Məhkəmə qərarları › İş №2-1(112)-3645/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3645/2022

17.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3645/2022 17.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi, pensiyanın dayandırıldığı tarixdən bərpa edilməsi və hesablanaraq ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması ilə əlaqədar cavabdehin hərəkət və hərəkətsizliyinin əsassız və qanunsuz hesab edilməsi, “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” 05 oktyabr 2021-ci il tarixli, **********5 №-li qərarın əsassız sayılmaqla ləğv edilməsi və ona təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişlərinin, ödənilməyən günlərə görə hissəsində hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 14.01.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Sonradan isə ona təyin olunmuş pensiyanın verilməsi dayandırılmışdır. Buna səbəb kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinə istinad edərək göstərmişdir ki, onun "xxxx" ASC-nin Nəsimi rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsində, qəza-bərpa işləri çilingəri peşəsində işləməyi yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəzabərpa işlərinin çilingəri və ustaları peşəsinə uyğun deyil. Bu əsasdan çıxış edən cavabdeh 05 oktyabr 2021-ci il tarixli, **********5 №-li “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” qərarla, 14 yanvar 2017-ci il tarixdən 28 fevral 2021-ci il tarixə olan müddət ərzində ona artıq ödənilmiş 12348,02 (on iki min üç yüz qırx səkkiz) manat 02 qəpik pensiya məbləğinin 10 gün müddətində ünvan 1 ünvanında yerləşən tələbkar DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsinin ondan tələb olunması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İş üzrə cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, vaxtilə iddiaçıya pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə 09.10.1998-26.01.2017-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-nin Nəsimi rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsində qəza-bərpa işləri üzrə çilingər peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi qəza-bərpa işləri üzrə çilingər peşəsi yuxarıda qeyd olunan yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəzabərpa işlərinin çilingərləri və ustaları peşəsinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Araşdırma zamanı yuxarıda göstərilən uyğunsuzluqlara baxmayaraq ona 14.01.2017-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyi aşkar olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçıya 14.01.2017- 28.02.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 12348,02 manat artıq pul vəsaitinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və 9 iyun 2021-ci il tarixli **********3 nömrəli məktubla həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması məqsədilə onun yazılı razılığının mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi xahiş edilmişdir. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İddiaçı tərəfindən sözügedən yazılı razılıq Mərkəzi Filiala təqdim olunmadığından tərəflərindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada tərtib olunmuş 05.10.2021-ci il tarixli **********5 nömrəli “Artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” qərar iddiaçının ünvanına göndərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsinə əsasən tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsi üçün nəzərdə tutulmuş şərtlərə əməl edilmiş, yəni; borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati akt qəbul edilərək ona rəsmi olaraq ünvanlanmış; pul tələblərinin ödənilməsi üçün müəyyən olunmuş icra müddəti bitmiş; tərəflərindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclu ödəməni həyata keçirməmişdir. Buna görə də 15.11.2021-ci il tarixli **********9 nömrəli “Pul tələbinin icraya yönəldilməsi haqqında” qərar Suraxanı rayon İcra Şöbəsinə göndərilmişdir. 17 may 2022-ci il tarixli məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş, əmək pensiyasının dayandırılması haqqında 22.04.2021-ci il tarixli qərarın ləğv edilməsi, pensiyanın dayandırıldığı 2021-ci ilin mart ayından bərpa edilməsi, hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, cavabdeh tərəfindən qəbul edilmiş pensiya məbləğinin geri qaytarılması haqqında 05.10.2021-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixdə protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabehin nümayəndəsi etiraz ərizəsinə uyğun izahat verərək, iddia təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 09.06.2021-ci il tarixli “Pensiya ödənişinin dayandırılması haqqında” məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları peşəsi nəzərdə tutulmuşdur. Vaxtilə iddiaçıya pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə 09.10.1998-26.01.2017-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-nin Nəsimi rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsində qəza-bərpa işləri üzrə çilingər peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi işlədiyi qəza-bərpa işləri üzrə çilingər peşəsi yuxarıda qeyd olunan yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları peşəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Araşdırma zamanı yuxarıda göstərilən uyğunsuzluqlara baxmayaraq iddiaçıya 14.01.2017-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyi aşkar olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçıya 14.01.2017-28.02.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 12348,02 manat artıq pul vəsaitinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq iddiaçıya artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarması xahiş edilmişdir. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəkdir; DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 06.10.2021-ci il tarixli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısTnın ümumi peşələr bölməsinin (35) yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə 09.10.1998-01.06.2021-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-nin Nəsimi rayon Sukanal İdarəsində çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi çilingər vəzifəsi yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri vəzifəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir; "xxxx" ASC Nəsimi rayon Sukanal İdarəsinin 02.06.2021-ci il tarixli “Güzəştli arayışı”nda qeyd edilmişdir ki, İddiaçı 09.10.1998-ci ildə Bakı Kanalizasiya İdarəsinin Xətai Sahəsinə kanalizasiya şəbəkələrinin qəza-bərpa işləri üzrə 5-ci dərəcəli çilingər, 04.01.1999-cu ildən Nəsimi Sahəsinə həmin vəzifəyə köçürülmüşdür. 01.03.1999-cu ildən Kanalizasiya İdarəsinə 6-cı dərəcəli çilingər işləmiş, 01.10.2004-cü ildən Bakı Kanalizasiya Birliyinin ləğv olunması ilə əlaqədar işdən azad edilmişdir. 01.10.2004-cü ildən 31.03.2011-ci ilədək Bakı Kanalizasiya Xidməti İdarəsinin Nəsimi qəza xidmət sahəsinin kanalizasiya şəbəkələrinin qəza-bərpa sahəsində 5-ci dərəcəli çilingər işləmişdir. 01.04.2011-ci ildən hal-hazıradək Nəsimi Sukanal İdarəsində qəza-bərpa işləri üzrə çilingər peşəsində çalışır. Buna görə də İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı ilə (XXXİİİ bölmə ümumi peşələr kod 23200000-18447) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarı ilə güzəştli şərtlərlə pensiya hüququ verilir; Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilmiş İddiaçı pensiya işinə əlavə olunmuş “Əmək pensiyasının dayandırılması haqqında” 22.04.2021-ci il tarixli, **********5 nömrəli qərarının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 14.01.2017-ci il tarixdə təyin edilmiş güzşətli şərtlərlə yaşa görə pensiya dayandırılmışdır; Pensiya məbləği: 315,25 manat; DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 05.10.2021-ci il tarixli **********5 nömrəli “Artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” qərarının təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1960-cı il tarixində anadan olmuş ünvan 2 ünvanında yaşayan (qeydiyyatda olan) İddiaçı 14.01.2017-28.02.2021-ci il tarixləri arasındakı dövr ərzində ona 12348,02 manat artıq ödənilmiş əmək pensiyası məbləğinin tələb edilərək 10 gün müddətində Binəqədi rayon, Ziya Bünyadov 43 ünvanında yeləşən tələbkar DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi (bank rekviziti əlavə olunur) qərara alınmışdır; DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 15.11.2021-ci il tarixli **********9 nömrəli “Pul tələbinin icraya yönəldilməsi haqqında” qərarının təsdiq olunmuş surətindən görünür ki, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 05.10.2021-ci il tarixli **********5 nömrəli qərarının (icra sənədi) icraya yönəldilməsi, qərarın məcburi qaydada icra edilməsi üçün borclunun yaşayış yeri üzrə (ünvan 2) Suraxanı rayon İcra şöbəsinə göndərilməsi qərara alınmışdır; "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nəsimi Rayon Sukanal İdarəsinin 28.03.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İdarənin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin qəza-bərpa işləri üzrə (kanalizasiya xidməti üzrə) çilingəri İddiaçı vəzifə təlimatı üzrə aşağıdakı peşə funksiyalarını həyata keçirir: 1. Kanalizasiya xətlərində tutulmaların boşaldılması və təmizlənməsi; 2. Kanalizasiya xətlərinin, kollektorların və yağış barmaqlıqların yuyulması; 3. Kanalizasiya xətlərində birləşmələrin edilməsi; 4. 12 m-dək dərinlikdə kanalizasiya şəbəkəsi və kollektorların hidravlik üsulla təmizlənməsi; 5. Çevik vərdənə, su şırnağı ilə və səyyar avtonasoslar vasitəsi ilə əks hidravlik təzyiqi metodu ilə zibillə tutulmuş yerlərin təmizlənməsi; 6. Binadaxili və zirzəmilərdə kanalizasiya xətlərində təmir işlərinin aparılması; 7. Kanalizasiya şəbəkəsində və kollektorlarda zibilin kənar edilməsi və daşınması. Məhkəmə ilk növbədə bildirir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). İş materiallarında olan sənədlərdən və iddiaçının pensiya işinin təsdiq edilmiş surətindən müəyyən olunur ki, iddiaçıya 14.01.2017-ci ildən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin pensiyası cavabdeh tərəfindən qəbul edilmiş 22.04.2021-ci il tarixli qərarla dayandırılmış, 05.10.2021-ci il tarixli qərarla 14.01.2017- 28.02.2021-ci il tarixləri arasındakı dövr ərzində iddiaçıya 12348,02 manat artıq ödənilmiş əmək pensiyası məbləğinin cavabdehin hesabına ödənilməsi qərara alınmışdır. İddiaçı pensiyasının bərpa edilməsi barədə cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir, imtina onunla əsasandırılmışdır ki, iddiaçının 09.10.1998-26.01.2017-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-nin Nəsimi rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsində işlədiyi qəza-bərpa işləri üzrə çilingər vəzifəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Odur ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (İ və İİİ hissələr) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiya); 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir; 37.8-ci maddəsinə əsasən, bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, mövcud “Qaydalar” “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsini təsbit etmişdir. “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element birlikdə mövcud olmalıdır: a) İddiaçının 57 yaşı tamam olanadək 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının 57 yaşı tamam olanadək azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İş materiallarından görünür ki, iddiaçının 57 yaşının tamam olduğu tarixə (14.01.2017-ci il) ümumi stajının 25 ildən çox olması cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Cavabdehin imtina məktubunda, etirazında yeganə mübahisə etdiyi məsələ iddiaçının 09.10.1998-26.01.2017-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-nin Nəsimi rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsində işlədiyi qəza-bərpa işləri üzrə çilingər vəzifəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmaması ilə bağlıdır. İddiaçının işlədiyi vəzifənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə “2300000-18447” kod ilə nəzərdə tutulan “yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları” peşəsi ilə uyğunluq təşkil etməsi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nəsimi Rayon Sukanal İdarəsinin 02.06.2021-ci il tarixli “güzəştli arayış”ı ilə öz təsdiqini tapmışdır. Həmin arayışda ətraflı olaraq iddiaçının xüsusi stajı qeyd edilmiş, iddiaçının çalışdığı vəzifənin yuxarıda qeyd olunan kod ilə nəzərdə tutulmuş vəzifəyə uyğunluğu vurğulanmışdır. O cümlədən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na əsasən də güzəştli şərtlərlə pensiya hüququ olması göstərilmişdir. Həmin siyahının “35. Ümumi peşələr” bölməsində yuxarıda göstərilən vəzifə nəzərdə tutulmuşdur. Bundan əlavə, məhkəmənin sorğusuna cavab olaraq, iddiaçının vəzifə təlimatı üzrə peşə funksiyalarına dair arayış təqdim edilmişdir ki, həmin arayışa əsasən, iddiaçının kanalizasiya xətlərində tutulmaların boşaldılması və təmizlənməsi; kanalizasiya xətlərinin, kollektorların və yağış barmaqlıqların yuyulması; kanalizasiya xətlərində birləşmələrin edilməsi; 12 m-dək dərinlikdə kanalizasiya şəbəkəsi və kollektorların hidravlik üsulla təmizlənməsi; çevik vərdənə, su şırnağı ilə və səyyar avtonasoslar vasitəsi ilə əks hidravlik təzyiqi metodu ilə zibillə tutulmuş yerlərin təmizlənməsi; binadaxili və zirzəmilərdə kanalizasiya xətlərində təmir işlərinin aparılması; kanalizasiya şəbəkəsində və kollektorlarda zibilin kənar edilməsi və daşınması işlərini görməsi müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının vəzifəsi qəza-bərpa çilingəri olsa da, əmək funksiyasını yeraltı kanalizasiya xətlərində icra etmişdir ki, bu da “yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri”nin əmək funksiyası ilə eynilik təşkil edir. Məhkəmə bir hala da, diqqəti cəlb edir ki, cavabdeh imtinasında (etirazında) yalnız 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərara istinad etsə də, iddiaçıya 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən pensiya təyin edilməsi məsələsinə baxılarkən, 23 yanvar 2007-ci il tarixədək işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda zərərli vəzifə kimi göstərilməsi də nəzərə alınmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununu 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minsə də, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” 23 yanvar 2007-ci il tarixdən qüvvəyə minmişdir. Məhkəmənin qənaətinə, görə “Yeni Qanun”a əsasən güzəştli şərtlərlə əmək pensiya təyin edilərkən, 23 yanvar 2007-ci il tarixədək olan dövr üzrə vəzifələrin (peşələrin) güzəştli şərtlərlə əmək pensiyası hüququ verən vəzifə (peşə) olub-olmaması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1-ci və 2-ci siyahılar üzrə yoxlanılmalıdır. Məhkəmə həmçinin vurğulayır ki, cavabdeh inzibati orqanın istinad etdiyi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yuxarıda qeyd olunan 23 yanvar 2007-ci il tarixli Qərarının 1-ci və 2-ci bəndlərinə əsasən, "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı" təsdiq edilmiş, ... "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993cü il 21 iyun tarixli 320 nömrəli ... qərarları qüvvədən düşmüş hesab edilmişdir. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun qüvvədə olduğu 23 yanvar 2007-ci il tarixədək olan dövrdə də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş siyahılar qüvvəsini saxlamışdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə olan halda cavabdehin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.8.3-cü maddəsinə əsasən pensiyanın dayandırılması ilə bağlı qərarı qanunsuz olmaqla ləğv edilməldir. Qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (İPM-nin 14.1-ci maddəsi). “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun: 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər; 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçı barəsində əlverişsiz nəticə yaradan qərarı yuxarıda qeyd olunanlara əsasən qanunsuz hesab edilməklə ləğv olunduğundan onun nəticələri də aradan qaldırılmalı və əmək pensiyası dayandırıldığı tarixdən bərpa edilməldir. İddiaçının digər (“Artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” qərarının ləğv edilməsi) tələbinə münasibətdə məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilənlər bilavasitə “Artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” qərarın maddi-hüquqi baxımdan qanunsuz olmasını şərtləndirir. Həmin qərarın formal-hüquqi baxımdan qanuniliyi ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən: 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. Qeyd edilən maddədən görünür ki, əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pensiyanı təyin edən orqan artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, onda bu məbləğ məhkəmə qaydasında tutulmalıdır. Lakin işin yuxarıda sadalanan hallarından görünür ki, cavabdeh artıq ödənilmiş məbləğin iddiaçıya ödənilən pensiyadan tutulması barədə qərar qəbul etsə də, bu zaman iddiaçının razılığını almamışdır. İşdən iddiaçının belə bir razılığının olması da müəyyən olunmur ki, iddiaçı hazırkı iddianı qaldırmışdır. Belə olan halda aydın olur ki, cavabdehin qanunvericiliklə məhkəmənin səlahiyyətinə aid edilmiş məsələ ilə bağlı qəbul etdiyi qərar qanunsuz olmuşdur. Çünki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Məhkəmə qeyd edir ki, doğrudur, “İnzibati icraat haqqında” Qanunun 81.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Lakin bu normalar maddənin tələbindən göründüyü kimi, qanunda başqa qayda nəzərdə tutulmadığı halda tətbiq edilir ki, belə başqa qayda “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsində müəyyən edilmişdir. Eyni zamanda “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər. O da qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13.09.2011-ci il tarixli Qərarında oxşar məsələ ilə bağlı Konstitusiya Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, “ "İnzibatı icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. "İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz.” Konstitusiya Məhkəməsi Plenumunun bu mövqeyini hazırkı işə tətbiq edən məhkəmə hesab edir ki, nə qədər ki, “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsində əmək pensiyaçısının razılığı olmadıqda artıq ödənilmiş pensiya məbləğinin ona ödənilən əmək pensiyasında tutulması məhkəmənin səlahiyyətinə aid edilmiş, belə bir tutulmanın yalnız məhkəmə qərarı ilə həyata keçirilə biləcəyi müəyyən olunmuşdur, onda cavabdehin məhkəmənin səlahiyyətinə aid məsələ ilə bağlı qəbul etdiyi 05.10.2021-ci il tarixli qərarı qanunsuzdur. Qeyd edilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, mübahisə predmeti olan “Artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” qərar həm formalhüquqi, həm də maddi-hüquqi baxıbdan qanunsuz olduğundan ləğv olunmalıdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı barəsində qəbul etdiyi “Əmək pensiyasının dayandırılması haqqında” 22.04.2021-ci il tarixli, **********5 nömrəli və “Artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” 05.10.2021-ci il tarixli **********5 nömrəli qərarları ləğv edilməli, İddiaçı təyin edilmiş əmək pensiyasının dayandırıldığı 01 mart 2021-ci tarixdən bərpa edilməsi və hesablanaraq ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı barəsində qəbul etdiyi “Əmək pensiyasının dayandırılması haqqında” 22.04.2021-ci il tarixli, **********5 nömrəli və “Artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” 05.10.2021-ci il tarixli **********5 nömrəli qərarları ləğv edilsin. İddiaçı təyin edilmiş əmək pensiyasının dayandırıldığı 01 mart 2021-ci tarixdən bərpa edilməsi və hesablanaraq ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar