Məhkəmə qərarları › İş №2-1(112)-3659/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3659/2024

27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3659/2024 27.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçıların nümayəndəsi X3, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı “aylıq müavinətin yenidən verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək aylıq müavinətlərin yenidən vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən təqdim olunan aylıq müavinat alan məcburi köçkünlərin sayı barədə 2022-ci il noyabr ayı üzrə hesabat Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən dürüstləşdirlərək İddiaçı1, İddiaçı2 adının adlarının müvafiq hesabata daxil edilib Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. İddiaçılar Cəbrayıl rayonundan məcburi köçkündürlər. Özü və ailə üzvləri dövlət tərəfindən müəyyən edilən vaxtdan aylıq müavinət aylıq alırlar. İddiaçı1 və İddiaçı2 dövlət qulluğunun xüsusi növündə çalışdıqları əsas gətirilərək vahid aylıq müavinətləri dayandırılmışdır. İddiaçı1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətinin Bakı Şəhəri Suraxanı Rayon Dövlət X1 28 X2 yanğın söndürmə növbəsinin yanğınsöndürəni vəzifəsində xidmət edir və onun hərbi qulluqçu və xüsusi xidmət statusum yoxdur. Bu Fakt AR FHN X7 Xidmətinin Suraxanı Rayon Dövlət X1 verdiyi arayışla təsdiq edilir. İddiaçı2 AR FHN X7 Xidmətinin Azərbaycan Respublikası dövlət neft şirkətinin obyektləri üzrə yanğından mühafizə idarəsinin 54 nömrəli X1 37 nömrəli yanğından mühafizə bölməsinin yanğın söndürmə növbəsinin yanğınsöndürəni vəzifəsində xidmət edir və onun hərbi qulluqçu statusu yoxdur. Bu fakt da AR FHN X7 Xidmətinin Azərbaycan Respublikası dövlət neft şirkətinin obyektləri üzrə yanğından mühafizə idarəsinin verdiyi arayışla təsdiq edilir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 ataları X8 ərizə ilə Azərbaycan Respublikasının Baş nazirinə müraciət edərək, vahid aylıq müavinətin bərpa olunmasına kömək göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən X4 müraciəti baxılması üçün Komitəyə göndərilmişdir. X3 müraciəti “Məcburi köçkünləri və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin verilməsi Qaydası” nın tələblərinə uyğun olaraq baxılması üçün Cəbrayıl Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”na əsasən həyata keçirilir. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən, vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar. Həmin Qaydanın 3.1-ci bəndinə əsasən, əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasınin Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər. Qaydanın 3.5-ci bəndinə əsasən, əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın tələblərinə əsasən, Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi, məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi ilə bağlı işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən hazırlanan adlı siyahıların hazırlanmasına, həmçinin həmin siyahıların dəqiqliyinə və düzgünlüyünə görə heç bir cavabdehlik daşımır. Qaydanın tələblərindən göründüyü kimi, vahid aylıq müavinətin verilməsi ilə bağlı hazırlanan siyahıların dəqiqliyinə və düzgünlüyünə, müavinət almalı olan şəxslərin həmin siyahılara daxil edilməsi və ya çıxarılmasına görə işğal olunmuş rayonların icra hakimiyyətləri cavabdehlik daşıyırlar. Müvafiq iddia tələbi üzrə cavabdeh qismində Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi deyil, aidiyyəti rayon icra hakimiyyəti çıxış edir. Bununla yanaşı bildirilir ki, Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya vahid aylıq müavinətin verilməsinin dayandırılması tam əsaslı və qanunvericiliyin tələbinə uyğun olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.12-ci bəndinə əsasən, dövlət qulluğunun xüsusi növündə xidmət (qulluq) edən məcburi köçkünlərə vahid aylıq müavinət şamil olunmur. İddiaçılar tərəfindən təqdim olunmuş sənədlərdən məlum olur ki, İddiaçı2 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətinin Azərbaycan Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin 54 nömrəli X1 37 nömrəli Yanğından mühafizə bölməsinin yanğınsöndürmə növbəsinin yanğınsöndürəni vəzifəsində xidmət edir. Həmçinin digər İddiaçı1 isə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətinin Bakı şəhəri Suraxanı rayon Dövlət X1 28 X2 yanğınsöndürmə növbəsinin yanğınsöndürəni vəzifəsində xidmət edir. Göründüyü kimi iddiaçılardan hər ikisi hazırda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətində yanğınsöndürən vəzifəsində çalışdıqlarından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.12-ci bəndinin tələblərinə uyğun olaraq onlara vahid aylıq müavinət ödənilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən bildiririk ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 vahid aylıq müavinətin bərpa edilməsi tələbinə dair iddia tələbi məhkəmə tərəfindən təmin edilməməlidir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-15910/2023 nömrəli qərardadı ilə Cəbrayıl rayon İcra Hakimiyyəti adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş 21.08..2013-cü il tarixli AA seriyalı 297571 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, xx.xx.1995-ci il təvəllüdlü Qabilli X9 rayonundan məcburi köçkündür. İş materiallarına əlavə edilmiş 21.08..2013-cü il tarixli AA seriyalı 297572 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, xx.xx.1997-ci il təvəllüdlü İddiaçı2 Cəbrayıl rayonundan məcburi köçkündür. - Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X7 Xidmətinin məktubundan görünür ki, “Daxili xidmət çavuşu İddiaçı1 xx.xx.2017-ci il tarixindən hal-hazıradək Bakı şəhəri Suraxanı rayon Dövlət X1 28 nömrəli Yanğından mühafizə bölməsinin yanğınsöndürəni vəzifəsində xidmət edir. İddiaçı2 xx.xx.2018-ci ildən xx.xx.2024-cü ilədək ADNŞO üzrə Yanğından mühafizə idarəsinin 54 nömrəli X1 37 nömrəli Yanğından mühafizə bölməsinin yanğınsöndürəni vəzifəsində xidmət etmişdir. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanunun 1.1-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarında xidmət müvafiq icra hakimiiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respubliksı vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Məhkəmənin sorğusuna cavab olaraq Cəbrayıl Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-40/2-371/2024 nömrəli məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi qaydası”nın 2.12-ci bəndinə əsasən dövlət qulluğunun xüsusi növündə xidmət (qulluq) edən məcburi köçkünlərə vahid aylıq müavinət verilmir. İddiaçı1 və İddiaçı2 dövlət qulluğunun xüsusi növündə xidmət etdikləri üçün onlara verilən vahid aylıq müavinət Qaydanın müafiq bəndinə əsasən dayandırılmışdır. Məlumat üçün bildiririk ki, İddiaçı2 işdən azad olunması barədə əmri, şəxsiyyət və məcburi köçkün vəsiqələrini 2024-cü ilin fevral ayı Cəbrayıl Rayon İcra Hakimiyyətinə təqdim etdikdən sonra onun vahid aylıq müavinəti bərpa edilmişdir. İddiaçı1 isə hazırda dövlət qulluğunun xüsusi növündə xidmət etdiyi üçün onun vahid aylıq müavinətinin bərpası Qaydaya əsasən mümkün deyildir. Məhkəmənin sorğusuna cavab olaraq Cəbrayıl Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-40/2-596/2024 nömrəli məktubunda qeyd olunur ki, vahid aylıq müavinətin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi və ərazisi işğaldan azad edilmiş yerli rayon icra hakimiyyətləri ilə birgə həyata keçirilir. Belə ki, qəbul olunmuş qaydaya əsasən Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri tərəfindən hazırlanmış aylıq hesabatlar rayon icra hakimiyyətində ümumiləşdirilərək Dövlətqaçqınkoma təqdim edilir. Komitədə fəaliyyət göstərən Komissiya təqdim edilmiş hesabata baxış keçirir, sənədlərin qaydaya uyğunluğunu yoxlayır və qərar qəbul edir. Bundan sonra komitə rayon icra hakimiyyətinə müavinət alanların sayına görə maliyyə vəsaiti açır. Açılan vəsait tərəfimizdən məcburi köçkünlərin şəxsi kart hesablarına köçürürülür. Qeyd edilən qaydanın müxtəlif bəndləri üzrə vahid aylıq müavinətin verilməsi nəzərdə tutulmayan şəxslər aşkar edildiyi halda onların müavinəti rayon icra hakimiyyəti tərəfindən dayandırılır. Belə şəxslər tərəfimizdən aşkar edilə bilinmədiyi halda belə Komitə siyahılarda vaxtaşırı araşdırma aparır və müxtəlif dövlət orqanlarından belə şəxslərin siyahısını alaraq onların vahid aylıq müavinətlərinin dayandırılması üçün rayon icra hakimiyyətlərinə göndərir. Vahid aylıq müavinətin verilməsini tənzimləyən qaydanın 2.12-ci bəndinə əsasən dövlət qulluğunun xüsusi növündə xidmət (qulluq) edən məcburi köçkünlərə vahid aylıq müavinət verilmir. Cəbrayıl rayonu üzrə Dövlət qulluğunun xüsusi növündə qulluq edən məcburi köçkünlərin o cümlədən də İddiaçı1 vahid aylıq müavinəti mövcud qaydanın 2.12-ci bəndinə əsasən dayandırılmışdır. Vahid aylıq müavinətinin dayandırılması səbəbi ona dəfələrlə izah edilmişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə münasibətdə mümkün sayılmamalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Eyni Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Eyni Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 04 saylı Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırkı iddiaçılar məcburi köçkünlər üçün vahid aylıq müavinətin bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmasını tələb etsələr də Komitənin iddia üzrə iddiaçıların hüquqlarını pozan hərəkəti (və ya hərəkətsizliyi) müəyyən olunmur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın: -3-cü bəndinə əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün verilən aylıq müavinətin ödənilməsinin ümumi qaydaları aşağıdakılardır: 3.1. əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasınin Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər; 3.2. əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları və Komitə aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısından ibarət informasiya sisteminin “Elektron hökumət” portalında yerləşdirilməsini və müntəzəm olaraq yeniləşdirilməsini təmin edirlər; 3.3. aylıq müavinət alan məcburi köçkünlərin illik adlı siyahıları təsərrüfatbaşına uçot sənədlərinə əsasən təqdim olunmuş şəxsiyyəti təsdiq edən sənədlər əsasında həyata keçirilir; 3.4. aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar; 3.5. əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir; 3.6. əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri iki iş günü müddətində daxil olmuş vəsaitin müvəkkil bankın filiallarına köçürülməsini təmin edir və bu barədə Komitəyə rəsmi məlumat verir; 3.7. məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə verilən aylıq müavinətin ödənilməsi üçün müvəkkil bank Komitə tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən edilir. -4-cü bəndinə görə məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə verilən aylıq müavinət əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən onların müvəqqəti məskunlaşdıqları ərazilər üzrə ayrı-ayrılıqda müvəkkil bankın filiallarına təsdiq edilmiş adlı siyahılar əsasında ödənilir. Filial müavinətin ödənilməsi üçün daxil olmuş vəsaiti məcburi köçkünlərə ödəniş kartları vasitəsilə ödəyir. Sadalanan normalardan müəyyən olunur ki, əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları tərəfindən vahid aylıq müavinətin veriləcəyi məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin illik ümumi adlı siyahısı və müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatı tərtib edilir və Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə göndərilir. Komitə təqdim olunmuş hesabatları dürüstləşdirdikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edir və bundan sonra Maliyyə Nazirliyi aldığı sifarişə uyğun olaraq bu məqsəd üçün vəsait ayırır və həmin vəsaiti əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir. Göründüyü kimi vahid aylıq müavinətin verilməsi ilə bağlı birinci mərhələ əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının vahid aylıq müavinətin veriləcəyi məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin illik ümumi adlı siyahısı və müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatı tərtib edərək Komitəyə təqdim etməsi, sonrakı mərhələ isə Komitənin təqdim edilmiş siyahıya uyğun olaraq Maliyyə Nazirliyinə sifariş verməsi və Maliyyə Nazirliyi tərəfindən müvafiq vəsait icra hakimiyyəti orqanlarının xəzinə hesabına köçürüldükdən sonra daxil olmuş vəsaitin müvəkkil bankın filiallarına köçürülməsidir. İşin hallarından görünür ki, hər iki iddiaçı Cəbrayıl rayonundan məcburi köçkündürlər. İddiaçıların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi qaydası”nın 2.12-ci bəndinə əsasən ilkin olaraq məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi dayandırılmışdır. İddiaçı2 vahid aylıq müavinəti işdən çıxması ilə əlaqədar bərpa edilmiş, başqa sözlə həmin şəxsə münasibətdə inzibati mübahisə artıq mövcud deyildir. İddiaçı1 münasibətdə isə iddia tələbi cavabdeh qismində qoyulmuş Komitəyə münasibətdə mümkün sayılmır. İşin yuxarıda sadalanan hallarından da müəyyən olunur ki, Cəbrayıl rayon İcra Hakimiyyəti məhkəmə sorğularına verdiyi cavablarda da qeyd etmişdir ki, İddiaçı2 işdən azad olunması barədə əmri, şəxsiyyət və məcburi köçkün vəsiqələrini 2024-cü ilin fevral ayı Cəbrayıl Rayon İcra Hakimiyyətinə təqdim etdikdən sonra onun vahid aylıq müavinəti bərpa edilmiş, İddiaçı1 vahid aylıq müavinəti isə mövcud qaydanın 2.12-ci bəndinə əsasən dayandırılmış və ona dayandırılma səbəbi barədə izalar verilmişdir. Göründüyü kimi Cəbrayıl Rayon İcra Hakimiyyəti vahid aylıq müavinətin verilməsi ilə bağlı “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi” Qaydası ilə müəyyən edilmiş səlahiyyətlərindən çıxış edərək vahid aylıq müavinət alanların sayını azaltmış, iddiaçıların adlarını vahid aylıq müavinət alacaq şəxslərin siyahısından çıxarmış, müavinət alacaq şəxslərin yenilənmiş adlı siyahısı Komitəyə təqdim edilmiş, bundan sonra iddiaçılara hər ay ödənilmiş aylıq müavinətlərin ödənilməsi dayandırılmışdır. Beləliklə, iddiaçıların müavinətlərinin dayandırılmasına səbəb bilavasitə iddiaçıların müavinət alacaq şəxslərin siyahısında adlarının qeyd edilməməsidir. Məhkəmənin qənaətinə görə müavinət alacaq şəxslərin siyahısının tərtib edilməsi bilavasitə Cəbrayıl Rayon İcra Hakimiyyətinin səlahiyyətinə aid olduğundan, iddiaçıların adlarının həmin siyahıdan çıxarılmaları və ya həmin siyahıya yenidən daxil edilmələri ilə bağlı səlahiyyət də Komitəyə deyil, məhz Cəbrayıl Rayon İcra Hakimiyyətinə aiddir. Nəzərə alınmalıdır ki, iddiaçıların da adlarının olduğu siyahı Komitəyə təqdim edildikdən sonra Komitə təqdim olunmuş siyahı üzrə vəsaitin ödənilməsi barədə Maliyyə Nazirliyinə müvafiq sifariş verə bilər. Belə bir siyahı təqdim edilmədən isə iddiaçılara müavinətin verilməsinin bərpa edilməsi mümkün deyildir. Komitə isə hazırkı mərhələdə müavinət alacaq şəxslərin adlı siyahının tərtibində məsul orqan deyildir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan normanın tələbinə əsasən iddia o zaman mümkün sayılır ki, iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqanın qərar, hərəkət və ya hərəkətsizliyi nəticəsində pozulsun və iddiaçı cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən həmin hərəkətlərin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutları iddia verilərkən təqdim etsin. Beləliklə, hazırkı halda cavabdeh qismində qoyulmuş Komitənin inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə iddiaçının hüquq və qanunla qorunan mənafeləri pozulmadığından ona qarşı yönəlmiş qeyd edilən iddia tələbi mümkün hesab edilə bilməz. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı “aylıq müavinətin yenidən verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar