Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3649/2023 20.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Bakı şəhəri 19 saylı Şəhər Poliklinikasına qarşı “arayışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi ev 10, mənzil 6-da yaşayan uşaq serabrial iflici olmaqla 1-ci qrup əlil olan xx.xx.1995-ci il təvəllüdlü qızı X1 görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təsdiq etdiyi xx.xx.1966-cı il tarixli siyahısına əsasən qeyd edilən diaqnozla əlavə mənzil sahəsi almaq hüququna malik olmağı barədə arayşın verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri 19 saylı Şəhər Poliklinikasına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının qızı X2 1995-ci il tarixdən uşaq serabral iflici olmaqla 1-ci qrup əlildir. Qaradağ RİHB-nın 17 iyun 2021-ci il tarixli 147 nömrəli Sərəncamına əsasən onun üzərində qəyyum təyin olunmuşdur. İddiaçı dövlət neft şirkətində neftçi işləyir. Neftçi kimi mənzil növbəsinə durmuşdur. İş yerindən oan bildiriblər ki, uşağın uşaq serebrial iflici olduğuna görə ona əlavə mənzil sahəsi düşür. Ona deyilmişdir ki, bunun üçün yaşadığı ərazidə yerləşən xəstəxanadan qeyd ediən diaqnozun SSRİ Nazirlər Kabinetinin xx.xx.1966-cı il tarixli 144 saylı qərarı və bunun əsasında Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin təsdiq etdiyi xx.xx.1966-cı il tarixli siyahıya düşməsi barədə arayış gətirməlidir. O, da əvvəl şifahi, sonra isə 29 avqust 2022ci il tarixdə yazılı ərizə ilə ərazi üzrə qızının müalicələr aldığı 19 nömrəli xəstəxanaya müraciət etmişdir. Bu günə kimi ona heç bir cavab verilməyibdir. İddiaçı cavabdehin hərəkətlərini qanunsuz hesab etdiyindən məhkəməyə müraciət etməli olmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanununun 52.1-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması Göründüyü kimi 30 gündən də artıq müddət keçməsinə baxmayaraq bu günə qədər Bakı şəhəri 19 nömrəli xəstəxana tərəfindən onun müraciətinə heç bir rəsmi cavab verilməmişdir.
3. Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının 17 iyun 2021-ci il tarixli 147 nömrəli Sərəncamına əsasən vətəndaş X4 Qaradağ Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli 2-1(002)-265/2021-ci il nömrəli qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunan 03 iyun 1995-ci il təvəllüdlü X3 üzərində qəyyum təyin edilmişdir.
4. Məhkəmənin hazırlıq icraatı üzrə 30 yanvar 2023-cü il tarixli mümkünlük iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
5. Məhkəmənin hazırlıq icraatı üzrə 20 fevral 2023- cü il tarixli mümkünlük iclasında tərəflər iştirak etmir.
II. İddianın mümkünlüyü
6. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
7. Məhkəmə müəyyən edir ki, iddiaçının tələbi Azərbaycan SSR Nazirlər Sovetinin “Əlavə mənzil sahəsinə hüquq verilməsi haqqında” xx.xx.1966-cı il tarixli 144 nömrəli qərarına və Azərbaycan SSR səhiyyə nazirinin “Əlavə otaq və ya əlavə mənzil sahəsi verilməsinə əsas olan xəstəliklərin siyahısının təsdiq edilməsi haqqında” xx.xx.1966-cı il tarixli əmrinə əsaslanmışdır. Həmin qərar Azərbaycan SSR-in qüvvədən düşmüş Mülki Məcəlləsinin 318-ci maddəsinə uyğun olaraq qəbul edilmişdir. Həmin maddəyə əsasən Xalq deputatları Sovetlərinin evlərində və ya dövlət, kooperativ təşkilatlarının və ictimai təşkilatların evlərindəki mənzillərin kirayəçiləri üçün hər adambaşına on iki kvadratmetr həcmində mənzil sahəsi norması müəyyən edilir. Azərbaycan SSR Nazirlər Soveti kirayəçilərin ayrı-ayrı kateqoriyaları üçün əlavə mənzil sahəsinin istifadəyə verilmə qaydasını və şərtlərini müəyyən edə bilər. Azərbaycan SSR-in Mülki Məcəlləsinin 318-ci maddəsi xx.xx.1986-cı il tarixli fərmanla qüvvəsini itirmişdir.
8. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir.
9. Belə ki, qüvvədə olan qanunvericiliyə əsasən əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu, vətəndaşların sosial kirayə müqaviləsi əsasında yaşayış sahələrinə ehtiyacı olan şəxs hesab edilməsi üçün əsasdır. Odur ki, iddiaçının hüquqi marağına uyğun olaraq səmərəli hüquq müdafiəsi müvafiq təsdiqedici sənədlərlə yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilməsi üçün yerli icra hakiyyəti orqanına müraciətdir. İddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan iddianın mümkün sayılmaması iddiaçının məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır.
10. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
11. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva