Məhkəmə qərarları › İş №2-1(112)-3660/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3660/2021

02.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3660/2021 02.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, cavabdehin nümayəndəsi X5, üçüncü şəxsin ("xxxx" MTK-nın) nümayəndəsi X6 qızının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər "xxxx" Mənzil Tikinti Kooperativi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) «iddiaçının mənzilə hüququn qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının mənzilə hüququn qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, "xxxx" MMC (podratçı) ilə İddiaçı (sifarişçi) arasında 8 avqust 2011-ci il tarixdə "xxxx" MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə inşa etdiyi çoxmənzilli yaşayış binasının 16-cı mərtəbəsində, 4 otaqlı, 54 nömrəli, sahəsi 210 kv.m olan mənzilinə dair çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 60 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən mənzil sahəsinin qiyməti hər kv.m üçün 588 manat həcmində müəyyənləşdirilmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin qiyməti 123.480 manat olmaqla dəyişilməz qalır. Mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmiş və 8 avqust 2011-ci il tarixli, AXU 68 saylı kassa mədaxil orderi ilə 123.480 manat "xxxx" MMC-nin hesabına ödənilmişdir. Buna dair kassa mədaxil orderi verilmişdir. Tərəflər arasında bağlanmış göstərilən müqavilənin 1.1-ci bəndinə əsasən, podratçı ("xxxx" MMC) Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 717-ci məhəllədə inşa etdiyi çoxmənzilli yaşayış binasının 16-cı mərtəbəsində, 4 otaqlı, 54 nömrəli, sahəsi 210 kv.m mənzilini tikib sifarişçiyə (İddiaçı) təhvil verilməsini öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə uyğun olaraq podratçı ("xxxx" MMC) Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 16-cı mərtəbəsində, 4 otaqlı, 54 nömrəli, 210 kv.m mənzilini tikib sifarişçiyə təhvil verilmişdir. Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 529 saylı, 19 fevral 2019-cu il tarixli Fərmanının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 7 gün müddətində bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə verir və bu barədə Tikintilərin Dövlət Reyestrinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir. Həmin Fərmanın 5.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq istismarına icazə verilmiş çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) tərkib hissələri üzərində mülkiyyət hüquqlarının Dövlət qeydiyyatına alınmasını hüquq sahibinin müraciəti əsasında qanunla müəyyən olunmuş müddətdə təmin etsin. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən "xxxx" MMC-nin adına Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə inşa edilən yaşayış binasına dair istismarına sadələşdirilmiş formada icazə verilmiş yaşayış obyekti kimi icazə verilmiş və həmin bina tikintilərin dövlət reyestrinə daxil edilmişdir. Göstərilənlərə əsasən, "xxxx" MMC (podratçı) ilə İddiaçı (sifarişçi) arasında 8 avqust 2011ci il tarixdə bağlanmış "xxxx" MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 16-cı mərtəbəsində, 4 otaqlı, sahəsi 210 kv.m olan 54 saylı mənzilinə dair çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə əsasında göstərilən mənzilə dair pay haqqını – mənzilin dəyərini tam ödədiyindən, həmin mənzil üzərində İddiaçı sahiblik və istifadə hüququ yaranmışdır. Odur ki, həmin mənzilə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Buna görə də, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində yerləşən çoxmənzilli yaşayış binasının 16-cı mərtəbəsində, 4 otaqlı, sahəsi 210 kv.m olan 54 nömrəli mənzilinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında adına qeydə alınması və həmin mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh hərəkətsizlik edərək həmin mənzilin İddiaçı adına qeydə alınması və reyestrdən çıxarışın verilməsindən imtina etmişdir. Çoxmənzilli binaların istismarına icazə verilməsini müəyyən edən qanunvericilik aktlarında, o cümlədən istismarı məhz onun əsasında həyata keçirilmiş “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 529 saylı, 19 fevral 2019-cu il tarixli Fərmanında hər bir mənzilin fərdi qaydada istismarına, o cümlədən mənzil sahibinin adma istismarına icazənin alınması nəzərdə tutulmamışdır. Binanın istismarına hər bir mənzil üzrə fərdi qaydada deyil, bütölikdə bina üzrə verilir. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqıında» AR Qanununun 11.1, 12.1, 15-ci maddələrinə, İPM-in 2.2.3, 34.1, 68, 69-cu maddələrinə əsaslanaraq, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində yerləşən çoxmənzilli yaşayış binasının 16-cı mərtəbəsində, 4 otaqlı, sahəsi 210 kv.m olan 54 nömrəli mənzilinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 19 fevral 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə ərizə ilə 13 noyabr 2020ci il tarixdə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Qeyd olunan ünvanda yerləşən mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsinə uyğun sənəd təqdim edilməlidir. Həmçinin aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 246 saylı 9 dekabr 2019cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi kimi (sifarişçisi) "xxxx" MTK göstərilmişdir. Vətəndaşın İdarəyə təqdim etdiyi müqavilə "xxxx" MMC ilə bağlanmışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********94 saylı 29 dekabr 2020-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 1 avqust 2018-ci il tarixli 226 nömrəli Fərmanının birinci bəndinə əsasən Bakı ŞİH başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir. Həmin Fərmanın ikinci bəndinə əsasən müəyyən edilmişdir ki, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin AR Nazirlər Kabineti və AR Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən verildiyi hallar istisna olmaqla) AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Göstərilənlərə və İPM-in 48.2-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsinə əsaslanaraq, iddianın təmin olunmaması məhkəmədən xahiş edilir. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin qərardadı ilə "xxxx" MTK və "xxxx" MMC inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin və "xxxx"-in nümayəndəsi gəlmişlər, iddiaçı tərəf və digər üçüncü şəxs (nümayəndəsi) gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" MTK-nın nümayəndəsi X3 iddianın əsassız olduğunu bildirdi və təmin olunmamasını xahiş etdi. O, qeyd etdi ki, mənzil yerləşən bina MTK-ya məxsusdur, tikinti ilə bağlı bütün sənərlər (tikintiyə icazə barədə sərəncam, torpaq sahəsinin cizgisi, ayrıc aktı, istismara icazə sənədi) "xxxx" MTKnın adına verilmişdir. Həmin mənzilə dair "xxxx" MMC ilə alqı-satqı müqaviləsinin bağlanması qanunsuzdur. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, AR Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 82-ci maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında 8 avqust 2011-ci il tarixdə müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bəndində nəzərdə tutulmuşdur ki, "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının XVİ mərtəbəsində 4 otaqlı, 54 nömrəli, 210 kv.m sahəsi olan mənzili tikilib İddiaçı təhvil verilməsini, sonuncu isə tikilən mənzili qəbul edib haqqının "xxxx" MMC-yə ödənilməsini öhdələrinə götürmüşlər. İş materiallarında olan Bakı ŞİH başçısının 12 oktyabr 2004-cü il tarixli 237 nömrəli sərəncamının surətindən görünür ki, Nəsimi RİH-nin 1 oktyabr 2004-cü il tarixli 01-04/368 saylı razılıq məktubunu, "xxxx" MTK-nın 23 sentyabr 2004-cü il tarixli A/01 saylı müraciətini nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu 28 May küçəsi, 717-ci məhəllədəki qeyri-yaşayış obyektinin yerləşdiyi 0,673 ha torpaq sahəsində yaşayış binasının, iş mərkəzinin və mehmanxananın qarşısındakı sahədə yeraltı avtodayanacağın layihələşdirilməsinə və tikintisinə həmin MTK-ya icazə verilməsi qərara alınmışdır. İş materiallarında olan sənaye müəssisələri, kommunal, hidrotexniki və digər qurğuların tikintisi üçün torpaq sahəsi seçilməsinə və ayrılmasına verilən 12 mart 2007-ci il tarixli 04-30/32-25 nömrəli rəyin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədə yerləşən 0,673 ha torpaq sahəsi "xxxx" MTK-ya yaşayış binası, iş mərkəzi və yeraltı avtodayanacağın tikintisi üçün ayrılmışdır. İş materiallarından görünür ki, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə 1 girişli, zirzəmili, 17 (+mansarda) mərtəbəli yaşayış binasının istismarına 9 dekabr 2019-cu il tarixdə 246 nömrəli icazə verilmişdir. Sənəddə tikinti obyektinin sahibi (sifarişçisi) qismində "xxxx" MTK ("xxxx" MMMC). İş materiallarından görünür ki, 5 mart 2006-cı il tarixli "xxxx" MTK ilə "xxxx" MMC arasında müştərək fəaliyyət üçün razılaşma imzalaşma müqaviləsi bağlanmışdır. Müqavilənin müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: - 1.1-ci bənd – “Sifarişçi”nin ("xxxx" MTK) tapşırığı ilə “Podratçı” ("xxxx" MMC) öz vəsaiti və riski ilə Bakı ŞİH başçısının 237 nömrəli 12 oktyabr 2004-cü il tarixli sərəncamına əsasən Bakı şəhəri, 28 May küçəsi, 717-ci məhəllədəki qeyri-yaşayış obyektinin Bakı Mehmanxanası yerləşdiyi 0,673 ha torpaq sahəsinə Dilarə Əliyeva küçəsinə çıxan yerində 1 bloklu, 16 mərtəbəli, ümumi sahəsi 10.242 kv.m, yaşayış sahəsi 8.022 kv.m, yaşayış binası və 2.220 kv.m ticarət obyektinin inşa edilməsini öhdəsinə götürür, “Sifarişçi” isə, öz razılığını bildirəndən sonra göstərilən ünvanda inşa edilməsi nəzərdə tutulan obyektin müvafiq layihə-smeta sənədləşdirilmələrini (həmçinin işçi layihələrinin hazırlanması) Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdıraraq “Podratçı”ya təhvil verməyi öz öhdəsinə götürür; - 3.1.14-cü bənd – mənzillərin satılması üçün alıcılarla müqavilələr "xxxx" MTK tərəfindən bağlanır. İş materiallarından görünür ki, AR FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "xxxx" MTK-ya ünvanlanmış 21 avqust 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - MTK-nın binanın istismara hazırlığı barədə rəyə düzəliş edilməsi və eskiz layihəsinin surətinin verilməsi barədə məktubuna baxılmışdır. Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə yerləşən 1 girişli, zirzəmili, 17 (+mansarda) mərtəbəli yaşayış binasının tikintisi Bakı ŞİH-in 12 oktyabr 2004-cü il tarixli 237 nömrəli sərəncamı və torpağa dair rəsmiləşdirilmiş ayrıc aktı əsasında "xxxx" MTK tərəfindən həyata keçirilmişdir. Həmin bina istismara icazə verilmədən məskunlaşdırıldığına görə «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanına əsasən bina müvafiq qaydada təhlükəsizlik və etibarlılıq nöqteyi nəzərindən müayinədən keçirilmiş və bunun nəticəsində binanın istismara hazırlığı barədə 6 dekabr 2019-cu il tarixli 0266 nömrəli rəy verilmişdir. Həmin binanın sifarişçi funksiyaları, bütün icazəverici və hüquq müəyyənedici sənədləri "xxxx" MTK-ya aid olduğundan, binanın istismara hazırlığı barədə rəy "xxxx" MTK-nın adına rəsmiləşdirilmişdir. Həmin rəydə mötərizədə göstərilən "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti AR Mənzil Məcəlləsinin 149-cu maddəsinə uyğun olaraq çoxmənzilli binada yalnız əmlak kompleksini idarə edən qurum kimi nəzərdə tutulmuşdur və binaya dair icazəverici və hüquq müəyyənedici sənədlərin rəsmiləşdirilməsinin formal hüquqi tələblər baxımından ona heç bir aidiyyəti yoxdur. Qeyd olunanlar nəzərə alınaraq, MTK tərəfindən verilmiş binanın istismara hazırlığı barədə rəydə hər hansı dəyişikliklərin və ya düzəlişlərin edilməsinə zərurət yoxdur. İş materiallarından görünür ki, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin "xxxx" MTK-ya ünvanlanmış 02/07-3630 nömrəli 9 sentyabr 2020-ci il tarixli məktubunda aşağıdakılar qeyd olunur: - Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə 1 girişli, zirzəmili, 17 (+mansarda) mərtəbəli yaşayış binasının istismarına sadələşdirilmiş qaydada verilmiş icazə sənədindəki “Tikinti obyektinin sahibi” qrafasından "xxxx" MMMC-nin adının çıxarılması ilə bağlı MTK-nın müraciətinə Komitədə baxılmışdır. AR FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə ünvanlanmış anoloji məzmunda müraciətə 21 avqust 2020-ci il tarixli cavab məktubunda "xxxx" MMMC-nin yalnız daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını təmin etmək məqsədilə yaradıldığı vurğulanaraq, sifarişçi funksiyalarını aparmaq üçün səlahiyyətli olmadıqları qeyd edilmiş və bu səbəbdən binanın istismara hazırlığı barədə 6 dekabr 2019-cu il tarixli 0266 nömrəli rəyində hər hansı dəyişiklik və ya düzəlişlərin edilməsinə zərurət olmadığı bildirilmişdir. Eyni zamanda, FHN TTHDA X1 Baş İdarəsinin təqdim olunan 28 avqust 2020-ci il tarixli 37/36-01251 nömrəli məktubunda bina üzrə 26 iyul 2019-cu il tarixli 27781 nömrəli ekspertiza rəyində səhvə yol verildiyi qeyd olunmuş, sifarişçi qismində "xxxx" MMMC-nin yerinə "xxxx" oxunmalı olduğu bildirilmişdir. 9 dekabr 2019-cu il tarixdə 246 nömrəli istismara icazə sənədinin Fövqəladə Hallar Nazirliyinin binanın istismara hazırlığı barədə qeyd olunan rəyi əsasında tərtib edildiyini və «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının qüvvəsinin 1 yanvar 2020-ci il tarixədək olduğunu nəzərə alaraq, həmin sənəddə hər hansı düzəliş edilməsinə zərurət yoxdur. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-662/2018 saylı iş üzrə 6 dekabr 2018-ci il tarixli qətnamənin surətindən görünür ki, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(81)-1602/2016 nömrəli iş üzrə 2 sentyabr 2016-cı il tarixli qətnaməsi yoxlanılan – “Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi 717-ci məhəllədə yerləşənə qeyri-yaşayış obyektinin Bakı Mehmanxanasının yerləşdiyi 0,673 ha torpaq sahəssinin Dilarə Əliyeva küçəsinə çıxan hissəsində inşa edilmiş 1 bloklu, 16 mərtəbəli, ümumi sahəsi 10.242 kv.m, yaşayış sahəsi 8022 kv.m, qeyri-yaşayış sahəsi 2220 kv.m olan binanın özgəninkiləşdirilməmiş sahələri üzərində "xxxx" MMC-nin sahiblik, istifadə və sərəncam hüquqları tanınsın. "xxxx" MTK-dan tinikinti sahəsindəki yaşayış və qeyriyaşayış sahəsinin satışından əldə etditi mənfəətin 50%-i olaraq 3.962.319,5 manat və torpaq sahəsinə görə ödənilmiş 1.600.000 manat, cəmi 5.562.319,5 manat pul alınaraq "xxxx" MMC-yə ödənilsin” – hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş və eyni hissədə iddia təmin edilməmişdir. Qətnamə iddianın rədd olunan hissəsində dəyişdirilmədən saxlanılmış, mübahisə predmeti barəsindən müstəqil tələblər irəli sürməyən üçüncü şəxslə X4, X10 və X2 apellyasiya şikayətləri qismən təmin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)- 158/2019 saylı iş üzrə 9 aprel 2019-cu il tarixli qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 6 dekabr 2018-ci il tarixli 2- 2(103)-662/2018 saylı qətnaməsi mübahisə olunan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin məhkəmə araşdırılması ilə işdə iştirak edən şəxslərin iddia ilə bağlı mövqeləri aşağıdakı kimidir. İddiaçı mövqeyi – mənzilə dair "xxxx" MMC ilə bağlanmış müqavilə mövcud olduğu və həmin müqavilə üzrə borcun olmaması barədə “maliyyə arayışı” verildiyi halda, mənzil onun mülkiyyəti sayılır və onun mülkiyyət hüquqlarının qeydiyyata alınmaması qanunsuz hərəkətdir. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin mövqeyi – iddiaçı mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsinə uyğun sənəd təqdim edilməlidir, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 246 saylı 9 dekabr 2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi kimi (sifarişçisi) "xxxx" MTK ("xxxx" MMMC) göstərilmişdir, vətəndaşın İdarəyə təqdim etdiyi müqavilə "xxxx" MMC ilə bağlanmışdır. Ona görə də iddia əsassızdır. Üçüncü şəxs "xxxx" MTK-nin mövqeyi – bina MTK-ya məxsusdur, tikinti ilə bağlı bütün sənədlər, o cümlədən, tikintiyə icazə barədə sərəncam, torpaq sahəsinin cizgisi, ayrıc aktı, istismara icazə sənədi "xxxx" MTK-nın adına verilmişdir. Həmin mənzilə dair "xxxx" MMC ilə alqı-satqı müqaviləsinin bağlanması qanunsuzdur, İddiaçının tələbi əsassızdır. Üçüncü şəxs "xxxx" MMC məhkəmə icraatında nümayəndə vasitəsilə təmsil olunmasını təmin etməmiş, iddia ilə bağlı yazılı münasibətini təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitisiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. AR Mülki Məcəlləsinin 389-cu maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. «İnzibati icraat haqqında» AR Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəısinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.6) mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. AR Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. AR Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci (Tikinti obyektinin istismarına icazənin məqsədi) maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Azərbaycan Respublikası Prezidentinin «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının 1-ci bəndi ilə müəyyən edilmişdir ki, 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir: (1.1) AR Fövqəladə Hallar Nazirliyi 2 ay müddətində 2019-cu il yanvarın 1dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikintiquraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarını (çoxmənzilli yaşayış binası komplekslərini) tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından müayinə edir, müayinənin nəticələri müsbət olduğu halda çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazır olması barədə rəy tərtib edib, binanın əsas texniki göstəricilərinin və tərkib hissələrinin istismar təyinatının faktiki vəziyyətini, habelə döngə nöqtələrinin koordinatlarını əks etdirən layihəsinin elektron surəti ilə birlikdə aidiyyəti üzrə AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ya yerli icra hakimiyyəti orqanına təqdim edir; (1.2) AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 7 gün müddətində bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə verir və bu barədə Tikintilərin Dövlət Reyestrinə və AR Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə ilk növbədə “iddianın mümkünlüyü” ilə bağlı qeyd edir ki, iddiaçı mənzilə dair müvafiq müqavilə bağladığından və cavabdehə hüquqlarının qeydiyyata alınması ilə bağlı müraciət etməklə imtina cavabı aldığından, iddianı qaldırmaq üzrə subyektiv hüquqa malikdir. Cavabdeh tərəf də daşınmaz əmlakın dövlət reyestrini aparan səlahiyyətli orqan kimi çıxış edir. Qaldırılan iddia növünə görə “öhdəliyin icrası haqqında” iddiaya aid olduğundan, bu qəbildən olan mübahisələr üzrə İPM-n müddəaları “iddia müddəti” nəzərdə tutmur. Həmçinin iddianın mümkünsüzlüyünü şərtəndirən hər hansı digər hallar da mövcud deyil. Odur ki, iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. «Məhkəmələr və hakimlər haqqında» AR Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nəsimi rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.1-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq daşınmaz əmlakın olduğu yer (Bakı şəhərinin Nəsimi rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. İnzibati mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə iş üzrə müəyyən edilən hallarla bağlı aşağıdakılar qənaətlərini diqqətə çəkir: 1) Üzərində mülkiyyət hüququnun qeydiyyatı iddia olunan mənzilin yerləşdiyi binanın tikintisi ilə bağlı sənədlərin, o cümlədən “tikinti obyektinin istismarına icazə” sənədinin hansı şəxsin ("xxxx" MMC və ya "xxxx" MTK, yaxud "xxxx" MMMC) adına verilməsi, həm iddiaçının iradəsindən asılı hal deyil, həm də bu halın işdə iştirak edən tərəflər və üçüncü şəxs, habelə digər şəxslər üçün hər hansı təhlükə, fəsad yaratması, onların mənafeyinə zidd olması ehtimalı görünmür. Nəzərə alınmalıdır ki, çoxmənzilli binanın tikintisinin son mərhələsi “istismara icazə” sənədinin verilməsi ilə rəsmiləşdirilir və qanunvericilik onun məqsədi baxımından “tikinti obyektinin istismarına icazənin verilməsi”ni tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun inşası və təyinatı üzrə istifadəsinin mümkünlüyünün təsdiqi kimi qiymətləndirir. Bu səbəbdən “tikinti obyektinin istismarına icazənin verilməsi” sənədində həmin xüsusat inzibati orqanın imtinası üzrə əsas kimi formal xarakterlidir; 2) Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(103)-965/2019 saylı cinayət işi üzrə 23 iyul 2019-ci il tarixli qərarının surətindən görünür ki, "xxxx" MMC-nin təsisçisinin və rəhbərinin AR Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilməsinə dair cinayət mühakimə icraatına hazırkı İddiaçı da cəlb olunmuş və hazırkı iş üzrə iddiaçının hüquq müəyyənedici sənədi kimi təqdim edilən 23 oktyabr 2010-cu il tarixli ("xxxx" MMC ilə İddiaçı arasında bağlanmış) müqavilə sözügedən icraatın araşdırma predmeti olmaqla, həmin hissədə İddiaçı pozulmuş hüquqlarının bərpası ilə bağlı müqavilənin qanuniliyi və mötəbərliyi tanınmışdır; 3) "xxxx" MMC ilə İddiaçı arasında “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” 8 avqust 2011-ci il tarixdə bağlanmış müqavilə həmçinin hər hansı qaydada mübahisələndirilmədiyindən, o cümlədən ləğv edilmədiyindən, etibarsız sayılmadığından qüvvədədir və hazırkı inzibati işdə mötəbər sübut qismində qiymətləndirilir; 4) İddiaçı 8 avqust 2011-ci il tarixli müqavilə üzrə müvafiq mənzilin dəyərini tam şəkildə ödədiyindən, AR Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən ona mülkiyyət hüququ əldə etmişdir, AR Mülki Məcəlləsinin 139-1 maddəsinə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanunun 8-ci maddəsinə həmin hüquq qeydiyyat alınmalıdır. Qeyd olunanların məcmusunda məhkəmə belə qənaətə gəlir ki, DƏDRX Bakı şəhər Ərazi İdarəsinin İddiaçı mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlkət reyestrində qeydiyyata alınmasından imtinası qanuni qiymətləndirilmir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal hesab edilir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində yerləşən çoxmənzilli yaşayış binasının 16-cı mərtəbəsində 4 otaqlı, sahəsi 210 kv.m olan 54 nömrəli mənzilinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 58.7, 69, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində yerləşən çoxmənzilli yaşayış binasının 16-cı mərtəbəsində 4 otaqlı, sahəsi 210 kvm olan 54 nömrəli mənzilinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar