Məhkəmə qərarları › İş №2-1(112)-3659/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3659/2021

30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3659/2021 30.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “aylıq 190 AZN müavinətin verilməsi” barədə iddia tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Covid-19 pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydasının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 08 aprel tarixli, 127 nömrəli qərarına uyğun olaraq 5 ay müddətində almadığı 190 AZN birdəfəlik ödəmənin ümumilikdə 950 AZN məbləğin ona verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o 01.03.2020-ci il tarixdən işsizdir. 190 AZN birdəfəlik ödəmə üçün müraciət edərək qeydiyyatdan keçsə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ona 29.04.2020-ci ildə imtina gələrək aztəminatlılıq meyarına uyğun gəlmədiyini, ərinin adında nəqliyyat vasitəsi aşkarlandığı bildirilmişdir. İddiaçı 12.01.2011-ci ildən boşandığını və bununla bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142” çağrı mərkəzinə dəfələrlə zəng edərək şikayət etdiyini bildirmişdir. Şikayətlərlə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 5 saylı Ərazi Məşğulluq filialından ona göndərilmiş məktubda həyat yoldaşının mülkiyyətində nəqliyyat vasitəsi olduğuna görə ona 190 manat birdəfəlik ödəmənin təyin edilmədiyi bildirilmişdir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X6 məhkəməyə təqdim etdiyi iddia ərizəsinə dair etirazda göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmin qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və sözügedən Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin həmin Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, iqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılmışdır. Beləliklə, iddiaçı 10.04.2020-ci tarixində MAS-da işsiz kimi deyil, İşaxtaran kimi qeydiyyatdan keçmişdir. Belə olan halda iddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatdan keçməməsi səbəbindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın tətbiqi mümkün olmamışdır. Həmçinin Ədliyyə Nazirliyinin informasiya ehtiyyatlarından MAS-a inteqrasiya olunmuş məlumatda iddiaçının evli olduğu və ərinin mülkiyyətində avtomobil olduğu aşkarlanmışdır. Qeyd olunan səbələrdən iddiaçının birdəfəlik ödəməni almaq hüququ yaranmamış və buna görə birdəfəlik ödəmənin ödənilməsindən imtina olunmuşdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq İddiaçı cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “koronavirus (COVİD- 19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar aylıq (5 ay) 190 manat məbləğində birdəfəlik ödəmə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddianın rədd edilməsilə bağlı qərar qəbul ediməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarında olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 5 saylı ərazi Məşğulluq Mərkəzi filialından daxil olmuş 09 sentyabr 2020-ci il tarixli **********2 nömrəli İddiaçı ünvanlanmış cavab məktubunun surətindən görünür ki, Daxili İşlər Nazirliyinin müvafiq informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən İddiaçı həyat yoldaşının mülkiyyətində nəqliyyat vasitəsi olduğuna görə ona 190 manat birdəfəlik ödəmə təyin edilməmişdir. AZ-İ seriyalı 124017 03.05.2011-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə İddiaçı arasındakı nikah ləğv edilmiş, bu 2011-ci ilin yanvar ayının 12-də nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında qeyd edilmişdir. Bundan əlavə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən daxil olmuş sorğuya cavab məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən İddiaçı 11.07.2002-ci ildə Bakı şəhəri, Binəqədi rayonu qeydiyyat şöbəsində 18.08.1992-ci il təvəllüdlü X2 ilə nikaha daxil olduğu və nikahın pozulmasının Xətai rayon məhkəməsinin 13.12.2010-cu il tarixli, 2(011)-2668/2010 nömrəli qətnaməsinə əsasən 12.01.2011-ci ildə həmin rayonun qeydiyyat şöbəsində dövlət qeydiyyatına alındığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Alt Sistemi tərəfindən daxil olmuş müraciət vərəqəsindən görünür ki, İddiaçı 10.04.2020-ci il tarixdən işaxtaran (işi və qazancı olan şəxs) qeydiyyata alınmışdır. Beləliklə, Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, Covid-19 pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydasının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 08 aprel tarixli, 127 nömrəli qərarına uyğun olaraq 5 ay müddətində almadığı 190 AZN birdəfəlik ödəmənin ümumilikdə 950 AZN məbləğin ona verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. İşin mübahisələndirilən halı odur ki, iddiaçı cavabdeh tərəfindən imtina məktubunu mübahisələndirərək (hazırki halda elektron SMS-i), onun hazırda nikahda olmaması, nikahının 2011-ci ildə ləğv edilməsini və cavabdehin imtinasının əsassız olmasını bildirir. Cavabdeh isə iddiaçının X3 işsiz kimi deyil, işaxtaran (içi və qazancı olan şəxs) kimi qeyd edilməsi, həmçinin, Ədliyyə Nazirliyinin informasiya ehtiyyatlarından MAS-a inteqrasiya olunmuş məlumatda evli olduğu və ərinin mülkiyyətində avtomobil olması səbəbindən imtinanın əsaslı olduğunu qeyd edir. İşin araşdırılmış hallarından göründüyü kimi cavabdehin 2 imtina əsası var. 1) İddiaçının işsiz kimi qeydiyyatdan keçməməsi 2) ərinin mülkiyyətində avtomobil olması. Məhkəmə ilk öncə ikinci imtina əsasına qiymət verərək bildirir ki, iş üzrə araşdırma zamanı müəyyən edildi ki, iddiaçının nikahı 2011-ci ildən pozulmuşdur. Həmin vaxtdan sonra da nikaha daxil olmamışdır. Belə olan halda cavabdehin bu imtinası əsassız sayılmalıdır. Məhkəmə həmçinin, bildirir ki, cavabdehin birinci imtina əsası-işsiz kimi qeydiyyata alınmaması iddiaçıya sözügedən birdəfəlik ödəmənin verilməsini istisna edir. Belə ki, “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarının 1.1-ci, 1.2-ci və 1.4-cü maddələrinə əsasən, koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir. Birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Həmin Qərarın 2.1-ci bəndinə əsasən, birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Həmin Qərarın 2.3-cü bəndinə əsasən, Dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə (2.3.1); əmək pensiyaçılarına (2.3.2); aylıq müavinət alanlara (2.3.3.); aylıq təqaüd alanlara(2.3.4); özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə(2.3.5); işsizlikdən sığorta ödənişi alanlara (2.3.6); peşə hazırlığına görə təqaüd alanlara (2.3.7); 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə(2.3.8); əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara(2.3.9); əri və ya arvadı bu Qaydanın 2.3.1-ci - 2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə (2.3.10). “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunun 1.1.6-cı maddəsinə əsasən, işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs işsiz şəxs hesab olunur. Göründüyü kimi, koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejimi tətbiq olunduğu zaman, işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi həyata keçirilirdi. Lakin, işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi üçün onlar müvafiq meyarlara uyğun olmalıdırlar. Nəzərə alsaq ki, bunun ilə bağlı Nazirlər Kabineti tərəfindən 07 aprel 2020-ci il tarixdə Qərar qəbul edilmiş, sonradan 25 aprel 2020-ci il tarixli Qərarla həmin Qərara dəyişiklik edilmiş, işsiz kimi qeydiyyatda olan, lakin səciyyəvi xüsuslara malik olan şəxslərə həmin birdəfəlik ödəmənin nəzərdə tutulması müəyyən edilmişdir. Hazırki iddia üzrə birdəfəlik ödəmənin imtinasının əsası odur ki, iddiaçı işsiz (Məğulluq haqqında qanunun 1.1.6 cı maddəsi- işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qrumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs) kimi deyil, işaxtaran (Məğulluq haqqında qanunun 1.1.7-cı maddəsi- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda ) münasib iş üçün və bu qanunda nəzərdə tutlmuş hallarda aktiv məşğulluq tədbirləri ilə bağlı müraciət edən şəxs ) kimi qeydiyyata alınmışdır. Belə olan halda, Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın hər hansı bir qanunazidd hərəkəti olmamış və haqlı olaraq iddiaçının müraciətinə imtina edilmişdir. Bu səbəbdən Məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir (52-ci maddə). Bütün qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “aylıq 190 manat müavinətin verilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddiaçı iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar