Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3653/2020 10.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, məhkəmə iclas katibi X2, cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2005-ci il tarixdən həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən orta aylıq əmək haqqı nəzərə alınmaqla ona əmək pensiyası təyin edilməsi və xx.xx.2005-ci ilə təyin olunmuş əmək pensiyasında yaranacaq məbləğ fərqinin hesablanaraq bir dəfəyə ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, cavabdehə müraciət edərək onun təqaüdə çıxdığı vaxtdan təyin olunan pensiyanı dəyişib, tarif cədvəli üzrə əmək haqqının 100%-i nəzərə alınmaqla, həmçinin xaricdə işləyən Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyaları təyin edilərkən nəzərə alınan üstünlük tətbiq edilməklə yenidən pensiya təyin edilməsini xahiş etmişdir. Belə ki, 1959-cu ildən əmək fəaliyyətinə başlamışdır. Bakı Limanı, Nərimanov adına corab-trikotaj kombinatı, Bakı gəmiqayırma zavodu, Bakı dəniz limanı, Xəzər gəmiçiliyi kimi dövlət müəssisələrində məsul vəzifələrdə çalışmışdır. xx.xx.1974-cü ildən isə rəhbər vəzifələrə təyinat almışdır. xx.xx.1977-ci ildən Xəzər gəmiçiliyinin İrandakı agentliyinə təyinat almışdır. xx.xx.1983-cü ilə qədər həmin vəzifədə işləmişdir. Daha sonra Azərbaycana qayıtmış, xx.xx.1988-xx.xx.1989-cu illərdə Xəzər gəmiçiliyində rəis işləmişdir. Daha sonra yenidən xx.xx.1989-cu ildən İranda “Baş Dəniz Agentliyində” rəis işləmişdir. Göstərilən əmək fəaliyyətinə baxmayaraq onun pensiyası hesablanarkən İranda işlədiyi dövr ezamiyyət dövrü kimi nəzərə alınmış, nəticədə onun əmək pensiyasının hesablanmasında yanlışlığa yol verilmişdir. Ona görə də hazırda az pensiya alır. Həmin dövrdə xaricdə işlədiyi üçün xarici valyuta ilə də əmək haqqı alır. Onun dövlət tərəfindən etimad göstərilərək xaricə işləməyə göndərilməyi, hazırda aldığı pensiyaya müsbət təsir göstərmək əvəzinə, əksinə mənfi təsir göstərib. Respublikdan xaricə çıxmayan və aşağı tarif dərəcəsi ilə əmək haqqı alanların hazırda pensiyaları ondan çoxdur. Bundan əlavə xx.xx.2005-ci il tarixdə 62 yaşı tamam olmuşdur və ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin təyin edilmiş pensiyanın məbləği düzgün hesablanmamışdır. Nəticədə ona maddi ziyan dəymişdir. O, pensiyaya çıxmamışdan əvvəl 1989-cu ilin noyabr ayından, 1992-ci ilin noyabr ayına kimi Azərbaycan Dövlət X3 və gəmiçiliyin İran İslam Respublikasındakı nümayəndəliyinin rəisi vəzifəsində işləmişdir. Həmçinin 1994-cü ilin noyabr ayından 2000-ci ilin fevral ayına kimi Azərbaycan Dövlət X3 və gəmiçiliyin Yunanıstan Respublikasındakı nümayəndəliyinin rəisi işləmişdir. 1989-2000ci illərdə aylıq vəzifə maaşı 885 manatdan çox olmuşdur. Ezamiyyət müddətində isə ona aylıq 1200 ABŞ dolları verilmişdir. Həmin məbləğlər ona təyin edilmiş pensiyada nəzərə alınmamışdır. **********1 saylı, xx.xx.2020-ci il tarixli məktubla verilmiş cavabda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarına əsasən onun pensiyası xx.xx.2019-cu il tarixdən 228,82 manata çatdırılmışdır. Onun pensiyası hesablanarkən xx.xx.2010-cu il tarixdən qüvvədə olan qanun üzrə pensiya hesablanmışdır. Lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunundan 26.2-ci maddəsi çıxarılmışdır. Onun pensiya hüququ yaranarkən, Qanunun 26.2-ci maddəsi qüvvədə idi. Belə ki, pensiya hüququ 2005-ci ildə yaranıb. Həmin tarixdə isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 26.2-ci maddəsi qüvvədə idi. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçi İddiaçı xx.xx.2005-ci il tarixindən həmin tarixdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 71-ci maddəsinə əsasən yaşa görə pensiya təyin edilmişdir. İddiaçı xx.xx.2005-ci il tarixində həmin dövr ərzində qüvvədə olan qanunvericiliyə əsəsən pensiya təyin edilmiş, xx.xx.2011-ci il tarixinə qədər təyin edilmiş pensiyanın ümumi məbləği dəyişdirilmədən şərti çevrilməsi aparılmışdır. Daha sonra xx.xx.2006-cı il tarixinədək 39 il 3 ay (əmək kitabçasında qeyd edilən bütün dövrlər staja əlavə edlimişdir) stajı nəzərə alınmaqla pensiyasının məbləği xx.xx.2011-ci il tarixindən yenidən hesablanmışdır. Hal-hazırda İddiaçı pensiyasının məbləği Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən 2020-ci ilin 1 yanvar tarixindən 2019-cu il üzrə Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək 16,6 faiz artırılaraq 266,80 manata çatdırılaraq ödənilir. İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyası xx.xx.2005-ci il tarixində qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanuna əsasən hesablanmışdır. Daha sonra xx.xx.2011-ci il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 26.3-1-ci maddəsinə əsasən yenidən hesablanmış və mövcud pensiya məbləğindən daha yüksək olduğundan pensiya təyinatı üçün əsas götürülmüşdür. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianı rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1943-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. - İddiaçıya məxsus xx.xx.1960-cı il tarixli əmək kitabçasının azərbaycan dilinə tərcümə edilərək notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1959cu ildən xx.xx.1960-ci il tarixə qədər Alxovka kənd kino qurğusuna biletyor-mexanik köməkçi, xx.xx.1960-cı ildən xx.xx.1961-ci il tarixə qədər Bakı Limanında mexaniki emalatxanaların dülgər şagirdi, çilingər şagirdi, xx.xx.1961-ci ildən xx.xx.1961-ci il tarixə qədər Nərimanov adına corab-trikotaj kombinatında köməkçi materiallar ambarında köməkçi fəhlə, xx.xx.1961-ci ildən xx.xx.1962-ci il tarixə qədər Paris Kommunası adına Bakı Gəmitəmiri zavodunda plastmass sahəniə basdırıcı, xx.xx.1963-cü ildən xx.xx.1964cü il tarixə qədər Kalinin adına Teleapparatura və Avtomatika cihazları zavodunda mexaniki-yığma sexinə 1-ci dərəcəli basdırıcı, xx.xx.1964-cü ildən xx.xx.1967-ci il tarixə qədər Bakı Dəniz Limanında növbətçi,yüklərin qəbuledici, yüklərin stividor, 2-ci ambar müdiri, xx.xx.1967-ci ildən xx.xx.2000-ci il tarixə qədər mühəndis, dispetçr, baş dispetçr, baş dispeçr-rəis, rəis, gəmi rəisi, iranda Xəzər gəmiçiliyinin dəniz baş dispeçr, xidmət dispeçr, İnflot direktoru, İranda “Qlavmoragentlik” rəisi, rəis müavini və Gəmiçiliyin Yunanıstanda nümayəndəliyin rəhbəri vəzifələrində işləmişdir. - Məhkəməyə təqdim edilmiş İddiaçı aid pensiya işinin materiallarından görünür ki, Azərbaycan Respublikası DSMF Nəsimi rayon şöbəsinin pensiya və müavinət təyin edən komissiyasının xx.xx.2005-ci il tarixli, 778 №-li qərarı ilə İddiaçı xx.xx.2005-ci ildən ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edilən zaman Azərbaycan Dövlət X6 tərəfindən İddiaçı 1998-2000-ci ilin əmək haqqının aylar üzrə məbləği barədə təqdim edilmiş arayışlar nəzərə alınmışdır. - “Azərbaycan X6” QSC-nin 01/03-A-170-297 №-li, xx.xx.2020-ci il tarixli məktubuna əlavə edilmiş 01/17-94 №-li, xx.xx.2020-ci il tarixli arxiv arayışından görünür ki, xx.xx.1943-cü il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1967-ci ildən (xx.xx.1967-ci il tarixli 600/л nömrəli əmr) xx.xx.2000-ci ilə kimi (xx.xx.2000-ci il tarixli K-90 nömrəli əmr) X4 liman üzrə daşınma və hərəkət xidmət dispetçeri, mühəndis-dispetçer, daşınma və hərəkət xidmətində donanmanın quru daşımaları üzrə baş dispetçer, quru daşımalar şöbəsinin baş dispetçer rəisi, Donanmanın daşınma və hərəkət xidmətin ХЭГС-2 rəisi, mühəndisdispetçer, İranda X4 dəniz agentliyində baş dispetçer, Donanmanın daşınma və hərəkət xidmətin rəis müavini, X1 ХЭГС-3 rəisi, İnflot idarəsinin direktoru, Gəmiçiliyin istismar üzrə rəis müavini, X4 Yunanıstanda (Pirey Limanı) nümayəndəliyinin rəhbəri vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 154 nömrəli qərarına əsasən X6 Azərbaycan Dövlət X6 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 6 nömrəli və xx.xx.2014-cü il tarixli, 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət X4 və X10 Donanmasının yenidən təşkili yolu ilə “Azərbaycan X6” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. - “Azərbaycan X6” QSC-nin 01/03-A-170-297 №-li, xx.xx.2020-ci il tarixli məktubuna əlavə edilmiş 01/17-95 №-li, xx.xx.2020-ci il tarixli arxiv arayışından görünür ki, xx.xx.1943-cü il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1967-ci ildən (xx.xx.1967-ci il tarixli 600/л nömrəli əmr) xx.xx.2000-ci ilə kimi (xx.xx.2000-ci il tarixli K-90 nömrəli əmr) X4 liman üzrə daşınma və hərəkət xidmət dispetçeri, mühəndis-dispetçer, daşınma və hərəkət xidmətində donanmanın quru daşımaları üzrə baş dispetçer, quru daşımalar şöbəsinin baş dispetçer rəisi, Donanmanın daşınma və hərəkət xidmətin ХЭГС-2 rəisi, mühəndisdispetçer, İranda X4 dəniz agentliyində baş dispetçer, Donanmanın daşınma və hərəkət xidmətin rəis müavini, X1 ХЭГС-3 rəisi, İnflot idarəsinin direktoru, Gəmiçiliyin istismar üzrə rəis müavini, X4 Yunanıstanda (Pirey Limanı) nümayəndəliyinin rəhbəri vəzifələrində işləmişdir. Onun 1985-1989-cu illər üzrə əmək haqqı 8921,52 manat, 1992-1993-cü illər üzrə 835.340.00 manat, 1994-1997-ci illər üzrə 8.206.724.00 manat təşkil etmişdir. - Azərbaycan Respublikası DSMF-nin Nəsimi rayon Şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********1 №-li məktubdan görünür ki, təqdim etdiyi sənədlərə əsasən xx.xx.2006-cı il tarixədək 39 il 3 ay iş stajı nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarına əsasən pensiyasının məbləği xx.xx.2019-cu il tarixdən 228,82 manata çatdırılaraq ödənilir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2005-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2011-ci il tarixdə əmək stajı nəzərə alınmaqla pensiya məbləği yenidən hesablanmışdır. Hazırda iddiaçı ona təyin edilmiş əmək pensiyasının məbləğinin düzgün hesablanmamasını, xx.xx.2005-ci il tarixdən həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən orta aylıq əmək haqqı nəzərə alınmaqla ona əmək pensiyasının təyin edilməli olmasını mübahisələndirir. xx.xx.2006-cı ilə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun: - 12-ci maddəsinə əsasən kişilər 60 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda yaşa görə pensiya hüququna malikdir. - 17-ci maddəsinə əsasən yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. - 18-ci maddəsinə əsasən yaşa görə pensiya üçün tələb edilən tam ümumi iş stajı olduqda pensiyaların minimum məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən respublika üzrə pensiya hesablanması üçün təsdiq olunan orta aylıq əmək haqqının 30 faizi məbləğində təyin edilir. - 71-ci maddəsinin 1-ci hissəsinə görə pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. - 74-cü maddəsinə əsasən xaricdə işləyən şəxsin orta aylıq əmək haqqı onun arzusu ilə ya xaricə gedənədək aldığı əmək haqqından, ya da Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqqı keçirdiyi xarici valyutadan hesablanır. Xarici valyuta ilə alınmış əmək haqqı həmin valyutanın ödənildiyi vaxt qüvvədə olan məzənnəyə əsasən (həmin məzənnəni Azərbaycan Respublikası Milli Bankı müəyyən edir) Azərbaycan Respublikasının rəsmi pul vahidinə çevirməklə müəyyənləşdirilir. - 78-ci maddəsinə əsasən pensiya hesablanarkən müvafiq icra hakimiyyəti orqanı tərəfindən respublika üzrə pensiya hesablanması üçün təsdiq olunan orta əmək haqqının üçqat məbləğindən artıq olmayan orta aylıq əmək haqqı nəzərə alınır. xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 26.1-cı maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği dəyişdirilmədən bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu məqsədlə, Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. - 26.2-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əməkhaqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əməkhaqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır. - Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, 26.2-ci maddə 2008-ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir. - xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 26.3-1, 26.3-2 və 26.3-3-cü maddələrinə əsasən 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır. 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış və sonra əmək fəaliyyətini davam etdirmiş şəxslərin, onlara pensiya təyin edildiyi tarixdən 2006-cı il yanvarın 1-dək olan dövrdəki iş stajının hər ili üçün də 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilərək pensiyalarının sığorta hissəsinin 2011-ci il 01 iyul tarixindən yenidən hesablanmasında nəzərə alınır. 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin əmək pensiyalarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) yenidən hesablanması zamanı yenidən hesablanmış və mövcud pensiya məbləğlərindən daha yüksək olan məbləğ pensiya təyinatı üçün əsas götürülür. Məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2005-ci il tarixində qüvvədə olan qanunvericiliyə əsəsən iddiaçının 1998-2000-ci illərdə aldığı əmək haqqı nəzərə alınmaqla pensiya təyin edilməsində və xx.xx.2011-ci il tarixdən yenidən hesablanmasında cavabdeh inzibati orqan tərəfindən qanuna zidd hallar və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hallar müəyyən edilmədiyindən cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməməsi qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın imtinası qanuni olduğundan və iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-3653/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3653/2020
10.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver