeron” Bağçılıq Cəmiyyəti üzvlərinin 1988-ci ilə aid üzvlük kitabçasını, 1989-cu ilə aid bağların sxematik xəritəsini və cavabdehin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş təqdim edilmişdir. Qeyd edilən mübahisənin həlli üçün Məhkəmə aşağıdakı normalara istinad edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin,başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx xxx 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmış, həmçinin, Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görülməsi tapşırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxx 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.20-ci bənd) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və təsvir edilməsini təmin etmək məqsədi ilə daşınmaz əmlakın vahid kadastrının və ünvan reyestrinin tərtib edilməsində və aparılmasında iştirak etmək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, (3.0.29-cu bənd) vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən müvafiq üzvlük kitabçası belə əsaslar sırasında nəzərdə tutulmuşdur. Cavabdeh iddiaçının müraciətinə imtina edərkən 3 əsas gətirmişdir: Sənədlə göstərilən torpaq sahəsinin faktiki göstərilən sahə ilə fərqlilk təşkil etməsi; İddiaçı qismində çıxış edən İddiaçı əcnəbi vətəndaş olması səbəbi ilə mülkiyyət hüququn olmaması; Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən Suraxanı rayon məhkəməsinə iddia ərizəsinin daxil olması. Məhkəmə cavabdehin imtinada göstərilən əsasları təhlil etməzdən əvvəl qeyd etmək istəyir ki, iddiaçının təqdim etdiyi sənədlər (müvafiq üzvlük kitabçası və torpaq sahəsinin ayrılması ilə bağlı siyahı) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində mülkiyyət hüquqlarının qeydiyyatı üçün əsas kimi müəyyən edilmişdir və həmin sənədlərdəki qeydlər (məlumatlar) onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Bu qənaət həm də ondan irəli gəlir ki, iddiaçıya Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 9 № bağ sahəsinin ayrılması Azərbaycan Respublikası DİN-in “Abşeron” bağçılıq yoldaşlığının ərazisindən torpaq sahələri ilə bağlı tərtib olunmuş siyahıda və müvafiq üzvlük kitabçasında öz əksini tapmışdır. Sözügedən massivdə yerləşən 9 № bağ sahəsinin mövcudluğu isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi Aparatının “Abşeron” Bağçılıq Yoldaşlığı tərəfindən tərtib olunmuş sxematik xəritədə göstərilənlər əsasında təsdiq olunmuşdur. Məhkəmə cavabdehin imtinasının birinci hissəsinə münasibət bildirirək qeyd edir ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmetini təşkil edən bağ sahəsinin sənəddə göstərilən ölçülərin faktiki ölçüləri ilə ziddiyyət təşkil etdiyi bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli, 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən, mərzçəkmə işləri – kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda, torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirdikdə mərzçəkmə işləri aparılır. Məhkəmənin qənaətinə görə, iddiaçının iddia etdiyi bağ sahəsinin faktiki ölçüsünün sənəddə göstərilən ölçüyə nisbətən az olması ilə bağlı cavabdeh tərəfindən mərzçəkmə işlərinin aparılması və ya elektron kadastr uçotu informasiya sisteminə daxil olmuş məlumat əsasında bağ sahəsinin ölçüləri ilə bağlı hər hansı bir hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim olunmamışdır. Belə olan halda Məhkəmə, bağ sahəsinin ölçüləri ilə bağlı ziddiyyətliyinin sübuta yetirilməməsi səbəbi ilə, cavabdehin mülahizələrini əsassız sayır. Məhkəmə bir məqadama da toxunur ki, hətta, bağ sahəsinin faktiki ölçüsü sənəddə göstərilən 748 kv.m-dən fərqli olaraq 677 kv.m təşkil etsə belə, iddiaçı tərəfindən həmin hal mübahisələndirilmir. Məhkəmə cavabdehin imtinasının ikinci hissəsinə münasibətdə bildirir ki, yaranmış mübahisənin həlli məqsədi ilə, ilkin olaraq iddiaçının bağ sahəsi üzərində hüquqlarının hansı tarixdən yaranması halını müəyyən edilməlidir. İlk öncə qeyd edilməlidir ki, hüquq subyektliyi şəxsin (subyektin) hüquq münasibətlərinin iştirakçısı olması üçün onun sosial-hüquqi imkanını əks etdirir. Hüquq subyektliyinin yaranması, dəyişməsi və xitamı təkcə insanın anadan olması, inkişafı və ölümü faktı ilə deyil, həm də sosial şəraitin müəyyən kompleksi ilə əlaqədardır. Şəxsin hüquq subyektliyinə malik olması üçün maddi və hüquqi təminat lazımdır. Hüquq subyektliyi, hüquq qabiliyyəti və fəaliyyət qabiliyyətinin məcmusunu təşkil edir. Hüquq qabiliyyəti dedikdə, subyektin mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyəti başa düşülür. Hazırki mübahisə üzrə, iddiaçı qismində çıxış edən İddiaçı hal-hazırda əcnəbi vətəndaş olsa da islahat aparılan zaman, o, Azərbaycan Respublikasının vətəndaşı olmuş, 2002-ci ilədək Azərbaycan SSR Daxili İşlər Nazirliyində işləmiş və işlədiyi dövrdə ona üzvlük kitabçası verilərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 9 nömrəli bağ sahəsi istifadəsinə verilmişdir. Göründüyü kimi, iddiaçının bağ sahəsi üzərində ilkin hüquqları, onun Belarusiya vətəndaşlığını əldə etməmişdən əvvəl yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Beləliklə, mülkiyyət hüququnun 3 komponenti var: sahiblik, istifadə və sərəncam hüququ. İddiaçı ilk iki komponentə malikdir. İş materiallarında olan 1988-ci ilə aid üzvlük kitabçasından da göründüyü kimi, sözügedən 9 saylı bağ sahəsinə dair sahiblik və istifadə hüquqlarına malik olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə də qeyd edilmişdir ki, vətəndaşların qanuni istifadəsində olan bağ sahələri müvafiq prosedur qaydalara riayət etməklə onların mülkiyyətinə verilir. Həmçinin, hazırda iddiaçı Azərbaycan Respublikasının vətəndaşı olduğu vaxtdan malik olduğu hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatını aparmaq istəyir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinin 2-ci bəndinə əsasən, torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. 4-cü bəndinə əsasən, xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanları) və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır. “Torpaq islahatı haqqında” Qanun 4-cü maddəsinə görə, torpaq xüsusi mülkiyyətə Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə verilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Şərh olunan qanunvericilik normasının məzmunundan göründüyü kimi xarici fiziki şəxslərin torpaq sahələri üzərində mülkiyyət hüquqları vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində əmələ gələ bilər, bu əqdlər nəticəsində onların hüquqları qeydiyyata alınmalı lakin qeydiyyat anından bir il müddətində özgəninkiləşdirilməlidir. Yuxarıda şərh olunanlara əsasən Məhkəmə hesab edir ki, iddiaçının əcnəbi fiziki şəxs olmasına baxmayaraq mübahisə predmeti olan torpaq sahəsi onun sahibliyinə və istifadəsinə Azərbaycan Respublikası vətəndaşı olduğu zaman verildiyindən, cavabdehin imtinasında göstərilən ikinci dəlili də əsassızdır. Məhkəmə cavabdehin imtinasında göstərilən üçüncü dəlil ilə bağlı isə bildirir ki, ümumiyyətlə həmin məsələnin hazırki mübahisə ilə səbəbli əlaqəsinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Belə ki, cavabdeh inzibati orqan həm etirazda, həmçinin də, imtina məktubunda yalnız Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Suraxanı rayon Məhkəməsinə ünvanladığı iddia ərizəsinin olmasını qeyd edir. Halbuki, məhkəmə tərəfindən aparılmış araşdırma zamanı dəfələrlə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən Suraxanı rayon Məhkəməsində qaldırılmış iddia üzrə proses iştirakçıları barəsində, həmçinin mübahisənin mülki, cinayət və ya inzibati xəta ilə bağlı olmasına dair məlumat verilməsi cavabdehə həvalə edilsə də, bununla bağlı mötəbər dəlil məhkəməyə təqdim olunmamışdır. Belə olan halda məhkəmənin qənaətinə görə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələrinə əsasən İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 9 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququ əldə etmişdir, cavabdeh inzibati orqan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi isə formal mülahizələrə əsaslanaraq iddiaçının qaldırdığı məsələnin həllindən imtina etmişdir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü, 33.1-ci, 33.2-ci və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddiaçının iddiası təmin edilməli, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 9 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Məhkəmə həmçinin izah edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 9 nömrəli bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra, o müvafiq olaraq bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bağ sahəsini özgəninkiləşdirilməlidir. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 9 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-3645/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3645/2020
12.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver