Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3656/2021 29.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi ilə tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı «iddiaçıya məxsus nəqliyyat vasitəsinə dövlət qeydiyyat nişanının verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh AR DİN Baş X1 İdarəsinə «iddiaçıya məxsus nəqliyyat vasitəsinə dövlət qeydiyyat nişanının verilməsi» tələbini irəli sürərək Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası DİN Baş X1i İdarəsinə 6 iyul 2020-ci il tarixdə özünə məxsus avtomobilin (**-OM-*** dövlət qeydiyyat nişanlı) avtomobilini dövlət qeydiyyatına alınan zaman “99-**-099” dövlət qeydiyyat nişanının verilməsi ilə bağlı yazılı müraciət etmişdir. Onun həmin müraciətinə cavabdeh tərəfindən «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununa istinad edilməklə 22 iyul 2020-ci il tarixli 016-585667-3220 saylı məktubla formal cavab verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 dekabr 2013-cü il tarixli 345 nömrəli qərarı ilə «Nəqliyyat vasitələrinə rəqəmlərin və hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsi Qaydası» təsdiq olunmuşdur. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən avtonəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanı nəqliyyat vasitəsinin dövlət qeydiyyatına alınması zamanı verilir. Nəqliyyat vasitəsinin sahibi dövlət qeydiyyatı zamanı verilmiş dövlət qeydiyyatı nişanının rəqəm və hərf kombinasiyasının dəyişdirilməsi üçün müraciət edə bilər. Qaydanın 1.3-cü bəndə əsasən dövlət qeydiyyat nişanının verilməsi üçün nişanda əks olunan rəqəmlərin və hərflərin kombinasiyasına müvafiq olaraq «Dövlət rüsumu haqqında» AR Qanununun 18.65.6-cı maddəsi ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu almır. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən dövlət qeydiyyat nişanının verilməsi zamanı aşağıdakılar təmin olunmalıdır: (2.2.5) dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və hərflərin kombinasiyalarını xüsusi elektron terminallar, o cümlədən internet vasitəsilə sərbəst seçmək və sifariş etmək imkanı. Həmin Qaydanın 3.1-ci bəndinə əsasən avtonəqliyyat vasitəsinin dövlət qeydiyyatı üçün müraciət edən şəxs qeydiyyat-imtahan məntəqəsində yerləşdirilmiş xüsusi elektron terminal vasitəsilə dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasını sərbəst seçərək, onun üçün müəyyən edilmiş dövlət rüsumunu elə həmin terminal vasitəsilə ödəyir və terminalın avtomatik olaraq çap edib verdiyi seçilmiş rəqəm və hərf kombinasiyasını, ödənilmiş dövlət rüsumunun məbləğini və aparılmış əməliyyatın nömrəsini, həmçinin şəxsiyyət vəsiqəsinin nömrəsini əks etdirən qəbzi nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üçün tələb olunan sənədlərə əlavə edir. Qaydanın 3.2-ci bəndinə əsasən şəxs avtonəqliyyat vasitəsinin dövlət qeydiyyatı üçün internet vasitəsilə müraciət etdikdə, müraciət səhifəsində dövlət qeydiyyat qeydiyyatı nişanının rəqəm və hərf kombinasiyasını sərbəst seçərək, onun üçün müəyyən edilmiş dövlət rüsumunu elə həmin səhifədə ödəyir. Dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasının seçilməsi, onun üçün müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi avtomatik qeydiyyata almır və bu barədə şəxsin elektron poçt ünvanına məlumat göndərilməklə, əməliyyatın qeydiyyat nömrəsi internet səhifəsində əks olunur. Şəxs çap etdiyi həmin məlumatı nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üçün tələb olunan sənədlərə əlavə edir. Qaydanın 3.3-cü bəndinə əsasən avtonəqliyyat vasitəsinin sahibi dövlət qeydiyyatı zamanı verilmiş dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasının dəyişdirilməsi üçün qeydiyyat-imtahan məntəqəsinə və ya internet vasitəsilə müraciət edə bilər. Lakin qeyd olunan portal istifadəyə verilmədiyindən və internet üzərində bu cür şərait hələlik yaradılmadığından o (iddiaçı), DİN Baş X1i İdarəsinə kağız daşıyıcıda yazılı ərizə ilə müraciət etmişdir. Nəticədə ona nömrə verilməsi ilə bağlı deyil, 22 iyul 2020-ci il tarixli formal cavab göndərilmişdir. Odur ki, qeyd olunanları və dövlət rüsumunun ödənildiyini nəzərə alaraq, 6 iyul 2020-ci il tarixli ərizəyə əsasən ona “99-**-099” dövlət qeydiyyat nişanının verilməsi öhdəliyinin cavabdeh AR DİN Baş X1i İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. AR Nazirlər Kabinetinin 2013-cü il 20 dekabr tarixli 345 nömrəli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitələrinə rəqəmlərin və hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilmə Qaydası»nın 1.2-ci bəndinə görə avtonəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanı nəqliyyat vasitəsinin dövlət qeydiyyatına alınması zamanı verilir. Nəqliyyat vasitəsinin sahibi dövlət qeydiyyatı zamanı verilmiş dövlət qeydiyyatı nişanının rəqəm və hərf kombinasiyasının dəyişdirilməsi üçün müraciət edə bilər. Qaydanın 1.3-cü bəndinə görə dövlət qeydiyyat nişanının verilməsi üçün nişanda əks olunan rəqəmlərin və hərflərin kombinasiyasına müvafiq olaraq «Dövlət rüsumu haqqında» AR Qanununun 18.65.6-cı maddəsi ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu alınır. Qaydanın 2.1-ci bəndinə görə dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləği, mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatlar və elektron müraciətlərin qəbulu üçün xidmətlər AR DİN Baş X1i İdarəsinin internet səhifəsində yerləşdirilir. Mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatların öyrənilməsinə və dövlət rüsumunun ödənilməsinə imkan verən və istifadəsi sadə olan elektron avadanlıqlar həmin orqanın imtahan-qeydiyyat məntəqələrində quraşdırılır, habelə hər kəsin yaxşı görə biləcəyi yerlərdə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləğini əks etdirən lövhələr yerləşdirilir. Qaydanın 2.2-ci bəndinə görə dövlət qeydiyyat nişanının verilməsi zamanı aşağıdakılar təmin olunmalıdır: (2.2.1) dövlət qeydiyyat nişanının alınması ilə bağlı internet vasitəsilə elektron formada müraciət etmə imkanı və həmin şəxsin növbəsi barədə (tarix və vaxt göstərilməklə) eyni qaydada məlumatın verilməsi, (2.2.2) dövlət qeydiyyat nişanının verilməsi işinin elektron idarəetmə sistemi əsasında, növbələrin yaranmasını istisna edən şəraitdə, fasiləsiz və “bir pəncərə” prinsipi ilə təşkili, (2.2.3) dövlət qeydiyyat nişanının verilməsi ilə bağlı dövlət rüsumunun, habelə şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən inzibati cərimələrin yalnız bank, poçt, plastik kart və ya internet vasitəsilə ödənilməsi, bunun üçün texniki imkanların yaradılması, o cümlədən qeydiyyat-imtahan məntəqələrində ödənişləri qəbul edən xüsusi terminalların quraşdırılması, (2.2.3-1) AR İnzibati Xətalar Məcəlləsinin 57.1-57.4-cü və 97.4-cü maddələrində nəzərdə tutulmuş qaydada çatdırılması mümkün olmayan yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə sənədlərin çatdırılması, (2.2.4) dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləğinin, mövcud olan rəqəmlərin və hərflərin kombinasiyaları barədə məlumatların açıqlanması, (2.2.5) dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və hərflərin kombinasiyalarını xüsusi elektron terminallar, o cümlədən internet vasitəsilə sərbəst seçmək və sifariş etmək imkanı. Qaydanın 3.1-ci bəndnə görə avtonəqliyyat vasitəsinin dövlət qeydiyyatı üçün müraciət edən şəxs qeydiyyat-imtahan məntəqəsində yerləşdirilmiş xüsusi elektron terminal vasitəsilə dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasını sərbəst seçərək, onun üçün müəyyən edilmiş dövlət rüsumunu elə həmin terminal vasitəsilə ödəyir və terminalın avtomatik olaraq çap edib verdiyi seçilmiş rəqəm və hərf kombinasiyasını, ödənilmiş dövlət rüsumunun məbləğini və aparılmış əməliyyatın nömrəsini, həmçinin şəxsiyyət vəsiqəsinin nömrəsini əks etdirən qəbzi nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üçün tələb olunan sənədlərə əlavə edir. Qaydanın 3.2-ci bəndinə görə şəxs avtonəqliyyat vasitəsinin dövlət qeydiyyatı üçün internet vasitəsilə müraciət etdikdə, müraciət səhifəsində dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasını sərbəst seçərək, onun üçün müəyyən edilmiş dövlət rüsumunu elə həmin səhifədə ödəyir. Dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasının seçilməsi, onun üçün müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi avtomatik qeydiyyata alınır və bu barədə şəxsin elektron poçt ünvanına məlumat göndərilməklə, əməliyyatın qeydiyyat nömrəsi internet səhifəsində əks olunur. Şəxs çap etdiyi həmin məlumatı nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üçün tələb olunan sənədlərə əlavə edir. Qaydanın 3.3-cü bəndinə görə avtonəqliyyat vasitəsinin sahibi dövlət qeydiyyatı zamanı verilmiş dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasının dəyişdirilməsi üçün qeydiyyat-imtahan məntəqəsinə və ya internet vasitəsilə müraciət edə bilər. İş materiallarında olan AR DİN Baş X1i İdarəsinin İddiaçı ünvanlanmış 22 iyul 2020ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - Sizə (ərizəçi İddiaçı) məxsus “AUDİ Q7” markalı avtomobilə “99-**-099” dövlət qeydiyyat nişanının təhkim edilməsi ilə bağlı DİN Baş X1i İdarəsinə ünvanlanmış müraciətə baxılmışdır. «Dövlət rüsumu haqqında» AR Qanununun 18.65.6.1-ci maddəsindəki cədvəldə göstərilən dövlət qeydiyyat nişanlarında əks olunmuş hərf və rəqəmlərin kombinasiyasından ibarət mövcud dövlət qeydiyyat nişanları vətəndaşların seçimi əsasında müvafiq qaydada nəqliyyat vasitələrinə təhkim edilir. Həmin Qanunun 18.65.6.2-ci maddəsində göstərilən digər dövlət qeydiyyat nişanları isə, yəni qeyd olunan “099” dövlət qeydiyyat nişanları nəqliyyat vasitələrinə xronoloji ardıcıllıq qaydasında (sıra ardıcıllığı, rəqəm ardıcıllığı) təhkim edilir. Göründüyü kimi, mövcud qanunvericilik normaları nəqliiyyat vasitələrinin sahiblərinə onlara verilən dövlət qeydiyyat nişanlarının bununla bağlı müəyyən edilmiş dövlət rüsumunu ödəməklə rəqəm və hərf kombinasiyasını sərbəst seçmək hüququnu nəzərdə tutur. Məhkəmə qeyd edir ki, həmin məsələ üzrə proseduru tənzimləyən qaydaların müddəaları təmin olunmalı mərhələlərin sırasına mövcud olan rəqəmlərin və hərflərin kombinasiyaları barədə məlumatların açıqlanmasını da daxil etmişdir. Lakin hazırkı işin hallarına görə, iddiaçının arzuladığı rəqəm kombinasiyasının (hərf kombinasiyası seçilməmişdir) mövcudluğu barədə rəsmi məlumat açıqlanmadığı halda, iddiaçı ona məxsus nəqliyyat vastəsinə müvafiq seçim etdiyi dövlət qeydiyyat nişanının verilməsini tələb edir. Belə məlumatın açıqlanmamasının təkcə hazırkı iddiaçının deyil, digər nəqliyyat vasitələri sahiblərinin də maraqları daxilində olması az ehtimallı olmadığından, dövlət qeydiyyat nişanlarının cavabdeh inzibati orqandakı mövcud inzibati praktika üzrə xronoloji ardıcıllıqla (sıra ardıcıllığı, rəqəm ardıcıllığı) təhkim edilməsi qanunvericiliyə, o cümlədən “İnzibati icraat haqqında” AR Qanununun 13, 17-ci maddələrinə zidd sayıla bilməz. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı «iddiaçıya məxsus nəqliyyat vasitəsinə dövlət qeydiyyat nişanının verilməsi» tələbinə dair iddiası əsaslı olmadığından, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 62, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı «iddiaçıya məxsus nəqliyyat vasitəsinə dövlət qeydiyyat nişanının verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-3656/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3656/2021
29.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver