Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3647/2022 20.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (üçüncü şəxs X9) “sərəncamın və hərrac nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərrəcların Təşkili üzrə Auksion Mərkəzinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilə dair keçirilən hərrac və onun nəticələrinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir. Mənzil qeyd edilən evin 1-ci mərtəbəsində yerləşir. Həmin mənzilin altında yerləşən yarımzirzəmidən o, uzun illərdir istifadə etməkdədir və zirzəmi onun faktiki sahibliyində və istifadəsindədir. Azərbaycan Dövlət Neft Şirkəti Quruda Neft və X6 «Bibiheybət» Neft-Qazçıxarma İdarəsinə etdiyi müraciət əsasında həmin idarənin 338 nömrəli, 22 iyun 1994-cü il tarixli sərəncamı ilə qeyd edilən zirzəmi rəsmi olaraq yardımçı təsərrüfat məqsədi üçün onun istifadəsinə verilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən ona texniki pasport da verilmişdir. Bugünədək də sözügedən zirzəmi iddiaçı tərəfindən istifadə edilmiş olub, orada ona məxsus materiallar və təsərrüfat xarakterli əşyalar mövcuddur. İddiaçı tərəfindən həm mənzildə, həm də zirzəmidə istifadə olunan komunalların əvəzi ödənilmişdir. İddiaçı uzun illər öz istifadə və sərəncamında olan zirzəmiyə X9 tərəfindən polis əməkdaşı ilə birlikdə baxış keçirilən zaman xəbərdar olmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərrəcların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilmiş hərracdan X9 həmin zirzəmini almışdır. Hesab edir ki, zirzəmi onun uzun müddət sahiblik və istifadəsində olduğundan hərracın nəticələri etibarsız hesab edilməlidir. Əsas məqam ondan ibarətdir ki, əgər obyekt hərracdan satılsa belə, bu barədə ilk olaraq İddiaçı məlumat verilməli və obyekti uzun illər istifadə edənə üstünlük tanınmalı idi. Göründüyü kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərrəcların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən qanunvericiliyin tələbləri pozuİmuş, ona mübahisəli əmlaka dair hərracların təşkili və keçirilməsinə dair hər hansı bildiriş və məlumat göndərilməmiş, həmçinin hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12147/2021 nömrəli, 16 noyabr 2021-ci il tarixli qərardadı ilə X9 İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə qarşı “hərrac və onun nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3647/2022 nömrəli, 13 yanvar 2022-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərrəcların Təşkili üzrə Auksion Mərkəzi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə əvəz edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən iddiada qeyd edildiyi kimi ünvan 2 ünvanında yerləşən mənzilə dair hər hansı hərrac keçirilməmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, ev 4 ünvanında yerləşən, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olmaqla dövlətə məxsus ümumi sahəsi 99.1 kv.m təşkil edən qeyriyaşayış sahəsinin hərrac yolu ilə özəlləşdirilməsinə dair qərar qəbul edilmiş və xx.xx.2018-ci il tarixində keçirilmiş hərracda ən yüksək məbləği təklif edən X9 hərracın qalibi olmuşdur. Əmlak Məsələləri Dövlət Komitəsi ilə hərracın qalibi X9 arasında qeyd edilən qeyri-yaşayış sahəsinə dair xx.xx.2018-ci il tarixli, 3952 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Hazırda iddiaçı mübahisəli qeyri-yaşayış sahəsinin ARDNŞ-nin Quruda Neft və X4 “Bibiheybət” Neft-Qazçıxarma İdarəsinin xx.xx.1994-cü il tarixli, 338 nömrəli sərəncamına əsasən onun istifadəsinə verildiyini, əmlak üzərində istifadə hüququ olmasına baxmayaraq özəlləşdirilmə zamanı onun əmlakı satın almaqda üstünlük hüququnun pozulduğunu, əmlaka dair hərrac keçirilən zaman ona hər hansı bildiriş göndərilmədiyini, həmçinin hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc edilmədiyini bildirmişdir. Bununla əlaqədar bildirilir ki, ARDNŞ-nin Quruda Neft və X4 “Bibiheybət” Neft-Qazçıxarma İdarəsinin xx.xx.1994-cü il tarixli, 338 nömrəli sərəncamı həmin vaxt qüvvədə olmuş qanunvericiliyin tələbləri pozulmaqla verildiyinə görə qanunsuz olmuş və məhkəmə tərəfindən həmin sərəncam mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, “Dövlət əmlakı üzərində mülkiyyət hüquqlarının dəyişdirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1992-ci il tarixli, 63 nömrəli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının bütün dövlət idarəetmə orqanları, birlik, müəssisə və təşkilatları tərəfindən onların sərəncamında olan binaların, qurğuların, avadanlığın, nəqliyyat vasitələrinin hüquqi və fiziki şəxslərə satılması, verilməsi dövlət əmlakının özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək müvəqqəti olaraq dayandırılmışdır. Beləliklə, qeyd edilən Fərman dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasını və hər hansı formada (icarə, istifadə və s.) verilməsini qadağan etsə də ARDNŞ-nin Quruda Neft və X4 “Bibiheybət” Neft-Qazçıxarma İdarəsi tərəfindən bu qadağa pozulmaqla qanunsuz olaraq xx.xx.1994-cü il tarixli, 338 nömrəli sərəncam verilmişdir. Bu səbəbdən də qeyd olunan sərəncam iddiaçının mübahisəli əmlak üzərində hər hansı hüququnun yaranmasına əsas ola bilməzdi. İddiaçı ilə Əmlak Məsələləri Dövlət Komitəsi arasında qeyd edilən qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsi bağlanmadığından və həmin əmlak üzərində iddiaçının hər hansı hüququ rəsmi reyestrdə qeydə alınmadığından mübahisəli əmlak özəlləşdirilərkən iddiaçının həmin əmlakla bağlı üstünlük hüququ olmamışdır. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar həmin Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Bundan əlavə, iddiaçı qanunvericiliyin tələblərinə müvafiq olaraq hərrac barədə kütləvi informasiya vasitələrində elan verilmədiyini bildirmişdir. Bildirilir ki, həmin qeyri-yaşayış sahəsinin hərrac vasitəsilə satılması barədə qərar qəbul edilmiş və Əmlak Məsələləri Dövlət Komitəsinin mətbu orqanı olan “Mülkiyyət” qəzetində, www.emdk.gov.az rəsmi internet saytında və www.privatization.az özəlləşdirmə portalında elan verilmişdir. Beləliklə, qeyd olunan dövlət əmlakının özəlləşdirilməsi zamanı iddiaçının həmin əmlakı özəlləşdirməkdə üstünlük hüququ mövcud olmamış, onun yalnız mübahisənin predmeti olan qeyri-yaşayış sahəsinə dair keçiriləcək hərracda qanunvericiliklə müəyyən edilmiş qaydada iştirak etmək və obyekti ümumi əsaslarla (hərracda qalib gəlməklə) əldə etmək hüququ olmuşdur. Qeyd olunan əmlakla bağlı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən rəsmi qaydada elan verilmiş, Komitə hərrac barədə hər hansı şəxsi fərdi qaydada məlumatlandırma öhdəliyi daşımamışdır. Göründüyü kimi qeyd edilən qeyri-yaşayış sahəsinin satışı ilə əlaqədar keçirilmiş hərrac qanunvericiliyin tələblərinə uyğun olmuşdur və Əmlak Məsələləri Dövlət Komitəsinin hərəkət və ya hərəkətsizliyi səbəbindən iddiaçının hər hansı hüquqları pozulmamışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Səbail rayonu, Badamdar qsəbəsi, T.Məmmədov küçəsi, ev 4, ünvanında yerləşən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi haqqında Əmlak Məsələləri Dövlət Komitəsinin 26 may 2017-ci il tarixli, 125 nömrəli sərəncamının və hərrac nəticələrinin etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X10 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Dövlət Neft Şirkəti Quruda Neft və X6 “Bibiheybət” Neft-Qazçıxarma İdarəsinin xx.xx.1994-cü il tarixli, 338 nömrəli sərəncamına əsasən Sovet Ordusu küçəsi, 4 nömrəli evin 2 nömrəli mənzilinin altında yerləşən sahəsi 67,75 kv.m olan yarımzirzəmi yardımçı təsərrüfat məqsədi üçün İddiaçı istifadəsinə verilmişdir. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı adına Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, ev 4, 2 saylı mənzillə bağlı tərtib edilmiş xx.xx.1995-ci il tarixli texniki pasporta əsasən 67.75 kv.metr qeyri-yaşayış sahəsi “anbar” sahəsi kimi (47.75 kv.metr + 20,0 kv.metr olmaqla) göstərilmişdir. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin qeydiyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, ev 4, 2 saylı mənzil İddiaçı adına xx.xx.1995-ci il tarixdə 30/59661 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan 1 nömrəli Mənzil İstismar Sahəsinin xx.xx.1995-ci il tarixli aktına əsasən zirzəmi və zirzəminin açarı İddiaçı təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı Şəhər İcra Hakimiyyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin (qeydiyyat № 257) balansında olan daşınmaz dövlət əmlakı haqqında xx.xx.2017-ci il tarixli registrdən çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, ev 4 ünvanında 5 mərtəbəli binanın zirzəmisi 99.1 kv.m, əmlakın regist nömrəsi ***-*******4-007-dir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin internet səhifəsindən çıxarışdan görünür ki, 17 aprel 2018-ci il tarixdə saat 10:00-da Respublikanın şəhər və rayonlarında hərraca çıxarılacaq istifadəsiz olan daşınmaz dövlət əmlakının siyahısında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 4 ünvanında yerləşən beş mərtəbəli binanın zirzəmisinin bir hissəsi 99.1 kv.m ölçüdə qeyri-yaşayış sahəsi qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 11 (1064) nömrəli Mülkiyyət qəzetinin elanlar bölməsində 17 aprel 2018-ci il tarixdə saat 10:00-da Respublikanın şəhər və rayonlarında hərraca çıxarılacaq istifadəsiz olan daşınmaz dövlət əmlakının siyahısında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 4 ünvanında yerləşən beş mərtəbəli binanın zirzəmisinin bir hissəsi qeyd olunmuşdur. İş materiallarında olan Hərracların Təşkili üzrə Auksion Mərkəzinin xx.xx.2018-ci tarixli, 14/01 nömrəli hərrac protokolunun surətindən görünür ki, ünvan 8, 5 mərtəbəli binanın zirzəmisinin bir hissəsi - 99,1 kv.metr qeyri-yaşayış sahəsi Əmlak Məssələləri Dövlət Komitəsi tərəfindən 18750 manata X1. İş materiallarında olan “Satıcı” Azərbaycan Respublikası Əmlak Məssələləri Dövlət Komitəsi ilə “Alıcı” X9 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 3952 nömrəli müəssisənin (obyektin) alqı-satqı müaviləsinin 1.1-ci maddəsinə əsasən müqavilənin predmetini “Alıcı”nın Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən xx.xx.2018-ci il tarixdə keçirilən hərracda 14/01 №-li protokola əsasən satın aldığı 99,1 kv.m qeyri-yaşayış sahəsi təşkil edir. 1.2-ci maddəsinə əsasən “Satıcı” satır, “Alıcı” isə bu müqavilədə göstərilən şərtlərlə ünvan 4 ünvanında yerləşən 99,1 kv.m qeyri-yaşayış sahəsini hərracdan satış qiyməti ilə 18750.00 – on səkkiz min yeddi yüz əlli manata satın alır. 1.3cü maddəsinə əsasən hərracda satılmış müəssisənin (obyektin) satış qiyməti tam ödənildikdən və hüquqlar müvafiq qaydada qeydiyyata alındıqdan sonra onun üzərində alıcının mülkiyyət hüququ yaranır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli texniki pasportu Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, ev 4 ünvanındakı 99.1 kv.m ölçüdə qeyriyaşayış sahəsi ilə bağlı X7 adına tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, ev 4 ünvanındakı 99.1 kv.m ölçüdə qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə X7 adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli, 125 nömrəli sərəncamının 2-ci bəndinə əsasən bu sərəncamın 1, 2 və 3 nömrəli əlavələrində göstərilən müəssisələrin (obyektlərin) və onların yerləşdiyi torpaq sahələrinin özəlləşdirilməsi həmin müəssisələr (obyektlər) haqqında məlumatlar “Mülkiyyət” qəzetində dərc edildikdən azı 30 gün sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada respublikasının şəhər və rayonlarında hərraclar vasitəsi ilə həyata keçirilməsi qərara alınmışdır. Sərəncamın 4-cü bəndinə əsasən bu sərəncama 2 və 3 nömrəli əlavələrdə göstərilən obyektlər 100 faiz dəyəri ilə hərraca çıxarılmışdır. Sərəncama 2 nömrəli əlavə ilə hərraca çıxarılan istifadəsiz olan daşınmaz dövlət əmlakının və onların yerləşdiyi torpaq sahələrinin siyahısında - 1. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 4 ünvanında yerləşən, Bakı Şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olan ümumi faydalı sahəsi 99.1 kv.m olan qeyri-yaşayış sahəsi göstərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********52 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 4 ünvanında yerləşən 99.1 kv.m qeyri-yaşayış sahəsi (5 mərtəbəli binanın zirzəmisinin bir hissəsi) keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamı ilə “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı” və “Dövlət əmlakının hərraclar vasitəsilə satışı Qaydalar”na uyğun olaraq hərraca çıxarılmış və xx.xx.2018-ci il tarixdə keçirilmiş 4-cü hərracda hərracın qalibi X9 tərəfindən özəlləşdirilmişdir. Eyni zamanda bildirilir ki, həmin qeyri-yaşayış sahəsinin İddiaçı istifadəsində olması ilə bağlı Daşınmaz əmlakın registrində hər hansı məlumat aşkar olunmadı. Həmin məktuba əlavə edilmiş Hərraca çıxarılan istifadəsiz olan daşınmaz dövlət əmlakının və onların yerləşdiyi torpaq sahələrinin siyahısından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 4 ünvanında yerləşən qeyriyaşayış sahəsi (beş mərtəbəli binanın zirzəmisinin bir hissəsi) Bakı Şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Ümumi faydalı sahəsi 99.1 kv.metrdir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2022-ci il tarixli, Dax-104 nömrəli məktubunda bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 26/6 saylı xx.xx.2016-cı il tarixli sərəncamına əsasən 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan, ünvan 6 ünvanda yerləşən yaşayış binası ünvan 7inatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan, ünvan 8 ünvanda yerləşən bina Səbail rayon MKTB-yə təhvil verilərkən sözügedən yarımzirzəminin İddiaçı istifadəsində olması barədə məlumat aşkar olunmamışdır. Qeyd edilən səbəbdən ünvan 10 ünvanında yerləşən bina balansa qəbul edildikdən sonra həmin binanın 2 nömrəli mənzilin altında yerləşən sahəsi 67,75 kv.metr olan zirzəmi hissəsinin İddiaçı istifadəsinə verilməsi ilə bağlı icarə müqaviləsi mövcud olmamışdır, hər il Əmlak Məsələləri Dövlət Xidmətinə əmlakın hərəkətinə dair balans surəti təqdim edilərkən ünvan 8 binanın 2 nömrəli mənzilinin altında yerləşən sahəsi 67,75 kv.metr olan zirzəmi hissəsinin İddiaçı istifadəsində olması bağlı məlumatlar göndərilməmişdir. Həmin məktuba əlavə olunmuş Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2016-cı il tarixli, 26/6 nömrəli sərəncamında bildirilmişdir ki, Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəhbərliyi xx.xx.2016-cı il tarixli, Çıx-67 saylı məktubla Departamentə müraciət edərək, 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan Bakı şeheri, Səbail rayonu, Badamdar qəsəbəsi, Göyüş Qarayev küçəsi 1, Tofiq Məmmədov küçəsi, 4 və Seymur Məmmədov küçəsi, 6 ünvanlarda yerləşən yaşayış binalarında təmir işlərinin aparılması ilə əlaqədar, eləcə də evətrafı ərazilərdə abadlıq işlərinin həyata keçirildiyini nəzərə alaraq, həmin binaların Birliyin balansına verilməsi məsələsinə münasibət bildirilməsini xahiş etmişdir. Yuxarıda göstərilənləri və qeyd olunan yaşayış binalarının vahid texniki-istismar normalarına uyğun xidmətinin təşkili, orada yaşayan sakinlərin mənzil-kommunal xidmətlərinə olan tələbatının ödənilməsi istiqamətində müvafiq təşkilati tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə: 1. 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin və Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin dislokasiyasında aşağıdakı dəyişikliklərin edilməsi: “1.1. 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Göyüş Qarayev küçəsi 1, Tofiq Məmmədov küçəsi, 4 və Seymur Məmmədov küçəsi, 6 ünvanlarda yerləşən yaşayış binaları Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına, istismar edilməsi üçün həmin Birliyin 45 saylı Məıızil-Kommunal İstismar Sahəsinin xidmət dairəsinə verilsin (siyahı əlavə olunur), 2. 3 saylı Xüsusi Təyinatlı Mənzil-X5 (Rasim Kazımov) və Səbail rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinə (Səmədağa Aslanov) tapşırılsın ki: 2.1. bu sərəncamın əlavəsinə uyğun olaraq yaşayış evlərinin təhvil-təslim işlərinin həyata keçirilməsini təmin etsinlər, 2.2. bu sərəncamın 1-ci bəndinin icrası ilə bağlı balansdan çıxarılan və balansa qəbul edilən daşınmaz dövlət əmlakı barədə məlumatların müəyyən edilmiş qaydada dövlət əmlakının Registrində qeydiyyata alınması üçün müvafiq tədbirlərin həyata keçirilməsini 10 (on) gün müddətində təmin etsinlər və nəticəsi barədə Departamentə məlumat versinlər” qərara alınmışdır. Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2016-cı il tarixli, 26/6 nömrəli sərəncamına Əlavəyə əsasən 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansından Səbail Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansına verilən yaşayış evlərinin siyahısında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, ev 4, istismara verildiyi il 1979, tikilinin ümumi sahəsi 5016,0 kv.m, mənzillərin sayı 48, mərtəbəlilik 5 göstərilmişdir. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı ünvan 2 ünvanında yerləşən mənzilin müıkiyyətçisidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli, 125 nömrəli sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 4 ünvanında yerləşən, ümumi sahəsi 99.1 kv.m olan qeyri-yaşayış sahəsi hərraca çıxarılmış, xx.xx.2018-ci tarixli, 14/01 nömrəli hərrac protokoluna əsasən həmin 99,1 kv.metr qeyri-yaşayış sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 18750 manata X3, sonuncu ilə alqı-satqı müqaviləsi bağlanaraq onun adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. İddiaçı mübahisəli 99.1 kv.m qeyri-yaşayış sahəsinin 67.75 kv.m sahəsinin onun mənzilinin altında yerləşdiyini, həmin sahənin Azərbaycan Dövlət Neft Şirkəti Quruda Neft və X6 “Bibiheybət” Neft-Qazçıxarma İdarəsinin xx.xx.1994-cü il tarixli, 338 nömrəli sərəncamına əsasən onun istifadəsinə verildiyini, mənzilə dair adına tərtib edilmiş texniki pasportda həmin sahənin “anbar” kimi göstərilməklə qeydə alındığını əsas gətirərək qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi zamanı üstünlük hüququnun olduğunu, lakin bu hüququn cavabdeh tərəfindən pozulduğunu, hərrcanın keçirilmə yeri və vaxtı barədə ona bildiriş və məlumat göndərilmədiyini, hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc edilmədiyini əsas gətirərək özəlləşmə barədə sərəncamın ona aid hissədə, eləcə də hərracın nəticələrinin etibarsızlığını inzibati məhkəmə icraatında mübahisələndirir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İddia mahiyyət üzrə əsassızdır. İşin mübahisələndirilməyən halı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, ev 4 ünvanında yerləşən binanın zirzəmisində 99.1 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli, 125 nömrəli sərəncamına əsasən 100 faiz dəyəri ilə hərraca çıxarılması, hərracın nəticəsində qeyri-yaşayış sahəsinin hərracda qalib olan X2 və sonuncunun adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmasıdır. Hazırkı iş üzrə məhkəmə mübahisələndirilən özəlləşmə barədə sərəncam və onun nəticələrini iki hüquqi aspektdən qiymətləndirir: -İ. hərrac barədə sərəncam ilə iddiaçının özəlləşmədə üstünlük hüququ pozulmuşdurmu, -İİ. dövlət əmlakının özəlləşdirilməsi proseduru baxımından qanunvericiliyin tələblərinə riayət edilmişdirmi. İ. Qeyd edildiyi kimi iddiaçı mübahisəli Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, ev 4 ünvanında yerləşən binanın zirzəmisində 99.1 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin bir hisəssinin, yəni 67,75 kv.m ölçüdə olan sahəsinin onun uzun illər istifadəsində olduğunu, həmin sahənin ona Azərbaycan Dövlət Neft Şirkəti Quruda Neft və X6 “Bibiheybət” Neft-Qazçıxarma İdarəsinin xx.xx.1994-cü il tarixli, 338 nömrəli sərəncamına əsasən verildiyini, mənzilə dair texniki pasportda həmin sahənin öz əksini tapdığını bildirir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.1-ci maddəsinə görə dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir. -1.0.2-ci maddəsinə görə dövlət əmlakının özəlləşdirmə üçün açıq elan edilmə anı - dövlət əmlakının özəlləşdirilməsi haqqında müvafiq icra hakimiyyəti orqanlarının qərar qəbul etdiyi vaxtdır. -1.0.3-cü maddəsinə əsasən özəlləşdirmənin obyekti - özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda Azərbaycan Respublikasının dövlət mülkiyyətində olan əmlak, müştərək müəssisələrin nizamnamə fondundakı dövlətin payı, dövlətə məxsus səhmlər, özəlləşdirilən müəssisələrin altında yerləşən torpaq sahələridir. -8.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin: -1.6-cı bəndinə əsasən rayon bölgüsü olan şəhərin icra hakimiyyəti başçısının yanında olan orqanların və tabeliyində olan hüquqi şəxslərin müvafiq şəhər rayonunun ərazisində mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən struktur bölmələri (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) ikili tabelikdədir – onlar həm şəhər icra hakimiyyətinin başçısına, həm də müvafiq şəhər rayonunun icra hakimiyyətinin başçısına tabedirlər. -3.9.6-cı bəndinə əsasən dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. -7.2-ci bəndinə görə yerli icra hakimiyyətlərinin istifadəsində olan əmlakın tərkibinə Azərbaycan Respublikasının dövlət büdcəsindən (Naxçıvan Muxtar Respublikasında - Naxçıvan Muxtar Respublikasının büdcəsindən) ayrılan vəsait, dövlət mənzil fondu, dövlət mənzil fondu binalarının qeyri-yaşayış sahələri, mühəndis-kommunikasiya və infrastruktur obyektləri, kommunal xidmət təyinatlı və yerli icra hakimiyyəti orqanlarının ərazisində yerləşən və onların istifadəsinə verilmiş digər əmlak daxildir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”nın: -1-ci bəndinə görə bu Qaydalar “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın (bundan sonra - İİ Dövlət Proqramı) həyata keçirilməsini təmin etmək məqsədi ilə hazırlanmışdır və yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin (bundan sonra - qeyri-yaşayış sahələri) özəlləşdirilməsi qaydalarını tənzimləyir. -2-ci bəndinə görə qeyri-yaşayış sahələrinə aşağıdakılar aiddir: ayrıca tikilmiş qeyri-yaşayış binaları; yaşayış binalarında yerləşən qeyri-yaşayış sahələri; mənzil fondundan qeyri-mənzil fonduna keçirilmiş qeyri-yaşayış sahələri. -4.2-ci bəndinə əsasən qeyri-dövlət hüquqi şəxsləri və ya fiziki şəxslər tərəfindən icarəyə götürülmüş (bundan sonra - icarəçi) qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi barədə ərizələr Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilir. Ərizəyə icarə müqaviləsinin surəti və aşağıdakı sənədlər əlavə olunur: b) fiziki şəxslər üçün: şəxsiyyəti təsdiq edən sənəd; qeyri-yaşayış sahəsinin texniki pasportu. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi daxil olmuş müraciətə əsasən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi haqqında iki həftə ərzində müvafiq qərar qəbul edir. -4.2.1-ci bəndinə əsasən icarəçi tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahələri ilk növbədə 100 faiz dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi həmin sahəni almağa razılıq verdikdə onunla Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi arasında alqı-satqı müqaviləsi bağlanılır. -4.2.2-ci bəndinə əsasən icarəçi, ona müvafiq təklif edildikdən 1 ay ərzində həmin qeyri-yaşayış sahəsini 100 faiz dəyəri ilə almaqdan imtina etdikdə və ya bu müddət ərzində alqı-satqı müqaviləsi bağlamadıqda, obyekt Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”na müvafiq olaraq özəlləşdirilir. -6-cı bəndinə görə qeyri-yaşayış sahələrinin alıcısı qismində “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş dövlət əmlakının alıcıları çıxış edə bilərlər. -7-ci bəndinə görə qeyri-yaşayış sahələrinin qiymətləndirilməsi qüvvədə olan qanunvericiliyə müvafiq olaraq həyata keçirilir. Azərbaycan Respublikasının Prezidentinin 9 dekabr 1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”nin: -1-ci bəndinə görə bu Əsasnamə «Azərbaycan Respublikasında dövlət əmlakının Registrinin yaradılması haqqında» 1998-ci il 20 iyun tarixli 732 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına müvafiq olaraq hazırlanmış və Azərbaycan Respublikasında dövlət əmlakının registrinə daxil olan məlumatların tərkibini, strukturunu və aparılması qaydalarını müəyyən edir. -2-ci bəndinə görə Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır. -3-cü bəndinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının Registri respublikanın informasiya sisteminin ümumi prinsiplərinə əsaslanan daşınmaz dövlət əmlakının (binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər) qeydiyyatı, onun barəsində bağlanmış əqdlər (icarəyə və ya istifadəyə verilməsi, girov qoyulması və s.) haqqında məlumatların məcmusu olan informasiya sistemidir. -7-ci bəndinə əsasən dövlət əmlakının mərkəzi registrində bu bəndin ikinci abzasında göstərilən əmlak istisna olmaqla, müvafiq dövlət hakimiyyəti orqanlarının, dövlət şirkətlərinin, konsernlərinin, birliklərinin və onların tabeçiliyində olan müəssisə, idarə və təşkilatların sərəncamında olan, habelə Azərbaycan Respublikasının xaricdə olan daşınmaz dövlət əmlakı qeydə alınır. Yerli registrlərdə yerli icra hakimiyyəti orqanlarının və onların tabeliyində olan müəssisə, idarə və təşkilatların sərəncamında olan daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır. -8-ci bəndinə əsasən Azərbaycan Respublikasında daşınmaz dövlət əmlakının Registri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının mərkəzi registri və yerli registrləri əsasında tərtib edilir. -15-ci bəndinə görə Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyata alınması üçün həmin əmlak sərəncamında olan subyektlər aşağıdakı sənədləri təqdim etməlidir: əmlakın qeydiyyata alınmasına dair müraciət məktubu; bu Əsasnamənin 1-ci bölməsinin 9-cu bəndində göstərilmiş sənəd (sənədlər); qeydiyyat obyektinin göstəricilərini əks edən qeydiyyat vərəqəsi (bu Əsasnaməyə Əlavə). -18-ci bəndinə görə sərəncamında olan daşınmaz dövlət əmlakı Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydə alınmadan və bunu təsdiq edən rəsmi sənəd («Registrdən çıxarış»ı) olmadan müvafiq dövlət orqanları, dövlət şirkətləri, konsernləri, birlikləri və onların tabeçiliyində olan müəssisə, idarə və təşkilatlar həmin əmlak barədə (balansdan silinməsi, balansdan balansa verilməsi, əqdlər bağlanması, o cümlədən icarəyə verilməsi, habelə girov qoyulması, digər öhdəliklərlə yüklənməsi, özgəninkiləşdirilməsi və s.) heç bir qərar qəbul edə bilməzlər. -19-cu bəndinə görə Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydə alınmış daşınmaz dövlət əmlakına münasibətdə hər bir dəyişikliyin qeydə alınması üçün müvafiq əmlak sərəncamında olan bu Əsasnamənin 7-ci bəndində müəyyən edilmiş subyektlər müəyyən edilmiş qaydada zəruri tədbirlər görməli və müvafiq registrləri aparan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və onun yerli qurumlarına 5 gün müddətində həmin dəyişikliyin qeydə alınması məqsədi ilə sənədlər təqdim etməlidirlər. Azərbaycan Respublikasında dövlət əmlakının Registrinə daxil edilmiş daşınmaz dövlət əmlakı sərəncamında olan bu Əsasnamənin 7-ci bəndində müəyyən edilmiş subyektlər hər ilin dekabr ayının 31-nə qədər müvafiq registrlərə daşınmaz əmlakın hərəkətinə dair balanslarının surətlərini təqdim etməlidirlər. Göründüyü kimi yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan yaşayış binalarında qeyri-yaşayış sahələri dövlət fonduna aid olmaqla dövlət əmlakı hesab edilir. Yerli icra hakimiyyəti orqanlarının balansında olan dövlət əmlakı barədə dövlət əmlakının mərkəzi registrində qeydiyyat aparılır. Daşınmaz dövlət əmlakına münasibətdə hər bir dəyişiklik, o cümlədən əqdlər bağlanması, icarəyə verilməsi dövlət registrində qeydə alınır. Sərəncamında registrə daxil edilmiş daşınmaz dövlət əmlakı olan qurumlar daşınmaz əmlakın hərəkətinə dair balanslarının surətlərini hər il Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim etməlidirlər. İşin hallarından görünür ki, ünvan 8 5 mərtəbəli bina 1979-cu ildə tikilmiş, yaşayış binasının zirzəmisi, o cümlədən iddia edilən 67,75 kv.m qeyri-yaşayş sahəsi xx.xx.1994cü il tarixdə həmin vaxt sahənin balansaxlayıcısı olmuş Azərbaycan Dövlət Neft Şirkəti Quruda Neft və X6 “Bibiheybət” Neft-Qazçıxarma İdarəsi tərəfindən iddiaçının istifadəsinə yardımçı təsərrüfat məqsədi üçün verilmişdir. Sonradan həmin bina, eləcə də adıçəkilən binanın zirzəmisi dövlət fonduna aid edilmiş, 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına, daha sonra Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2016-cı il tarixli, 26/6 nömrəli sərəncamına əsasən Səbail rayon MKTB-yə təhvil verilmişdir. Sözügedən qeyri-yaşayış sahəsi özəlləşdirilməyə çıxarılarkən Səbail rayon MKTB-nin balansında olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçıya sözügedən zirzəmi hissə təsərrüfat məqsədi ilə həmin vaxt balansaxlayıcı olmuş idarə fondu tərəfindən verilsə də sonradan qeyriyaşayış sahəsinin mülkiyyətçisi dəyişmiş, dövlət fonduna aid edilməklə artıq balansaxlayıcı qismində Səbail rayon MKTB çıxış etmişdir. Bu halda sözügedən qeyriyaşayış sahəsi dövlət mənzil fondunun qeyri-yaşayış sahəsi statusunda olmuş, yuxarıda qeyd olunan tələblərə uyğun olaraq balansaxlayıcı tərəfindən təqdim edilmiş məlumatlar əsasında həmin əmlak dövlət əmlakının registrinə daxil edilmişdir. “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikasının Prezidentinin 6 sentyabr 1997-ci il tarixli 629 nömrəli Fərmanının 1-ci bəndinə görə Azərbaycan Respublikasının ərazisində dövlətin adından daşınmaz dövlət əmlakını icarəyəvermə səlahiyyəti (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hal, habelə sənaye, yaxud texnologiya parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri, binalar və qeyri-yaşayış sahələri istisna olmaqla), dövlət əmlakının sərəncamçısına – Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilmiş (......), bu Fərman imzalandığı günə qədər daşınmaz dövlət əmlakının icarəyə verilməsinə dair bağlanmış icarə müqavilələrində icarəyəverənlərin hüquqi varisi Əmlak Məsələləri Dövlət Komitəsi hesab olunmuşdur. Məhkəmə qeyd edir ki, dövlətin balansına keçmiş yaşayış binalarında yerləşən qeyri-yaşayış sahələrinə dair dövlət əmlakının idarəedicisi ilə icarə müqaviləsinin bağlanması tələb olunduğu halda iddiaçı belə bir icarə müqaviləsi bağlamamışdır. Eyni zamanda MKTB tərəfindən hər il Əmlak Məsələləri Dövlət Xidmətinə əmlakın hərəkətinə dair balans surəti təqdim edilərkən 67,75 kv.metr olan zirzəmi hissəsinin İddiaçı istifadəsində olması bağlı məlumatlar göndərilməmiş, qeyri-yaşayış sahəsinin istifadədə olması ilə bağlı registrdə qeydlər aparılmamışdır. “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”nın yuxarıda qeyd edilən tələblərindən görünür ki, yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan yalnız fiziki şəxslər tərəfindən icarəyə götürülmüş yaşayış binalarında yerləşən qeyri-yaşayış sahələri ilk növbədə 100 faiz dəyəri ilə icarəçiyə təklif olunur. Hazırkı iş üzrə iddiaçı qeyd edildiyi kimi sözügedən qeyri-yaşayış sahəsinin icarəçisi olmamış, bu barədə dövlət əmlakının sərəncamvericisinə müvafiq icarə müqaviləsi təqdim edilməmiş, dövlət əmlakının registrinə sözügedən sahənin istifadədə olması ilə bağlı məlumat təqdim edilməmiş, müvafiq qeydlər edilməmişdir. Belə olan halda hesab olunur ki, iddiaçının icarəçi kimi həmin qeyri-yaşayış sahəsini almaqda üstünlük hüququ mövcud olmamış, cavabdeh orqanın isə özəlləşdirməyə çıxararkən iddiaçıya əmlakı ilk növbədə təklif etmək kimi öhdəliyi yaranmamışdır. İddiaçının istinad etdiyi texniki pasportda həmin zirzəmi hissəsinin qeyd edilməsinə gəlincə məhkəmə qeyd edir ki, texniki pasport daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması nəticəsində daşınmaz əmlakın texniki göstəricilərini əks etdirən müvafiq texniki sənəd olub, bilavasitə əmlaka əşya hüququnu təsdiq edən hüquqmüəyyənedici sənəd qismində çıxış etmir. Bu əsasdan həmin sahənin texniki pasportda göstərilməsi iddiaçıya özəlləşmədə üstünlük hüququnu tələb etməyə əsas vermir. İİ. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: -16.1-ci maddəsinə görə dövlət əmlakının özəlləşdirilməsi aşağıdakı üsullarla həyata keçirilir: 16.1.4. dövlət əmlakının hərraclar vasitəsilə satışı. -25.1-ci maddəsinə görə dövlət əmlakının özəlləşdirilməsi barədə məlumat rəsmi kütləvi informasiya vasitələrində həmin əmlakın satışının həyata keçirilməsi gününə azı 30 gün qalmış dərc edilməlidir. -25.2-ci maddəsinə əsasən özəlləşdirilən dövlət müəssisəsi (obyekti) barədə məcburi qaydada dərc olunmalı məlumatların siyahısı Dövlət Proqramında müəyyən edilir. -25.3-cü maddəsinə əsasən dövlət müəssisələrinin (obyektlərinin) özəlləşdirilməsinin nəticələri haqqında məlumat 15 gün müddətində kütləvi informasiya vasitələrində dərc olunmalıdır. Dövlət mülkiyyətinin özəlləşdirilməsinin nəticələri haqqında məlumatın məzmunu Dövlət Proqramında müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın: -4.4.1-ci bəndinə görə dövlət əmlakının hərraclar vasitəsilə satışı özəlləşdirilən əmlakın onun barəsində alıcıdan hər hansı bir şərtin yerinə yetirilməsi tələb olunmadan özəlləşdirmədə alıcı kimi tanınan fiziki və hüquqi şəxslərin mülkiyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada pul müqabilində özgəninkiləşdirilməsidir. Bu zaman əmlak üzərində mülkiyyət hüququ hərracın gedişində maksimum qiymət təklif etmiş alıcıya verilir. -17.4-cü bəndinə əsasən hərracların və müsabiqələrin keçirilməsinin planqrafikləri, özəlləşdirilən konkret müəssisələr haqqında məlumatlar, kütləvi informasiya vasitələrində və xüsusi nəşrlərdə müsabiqənin, hərracın və səhmlərin açıq satışının keçirildiyi gündən azı 30 (otuz) gün əvvəl dərc edilir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”nın 2.1-ci bəndinə görə satıcı hərraca hazırıq mərhələsində: hərrac gününə ən azı 30 (otuz) gün qalmış hərrac haqqında məlumatın Satıcının rəsmi mətbu orqanı olan “Mülkiyyət” qəzetində dərc olunmasını təmin edir. Təqdim olunmuş inzibati icraat materiallarından müəyyən olunur ki, mübahisəli qeyri-yaşayış sahəsinin xx.xx.2018-ci il tarixdə hərraca çıxarılması barədə bir ay öncə, yəni xx.xx.2018-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinin mətbu orqanı olan “Mülkiyyət” qəzetində elan dərc olunmuş, eləcə də www.emdk.gov.az rəsmi internet saytında və www.privatization.az özəlləşdirmə portalında elanlar yerləşdirilmişdir. Beləliklə, sözügedən əmlaka dair keçiriləcək hərrac barədə qanunvericilikdə müəyyən edilmiş qaydada qabaqcadan kütləvi informasiya vasitələrində məlumat dərc olunmuşdur. Həmin obyektin özəlləşdirilməsi ilə bağlı xx.xx.2018-ci il tarixdə keçirilmiş hərracda ən yüksək məbləği təklif edən X9 hərracın qalibi olmuş, onunla əmlakın satıcısı arasında alqı-satqı müqaviləsi bağlanaraq daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. Beləliklə, hazırkı iş üzrə cavabdeh tərəfindən hərracın keçirilməsi qaydalarının pozulma halları müəyyən olunmamışdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “sərəncamın və hərrac nəticələrinin etibarsız hesab edilməsi” barədə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-3647/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3647/2022
20.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver