Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3645/2021 30.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X9 Ağa qızının katibliyi, İddiaçı, İddiaçının vəkili X3, Cavabdehin nümayəndəsi X4, X1 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən düzgün hesablanması və qalıq məbləğin ödənilməsinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı onun 26 aprel 1992-ci ildə daxili işlər orqanlarında son yaş həddi sayılan 50 yaşının tamam olması ilə əlaqədar, 27 aprel 1992-ci il tarixdən Azərbaycan Respublikası daxili işlər orqanlarından tərxis olunmasına dair konstitusion hüququnun tanınması; onun Azərbaycan Respublikası 29 aprel 1992-ci il tarixli, 109 nömrəli “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanununa əsasən dövlət tərəfindən təminatı verilmiş (29 aprel 1992-ci ildə daxili işlər orqanlarında son yaş həddi sayılan 50 yaşının tamam olması ilə əlaqədar) əldə etdiyi daimi və ömürlük pensiya təminatına, məhz bu qanunda göstərildiyi kimi, hüququ, o cümlədən, onun 27 aprel 1992-ci il tarixdən 30 sentyabr 1993-cü il tarix də, daxil olmaqla (Azərbaycan Respublikası DİN-dən tərxis olunma gününədək) xüsusilə mühüm işlər üzrə baş müstəntiq vəzifəsi pul təminatına uyğun pensiya almaq hüququnun tanınması; onun 27 aprel 1992-ci il tarixdən, 30 sentyabr 1993-cü ilədək pensiyasının Azərbaycan Respublikası DİN İstintaq İdarəsinin xüsusilə mühim işlər üzrə baş müstəntiq vəzifəsinin pul təminatına uyğun təyin edilməsi və həmin müddət ərzində ona ödənilməmiş pensiyanın indeksləşdirilmə, inflyasiya və əlavələr, eləcə də, istehlak qiymətlərin artım indeksi nəzərə alınmaqla ödənilməsi, eləcə də, ona ödənilməmiş pensiya hissəsinin Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən əldə edilmiş faiz hesab ilə məbləğin ödənilməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması; 1 oktyabr 1993-cü ildən bu günədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi vəzifəsi maaşına uyğun əldə etdiyi pensiya hüququnun tanınması; onun pensiyasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi vəzifəsi maaşına uyğun yenidən hesablanması və 1 oktyabr 1993-cü ildən bu günədək, bu müddət ərzində inflyasiya, indeksasiya və istehlak qiymətlərinin artımı indeksləri nəzərə alınmaqla tam həcmdə ona ödənilməsinin cavabdehlərin üzərinə qoyulması; ona ödənilməmiş pensiya məbləğindən istifadə olunaraq, gəlir əldə edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Mərkəzi Bankının hesab tarifi faizinə uyğun olaraq həmin gəlirdən faiz hesabı ilə ona 1 oktyabr 1993cü il tarixdən müvafiq pul məbləğinin ödənilməsinin cavabdehlərin üzərinə qoyulması, ona dəymiş maddi və mənəvi ziyanın kompensasiyasının 27 aprel 1992-ci il tarixdən bu günədək hər gün üçün 1 manat məbləğində və məhkəmə xərclərinin ağlabatan həcmdə ödənilməsinin cavabdehlərin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, daxili işlər orqanlarında, demək olar ki, bütün xidmətini 11 iyul 1967-ci ildən xidmətdə son yaş həddinə qədər (26 aprel 1992-ci il) Sovet İttifaqı mövcud olan zaman keçirmişdir. Bu müddət ərzində də, onu pensiya hüququ formalaşmışdır. 1992-ci ilin aprel ayında SSRİ süquta uğrayandan sonra onun daxili işlər orqanlarında xidmət etmə yaş müddətinin son həddi – 50 yaşı tamam olmuş və qüvvədə olan qanunvericiliyə əsasən o, dərhal pensiyaya buraxılmalıdır. Bu tarixə, onun xidmət müddəti, o cümlədən, həmin vaxt 4 il ərzində tutduğu xüsusilə mühüm işlər üzrə baş mütəntiq vəzifəsi daxil olmaqla, 30 il təşkil etmişdir ki, bununla əlaqədar həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının “Hərbi qulluqçuların pensiya təminatı haqqında” 29 aprel 1992-ci il tarixli, 109 nömrəli Qanununa əsasən o, tutduğu xüsusilə mühüm işlər üzrə baş müstəntiq vəzifəsi maaşına uyğun dövlət tərəfindən təminatı verilmiş ömürlük pensiya hüququ əldə etmişdir. Bu Qanuna əsasən əldə edilmiş hüququ sonsuz və ömürlük qüvvədə qalır. Buna baxmayaraq, onu pensiyaya çıxarmaq əvəzinə, qanunsuz olaraq 1.5 il xidmətdə saxlamış, onu 27 aprel 1992-ci ildən 30 sentyabr 1993-cü il tarix daxil olmaqla pensiyaya çıxmaq və pensiya almaq hüququndan məhrum etmişlər. Bundan başqa qanunvericiliyin onu qeyd-şərtsiz tərxis etmək tələblərini icra etmək əvəzinə, faktiki tərxis olunmasına ay yarım qalmış qanuni əsaslar olmadan onu daha az maaşı olan müstəntiq vəzifəsinə keçirmiş, sonradan pensiyaya çıxararaq az miqdarda pensiya təyin etmişlər ki, bununla da, hələ 26 aprel 1992-ci ildə ömürlük əldə etdiyi xüsusilə mühüm işlər üzrə baş müstəntiq vəzifəsinə uyğun və dövlət tərəfindən təminatı verilmiş hüquqdan onu məhrum etmişlər. Hazırda ona az miqdarda pensiya verilməsi davam edir. Pozulmuş Konstitusiya hüquqlarının bərpa edilməsi barədə xahişləri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi rəhbərliyi tərəfindən sadəcə olaraq rədd edilmiş, çox güman ki, pensiyaya dair məsələlərdə qanunun aliliyinin təmin edilməsi bir o qədər də, səlahiyyəti olan şəxsləri heç maraqlandırmır. 1992-1993-cü illərə dair daxili işlər orqanlarında xidmət keçmə qaydalarını tənzimləyən hüquqi-normativ aktların ona təqdim edilməsi barədə xahişlərinə etinasız yanaşılaraq, onun konstitusion hüqularının bərpa edilməsinə maneələr törədilmişdir. Bu isə gələcəkdə, məhkəmə orqanlarında iddia ərizəsinə baxılarkən tərəflərin bərabərlik hüququnun pozulmasına səbəb ola bilər. SSRİ Nazirlər Soveti tərəfindən təsdiq edilmiş “SSRİ daxili işlər orqanlarında xidmətkeçmə haqqında” 23 oktyabr 1973-cü il tarixli, 778 nömrəli Əsasnamənin 67-ci maddəsinə əsasən, o, dərhal pensiyaya buraxılmalı idi. Həmin Əsasnamədən və o dövrdə qüvədə olan hüquq normalarına əsasən, ümumi qaydaya görə xidmətdə son yaş həddinə çatmış əməkdaş orqandan tərxis olunmalı və sonra penisya təyin edilməlidir. Bu qanun normasına əsasən son yaş həddinə çatmış əməkdaşın xidmət müddətinin avtomatik artırılması mümkünsüzdür. Həmin Əsasnamənin 9cu maddəsində nəzərdə tutulmuşdur ki, zərurət olduqda xidmətdə son yaş həddinə çatmış əməkdaşın iş keyfiyyəti, xüsusi hazırlığı və sağlamlığı nəzərə alınmaqla, xidmət müddəti öz razılığına əsasən artırıla bilər. Bu hüquqdan istifadə edilməsi üçün Əsasnamənin 73-cü maddəsinə müvafiq olaraq əməkdaşa pensiyaya buraxılması barədə iki ay əvvəl məlumat verilməlidir. Lakin, ona dair bu tələblərə riayət edilməmişdir. Bu qanun pozuntularından asılı olmayaraq, yaranmış vəziyyətdə özünün də pensiyaya çıxmaq arzusu olduğunu nəzərə alaraq, onun pensiyaya buraxılması imperativ xarakter dayışıyırdı. Onun yaşla əlaqədar pensiyaya buraxılması rəhbərliyin təşəbbüsü deyil, hüquqi faktın yaranması nəticəsi olmalı idi – yəni, 26 aprel 1992-ci ildə onun xidmətdə qanunla müəyyən edilmiş son yaş həddi tamamlanmış və bu hüquqi fakt qanunvericiliklə nəzərdə tutulmuşdur. Başqa sözlə, hüquqi nəticəyə görə 27 aprel 1992-ci ildə onun pensiyaya buraxılmasına dair subyektiv hüququ, dövlət orqanının isə (DİN) onun subyektiv hüququnu təmin etmək, şərtsiz onu pensiyaya çıxarmaq və pensiya təyin etmək vəzifəsi yaranmışdır. Lakin, qeyd etdiyi kimi, onu qanunsuz 1.5 il xidmətdə saxlamaqla pensiyaya buraxılmasına dair hüququndan və 27 aprel 1992-ci ildən 30 sentyabr 1993-cü ilə qədər pensiya almaq barədə konstitusion hüququndan onu məhrum etmişlər. Beləliklə, onun vaxtında tərxis olunmaması və pensiyanın 27 aprel 1992-ci il tarixdən təyin edilməməsi Azərbaycan Respublikası DİN-in vəzifəli şəxslərinin təqsiri üzündən baş vermişdir. Onun 27 aprel 1992-ci ildən 30 sentyabr 1993-cü il tarixə qədər pensiya vəsaitinin ödənilməsinə dair hüquqlarının bərpa edilməsinin hüquqi vasitələrinin müəyyən edilməsi dövlət hüququ və vəzifəsidir. 27 aprel 1992-ci il tarixdən onun xüsusilə mühüm işlər üzrə baş müstəntiq vəzifəsi maaşına uyğun ömürlük pensiya almaq üçün hüquqi gözləntisi olmuşdur. Ona 27 aprel 1992-ci ildən 30 sentyabr 1993-cü ilə qədər xüsusilə mühüm işlər üzrə baş müstəntiq vəzifəsi maaşının 85 % məbləğində pensiya verməməklə, faktiki olaraq öz mülkiyyətindən onu məhrum etmişlər. Qeyd etdiyi xüsusatlar nəzərə alınmadan, Azərbaycan Respublikası DİN vəzifəli şəxsləri öz vəzifə borclarından sui-istifadə edərək, qüvvədə olan qanunvericiliyə əsasən 27 aprel 1992-ci ildə onu pensiyaya buraxmaq əvəzinə, 2 iyul 1993-cü ildə onun aşağı vəzifəyə keçirilməsi barədə əmr vermişlər. Bu özü intizam tənbehinə bənzəyir. Daha dəqiq deyilsə, onu heç bir hüquqi əsas olmadan aşağı vəzifəyə keçirmişlər. Bundan başqa, bu saxta əmrə əsaslanaraq onu tərxis edərkən onun pensiyasını əsassız olaraq müstəntiq vəzifəsi maaşına uyğun hesablamışlar ki, bu da, məzmununa görə əvəzi olmayan qanunsuzluqdur. Daxili işlər orqanlarından tərxis olunduqdan sonra ona müstəntiq vəzifəsi maaşına uyğun pensiya təyin edilmişdir. Baxmayaraq ki, pensiya xüsusilə mühüm işlər üzrə baş müstəntiq vəzifəsi maaşına uyğun təyin edilməli idi. Bu qərarın qanunazidd olması aşağıda göstərilən xüsustarla təsdiq olunur. Hələ SSRİ dövründə o, 20 ildən artıq daxili işlər orqanlarında xidmət etdiyinə görə SSRİ-nin 28 aprel 1990-cı il tarixli “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanuna əsasən dövlət tərəfindən təminat verilmiş xüsusilə mühüm işlər üzrə baş müstəntiq vəzifəsi maaşına uyğun pensiya hüququ əldə etmişdir. 01 oktyabr 1993-cü ildən bugünədək ona pensiyasının tam ödənilməməsi uzanan hüquqpozmadır, yəni bu qanun pozuntusu bu gün də, baş verir və alınmamış pensiya məbləği ona ödənilməyənə qədər davam edəcək. Pensiya ilə bağlı iddia vermək müddətinin keçməsi bəhanəsi belə halda yersizdir. Pensiya hüququ yaranan andan sonsuz davam edir. Pensiya onun mülkiyyətidir və bu mülkiyyətin bir hissəsi qanunsuz olaraq əlindən alınmış və alınmaqda davam edir. Qeyd etdiyi xüsusatlar pensiya xidməti əməkdaşlarının kobud qanun pozuntularına yol verdiklərini təsdiq edir. Bu səbəbdən də, həmin idarə yol verilmiş pozuntuların aradan qaldırılması üçün dərhal tədbir görməli, onun pensiyası İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi vəzifəsi maaşına uyğun hesablanmalı və 30 oktyabr 1993-cü ildən bugünə qədər pensiyanın qanunsuz kəsilmiş hissəsi tam həcmdə ona ödənilməlidir. Dövlətdə inflyasiya getdiyindən, pul toplusunun qiymətdən düşməsi və pensiyanın ona tam ödənilməməsi və həmin pensiyanın alıcılıq qabiliyyətinin azalması, qeyd-şərtsiz tələb edir ki, 27 aprel 1992-ci il tarixdən bu günədək bütün inflyasiya əmsalı nəzərə alınmaqla onun pensiyası tam həcmdə ödənilsin. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən məhkəmə iddia ərizəsinə qarşı etiraz (mülahizə) təqdim edilərək bildirilmişdir ki, DİN-in sabiq əməkdaşı İddiaçı DİN-in 19.08.1993cü il tarixli 1508 ş/h nömrəli əmri ilə İstintaq İdarəsinin istintaq hissəsinin müstəntiqi vəzifəsindən polis polkovnik-leytenantı rütbəsi ilə «yaşa» görə daxili işlər orqanlarından xaric edilmişdir. Pensiya təyini üçün xidmət müddəti təqvimi hesablama ilə 28 il, 7 ay, imtiyazlı hesablama ilə 30 il, 4 ay, 14 gün təşkil etmişdir. DİO-dan xaric olunduğu tarixə qüvvədə olan «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanuna əsasən, 30 il xidmət müddəti nəzərə alınaraq ona, xidmət etdiyi sonuncu vəzifənin müvafiq təminat xərcliyinin 85 faizi hesabı ilə pensiya təyin edilmiş və 31 dekabr 2006-cı il tarixinədək Daxili İşlər Nazirliyi tərəfindən ödənilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə (təminat xərcliyi-hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda aylıq vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı əvəzinə verilən pul kompensasiyası, vəzifə maaşından hesablanan digər əlavələrdən ibarət olan məbləğdir) əsasən, hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən onun pensiya təminatı: vəzifə maaşı - 585 manat, rütbə maaşı - 154 manat, xidmət illərinə görə 40 faiz əlavə -295,60 manat, məharət dərəcəsinə görə 25 faiz əlavə - 146,25 manat və ərzaq payı əvəzinə pul kompensasiyası - 64 manat nəzərə alınmaqla cəmi 1244,85 manat aylıq pul təminatından yeni hesablama qaydasına görə 1028,69 manat təşkil edir. iş materiallarını araşdırıb hesab edirlər ki, iddia mümkün sayılmamalıdır. Gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: DİN-in sabiq əməkdaşı İddiaçı DİN-in 19.08.1993-cü il tarixli 1508 ş/h nömrəli əmri ilə İstintaq İdarəsinin istintaq hissəsinin müstəntiqi vəzifəsindən polis polkovnik-leytenantı rütbəsi ilə «yaşa» görə daxili işlər orqanlarından xaric edilmişdir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İddiaçı daxili işlər orqanlarından 19.08.1993-cü il tarixdə 1508 ş/h nömrəli əmri ilə İstintaq İdarəsinin istintaq hissəsinin müstəntiqi vəzifəsindən polis polkovnik-leytenantı rütbəsi ilə «yaşa» görə daxili işlər orqanlarından xaric edilmişdir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur.Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq normaları pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanuni iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). İşin hallan araşdırıldıqda görünür ki, iddiaçı inzibati orqanın 1992-1993-cü illərdə həyata keçirdiyi hərəkətlərin qanunsuz sayılmasını tələb edir. 2000-ci ilin 1 sentyabr tarixədək inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları isə 1964-cü il 11 sentyabr tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası MPM-nin 22-ci fəslinin müddəları əsasında həll olunurdu. Həmin normalar da inzibati orqanın qərar, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsini müddətlə məhdudlaşdırırdı və bu müddət qərarın təqdim olunduğu gündən 10 gün təşkil edirdi. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. 31.05.2012-ci il tarixədək qüvvədə olmuş 01.09.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298- ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. (Həmin norma 10 iyun 2011-ci il tarixli 143- İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır və bu cür mübahisələndirmə qaydaları Azərbaycan Respublikası İPM-lə tənzimlənməyə başlamışdır). İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzrlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Hazırki işdə də, iddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır. Yuxarıda qeyd olunduğu kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə (1992-1993-cü ilin 1 sentyabr tarixədək) qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prposessual Məcəlləsi bu cur mübahisələndirmə üçün qısaldılmış 10 gün iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə «məlum olan gündən» hesablanması qaydası müəyyən olunmamışdı. Doğrudur ki, müəyyən dövrdə qanunvericilik iddia müddətinin şəxsin hüquq və azadlığının pozulduğu barədə ona «məlum olan gündən» hesablanması qaydasını müəyyən etmişdi. Məsələn, Azərbaycan Respublikası MPM-nin 298-ci maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi (Həmin norma 10 iyun 2011-ci il tarixli 143İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır və bu cür mübahisələndirmə qaydaları Azərbaycan Respublikası İPM-lə tənzimlənməyə başlamışdır). Lakin, bu hal da iddianın mümkün sayılmasına əsas vermir. Gəldiyi qənaətə görə iddiaçı heç bir üzrlü səbəb olmadan qanunvercilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Yəni iddiaçı qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddianı qaldıra bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Bu səbəbdən də, iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 02 iyul 1993-cü il tarixli, 1108 ş/h nömrəli əmrindən çıxarışdan görünür ki, polis polkovniki İddiaçı, K-039002, 5 iyul 1993-cü il tarixdən Azərbaycan Respublikası DİN-in İstintaq İdarəsinin istintaq hissəsinin mühüm işlər üzrə baş müstəntiqi vəzifəsindən azad olunaraq, həmin idarənin istintaq hissəsinin müstəntiqi vəzifəsinə təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 19 avqust 1993-cü il tarixli, 1508 ş/h nömrəli əmrindən çıxarışdan görünür ki, “Azərbaycan Respublikası DİO-nın sıravi və rəis heyətini xidmətdən xaric edilməsi qaydaları barədə müvəqqəti Təlimat”a müvafiq olaraq daxili işlər orqanlarından, 4-cü maddənin “a” bəndinə əsasən (yaş həddinə görə) polis polkovniki İddiaçı, K-039002, Azərbaycan Rspublikası DİN-in İstintaq İdarəsinin istintaq hissəsinin müstəntiqi, “30” sentyabr 1993-cü il tarixdən silahlı qüvvələrdən ehtiyata buraxılmışdır. İşdə olan digər sənədlərdən görünür ki, iddiaçının ona təyin edilmiş pensiya məbləğinin düzgün hesablanmaması ilə bağlı cavabdeh orqanlara çoxsaylı müraciətləri olmuş və həmin orqanlar tərəfindən onun müvafiq təminat xərcliyinə uyğun olaraq pensiya məbləğinin düzgün hesablandığı bildirilərək, müraciətinin təmin edilməsindən imtina edilmişdir. İşdə olan iddiaçıya məxsus pensiya işinin surətindən görünür ki, iddiaçıya 01.10.1993cü il tarixdən yaşa görə pensiya təyin edilmişdir. Onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən iddiaçı barəsində 21464 nömrəli, 20.04.2007-ci il tarixli məlumat vərəqəsi göndərilmiş, həmin məlumat vərəqəsində, iddiaçının tərxis olunduğu vəzifə DİN-in İstintaq İdarəsi müstəntiqi, hərbi rütbəsi, polkovnik leytenant, cəmi iş stajı 30 il, 4 ay, 14 gün təşkil etdiyi, 01.10.1993-cü il tarixdən pensiya təyin edildiyi, pensiya təyin edilməsi üçün 29.04.1992-ci il tarixli, 109 nömrəli Qanununun əsas göstərilməsi və iddiaçının cəmi pul təminatının 337.95 manat olması barədə məlumatlar göstərilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 02 iyul 1993-cü il tarixli, 1108 ş/h nömrəli əmri ilə Azərbaycan Respublikası DİN-in İstintaq İdarəsinin istintaq hissəsinin mühüm işlər üzrə baş müstəntiqi vəzifəsindən azad olunaraq, həmin İdarənin istintaq hissəsinin müstəntiqi vəzifəsinə təyin edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 19 avqust 1993-cü il tarixli, 1508 ş/h nömrəli əmri ilə DİN-in İstintaq İdarəsinin istintaq hissəsinin müstəntiqi vəzifəsindən 30 sentyabr 1993-cü il tarixdən yaş həddinə görə ehtiyata buraxılmışdır. Ehtiyat buraxıldıqdan sonra ona, DİN-in İstintaq İdarəsinin istintaq hissəsinin müstəntiqi vəzifəsinə uyğun olaraq 01.10.1993-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı tərəfindən sözügedən əmrlər mübahisələndirilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən iddiaçı barəsində 21464 nömrəli, 20.04.2007-ci il tarixli məlumat vərəqəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilmiş, həmin məlumat vərəqəsində iddiaçının tərxis olunduğu vəzifə DİN-in İstintaq İdarəsi müstəntiqi, hərbi rütbəsi, polkovnik leytenant, cəmi iş stajı 30 il, 4 ay, 14 gün təşkil etdiyi, 01.10.1993-cü il tarixdən pensiya təyin edildiyi, pensiya təyin edilməsi üçün 29.04.1992-ci il tarixli, 109 nömrəli Qanununun əsas göstərilməsi və iddiaçının cəmi pul təminatının 337.95 manat olması barədə məlumatlar göstərilmişdir. Sözügedən məlumat vərəqəsinə əsasən iddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının yaşa görə əmək pensiyası yenidən hesablanmış və cavabdeh İdarə tərəfindən iddiaçının pensiya təminatında baş verən sonrakı artımlar nəzərə alınmaqla pensiya məbləği növbəti illərdə yenidən hesablanmışdır. İddiaçının qənaətinə görə o, 26 aprel 1992-27 aprel 1992-ci il tarixə artıq xüsusilə mühüm işlər üzrə baş müstəntiqi vəzifəsində olarkən, qanunvericiliklə müəyyən edilmiş pensiya hüququna malik olduğundan, cavabdehin onun daha az maaşlı vəzifəyə keçirməsi ilə müşayiət olunan, yəni 02 iyul 1993-cü il tarixli, 1108 ş/h nömrəli əmrin qəbul edilməsi ilə bağlı hərəkətləri qanunsuz hesab edilməli və o, 26 aprel 1992-27 aprel 1992-ci il tarixlərindən ehtiyata buraxılaraq, ona pensiya təyin edilməlidir. Halbuki, iş materiallarından görünür ki, iddiaçı onun daha az maaşlı vəzifəyə keçirilməsi və silahlı qüvvələrdən ehtiyata buraxılması barədə əmrləri mübahisələndirməmiş, hazırda həmin əmrlər qüvvədədir. Cavabdeh tərəfindən sözügedən əmrlərə və qanunvericiliyin tələblərinə müvafiq olaraq iddiaçı barəsində məlumat vərəqəsi tərtib edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) göndərilmiş və sonuncu tərəfindən sözügedən məlumat vərəqəsində göstərilən təminat xərcliyinə uyğun olaraq, iddiaçının pensiya məbləği yenidən hesablanmışdır. Göründüyü kimi, məhkəmə araşdırması zamanı hər iki cavabdehə münasibətdə iddiaçının göstərdiyi dəlillər öz təsdiqini tapmamış, cavabdehlər tərəfindən işin hazırki hallarına əsasən maddi hüquq normalarının düzgün tətbiq edilməməsi halı aşkar edilməmişdir. Məhkəmə iddia tələbinin 01 oktyabr 1993-cü ildən bu günədək, bu müddət ərzində inflyasiya, indeksasiya və istehlak qiymətlərinin artımı nəzərə alınmaqla tam həcmdə ona ödənilməsi, ona ödənilməmiş pensiya məbləğindən istifadə olunaraq, gəlir əldə edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Mərkəzi Bankının hesab tarifi faizinə uyğun olaraq həmin gəlirdən faiz hesabı ilə ona 01 oktyabr 1993-cü il tarixdən müvafiq pul məbləğinin ödənilməsi və dəymiş maddi və mənəvi ziyanın kompensasiyasının və məhkmə xərclərinin ağlabatan həcmdə ödənilməsi hissələri ilə bağlı qeyd edir ki, həmin tələblərin hüquqi müqəddaratı ilkin tələblərlə bağlı olduğundan, ilkin tələblərin əsaslı olması isə məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, sözügedən iddia tələbləri müzakirə olunmadan təmin edilməməlidir. Məhkəmə eləcə də, qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya yardım etmək məqsədilə məhkəmə iclasında məhkəmə tərəfindən iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi barədə hüquqi yardım göstərilməsinə baxmayaraq (müvafiq əmrlərin mübahisələndirilməsi), o, dəqiqləşdirilmiş iddia tələbini məhkəməyə təqdim etməmiş, iddia tələbində göstərdiyi tələbləri izah etməklə kifayətlənmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbləri mövcud şərtlər daxilində (iddiaçının hüquqlarına toxunan əmrlər qüvvədə olduğu müddətdə) əsassız olduğundan təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Həmin Qaydaların 2-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Həmin Qaydaların 4-cü bəndinə əsasən Hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiaysının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Konstitusiyanın 125-cü maddəsinin İİİ hissəsinə görə Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət mühakimə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyatı keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X5 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunan və qorunan hüquqların daha effektiv şəkildə təmin olunması üçün ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsinə Konstitusion təminat verilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-3645/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3645/2021
30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver