Məhkəmə qərarları › İş №2-1(112)-3655/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3655/2024

29.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3655/2024 29.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mənzillər üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mənzillər üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 3123-cü məhəllədə inşa edilmiş 19 mərtəbəli yaşayış binasının 19-cu mərtəbəsində ümumi sahəsi 110 kv.m olan 2 otaqlı, 1821 saylı, ümumi sahəsi 105 kv.m olan 2 otaqlı, 1821B saylı və ümumi sahəsi 50 kv.m olan 2 otaqlı, 1821C saylı mənzilləri "xxxx" MTK-dan 21 iyul 2022-ci il tarixdə bağlanmış müqavilələr əsasında əldə etmiş və MTK-ya həmin mənzillərə görə borcunun tam ödənilməsi barədə maliyyə arayışları almışdır. İddiaçı qeyd edilən mənzillər üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına ilə bağlı cavabdehə müraciət etmişdr. Lakin cavabdeh tərəfindən təqdim edilmiş 2 may 2023-ci il tarixli cavab məktubunda «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunnun 11.1-ci maddəsinə istinad edilmiş və bildirilmişdir ki, təqdim edilən mənzilin həmin yaşayış binasının 1821 saylı mənzilinin bölünməsindən yarandığı müəyyən edilmiş, 1821/B və 1821/C saylı mənzillər Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 211 saylı 8 noyabr 2019cu il tarixli icazə sənədində göstərilmiş mənzillərin ümumi sayı tərkibinə daxil deyildir. 1821 saylı mənzilə aid hissədə isə cavabdehin məktubunda qeyd edilmişdir ki, 1821 saylı mənzil 8 mənzilə bölünmüşdür. Bu səbəbdən də, mənzillərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Cavabdeh qeyd edilən cavab məktubunda bu məktubun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina edilməsini göstərsə də, faktiki olaraq məktubun məzmunundan aydın görünür ki, mənzillərim üzərində mülkiyyət hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alınması, reyestrdən çıxarışla rəsmiləşdirilməsi, reyestrdən çıxarışın verilməsini xahiş etmişəm, lakin cavabdeh müraciətinin müsbət həllindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqların pozulmasına səbəb olur. Belə ki, təqdim olunan sənədlərdən də görünür ki, iddiaçı "xxxx" MTK-dan 21 iyul 2022-ci il tarixdə bağlanmış müqavilələr və ödənilmiş pul vəsaitləri ilə əlaqədar verilmiş maliyyə araşyışları əsasında Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 3123-cü məhəllədə inşa edilmiş yaşayış binasının 19-ci mərtəbəsində ümumi sahəsi 110 kv.m olan 2 otaqlı, 1821 saylı, ümumi sahəsi 105 kv.m olan 2 otaqlı, 1821B saylı və ümumi sahəsi 50 kv.m olan 2 otaqlı, 1821C saylı mənzilləri əldə etmişdir. Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 3123-cü məhəllədə inşa edilmiş yaşayış binasının Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 211 saylı 8 noyabr 2019-cu il tarixli icazə sənədində göstərilmiş mənzillərin ümumi sayı tərkibinə daxil olmamasının qeyd edilməməsi onun (iddiaçının) mənzillər üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyatına alınması və reyestrdən çıxarışla rəsmiləşdirilməsindən imtina üçün əsas ola bilməz. Belə ki, iddiaçıya satılan mənzillər ayrılıqda binanın 1821 saylı mənzilinin bölünməsi kimi deyil, ayrıca olaraq ümumi sahəsi hər bir mənzilin ölçüsü və mənzil nömrəsi göstərilməklə ayrıca mənzillər kimi qeyd olunmuşdur. Başqa sözlə, hər bir mənzilin sanitar və digər kommunikasiyaları mövcuddur. Həmin mənzillər müvafiq sayğaclar quraşdırılaraq qaz, su və işıqla təchiz olunmuşdur. İddiaçı "xxxx" MTK-nın üzvü olmaqla faktiki olaraq oranın sakini sayılır, həmin mənzillərlə bağlı onunla MTK arasında kommunal xidmətlərə dair müvafiq qurumlarla da müqavilələr bağlanmışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Mülki Məcəlləsinin, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun müddəalarına əsaslanaraq, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 3123-cü məhəllədə inşa edilmiş yaşayış binasının 19-ci mərtəbəsində ümumi sahəsi 110 kv.m olan 2 otaqlı, 1821 saylı, ümumi sahəsi 105 kv.m olan 2 otaqlı, 1821B saylı və ümumi sahəsi 50 kv.m olan 2 otaqlı, 1821C saylı mənzillərin üzərində iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaya qarşı yazılı etirazında bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlarla bağlı 5 aprel 2023-cü il tarixli ərizələrlə İdarəyə müraciət etmiş və 2 may 2023-cü il tarixli məktublarla ona cavab verilmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçının təqdim etdiyi sözügedən mənzillərə dair "xxxx" MMC tərəfindən verilmiş müqavilə və maliyyə arayışı əsasında «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması nəzərdə tutulmamışdır. İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman 1821 saylı mənzilin daxilində rekonstruksiya işləri aparılmışdır. Belə ki, əmlakın 8 mənzilə bölündüyü və faktiki sahəsinin 75 kv.m olduğu müəyyən edilmişdir. İdarənin mütəxəssisləri tərəfindən 1821/B və 1821/C saylı mənzillərə texniki baxış keçirilən zaman qeyd olunan mənzilin 1821 saylı mənzilin bölünməsindən yarandığı və 1821/C mənzilin ümumi sahəsinin faktiki olaraq 51.9 kv.m, 1821/B saylı mənzilin faktiki ölçüsünün 76.8 kv.m olduğu müəyyən edilmişdir. 1821/B və 1821/C saylı mənzil Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ünvan 2 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 211 saylı 8 noyabr 2019cu il tarixli istismara icazə sənədində göstərilmiş mənzillərin ümumi say tərkibinə daxil deyildir. Göstərilələrə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8, 11.1, 23-cü maddələrinə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 təmsil etdiyi qurumun iddiaya qarşı yazılı etirazında göstərilənləri təsdiqlədi və əlavə olaraq bildirdi ki, maliyyə arayışı və müqavilə MTK tərəfindən deyil, MMC tərəfindən təsdiqlənmişdir. İddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 58.1-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan 21 iyul 2022-ci il tarixli müqavilədən görünür ki, İddiaçı (alıcı) mənzilin dəyərini tam ödənildikdən sonra "xxxx" MMC (satıcı) ünvan 3 ünvanında yerləşən 1821 saylı mənzili alıcıya təhvil verir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 21 iyul 2022-ci il tarixli maliyyə arayışında göstərilmişdir ki, ünvan 3 ünvanında yerləşən yaşayış binaları "xxxx" MMC-yə məxsusdur. Bina -1, blok 2, mərtəbə 19, 1821 saylı, ümumi sahəsi 110 kv.m olan 2 otaqlı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir. "xxxx" MMC-yə borcu yoxdur. İş materiallarında olan 21 iyul 2022-ci il tarixli müqavilədən görünür ki, İddiaçı (alıcı) mənzilin dəyərini tam ödənildikdən sonra "xxxx" MMC (satıcı) ünvan 3 ünvanında yerləşən 1821/B saylı mənzili alıcıya təhvil verir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 21 iyul 2022-ci il tarixli maliyyə arayışında göstərilmişdir ki, ünvan 3 ünvanında yerləşən yaşayış binaları "xxxx" MMC-yə məxsusdur. Bina -1, blok 2, mərtəbə 19, 1821/B saylı, ümumi sahəsi 105 kv.m olan 2 otaqlı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir. "xxxx" MMC-yə borcu yoxdur. İş materiallarında olan 21 iyul 2022-ci il tarixli müqavilədən görünür ki, İddiaçı (alıcı) mənzilin dəyərini tam ödənildikdən sonra "xxxx" MMC (satıcı) ünvan 3 ünvanında yerləşən 1821/C saylı mənzili alıcıya təhvil verir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 21 iyul 2022-ci il tarixli maliyyə arayışında göstərilmişdir ki, ünvan 3 ünvanında yerləşən yaşayış binaları "xxxx" MMC-yə məxsusdur. Bina -1, blok 2, mərtəbə 19, 1821/C saylı, ümumi sahəsi 50 kv.m olan 2 otaqlı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir. "xxxx" MMC-yə borcu yoxdur. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Binəqədi rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldlırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.1-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq daşınmaz əmlakın olduğu yer (Bakı şəhərinin Binəqədi rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə mövcud qanunvericiliyin aşağıdakı normalarını diqqətə çəkir: «İnzibati icraat haqqında» Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.6) mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); - (8.0.9) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: (8.0.9.2) çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Qanunvericiliyin sadalanan normalarına görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-cı maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməlidir. Nəzərə alınmalıdır ki, qanunvericilik mənzil-tikinti kooperativlərinə pay haqqını ödəməklə üzv qəbul olunmuş şəxslərin bu barədə ödəniş sənədini və MTK üzvlərinin yığıncağının müvafiq qərarını pay haqqının müqabilində yaşayış və (və ya) qeyri-yaşayış sahələrinə hüquqların qeydiyyatının aparılması üçün əsas kimi müəyyən etmişdir. Göründüyü kimi, iddiaçı mənzillərə pay haqqını həmin mənzillər olan müvafiq binanın məxsus olduğu quruma ("xxxx" MMC-yə) tam ödəməklə mənzillərə mülkiyyət hüququnu əldə etmişdir. Mülkiyyət hüququnun qeydiyyata alınması məsələsinə münasibətdə qeyd olunmalıdır ki, bununla bağlı imtina üçün əsaslar hazırkı iş üzrə mövcud deyil. Çünki, iddiaçı pay haqqını ödədiyindən və üzvlüyə qəbul edildiyindən, onun mənzillərə hüququnun qeydiyyata alınması üçün əsaslar mövcuddur. Cavabdehin imtinasında göstərilən dəlilə gəldikdə isə, məhkəmənin qənaəti belədir ki, müvafiq pay haqqı ödənilməklə mənzillərə iddiaçının mülkiyyət hüquqları yarandığından və qanunvericiliyin normaları da hazırkı hal üzrə bu hüquqların qeydiyyata alınmasına məhdudiyyət qoymadığından, xüsusilə də binanın istismarına şərtsiz qaydada icazə verildiyindən, imtinadakı “mənzillərin bölünməsi”, “sıralanmanın layihə ilə uyğun gəlməməsi” dəlilləri əsaslı qiymətləndirilə bilməz. Cavabdeh tərəfin məhkəmə icraatında gətirdiyi digər dəlilə (binanın sifarişçisinin MTK olmaması) gəldikdə isə, məhkəmənin qənaəti belədir ki, mənzillərə iddiaçının mülkiyyət hüququ yarandığından və qanunvericiliyin normaları da bu hüquqların reyestrdə dövlət qeydiyyatına alınmasını məhdudlaşdırmadığından, həmin dəlil əsaslı deyil. Çünki, bina inşa edən qurum kimi "xxxx" MMC-nin təşkilati-hüquqi formasının “mənzil-tikinti kooperaivi” və ya “məhdud məsuliyyətli cəmiyyəti” olması pay haqqı ödəmiş iddiaçıya münasibətdə fərq yaratmamalıdır. Nəzərə alınmalıdır ki, "xxxx" MMC-ya məxsus müvafiq binanın istismara qəbul olunması ilə bağlı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş elektron istismara icazə sənədində tikinti obyektinin adı və təyinatı ilə bağlı göstəricilər əks olunmuşdur. İstismara icazə sənədinin anlayışı Mənzil Məcəlləsinin 101.1-ci (Tikinti obyektinin istismarına icazənin məqsədi) maddəsində nəzərdə tutulmuşdur. Həmin maddənin normasına əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.6-cı maddəsinə əsasən, sifarişçi tikintiyə texniki və müəllif nəzarətinin həyata keçirilməsini təmin edir, tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) tikintisi başa çatdıqdan sonra onun istismarına icazə ilə bağlı müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma, reklam qurğusunun tikintisi başa çatdıqdan sonra onun istismarına icazə ilə bağlı müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma müraciət edir. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən, sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Məhkəmə qeyd edir ki, çoxmənzilli binanın tikintisinin son mərhələsi “istismara icazə” sənədinin verilməsi ilə rəsmiləşdirilir və qanunvericilik onun məqsədi baxımından “tikinti obyektinin istismarına icazənin verilməsi”ni tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun inşası və təyinatı üzrə istifadəsinin mümkünlüyünün təsdiqi kimi qiymətləndirir. Nəzərə alınmalıdır ki, mənzillərin yerləşdiyi binaya dair istismara icazə sənədi mövcud olduğundan, cavabdehin 1821 saylı mənzilin 8 mənzilə bölünməsi əsası ilə imtina etməsi qanunaziddir. Belə ki, aidiyyəti qurum binaya dair istismara icazə sənədini verərkən tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun inşa edildiyini və təyinatı üzrə istifadəsinin mümkünlüyünü təsdiq etmişdir. 1821 saylı mənzilin 8 mənzilə bölünməsi isə binanın istismara yararlı olmadığına və ya şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olmadığına dəlalət etmir. Başqa sözlə desək, bu halı mövcudluğu vəziyyəti iddiaçının ziyanına dəyişmir. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna ziddir və iddiaçı hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 3123-cü məhəllədə inşa edilmiş yaşayış binasının 19-ci mərtəbəsində ümumi sahəsi 110 kv.m olan 2 otaqlı, 1821 saylı, ümumi sahəsi 105 kv.m olan 2 otaqlı, 1821B saylı və ümumi sahəsi 50 kv.m olan 2 otaqlı, 1821C saylı mənzillərin üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 58.7, 69, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 3123-cü məhəllədə inşa edilmiş yaşayış binasının 19-ci mərtəbəsində ümumi sahəsi 110 kv.m olan 2 otaqlı, 1821 saylı, ümumi sahəsi 105 kv.m olan 2 otaqlı, 1821B saylı və ümumi sahəsi 50 kv.m olan 2 otaqlı, 1821C saylı mənzillərin üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar