Məhkəmə qərarları › İş №2-1(112)-3660/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3660/2025

06.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3660/2025 06.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X3rşı “rəyin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası X3rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin 9-3/2-3060/2024 saylı 08 oktyabr 2024-cü il tarixli qərarının ləğv olunmasını və həmin qərarın icrasının işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılması barədə qərardad qəbul qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi “İddiaçı Sumqayıt Ağır Cinayətlər Məhkəməsində məhkəmə iclas katibi vəzifəsində işlədiyi (xx.xx.2022-ci il-xx.xx.2023-cü il) staj müddətinin inzibati vəzifə üzrə dövlət qulluğu stajına daxil edilməsi barədə rəy verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası X7nə həvalə edilməsi barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2022-ci il tarixdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində iclas katibi vəzifəsi üzrə dövlət qulluğuna stajçı kimi qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixində (sınaq müddətində) öz arzusu ilə işdən çıxmışdır. xx.xx.2024-cü il tarixində Bakı Ağır Cinayətlər Məhkəmsində iclas katibi vəzifəsi üzrə dövlət qulluğuna sınaq müddəti ilə qəbul olmuşdur. Azərbaycan Respublikası X5 9-3/2- 3060/2024 saylı 08 oktyabr 2024-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 229 saylı 16 avqust 2024-cü il tarixli əmrinin ləğv olunmasını və İddiaçı staj müddəti ilə dövlət qulluğuna qəbul edilməsi barədə göstəriş verilməsi xahiş edilmişdir. X7 08 oktyabr 2024-cü il tarixli qərarında “Dövlət qulluğu haqqında” Qanunun 28.7-ci maddəsinin “yalnız” staj və ya sınaq müddəti dövründə olan şəxsin yenidən müsabiqədə iştirak edərək yeni vəzifəyə təyin edildiyi zaman tətbiq olunduğunu və onun sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməyinin qanunvericiliyin tələbinə zidd olduğu qeyd edilmiş, lakin qərarda konkret hansı normativ hüquqi akta zidd olması əsaslandırılmamışdır. X5 sorğuya cavab olaraq, 27 sentyabr 2024- cü il tarixində elektron poçt ünvanına göndərilən məktubunda qeyd olunmuşdur ki, “Sınaq müddəti ərzində öz arzusu ilə müqaviləsinə xitam verilən şəxslər yenidən müsabiqədən keçərək dövlət qulluğu vəzifəsinə qəbul edildikdə onlar barəsində staj və sınaq müddətinin tətbiq edilməməsini nəzərdə tutan norma müəyyən edilmədiyi üçün siz staj və sınaq müddətini keçməlisiniz”. İddiaçı hesab edir ki, bu X5 subyektiv yanaşmasıdır və inzibati orqan hüquq normasının olmaması səbəbinə görə, maraqlı şəxsin hüuqlarını məhdudlaşdıran qərar qəbul edə bilməz. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin İddiaçı dövlət qulluğu vəzifəsinə təyin edilməsi barədə 2024-cü il 20 avqust tarixli M-76/24 nömrəli məktubuna Mərkəzdə baxılmış və İddiaçı sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsi haqqında həmin Məhkəmənin 2024-cü il 16 avqust tarixli 229 nömrəli əmri verilərkən dövlət qulluğuna dair qanunvericiliyin tələblərinin pozulduğu müəyyən olunmuşdur. Belə ki, Dövlət Qulluqçularının Reyestri İnformasiya Sisteminə daxil edilmiş məlumatlara əsasən İddiaçı xx.xx.2022-ci il tarixində Sumqayıt Ağır Cinayətlər Məhkəməsində məhkəmə iclasının katibi vəzifəsinə staj müddəti ilə, xx.xx.2023-cü il tarixində isə üç ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmişdir. xx.xx.2023-cü il tarixində onun dövlət qulluğuna sınaq müddəti başa çatmadan öz arzusu ilə xitam verilmişdir. “Dövlət qulluğu haqqında” Qanunun 28.7-ci maddəsinə əsasən müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant dövlət qulluğu vəzifəsinə təyin edilmək üçün 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək, altı ay müddətinə stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir. Staj dövründə dövlət orqanı rəhbərinin təyin etdiyi kurator stajçının işini istiqamətləndirir, fəaliyyətinə nəzarət edir və staj müddəti qurtardıqdan sonra stajçının sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsinin məqsədəuyğun olub-olmadığı barədə tövsiyə təqdim edir. Tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi bağlamaq yolu ilə üç ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir. Əmək müqaviləsində sınaq müddəti ərzində qulluq keçmənin şərtləri müəyyənləşdirilir. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sınaq müddəti ərzində əmək müqaviləsi pozulmayıbsa, həmin müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri müqavilənin şərtlərinə uyğun olaraq, həmin şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi haqqında əmr verir və onunla müvafiq əmək müqaviləsi bağlayır. Həmin Qanunun 28.8-ci maddəsinə əsasən stajçı kimi qulluğa qəbul edilmiş şəxs həmin müddətdə bu Qanunun 28-ci maddəsinə uyğun olaraq yenidən müsabiqədən keçərək yeni vəzifəyə təyin edildikdə, əvvəlki vəzifədəki staj müddəti nəzərə alınır. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş şəxs bu Qanunun 28ci maddəsinə uyğun olaraq yenidən müsabiqədən keçdikdə, əvvəlki sınaq müddəti nəzərə alınmamaqla, yenidən sınaq müddəti ilə vəzifəyə təyin edilir. Qanunvericiliyin hüquqi mövqeyindən də göründüyü kimi, staj və sınaq müddətinin nəzərə alınıbalınmaması üçün əsas meyar şəxsin staj və ya sınaq müddətində olması və həmin müddətlər ərzində yenidən müsabiqədən keçərək yeni vəzifəyə təyin edilməsidir. Qeyd edilən meyar ödənilmədiyi halda, Qanunun 28.8-ci maddəsinin tətbiqindən söhbət gedə bilməz. Əlavə olaraq bildirilir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununda staj və sınaq müddəti tətbiq edilməyən şəxslərin konkret dairəsi müəyyən edilmişdir. Adıçəkilən Qanunun 28.9-cu maddəsinə əsasən daimi dövlət qulluquna qəbul edilmiş və bu Qanunun 33.1-ci maddəsinə uyğun olaraq dövlət qulluquna xitam verilmiş şəxslər (yardımçı vəzifə tutmuş şəxslər istisna olmaqla) yenidən dövlət qulluğuna qəbul edildikdə, habelə bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və ya əvvəllər qulluq (xidmət) keçmiş (kiçik rəis heyəti və sıravi heyət vəzifələrini tutan və ya əvvəllər tutmuş şəxslər istisna olmaqla) və xüsusi (hərbi, diplomatik) rütbəyə malik olan şəxslər dövlət qulluğuna qəbul edildikdə, onlar barəsində bu Qanunun 28.7-ci maddəsində nəzərdə tutulmuş staj və sınaq müddəti tətbiq edilmir. Göründüyü kimi, Qanunun 28.8-ci və 28.9-cu maddələri bir-birindən tamamilə fərqlənən iki münasibəti tənzimləyir. Belə ki, Qanunun 28.8-ci maddəsi staj və ya sınaq dövründə olan şəxsin yenidən müsabiqədə iştirak edərək yeni vəzifəyə təyin edildiyi zaman onun əvvəlki vəzifəsindəki staj və sınaq müddətinin nəzərə alınıb-alınmamasını tənzimlədiyi halda, 28.9-cu maddəsi daimi dövlət qulluğuna qəbul edilmiş və öz arzusu ilə dövlət qulluğuna xitam verilmiş şəxsin yenidən dövlət qulluğuna qəbul edildiyi zaman staj və sınaq müddətindən azad edilməsini təsbit edir. Tənzimlədiyi münasibətlərin xarakteri baxımından fərqləndiyi kimi, qeyd edilən maddələr tətbiq olunduğu subyektlər dairəsi baxımından da fərqlənir. Belə ki, qanunvericilik 28.8-ci maddənin staj və ya sınaq müddətində olan, yəni dövlət qulluqçusu statusuna malik olmayan şəxslərə münasibətdə tətbiqini nəzərdə tutduğu halda, 28.9-cu maddənin artıq staj və sınaq müddətini keçərək daimi dövlət qulluğuna qəbul edilmiş, yəni vaxtilə dövlət qulluqçusu statusu əldə etmiş şəxslərə tətbiqini nəzərdə tutur. İddiaçı müqaviləsinə sınaq müddəti ərzində öz arzusu ilə xitam verilmiş və bundan sonra müsabiqədən keçərək yenidən dövlət qulluğuna qəbul edilmişdir. Məhz sınaq müddətində müqaviləsinə xitam verildiyi və onun müsabiqədən keçməsi faktı sınaq müddəti ərzində baş vermədiyi üçün Qanunun 28.8-ci maddəsinin tətbiq edilməsi uçun yuxarıda qeyd edilən əsas meyar ödənilmir, buna görə də həmin maddə E.M. Hüseynov barəsində tətbiq edilməməlidir. Qanunun 28.8-ci maddəsinin İddiaçı münasibətdə tətbiq olunması üçün o sınaq müddəti ərzində yenidən müsabiqədən keçərək vakant vəzifəyə təyin edilməli idi. İddiaçı müqaviləsinə sınaq müddəti başa çatmadan öz arzusu ilə xitam verildiyi və qanunvericilikdə sınaq müddəti ərzində öz arzusu ilə müqaviləsinə xitam verilən şəxslər müsabiqədən keçərək dövlət qulluğu vəzifəsinə qəbul edildikdə onlar barəsində staj və sınaq müddətinin tətbiq edilməməsini nəzərdə tutan norma müəyyən edilmədiyi üçün müsabiqədən keçərək yenidən dövlət qulluğu vəzifəsinə təyin edildiyi zaman o, Qanunun 28.7-ci maddəsində nəzərdə tutulmuş staj və sınaq müddətini keçməli idi. Lakin vakant məhkəmə iclasının katibi vəzifəsinin tutulması məqsədilə 6 may 2024-cü il tarixində elan edilmiş müsabiqənin müsahibə mərhələsində uğur qazanmış İddiaçı barəsində Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən staj müddəti müəyyən edilməmiş və o, 2024-cü il 18 avqust tarixli 229 nömrəli əmrlə dövlət qulluğu vəzifəsinə birbaşa sınaq müddəti ilə təyin edilmişdir. Yuxarıda qeyd edilənlərə və Nizamnaməsinin 3.1.39-cu yarımbəndinə əsasən Mərkəz tərəfindən 2024-cü il 08 oktyabr tarixli 9-3/2-3060/2024 nömrəli məktubla Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edilərək dövlət qulluğuna dair qanunvericiliyin tələblərinin pozulması halının aradan qaldırılması və qanunsuz aktın ləğv edilərək İddiaçı staj müddəti ilə dövlət qulluğuna qəbul edilməsi barədə Mərkəzin məlumatlandırılması xahiş edilmişdir. Hazırkı iddia üzrə iddiaçının tələbi Mərkəzin 2024-cü il 08 oktyabr tarixli 9- 3/23060/2024 saylı qərarının ləğv olunması və həmin qərarın icrasının işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılmasından ibarətdir. Halbuki sözügedən sənəd iddiaçının qeyd etdiyi kimi qərar formasında qəbul edilmiş inzibati akt deyil, o, aktın inzibati akt hesab edilməsi üçün yuxarıda sadalanan heç bir əlaməti özündə ehtiva etmir, iddiaçı üçün heç bir hüquqi nəticə yaratmır. Qeyd edilən sənəd iddiaçıya münasibətdə inzibati akt qəbul etmək səlahiyyətinə malik olan inzibati orqana - Bakı Ağır Cinayətlər Məhkəməsinə ünvanlanmış məlumatlandırma xarakterli məktubdur ki, bu hal da iddiaçının tələbini əsassız hesab etmək üçün zəmin yaradır. Yuxarıda qeyd edilənlərə əsasən bir hüquqi əsası olmadığını nəzərə alaraq iddiaçının iddiasını əsassız hesab edilir və iddianın mümkün hesab edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddia müəyyən etmə və ya tanınma haqqında iddia növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İPM-in 36.3-cü maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. İPM-in 36.4-cü maddəsinə əsasən hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Məhkəmə hesab edir ki, hazırkı iddia sadalanan normaların tələblərinə uyğundur və mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçı dəqiqləşdirilmiş tələbi müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya qarşı təqdim edilmiş etirazı müdafiə edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası X7 tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçının Sumqayıt Ağır Cinayətlər Məhkəməsində məhkəmə iclasının katibi vəzifəsi üzrə keçdiyi staj müddətinin nəzərə alınıb-alınmaması məsələsinə münasibət bildirilməsi barədə xx.xx.2024-cü il tarixli müraciəti etirazdakı dəlillərə uyğun əsaslandırılaraq təmin edilməsindən imtina edilmişdir. -Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 229 nömrəli əmrindən görünür ki, İddiaçı 2024-cü ilin 16 avqust tarixindən 2024-cü ilin 16 noyabr tarixədək sınaq müddəti ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə qulluğa qəbul edilmiş və məhkəmə iclasının katibi vəzifəsinə təyin edilmişdir. -Dövlət qulluqçusunun anket məlumatlarından çıxarışdan görünür ki, İddiaçı X7 tərəfindən xx.xx.2020-ci il tarixdə (B növü üzrə) keçirilmiş dövlət qulluğu üzrə sertifikat imtahanında BB2 vəzifə altqrupu üzrə 77 bal toplamış, xx.xx.2022-ci il tarixdə həmin sertifikat əsasında Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin məhkəmə iclasının katibi vəzifəsi üzrə keçirilən müsahibədə iştirak edərək xx.xx.2022-ci ildə iddia etdiyi vakant vəzifəyə təyin olunmuşdur. Əmək kitabçasına əsasən əmək fəaliyyətinə başladığı vaxtdan etibarən, xx.xx.2022-xx.xx.2023-cü il, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövrdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində məhkəmə iclasının katibi vəzifəsində işləmiş, həmin dövrlər dövlət qulluğu stajına daxil edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə yenidən BB2 sertifikatı əsasında Bakı Ağır Cinayətlər Məhkəməsinin məhkəmə iclasının katibi vəzifəsi üzrə keçirilən müsahibədə iştirak edərək xx.xx.2024-cü ildə iddia etdiyi vakant vəzifəyə təyin olunmuşdur. -Azərbaycan Respublikası X7 tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda bildirilir ki, "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.8-ci maddəsinə əsasən stajçı kimi qulluğa qəbul edilmiş şəxs həmin müddətdə bu Qanunun 28-ci maddəsinə uyğun olaraq yenidən müsabiqədən keçərək yeni vəzifəyə təyin edildikdə, əvvəlki vəzifədəki staj müddəti nəzərə alınır. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş şəxs bu Qanunun 28-ci maddəsinə uyğun olaraq yenidən müsabiqədən keçdikdə, əvvəlki sınaq müddəti nəzərə alınmamaqla, yenidən sınaq müddəti ilə vəzifəyə təyin edilir. Həmin Qanunun 28.9-cu maddəsinə əsasən daimi dövlət qulluğuna qəbul edilmiş və bu Qanunun 33.1-ci maddəsinə uyğun olaraq dövlət qulluğuna xitam verilmiş şəxslər (yardımçı vəzifə tutmuş şəxslər istisna olmaqla) yenidən dövlət qulluğuna qəbul edildikdə, habelə bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və ya əvvəllər qulluq (xidmət) keçmiş (kiçik rəis heyəti və sıravi heyət vəzifələrini tutan və ya əvvəllər tutmuş şəxslər istisna olmaqla) və xüsusi (hərbi, diplomatik) rütbəyə malik olan şəxslər dövlət qulluğuna qəbul edildikdə, onlar barəsində bu Qanunun 28.7-ci maddəsində nəzərdə tutulmuş staj və sınaq müddəti tətbiq edilmir. Qanunun 28.8-ci maddəsi staj və ya sınaq dövründə olan şəxsin yenidən müsabiqədə iştirak edərək yeni vəzifəyə təyin edildiyi zaman onun əvvəlki vəzifəsindəki staj və sınaq müddətinin nəzərə alınıb-alınmamasını, 28.9-cu maddəsi isə daimi dövlət qulluğuna qəbul edilmiş və öz arzusu ilə dövlət qulluğuna xitam verilmiş şəxs yenidən dövlət qulluğuna qəbul edildiyi zaman onun staj və sınaq müddətindən azad edilməsini tənzimləyir. Bakı Ağır Cinayətlər Məhkəməsində vakant məhkəmə iclasının katibi vəzifəsinin tutulması məqsədilə 6 may 2024-cü il tarixində elan edilmiş müsabiqənin müsahibə mərhələsində uğur qazanmış İddiaçı təyinatı ilə bağlı qəbul edilən qərarın qanunvericiliyin tələblərinə uyğunluğu araşdırılmışdır. Müəyyən edilmişdir ki, İddiaçı Sumqayıt Ağır Cinayətlər Məhkəməsində məhkəmə iclasının katibi vəzifəsinə 9 sentyabr 2022-ci il tarixində altı ay müddətinə stajçı kimi qulluğa qəbul edilmiş, staj müddəti bitdikdən sonra isə 9 mart 2023-cü il tarixindən 3 ay sınaq müddəti ilə qulluğa qəbul edilmişdir. Lakin sınaq müddəti bitmədən 6 aprel 2024-cü il tarixindən öz arzusu ilə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı qeyd edilmiş elan üzrə müsahibədən müvəffəqiyyətlə keçmiş və əvvəlki illərdəki staj müddəti nəzərə alınmaqla Bakı Ağır Cinayətlər Məhkəməsində 16 avqust 2024-cü il tarixində üç ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmişdir. Göründüyü kimi, İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsində müsabiqədən keçərək vəzifəyə təyin edilən zaman digər dövlət orqanında sınaq müddəti ilə qulluq keçməmişdir. Bu səbəbdən onun əvvəlki illərdəki staj müddəti nəzərə alınaraq sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsi qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X7 publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1.39-cu yarımbəndinə əsasən Mərkəz dövlət qulluğu və dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanunvericiliyin tələblərinin pozulması hallarını aradan qaldırmaq üçün dövlət orqanlarına və vəzifəli şəxslərə təqdimat verir və yol verilmiş pozuntu halları barədə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Dövlət X2 məlumat verir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, dövlət qulluğuna dair qanunvericiliyin tələblərinin pozulması halının aradan qaldırılmasını və qanunsuz aktın ləğv edilərək İddiaçı staj müddəti ilə dövlət qulluğuna qəbul edilməsi barədə Mərkəzə məlumatlandırılması üçün göstəriş verilməsini Sizdən xahiş edirik”. Beləliklə, mübahisənin mahiyyəti belədir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində məhkəmə iclasının katibi vəzifəsinə staj müddəti, xx.xx.2023-cü il tarixində üç ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə isə dövlət qulluğuna sınaq müddəti başa çatmadan öz arzusu ilə xitam verilmişdir. Sonradan iddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət qulluğunda eyni vəzifənin tutulması məqsədilə elan edilmiş müsabiqədən müvəffəqiyyətlə keçmiş, həmin məhkəmə üzrə xx.xx.2024-cü il tarixli əmrlə staj müddəti təyin edilmədən birbaşa sınaq müddəti ilə qulluğa qəbul edilmişdir. Cavabdeh inzibati orqan, qeyd olunan halı “Dövlət qulluğu haqqında” qanunun 28.7-28.9-cu maddələrinin tələblərinin pozulması kimi qiymətləndirir və iddiaçının Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət qulluğuna staj müddəti ilə qəbul edilməli olduğu qənaətindədir. Məhkəmə cavabdehin mövqeyi ilə razılaşmır və gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.1-ci maddəsinə əsasən, dövlət qulluğu - Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmətdir. Həmin Qanunun: -1.1.3-cü maddəsinə əsasən dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir. -28.1-ci maddəsinin 1-ci hissəsinə əsasən, dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. -28.5-ci maddəsinə əsasən dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir və müsahibədə iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. -28.7-ci maddəsinə əsasən müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant dövlət qulluğu vəzifəsinə təyin edilmək üçün 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək, altı ay müddətinə stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir. Staj dövründə dövlət orqanı rəhbərinin təyin etdiyi kurator stajçının işini istiqamətləndirir, fəaliyyətinə nəzarət edir və staj müddəti qurtardıqdan sonra stajçının sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsinin məqsədəuyğun olubolmadığı barədə tövsiyə təqdim edir. Tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi bağlamaq yolu ilə üç ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir. Əmək müqaviləsində sınaq müddəti ərzində qulluq keçmənin şərtləri müəyyənləşdirilir. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sınaq müddəti ərzində əmək müqaviləsi pozulmayıbsa, həmin müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri müqavilənin şərtlərinə uyğun olaraq, həmin şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi haqqında əmr verir və onunla müvafiq əmək müqaviləsi bağlayır. Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -28.8-ci maddəsinə əsasən stajçı kimi qulluğa qəbul edilmiş şəxs həmin müddətdə bu Qanunun 28-ci maddəsinə uyğun olaraq yenidən müsabiqədən keçərək yeni vəzifəyə təyin edildikdə, əvvəlki vəzifədəki staj müddəti nəzərə alınır. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş şəxs bu Qanunun 28-ci maddəsinə uyğun olaraq yenidən müsabiqədən keçdikdə, əvvəlki sınaq müddəti nəzərə alınmamaqla, yenidən sınaq müddəti ilə vəzifəyə təyin edilir. -28.9-cu maddəsinə əsasən daimi dövlət qulluğuna qəbul edilmiş və bu Qanunun 33.1-ci maddəsinə uyğun olaraq dövlət qulluğuna xitam verilmiş şəxslər (yardımçı vəzifə tutmuş şəxslər istisna olmaqla) yenidən dövlət qulluğuna qəbul edildikdə, habelə bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və ya əvvəllər qulluq (xidmət) keçmiş (kiçik rəis heyəti və sıravi heyət vəzifələrini tutan və ya əvvəllər tutmuş şəxslər istisna olmaqla) və xüsusi (hərbi, diplomatik) rütbəyə malik olan şəxslər dövlət qulluğuna qəbul edildikdə, onlar barəsində bu Qanunun 28.7-ci maddəsində nəzərdə tutulmuş staj və sınaq müddəti tətbiq edilmir. Göründüyü kimi, “Dövlət qulluğu haqqında” Qanunun 28.8-ci maddəsi stajçı və sınaq müddəti ilə, 28.9-cu maddəsi isə daimi dövlət qulluğuna qəbul edilmiş şəxslərin yenidən dövlət qulluğuna qəbul edilməsi ilə bağlı məsələləri tənzimləyir. Qeyd olunan normalara görə qanunvericilik şəxsin yenidən dövlət qulluğuna qəbul edilməsi zamanı qulluq şərtlərində 3 halı fərqləndirir: 1. stajçı kimi qulluğa qəbul edilmiş şəxsin həmin müddətdə Qanunun 28-ci maddəsinə uyğun olaraq yenidən müsabiqədən keçərək yeni vəzifəyə təyin edildikdə, əvvəlki vəzifədəki staj müddətinin nəzərə alınması,

2. sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş şəxs Qanunun 28-ci maddəsinə uyğun olaraq yenidən müsabiqədən keçdikdə, əvvəlki sınaq müddəti nəzərə alınmamaqla, yenidən sınaq müddəti ilə vəzifəyə təyin edilməsi, 3. daimi dövlət qulluğuna qəbul edilmiş və dövlət qulluğuna xitam verilmiş şəxslər yenidən dövlət qulluğuna qəbul edildikdə onlar barəsində staj və sınaq müddətinin tətbiq edilməməsi. Hazırkı iş üzrə iddiaçı daimi dövlət qulluğuna qəbul edilməmiş şəxs olduğundan məhkəmə hesab edir ki, mübahisəyə “Dövlət qulluğu haqqında” Qanunun 28.8-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməlidir. Qeyd olunan maddənin dispozisiya şərtindən göründüyü kimi, sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş şəxs dövlət qulluğu qanunvericiliyinə uyğun olaraq yenidən müsabiqədən keçdiyi halda onun yalnız əvvəlki sınaq dövrü nəzərə alınmamaqla vəzifəyə təyin edilməsi təsbit edilib. Başqa sözlə, qanunvericiliyə uyğun yenidən qulluğa qəbul edilmiş həmin şəxsin vəzifəyə təyin edildiyi zaman əvvəlki dövlət qulluğu vəzifəsindəki staj müddətinin nəzərə alınmaması ilə bağlı məhdudiyyət yoxdur, bu məhdudlaşma təkcə əvvəlki vəzifədəki sınaq müddətinin nəzərə alınmamasını ehtiva edir. Həmçinin, 28.8-ci maddənin birinci cümləsindən fərqli olaraq, ikinci cümləsində “həmin müddətdə” sözü yoxdur. Bu isə onu deməyə əsas verir ki, sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş şəxsin yenidən sınaq müddəti ilə dövlət qulluğu vəzifəsinə təyin edilməsi üçün yeganə şərt onun “Dövlət qulluğu haqqında” Qanunun 28-ci maddəsinə uyğun olaraq yenidən qulluğa qəbul edilməsindən ibarətdir. Hansı ki, hazırkı işdə iddiaçının Qanunun 28-ci maddəsinə uyğun olaraq qulluğa qəbul edilməsi iş üzrə mübahisəli halı deyil. Belə olan halda məhkəmə hesab edir ki, işin araşdırılan halları ilə cavabdehin sınaq müddəti ərzində öz arzusu ilə müqaviləsinə xitam verilən şəxslərin müsabiqədən keçərək dövlət qulluğu vəzifəsinə qəbul edildikdə onlar barəsində staj və sınaq müddətinin tətbiq edilməməsini nəzərdə tutan norma müəyyən edilməməsi ilə bağlı dəlilləri təkzib olunur və cavabdeh iddiaçının yenidən dövlət qulluğuna qəbul edilməsi zamanı staj müddətini keçməsi ilə bağlı mövqeyini qanunvericiliyin tələbləri baxımından əsaslandıra bilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər (11.2.) Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (24.2). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (24.4). Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il tarixli, 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının X7 publik hüquqi şəxsin Nizamnaməsindən: 1.1. Azərbaycan Respublikasının X7 (bundan sonra – Mərkəz) ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasını həyata keçirən, dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına tələbə qəbulunun həyata keçirilməsi məqsədilə, həmçinin normativ hüquqi aktlarda müəyyən edilən hallarda, habelə müqavilə əsasında dövlət orqanları (qurumları), hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir. 1.2. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur 2.1. Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.1.1. dövlət qulluğu üçün kadrların seçilməsi üzrə imtahanlar təşkil etmək; 2.1.2. ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasını həyata keçirmək; 2.1.3. orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas (baza ali) təhsil və rezidentura) səviyyələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına tələbə qəbulunu həyata keçirmək; 2.1.4. normativ hüquqi aktlarda müəyyən edilən hallarda, habelə müqavilə əsasında dövlət orqanları (qurumları), hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil etmək; 2.1.5. fəaliyyət göstərdiyi sahələrin inkişafını təmin etmək; 2.1.6. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək. Göstərilənləri ümumiləşdirərək məhkəmə bu qənaətə gəlir ki, İddiaçı Sumqayıt Ağır Cinayətlər Məhkəməsində məhkəmə iclas katibi vəzifəsində işlədiyi (xx.xx.2022-ci ilxx.xx.2023-cü il) staj müddətinin inzibati vəzifə üzrə dövlət qulluğu stajına daxil edilməsi barədə rəy verilməsindən cavabdehin imtinası “İnzibati icraat haqqında” Qanunun 11, 15, 17 və 24-cü maddəsinin tələblərinə uyğun olmamışdır Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı Sumqayıt Ağır Cinayətlər Məhkəməsində məhkəmə iclas katibi vəzifəsində işlədiyi (xx.xx.2022-ci il-xx.xx.2023-cü il) staj müddətinin inzibati vəzifə üzrə dövlət qulluğu stajına daxil edilməsi barədə rəy verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası X5 üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar