Məhkəmə qərarları › İş №2-1(112)-3660/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3660/2022

15.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3660/2022 15.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “birdəfəlik ödəmənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “COVİD-19” pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 07 aprel və 23 iyun 2020-ci il tarixli qərarlarına əsasən təyin edilən aylıq 190 manat müavinətin verilməsindən cavabdehin imtinasının qanunsuz hesab edilməsi və müəyyən edilmiş qaydada qeydiyyatın aparılaraq həmin müavinətin bütün aylar üzrə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, onun işsiz kimi qeydiyyata alınması və buna müvafiq olaraq COVİD-19 pandemiyası ilə əlaqədar yardım üçün müraciətinə SMS vasitəsi ilə imtina olunmuşdur. İmtinaya səbəb kimi onun aztəminatlılıq meyarına uyğun gəlmədiyi göstərilmişdir. İddiaçı heç bir yerdə çalışmır, müavinət almır, adına heç bir torpaq sahəsi və ya nəqliyyat vasitəsi yoxdur. İddiaçı “Məşğulluq haqqında” qanunun 4-cü maddəsinə əsasən “məşğul şəxslər” anlayışındakı xüsusiyyətlərin heç birinə uyğun deyil, bununla bağlı cavabdehə müraciətləri nəticəsiz qalmışdır. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim edilmiş iddiaya yazılı etirazda göstərilmişdir ki, İddiaçı barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarına əsasən nazirliklərin, habelə digər dövlət orqanı və təşkilatlarının, qurumlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılan zaman aztəminatlılıq meyarına cavab vermədiyindən ona birdəfəlik ödəmənin verilməsindən haqlı olaraq qanuni əsaslar çərçivəsində imtina olunmuşdur. Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazda göstərilənləri müdafiə etdi və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. İddiaçı ona pandemiya ilə bağlı birdəfəlik ödəmə verilməsini xahiş edir ki, belə bir iddia öhdəliyin icrası haqqında iddiaya aiddir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsi). Bu iddianı qaldırmaq üçün iddiaçının subyektiv hüququ mövcuddur. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh quruma müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmə verilməsi qərara alınmışdır. Həmin Qərara 25 aprel 2020-ci il tarixdə əlavə edilmiş 2-1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən hallar istisna olmaqla, birdəfəlik ödəmənin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarının 2020-ci il 25 aprel tarixinə qüvvədə olan redaksiyasının 1-ci hissəsində göstərilən müddətlərə uyğun olaraq, xüsusi karantin rejiminin tətbiq edildiyi dövrü əhatə edir və cari ilin aprel və may ayları üçün ödənilir. Həmin Qərarın 2-ci hissəsi ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın (bundan sonra – Qayda): - 2.1-ci bəndinə əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. - 2.2-ci bəndinə əsasən birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə. - 2.3-cü bəndinə əsasən dövlət qurumlarından aşağıdakı ödənişləri alan, habelə bu bənddə göstərilən meyarlara cavab verən işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: ...2.3.15. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara. - 3.1-ci bəndinə əsasən şəxs birdəfəlik ödəmənin alınması üçün “e-sosial” portalında “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın müvəqqəti ləğv edilməsi” xidmətindən istifadə edərək müraciət edir. - 3.2-ci bəndinə əsasən işsiz statusu olanlara münasibətdə MAS tərəfindən bu Qaydanın 3.4-cü və 3.5-ci bəndlərinə uyğun olaraq yoxlama aparılır və müvafiq qərar qəbul olunur. - 3.3-cü bəndinə əsasən işsiz statusu olmayan şəxs isə bu statusun alınması üçün bu Qaydanın 3.1-ci bəndində göstərilən qaydada müraciət edir. Bu zaman MAS tərəfindən şəxsə münasib işin təklif edilməsi mümkün olmadıqda, dərhal işsiz statusunun verilməsi haqqında qərar qəbul olunur və bu Qaydanın 3.4-cü və 3.5-ci bəndlərinə uyğun olaraq yoxlama aparılır. - 3.4-cü bəndinə əsasən MAS tərəfindən işsiz şəxsin bu Qaydanın 2.3-cü bəndində göstərilən şəxslərə aid olması yoxlanılır. Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydanın 2.3-ci bəndində göstərilən şəxsə aid olması müəyyən edildikdə, MAS tərəfindən elektron qaydada birdəfəlik ödəmənin verilməsindən imtina olunur, bu barədə işsiz şəxsə imtinanın səbəbi göstərilməklə, mobil telefon vasitəsilə SMS göndərilir və onun elektron kabinetinə əsaslandırılmış bildiriş yerləşdirilir. - 3.5-ci bəndinə əsasən yoxlama nəticəsində işsiz şəxsin bu Qaydaların 2.3-cü bəndində göstərilən şəxsə aid olmaması müəyyən edildikdə birdəfəlik ödəmənin təyin edilməsi haqqında MAS tərəfindən qərar qəbul olunur. İşdə olan sənədlərdən məlum olur ki, iddiaçı xx.xx.2020-ci il tarixdə işaxtaran kimi “Məşğulluq” alt sistemində qeydiyyatdan keçmiş, xx.xx.2020-ci il tarixdə iddiaçının işaxtaran statusu təsdiq edilmişdir. Bundan sonra yuxarıda qeyd edilən Qaydalara uyğun olaraq iddiaçının Qaydanın 2.3-cü bəndində göstərilən şəxslərə aid olması yoxlanılmış və iddiaçı aztəminatlılıq meyarına uyğun gəlmədiyi üçün MAS tərəfindən elektron qaydada birdəfəlik ödəmənin verilməsindən imtina olunması barədə iddiaçıya mobil telefon vasitəsilə SMS göndərilmişdir. İddiaçı hazırda cavabdeh tərəfindən ona verilən bu imtinanı mübahisələndirərək koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə ödənilən aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmənin verilməsini xahiş edir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim edilən **********3 saylı məktubda qeyd edilmişdir ki, xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə Bakı şəhəri üzrə ödəniş həyata keçirilən aylar aprel-may, iyun, avqust və dekabr aylarıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Təhlil" altsistemindən əldə olunmuş məlumata əsasən iddiaçıya aztəminatlılıq meyarına uyğun gəlməməsi səbəbindən birdəfəlik ödənişin verilməsindən imtina edilmişdir. “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli, 127 nömrəli Qərarının 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında iddiaçının birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olan şəxslər dairəsinə aid olduğu müəyyən edilmişdir. Cavabdehin bu dəlilinin araşdırılması məqsədilə məhkəmə tərəfindən aidiyyəti qurumlara sorğu verilmiş, sorğuya cavab olaraq "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim edilmiş məktubda göstərilmişdir ki, İddiaçı "xxxx" ASC-nin Bakıxanov filialında 2017-ci ildə əmanət hesabı açılmışdır və həmin hesabda 9000 (doqquz min) manat məbləğində pul vəsaiti mövcuddur. Eyni zamanda "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə təqdim edilmiş məhkəmə sorğusuna cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı "xxxx" ASC-də olan əmanət hesabında 2020-ci il ərzində ümumilikdə 9000 manat məbləğində vəsait olmuşdur. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” 29 noyabr 2019-cu il tarixli Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən 2020ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Qaydaların 2.3.15-ci yarımbəndində birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox (yəni 380 manatdan çox) digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara birdəfəlik ödəmə verilməməsi müəyyən edildiyindən, işin yuxarıda qeyd olunan hallarına əsasən iddiaçının həmin tarixə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox, 9000 manat maliyyə vəsaiti olduğundan məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya birdəfəlik ödəmə verilməsindən imtina etməsi əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci madəsinə əsasn inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar