Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-366/2025 30.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Leyla Afiq qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər X4 və Uçotunun Təşkili Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin onun riskli vergi ödəyicisi hesab olunaraq riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi barədə olan xx.xx.2023-cü il tarixli **********568700 qeydiyyat nömrəli qərarın, xx.xx.2023-cü il tarixli **********604900 qeydiyyat nömrəli bildirişlə (№**********3) 2022-ci il bəyannamə və hesabat dövrü üzrə dövlət büdcəsinə ümumilikdə 8655 (səkkiz min altı yüz əlli beş) manat 59 qəpik vergi borcunun, o cümlədən 628 manat 86 qəpik faizlər üzrə borcun ödənilməsinə dair tələbin, 24868 (iyirmi dörd min səkkiz yüz altmış səkkiz) manat 04 qəpik məbləğində əlavə vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********589400 nömrəli qərarın, xx.xx.2023-cü il tarixli **********589400 qeydiyyat nömrəli bildirişlə (№**********2) 32778 (otuz iki min yeddi yüz yetmiş səkkiz) manat 88 qəpik, o cümlədən faizlər üzlə 1718 manat 67 qəpik faizlər üzrə borcun ödənilməsənə dair tələbin, “Hesabatın müəyyən edilmiş müddətdə verilməməsinə görə” ona qarşı 40.0 (qırx) manat maliyyə sanksiyası tətbiq edilməsi barədə olan xx.xx.2023-cü il tarixli **********068700 nömrəli qərarın, xx.xx.2023-cü il tarixli **********330200 qeydiyyat nömrəli bildirişlə (№ **********7) 33299 (otuz üç min iki yüz doxsan doqquz) manat 97 qəpik, o cümlədən, 40.00 manat maliyyə sanksiyaları üzrə, 2199 manat 76 qəpik faizlər üzrə borcun ödənilməsənə dair tələbin, 873 (səkkiz yüz yetmiş üç) manat 61 qəpik məbləğində əlavə vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********931400 nömrəli qərarın, 3.06.2023-cü il tarixli **********135600 qeydiyyat nömrəli bildirişlə (№**********4) 34,674 manat 42 qəpik, o cümlədən 40.00 manat maliyyə sanksiyaları üzrə, 2700 manat 60 qəpik faizlər üzrə borcun ödənilməsənə dair tələbin və bu tarixdən sonra hesablanmış əlavə faiz borclarının tutulmasına dair qərarlar və tələblərin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, Aparatın rəhbəri baş vergi xidməti müşaviri X2 xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı riskli vergi ödəyicisi hesab olunaraq riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Həmin qərarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1, 3.1.1 yarımbəndinə uyğun olaraq iddiaçının əməlində risk meyarı (meyarları) müəyyən edildiyi iddia olunur ki, bu da həqiqətə uyğun deyil. İddiaçı belə əməliyyatlara yol verməmişdir. Belə ki, iddiaçının aldığı mallarla satdığı mallar arasında çeşid fərqi olmayıb. Təqdim olunan elektron qaimə-fakturalarda aldığı mal çeşidlərindən fərqli mal çeşidlərini göstərməmişdir. Vergi xidməti tərəfindən belə bir fakt müəyyən edilməyib. Buna baxmayaraq, Vergi Xidmətinin iddiaçıya qarşı olan qeyri-obyektiv münasibəti davam etdirilir, əsassız vergi borcları, faizlər və s. ödəmələr hesablanır. İddiaçının vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə şikayət vermək imkanının qarşısını almaq, yaxud məhdudlaşdırmaq məqsədilə müxtəlif qanunsuz üsullara yol verilir, Azərbaycan Respublikasının Konstitusiyasının, Vergi Məcəlləsinin və digər müvafiq normativ hüquqi aktların tələblərinə zidd olaraq, aparılmış kameral yoxlamaların məzmunu və mahiyyəti barədə iddiaçıya məlumat verilmir, qəbul olmuş qərarlar lazımınca əsaslandırılmır, onlar qanunla müəyyən olunmuş formada və qaydada iddiaçıya vaxtında təqdim olunmur, müvafiq müddətləri gözləmədən faizlər hesablanır. Qeyd olunanlara əsaslanaraq iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli **********819000 nömrəli məktubuna əlavə olunmuş vəsatətdə qeyd edilmişdir ki, İqtisadiyyat nazirinin 28 dekabr 2021-ci il tarixli F- 177 nömrəli və 22 avqust 2023-cü il tarixli 3-21/3-1-F-13172023 nömrəli əmrlərində dəyişiklik edilməsi haqqında 27 dekabr 2023-cü il tarixli 3-21/3-1-F- 187/2023 nömrəli Əmrin 1.2-ci bəndinə əsasən Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin adı dəyişdirilərək Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsi kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Eyni zamanda, adıçəkilən Plenum qərarının 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələr tərəfindən İnzibati-Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qeyd olunmalıdır ki, iddiaçı tərəfindən yuxarıda qeyd olunan qərarların ləğv edilməsi ilə bağlı iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. İddiaçının mübahisələndirdiyi vergi orqanı tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********568700 nömrəli qərar xx.xx.2023-cü il tarixdə iddiaçının elektron kabinetinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə saat 10:51:48-də, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********589400 nömrəli qərar xx.xx.2023-cü il tarixdə iddiaçının elektron kabinetinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə saat 13:09:11-də, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********931400 nömrəli qərar xx.xx.2023-cü il tarixdə iddiaçının elektron kabinetinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə saat 21:21:52-də iddiaçı tərəfindən oxunmuşdur. İddiaçı isə sözügedən qərarların ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Vergi Məcəlləsinin 70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə - poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 iş günü keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Vergi Məcəlləsinin 70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: (70.2-1.1.) vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə şəxsən verildiyi gün; (70.2-1.2.) poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə - poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; (70.2-1.3.) elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. (70.2-2.) Sənədlər (onların surətləri) bu Məcəllənin 70.2-1.1-ci maddəsinə əsasən şəxsən verildikdə, vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Həmin Məcəllənin 70.3-cü maddəsinə əssasən vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlər öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə və vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə, həmin sənədlər etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz: Yuxarıda sadalanan hallar iddiaçı tərəfindən iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddətin ötürülməsi faktını təsdiqləyir. Həmçinin qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli Qərarına əsasən, mübahisələndirmə haqqında iddia ümümi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia ərizəsində öz əksini tapan xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli bildirişlərin borc bildirişlərinin ləğvinə münasibətdə isə bildirmək istəyirik ki, iddiaçı “Vergi borcunun ödənilməsinə dair” bildirişləri mübahisələndirməklə prosessual pozuntuya yol vermişdir. Belə ki, sözügedən bildirişlər əslində iddiaçı üçün heç bir hüquqi nəticə yaratmır və özlüyündə hüquqmüəyyənedici sənəd olmamaqla sadəcə məsuliyyət müəyyən edən qərarın icrasını təmin etmək məqsədi daşıyır. Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli **********043600 saylı əmri ilə təsdiq edilmiş "Vergilər, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış borcların alınmasına dair’’ Qaydaların 2.1-ci bəndinə əsasən "Hesablanmış vergilər, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları, faizlər, habelə tətbiq edilmiş maliyyə sanksiyaları qanunvericiliklə müəyyən edilmiş müddətdə ödənilmədikdə dövlət büdcəsinə, "Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsində, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 15-11-ci maddəsində və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində nəzərdə tutulan fondlara borclar yaranır ki, onların da vergi orqanları tərəfindən alınması həyata keçirilir”. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən “Vergi Məcəlləsinin 65.1-ci maddəsinə, "Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə və "İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən vergi ödəyicisi yaranmış öhdəliklərini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının o cümlədən işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcların 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. ” Həmin Qaydaların 3.2-ci bəndinə əsasən "Borcların ödənilməsinə dair bildiriş göndərildikdən sonra 5 gün ərzində borc ödənilmədikdə vergi ödəyicilərinin borcları barədə məlumatlandırılması ilə bağlı vergi orqanları tərəfindən müvafiq tədbirlər həyata keçirilir. ” “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir Cavabdeh yuxarıda qeyd olunanlara əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2090/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Cəlil oğlunun iddianın dəqiqləşdirilməsi barədə ərizəsi təmin edilmiş, iddia tələbi dəqiqləşdirilmiş şəkildə, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinə qarşı “cavabdehin iddiaçının riskli vergi ödəyicisi hesab olunaraq riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi barədə xx.xx.2023-cü il tarixli **********568700 qeydiyyat nömrəli qərarının, 24868 (iyirmi dörd min səkkiz yüz altmış səkkiz) manat 04 qəpik məbləğində əlavə vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********589400 nömrəli qərarın, “Hesabatın müəyyən edilmiş müddətdə verilməməsinə görə” iddiaçıya qarşı 40.0 (qırx) manat maliyyə sanksiyası tətbiq edilməsi barədə olan xx.xx.2023-cü il tarixli **********068700 nömrəli qərarın, 873 (səkkiz yüz yetmiş üç) manat 61 qəpik məbləğində əlavə vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********931400 nömrəli qərarın, iddiaçının riskli vergi ödəyicisi hesab olunaraq riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi barədə xx.xx.2023-cü il tarixli **********568700 qeydiyyat nömrəli qərarın icrası ilə bağlı olan, lakin ona təqdim olunmamış digər qərarların, məsələn, xx.xx.2023-cü il tarixli **********135600 qeydiyyat nömrəli bildirişlə bəyan edilmiş 34,674 manat 42 qəpik məbləğində hesablanmış əlavə faiz borclarının tutulmasına dair qərarlar və tələblərin ləğv edilməsi” kimi icraata qəbul olunmuşdur. İddiaçının nümayəndəsinin yeni ərizəsinə əsasən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2090/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə, “cavabdehin iddiaçının riskli vergi ödəyicisi hesab olunaraq riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi barədə xx.xx.2023-cü il tarixli **********568700 qeydiyyat nömrəli qərarının, 24868 (iyirmi dörd min səkkiz yüz altmış səkkiz) manat 04 qəpik məbləğində əlavə vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********589400 nömrəli qərarın, 873 (səkkiz yüz yetmiş üç) manat 61 qəpik məbləğində əlavə vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********931400 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi” kimi icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz vəsatətin məzmununa uyğun izahat vermiş, iddianın təmin edilməməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası mübahisələndirmə haqqında iddia (İPM-in 2.2.1 və 32.1-ci maddələri) qismində mümkün iddiadır. İddianın mümkünlüyü ilə bağlı Məhkəmə qeyd edir ki, vergi orqanı tərəfindən elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərdiyi qərarlar elektron imza ilə təsdiq edilməli və elektron sənədin həqiqiliyinin yoxlanması imkanı olmalıdır. Əks halda həmin qərarlar, yəni vergi ödəyicisinin elektron kabinetinə elektron üsulla göndərilmiş elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından, həmin qərarlar vergi ödəyicisinə çatdırılmamış hesab edilməlidir. Bu da o nəticə törədir ki, iddia müddətinin başlanması üçün qanunla nəzərdə tutulmuş hüquqi hadisə baş verməmişdir. Hazırkı iş üzrə də qərarlar elektron imza ilə təsdiq edilməmiş və elektron sənədin həqiqiliyinin yoxlanması imkanına malik olmamışdır. Mübahisələndirilən qərarların elektron imza ilə təsdiq edilmədiyində və elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərarlar iddiaçıya çatdırılmamış hesab edilməlidir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin bir-çox qərarlarında həmin mövqedən elektron kabinetə göndərilən qərarın çatdırılmamış hesab edilməsi barədə mövqe nümayiş etdirilmişdir. Belə ki, 2-1(102)-462/2021 saylı iş üzrə qəbul edilmiş xx.xx.2021-ci il qərarda məhkəmə kollegiyası qeyd etmişdir ki, inzibati akt olan cavabdehin 21 yanvar 2021-ci il tarixli sözügedən qərarının iddiaçıya çatdırılması məsələsinin tərəflər arasında bağlanmış Elektron sənəd mübadiləsi haqqında müqavilənin müddəaları çərçivəsində apelyasiya instansiyası məhkəməsi tərəfindən məqbul və qanunauyğun sayılması yanlış olmaqla yanaşı, həm də Vergi Məcəlləsinin tələblərinə də ziddir. Vergi orqanı tərəfindən elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərdiyi qərar elektron imza ilə təsdiq edilməli və elektron sənədin həqiqiliyinin yoxlanması imkanı olmalıdır. Əks halda həmin qərar, yəni vergi ödəyicisinin elektron kabinetinə elektron üsulla göndərilmiş elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərar vergi ödəyicisinə çatdırılmamış hesab edilməlidir. Lakin iş materiallarında olan və mübahisələndirilən qərarlar elektron imza ilə təsdiq edilmədiyindən və elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərarlar iddiaçıya çatdırılmamış hesab edilməlidir. Məhkəmə kollegiyası ümumiyyətlə qeyd edir ki, vergi yoxlamasının materiallarına baxılmasının nəticələri üzrə qərarın vergi ödəyicisinə çatdırılması Vergi Məcəlləsinin «Vergi ödəyiciləri ilə yazışma» adlanan 70-ci maddəsi ilə deyil, Vergi Məcəlləsinin 49.4-cü maddəsi ilə tənzimlənir. Belə ki, həmin Məcəllənin 49.4-cü maddəsinə görə vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. Lakin işin təkzibolunmaz faktıdır ki, adıçəkilən sənədlər iddiaçıya sifarişli məktubla göndərilməmişdir. Çünki bu növ qərarların göndərilməsi Vergi Məcəlləsinin 49.4-cü maddəsi ilə tənzimlənir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2159/20 saylı iş üzrə qəbul etdiyi 04 noyabr 2020-ci il tarixli qərarında da qeyd edilmişdir ki, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasinin Qanununa əsasən informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd elektron sənəd hesab olunur (maddə 1.1.15) Həmin Qanunun 27-ci maddəsinə əsasən Alan aşağıdakı hallarda elektron sənədi Göndərən tərəfindən göndərilməmiş hesab etməlidir: 35. elektron sənədin göndərilməməsi barədə bildiriş almışdırsa (maddə 27.3.1.), elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə (maddə 27.3.2.) 36. elektron sənədin həqiqiliyinin yoxlanması nəticəsində Alana bəlli olmuşdur və ya bəlli olmalı idi ki, qəbul edilmiş elektron sənəd başqa sənədin avtomatik təkrarıdır. 37. Lakin iş materiallarında olan və mübahisələndirilən qərarlar nə qədər ki elektron imza ilə təsdiq edilmədiyində və elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərarlar iddiaçıya çatdırılmamış hesab edilməlidir. Bununla yanaşı, vergi yoxlamasının materiallarına baxılmasının nəticələri üzrə qərarın vergi ödəyicisinə çatdırılması Vergi Məcəlləsinin «Vergi ödəyiciləri ilə yazışma» adlanan 70-ci maddəsi ilə deyil, Vergi Məcəlləsinin 49.4-cü maddəsi ilə tənzimlənir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iddiaçının iddiası üzrə iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi barədə nəticəyə gəlməsi yanlışdır, belə ki, iddiaçı hazırkı iddiası üzrə iddia müddətini ötürməmişdir. Göründüyü kimi istər elektron kabinetə yerləşdirilən qərarın gücləndirilmiş elektron imza ilə təsdiq edilmədən göndərilməsi, istərsə də 49.4-cü maddənin tətbiq edilməli olmasına münasibətdə məhkəmə hesab edir ki, qərarlar iddiaçıya çatdırılmamış hesab edildiyindən müddətin bərpasından söhbət gedə bilməz. Belə ki, müddətin bərpası o zaman mümkündür ki, müddət ötürülmüş sayılsın. Hazırkı halda isə müddət ümumiyyətlə ötürülməmişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli **********568700 qeydiyyat nömrəli qərarına əsasən vergi ödəyicisi İddiaçı (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixdə cəmi 32,9 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Online ups üçün akumlyator 12 v 12A, Lenovo yoga c940, Asus vivobook k513, Hitachi proyektor lampası, Monitor HP P24 G4 və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunur." Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2023-cü il tarixli məktuba əsasən xx.xx.2022-xx.xx.2022 gəlir vergisi üzrə kameral vergi yoxlaması zamanı iddiaçıdan müvafiq dövr üzrə dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin, təqdim edilmiş və əldə edilmiş mallar üzrə müvafiq təsdiqedici sənədlərin, təsdiqedici sənədlər əlaə olunmaqla əsaslandırılmış yazılı izahatın təqdim olunması tələb olunmuşdur. Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2023-cü il tarixli məktuba əsasən xx.xx.2023-xx.xx.2023 mənfəət (gəlir) vergisi üzrə kameral vergi yoxlaması zamanı iddiaçıdan müvafiq dövr üzrə dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin, təqdim edilmiş və əldə edilmiş mallar üzrə müvafiq təsdiqedici sənədlərin, təsdiqedici sənədlər əlaə olunmaqla əsaslandırılmış yazılı izahatın təqdim olunması tələb olunmuşdur. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********589400 nömrəli qərarına əsasən iddiaçıya 2022-ci il gəlir vergisi üzrə 24.868,04 manat vergi hesablanmışdır. Səbəb olaraq iddiaçının Nazirlər Kabinetinin 265 saylı qərarının 2.1.1, 2.1.3, 3.1.1-ci yarımbəndlərinə əsasən xx.xx.2023-cü il tarixli **********568700 nömrəli qərarı ilə riskli vergi ödəyicisi siyahısına daxil edildiyi, bunun isə kənarlaşmaların yaranmasına səbəb olduğu göstərilmişdir. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********931400 nömrəli qərarına əsasən iddiaçıya 2023-cü il gəlir vergisi üzrə 873,61 manat vergi hesablanmışdır. Səbəb olaraq qeyd olunmuşdur ki, Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci yarımbəndlərinə əsasən iddiaçı tərəfindən riskli əməliyyarların aparıldığı müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq iddiaçı tərəfindən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Məhkəmə işin faktiki hallarına aşağıda göstərilən qanunvericilik normalarının tərbiqi baxımından hüquqi qiymət verərək iddia tələbinin əsassız olduğunu hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 73.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Hazırki işin faktiki hallarından göründüyü kimi iddiaçının hazırki iddia tələbi ilə nail olmaq istədiyi məqsəd onun riskli vergi ödəyicisi hesab olunması barədə qərarın, həmçinin riskli vergi ödəyicisi olması əsası ilə kameral vergi yoxlaması zamanı aşkar olunan kənarlaşmalar nəticəsində ona münasibətdə vergilərin hesablanmasına əsas olmuş qərarların ləğv edilməsidir. Göründüyü kimi vergilərin hesablanmasına əsas olmuş qərarların ləğvi bilavasitə iddiaçının riskli vergi ödəyicisi hesab olunması barədə qərarın əsaslı olub-olmamasından asılıdır. Bunun üçün də Məhkəmə ilk növbədə riskli vergi ödəyicisi konsepsiyasının mahiyyətini açıqlamağı zəruri hesab edir. Belə ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən, riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir (normanın mübahisələndirilən qərar qəbul edilən zaman qüvvədə olan redaksiyası). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1-ci bəndində riskli vergi ödəyicisi hesab olunmanın meyarları (bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda); aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər). İstinad olunan Meyarların 3.1-ci bəndində isə riskli əməliyyat hesab olunan əməliyyatlar təsbit edilmişdir: vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edilməsi və vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi(artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Yuxarıda qeyd olunan normaların birgə təhlili nəticəsində o qənaətə gəlmək olar ki, bu konsepsiyanın yaradılmasının iqtisadi və legitim əhəmiyyəti onda ifadə olunur ki, vergi orqanlarına potensial vergidən yayınmaları və ya qanunsuz fəaliyyətləri aşkar etməyə imkan verməklə vergi sisteminin təhlükəsizliyini artırır, riskli vergi ödəyicilərinin identifikasiyası ilə vergi sisteminin daha ədalətli olmasına kömək edir, maliyyə cinayətkarlığı və vergi pozuntularının qarşısını alır. Riskli əməliyyatlar aparan şəxslərin iqtisadi bazarda mövcudluğu iqtisadi qeyrisabitliyə, investisiya mühitinin mənfi yöndə təsirlənməsinə, vergi ödəyiciləri arasında ədalətli rəqabətin pozulması (belə ki, onlar qanunsuz üstünlüklər əldə etdikdə, digər, hüquqi yollarla fəaliyyət göstərən şirkətlərin müvəffəqiyyətinə mane olur), vergi ödəyiciləri arasında ədalətsizliyin hiss olunmasına, insanların vergi sisteminə və dövlətə olan etimadının azalmasına səbəb ola bilər. Odur ki, riskli vergi ödəyicilərinin idarə edilməsi və onların fəaliyyətlərinin izlənməsi, iqtisadi bazar üçün vacibdir. Bu institut mütəşəkkil cinayətkarlıq və maliyyə manipulyasiyalarının aşkar olunmasında əhəmiyyətli rol oynayır. Həmçinin, riskli əməliyyatların izlənməsi, qanunsuz maliyyə axınlarını önləməyə xidmət edir. Bu, həmçinin vergi ədalətini və maliyyə sisteminin sağlamlığını qorumağa kömək edir Məhkəmə qeyd edir ki, Meyarların 3.1.2-ci bəndinə əsasən, vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) riskli əməliyyat hesab olunur. Digər tərəfdən, istinad olunan normanın məzmununda istifadə edilən “aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə” ifadəsi ümumiyyətlə alış sənədi olmayan malların təqdim edilməsi halını da əhatə edir. Belə ki, norma alınan və ya idxal olunan malın həcmindən artıq olma ilə bağlı dizpozisiya şərti müəyyən edir ki, həm qismən, həm də ümumiyyətlə alış sənədinin olmaması halı bu məzmunla əhatə olunur. Beləliklə, vergi ödəyicisinin aldığı malın sayından asılı olmayaraq (“0” və “N” sayda), həmin malın sayından artıq mal satması Meyarların 3.1-ci bəndinə əsasən riskli əməliyyat hesab olunmalıdır. Əks hal, həm də ümumiyyətlə alış sənədi olmayan və mal təqdim edən vergi ödəyicilərinin, qismən alış sənədi olan vergi ödəyiciləri ilə müqayisədə bazarda üstünlük əldə etməsinə, o cümlədən malların ümumiyyətlə alış sənədi olmadan alınmasına əsassız stimul yaradır. Məhkəmə yuxarıda qeyd olunan hüquqi mövqedən çıxış edərək vurğulamağı zəruri hesab edir ki, iddiaçının riskli vergi ödəyicisi kimi tanınması birbaşa onun kommersiya fəaliyyəti çərçivəsində həyata keçirdiyi əməliyyatların qanunvericiliklə müəyyən edilmiş normalara və vergi nəzarəti prinsiplərinə uyğunluq baxımından ziddiyyət təşkil etməsi ilə bağlıdır. Belə ki, xx.xx.2022 - xx.xx.2022-ci il tarixləri arasında cəmi 32.900 manat dəyərində təqdim edilmiş elektron qaimə-fakturalar üzrə "Online UPS üçün akkumulyator 12V 12A, Lenovo Yoga C940, Asus Vivobook K513, Hitachi proyektor lampası, Monitor HP P24 G4 və s." malların satışının həyata keçirildiyi müəyyən edilsə də, vergi ödəyicisinin alış əməliyyatlarında və idxalında bu malların mövcudluğu aşkarlanmamışdır. Vergi orqanı tərəfindən aparılan kameral vergi yoxlaması zamanı, eləcə də məhkəmə icraatı çərçivəsində iddiaçı tərəfindən satışda göstərilən, lakin alışında və ya idxalında yer almayan malların hüquqi mənşəyini təsdiq edən sənədlər təqdim olunmamışdır. Bu hal isə, Vergi Məcəlləsi və ona əsaslanan normativ aktlarla müəyyən edilmiş vergi risklərinin qiymətləndirilməsi çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Meyarların 3.1.2-ci bəndinə uyğun olaraq, iddiaçının riskli vergi ödəyicisi kimi təsnif olunmasına hüquqi zəmin yaratmışdır. Eyni zamanda qeyd olunmalıdır ki, bu mövqeyi Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-1462/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında oxşar mövqeyidən çıxış edilmişdir. Qərarda qeyd olunmuşdur ki, “Aşağı instansiya məhkəmələrinin mövqeyindən belə aydın olunur ki, yalnız o əməliyyat riskli hesab edilə bilər ki, şəxs müəyyən sayda mal almış olsun, daha sonra aldığı maldan daha artıq mal təqdim etsin (məsələn, 100 ədəd komputer almış, lakin 105 ədəd satmışdır). Həmçinin, aşağı instansiya məhkəmələrinin mövqeyinə görə 0 mal alıb 5 ədəd mal satmaq riskli hesab edilmir (məsələn, 0 ədəd komputer almış, lakin 5 ədəd satmışdır. Məhkəmə kollegiyası riskli vergi ödəyiciləri konsepsiyasının yuxarıda sadalanan iqtisadi və legitim əhəmiyyətindən çıxış edərək vurğulayır ki, normanın bu cür təfsiri və şərhi ümumilikdə qanunvericinin bu sahədəki tənzimləmə ilə bağlı qarşıya qoyduğu məqsədə ziddir. Digər tərəfdən, istinad olunan normanın məzmununda istifadə edilən “aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə” ifadəsi ümumiyyətlə alış sənədi olmayan malların təqdim edilməsi halını da əhatə edir. Belə ki, norma alınan və ya idxal olunan malın həcmindən artıq olma ilə bağlı dizpozisiya şərti müəyyən edir ki, həm qismən, həm də ümumiyyətlə alış sənədinin olmaması halı bu məzmunla əhatə olunur. Beləliklə, vergi ödəyicisinin aldığı malın sayından asılı olmayaraq (“0” və “N” sayda), həmin malın sayından artıq mal satması Meyarların 3.1-ci bəndinə əsasən riskli əməliyyat hesab olunmalıdır. Əks hal, həm də ümumiyyətlə alış sənədi olmayan və mal təqdim edən vergi ödəyicilərinin, qismən alış sənədi olan vergi ödəyiciləri ilə müqayisədə bazarda üstünlük əldə etməsinə, o cümlədən malların ümumiyyətlə alış sənədi olmadan alınmasına əsassız stimul yaradır”. Qanunvericinin düzgün interpretasiyasına əsaslanaraq, kassasiya instasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, qanunvericilikdə “aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə” ifadəsi yalnız nisbətən artıq olan satış əməliyyatlarını deyil, ümumiyyətlə, alış sənədi mövcud olmayan malların təqdim edilməsini də əhatə edir. Yəni, hüquqi kontekstdə “artıqlıq” yalnız riyazi müqayisə vasitəsilə müəyyən edilən kəmiyyət fərqi ilə məhdudlaşmır, həm də istənilən miqdarda alış sənədi olmayan mal təqdim edildikdə riskli əməliyyatın mövcudluğunu təsbit edir. Bunun nəticəsi olaraq kassasiya instansiya məhkəmə hesab etmişdir ki, vergi ödəyicisinin təqdim etdiyi malların alış və idxal əməliyyatlarında təsbit edilməməsi, bazarda sağlam rəqabət prinsiplərinin pozulmasına, alış sənədi olmayan malların təqdim edilməsi yolu ilə qeyri-rəsmi dövriyyələrin təşviq olunmasına və vergi ödəyicilərinin fərqli hüquqi statuslarda yerləşdirilməsinə gətirib çıxarır. Məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə qiymət verərək hesab edir ki, iddiaçının riskli vergi ödəyicisi hesab olunması barədə xx.xx.2023-cü il tarixli **********568700 nömrəli qərarı əsaslı olmuşdur. Məhkəmə, iddiaçının əlavə vergiyə cəlb olunmasına səbəb olan qərarların ləğvi məsələsinə münasibətdə qeyd edir ki, onun riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar əsaslı olduğundan, bu qərarın qəbulundan sonra kameral vergi yoxlaması nəticəsində riskli əməliyyatları əsasında gəlir vergisinin hesablanması da qanuni və əsaslı olmuşdur. Bu səbəbdən, əlavə olaraq məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinə ehtiyac yaranmamışdır. Nəticə etibarilə, sözügedən qərarların ləğvi tələbi əsassız hesab edildiyindən, iddia tələbi bu hissədə də təmin olunmur. İPM-in: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir; 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır; 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Şərh olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, iddiaçıya münasibətdə cavabdeh tərəfindən qəbul edilmiş mübahisəli inzibati aktlar əsaslı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X5.
Məhkəmə qərarları › İş №2-1(112)-366/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-366/2025
30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver