Məhkəmə qərarları › İş №2-1(112)-3661/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3661/2022

06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3661/2022 06.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Əliyeva Zərif Nəzər qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X4, cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X11 Xüsusi Şərtlərlə X1rşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X11 Xüsusi Şərtlərlə Təyinat X8 (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 21 may 2021-ci il tarixdə 60 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyamın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün Filiala müraciət etmişdir. Həmin müraciətin nəticəsi barədə 22 oktyabr 2021ci il tarixli rəsmi cavab məktubu təqdim edilərək onun güzəştli iş stajı 12 il 06 aydan az olduğundan güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilmişdir. Onun 10 may 2021-ci tarixdə güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. Həmin əmək stajının 12 (on iki) il 06 (altı) ay müddətini «Azərbaycan X9» QSC-nın “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda zərərli işlərlə müxtəlif vəzifələrdə, yəni gəmi bölmələrinin daxilində gəmi boru çəkəni və gəmi boru çilingəri əmək şəraiti zərərli olan ağır işlərdə işləmişdir. Onun 2006-cı il tarixdən sonra ümümi iş stajının 12 (on iki) il 06 (altı) aydan artıq zərərli işlə əmək fəaliyyəti ilə məşğul olmuşdur. O, 21 may 1980-ci il tarixdən 24 iyun 1982-ci il tarixə kimi SSRİ-nin ərazisində hərbi xidmət keçmişdir, 10.11.1977-ci il tarixdən hazırki dövrə qədər 40 ilədək əmək stajının, yəni 13 iyun 2007-ci il tarixdən 12 (on iki) il 06 (altı) aydan artıq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Zığ Gəmi Təmiri və Tikintisi Zavodunda 5-ci dərəcəli boru çəkən vəzifəsində işləyir. «Azərbaycan X9ndə» əmək şəraiti xüsusilə zərərli işlərdə müxtəlif vəzifələrdə (güc qurğularının, mexanizimlərin və onlara aid sistemlərin gəmi bölmələrinin boru kəmərlərinin və val kəmərlərinin quraşdırılması, sökülməsi və təmiri ilə məşğul olan fəhlələr və çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları və bütün adda çilingərlər) işləyir. Onun 10 may 2021-ci il tarixədək ümumilikdə 25 (iyimi beş) ildən artıq əmək stajı vardır. 2007-ci ildən 12 (on iki) il 06 (altı) ay əmək şəraiti zərərli və ağır olan işlər təşkil edir və hazırda da işləyir. 13.06.2007-ci il tarixdən «Azərbaycan X9» QSC-nın Gəmi Təmiri Zavodunda Mexaniki təmir bölməsində boru sahəsində gəmi-boru çilingəri əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə 12 (on iki) il 06 (altı) aydan artıq işləmişdir. Azərbaycan Respublikası “X9” Qapalı Səhmdar Cəmiyyətinin 27 sentyabr 2021-ci il tarixli arayışından göründüyü kimi onun işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 11 “a”-cı bəndinə əsasən “güc qurğularının, mexanizmlərin və onlara aid sistemlərin gəmi bölmələrinin daxilində boru kəmərlərlərinin və val kəmərlərinin quraşdırılması, sökülməsi və təmiri ilə məşğul olan fəhlələr” güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verən peşələrdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmşıdır ki, İddiaçı iddia ərizəsinin əsasları kimi əmək stajının 12 il 06 ay müddətini "xxxx"i QSC-nın “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunda gəmi bölmələrinin daxilində gəmi boru çəkəni və gəmi boru çilingəri vəzifəsində işlədiyini, 10.11.1977-ci il tarixdən hazırkı dövrə qədər ümumilikdə 40 ildən çox əmək stajı olduğunu göstərmişdir. İddiaçı daha əvvəl 20.10.2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh 22.10.2021-ci il tarixli, **********3 nömrəli məktubla iddiaçının 20 avqust 1982-ci il tarixli, ИТ ******* nömrəli əmək kitabçası və əlavə olunmuş sənədlərə əsasən güzəştli iş stajının 12 il 6 aydan az olduğunu bildirmişlər. Cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. İş üzrə icraat materiallarına əlavə edlmiş İddiaçı məxsus şəxsiyyət vəsiqəsindən məlum olur ki, iddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş iddaçı İddiaçı məxsus ******* nömrəli hərbi biletdən məlum olur ki, iddiaçı 21.05.1980-ci il tarixdən 24.06.1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş 20 avqust 1982-ci il tarixli ИТ-1 ******* nömrəli əmək kitabçasında iddiaçı müxtəlif tarixlərdə “Xəzərdənizgəmitəmiri" İB “Zagfederasiyası” adına Gəmir Təmiri zavodunda və Zığ Gəmi Təmiri zavodunda gəmi boru çəkən və gəmi üzrə boru çilingəri vəzifəsində işlədiyi qeyd olunmuşdur. “ADXDG” “Gəmi təmiri və Gəmiqayırma” İB-nin Gəmi təmiri İstehsalat Bazası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.01.2014-cü il tarixli, 18 nömrəli qərarı ilə “Zığ” Gəmi Təmiri zavodu adlandırılıb. İş üzrə icraat materiallarına əlavə edilmiş "xxxx"i QSC-nın “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunun 27 sentyabr 2021-ci il tarixli, RM01/95 nömrəli arayışında İddiaçı 13.06.2007-ci il “Xəzərdənizgəmitəmiri” İB “Zaqfederasiyası” adına Gəmir Təmiri zavodunda Boruquraşdırma sahəsində 2-ci dərəcəli gəmi üzrə boru çəkən, 13.09.2007-ci il həmin sahədə 3-cü dərəcəli boru çəkən, 03.11.2008-ci il həmin sahədə 4-cü dərəcəli gəmi üzrə boru çilingəri, 03.02.2014-cü il mexaniki təmir sexində 4cü dərəcəli gəmi boru çəkəni, 01.10.2015-ci il mexaniki təmir bölməsində 5-ci dərəcəli gəmi boru çəkəni, hal-hazırda mexaniki təmir bölməsinin boru sahəsində gəmi bölmələrinin daxilində 5-ci dərəcəli gəmi boru çəkəni peşəsində çalışdığı geyd olunmuşdur. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarının 11.6-cı bəndində dəmir-beton gəmilərinin armaturçuları, gəmidə yapışqanlayıcılar, gəmi izolyasiyaçıları, pərçimçilər, gəmiqayırmada kolçuqaçılar, qazançılar, gəmi qazançıları, gəmi məmulatları hazırlamaq üzrə misgərlər, gəmi qazanının hörülməsi ilə məşğul olan odadavamlı materialla işləyənlər, sualtı qayıqların quraşdırılması, təmiri və modernləşdirilməsi zamanı bölmələrin daxili işlərində bilavasitə məşğul olan fəhlələr: istilik texniki nəzarət sistemlərinin və atom energetik qurğularının avtomatik tənzimlənməsinin sazlayıcıları, gəmi radioquradırıcıları, radioelektron aparatlarının və cihazlarının tənzimləyiciləri, gəmi elektrik radio quraşdırıcıları, gəmi elektrik quraşdırıcıları, güc qurğularının, mexanizmlərin və onlara aid sistemlərin gəmi bölmələrinin daxilində boru kəmərlərinin və val kəmərlərinin quraşdırılması, sökülməsi və təmiri ilə məşğul olan fəhlələr. Göründüyü kimi iddiaçının əmək kitabçasında, o cümlədən “Azərbaycan X9” QSC-nın “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunun 27 sentyabr 2021-ci il tarixli, RM01/95 nömrəli arayışında iddiaçının gəmi üzrə boru çəkən, gəmi üzrə boru çilingəri vəzifələrində işlədiyi qeyd olunmuş, lakin həmin vəzifə Nazirlər Kabinetinin güzəştli şərtləriə yaşa görə pensiya hüququ verən istehsalatların güzəştli vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmamışdır. Yuxarıda istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi iddiaçı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışdığından bu səbəbdən də ona güzəştü şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu iddia etsə də işin faktiki halları ilə iddiaçının işlədiyi vəzifələr istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti organı tərəfindən təsdiq olunan şiyahısında nəzərdə tutulmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ganunyericiliyin tələbləri baxımımdan mümkün hesab edilməmiş, cavabdeh tərəfindən verilmiş imtina ganunauyğun olmuşdur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X10 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək idda tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci ildə doğulmuşdur. - İddiaçı məxsus NZ ******* №-li hərbi biletin notarial qaydada təstiq edilmiş surətindən görünür ki, iddiaçı 22.04.1980-ci ildən 17.06.1982-ci ilə qədər (2 il 01 ay 26 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - İddiaçı məxsus 20.08.1982-ci il tarixli, ИТ-İ ******* №-li əmək kitabçasının lazımi qaydada tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı 10.11.1977-ci ildən 21.04.1980-ci ilə qədər Məmmədabad orta məktəbində kargüzar (02 il 05 ay 12 gün), 22.04.1980-ci ildən 24.06.1982-ci ilə qədər Sovet Ordu sıralarında (2 il 2 ay 3 gün), 27.08.1982-ci ildən 18.05.1987-ci ilə qədər 84 saylı Trestdə 2ci, 3-cü və 4-cü dərəcəli çilingər (4 il 8 ay 22 gün), 19.05.1987-ci ildən 01.02.1990-cı ilə qədər 7 saylı Trestdə 3-cü və 4-cü dərəcəli çilingər-montajçı (2 il 8 ay 13 gün), 02.01.1990-cı ildən 27.06.1991-ci ilə qədər 72 saylı Tikinti İdarəsində 4-cü dərəcəli motnatçı çilingər (5 il 5 ay 26 gün), 28.06.1991-ci ildən 01.06.1995-ci ilə qədər Bakı Yerli Sənayə Texnoloji Texnukumunda texnik (3 il 11 ay 4 gün), 01.09.2006-cı ildən 05.06.2007ci ilə qədər "xxxx" MMC-də çilingər (9 ay 5 gün), 13.06.2007-ci ildən hal-hazıradək “Azərbaycan X9” QSC “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda 2-ci dərəcəli, 3-cü dərəcəli, 4-cü dərəcəli, 5-ci dərəcəli gəmi boru çəkəni vəzifəsində çalışır. - Qeyd olunan əmək kitabçasının 13-cü səhifəsində işəgötürən tərəfindən aparılmış 07.09.2021-ci il tarixli qeyddən görünür ki, 13.09.2007-ci il tarixli qeydə (18 saylı) dəyişiklik edilərək 14.09.2007-ci il tarixli, 122 saylı kadr əmrinə əsaslanaraq “gəmi üzrə boru çilingəri” sözü “boru çəkən” sözü kimi oxunmalıdır. - “Azərbaycan X9” QSC “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu tərəfindən verilmiş 27.09.2021-ci il tarixli, RM01/95 №-li arayışdan görünür ki, İddiaçı - xx.xx.1961-ci il təvəllüdlü - "Azərbaycan X9" Qapalı Səhmdar Cəmiyyəti "Zığ" Gəmi Təmiri və Tikintisi zavodunun Mexaniki təmir bölməsinin Boru sahəsində gəmi boru çəkəni peşəsində çalışır. 13.06.2007-ci il "Xəzərdənizgəmitəmiri" İB "Zaqfederasiya" adına Gəmi Təmiri zavodu Boruquraşdırma sahəsinə 2-ci dərəcəli gəmi üzrə boru çəkən (Əmr 72 14.06.2007-ci il); 13.09.2007-ci il həmin sahədə 3-cü dərəcəli boru çəkəni (Əmr 122 14.09.2007-ci il); 03.11.2008-ci il həmin sahədə 4-cü dərəcəli gəmi üzrə boru çilingəri (Əmr 147 31.10.2008ci il); "ADXDG" "Gəmi təmiri və Gəmiqayırma" İB-nin Gəmi Təmiri İstehsalat Bazası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.01.2014-cü il tarixli 18 nömrəli qərarı ilə "Zığ" Gəmi Təmiri zavodu adlandırılıb; 03.04.2014-cü il mexaniki təmir sexində 4-cü dərəcəli gəmi boru çəkəni (Əmr 39 03.02.2014-cü il); 01.10.2015-ci il mexaniki təmir bölməsi 5-ci dərəcəli gəmi boru çəkəni (Əmr 298/k 01.10.2015-ci il); 06.09.2017-ci il "xxxx" QSC-nin "Zığ" Gəmi Təmirizavodunun adı dəyişdirilərək "xxxx" QSC-nin "Zığ" Gəmi Təmiri və Tikintisi zavodu adlandırılmışdır ("xxxx" QSC-nin 151 saylı 06.09.2017-ci il tarixli əmr). Hal-hazıra kimi mexaniki təmir bölməsinin boru sahəsində gəmi bölmələrinin daxilində 5-cı dərəcəli gəmi boru çəkəni peşəsində çalışır. Yuxarıda göstərilən peşə “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların siyahısı”na əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarının 11.6 a güc qurğularının, mexanizmlərin və onlara aid sistemlərin gəmi bölmələrinin daxilində gəmi boru çəkəni kimi boru kəmərlərinin və val kəmərlərinin quraşdırılması, sökülməsi və təmiri ilə məşğul olan fəhlələr bəndinə, eyni zamanda gəmi üzrə boru çilingəri kimi çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları və bütün adlarda çilingərlər bəndinə uyğundur. - “Azərbaycan X9” QSC “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu tərəfindən verilmiş 11.11.2021-ci il tarixli, RM03/110 №-li arayışdan görünür ki, İddiaçı işlədiyi 2-ci, 3-ü, 4-cü və 5-ci dərəcəli gəmi boru çəkən vəzifəsi, gəmi boru çilingəri vəzifəsi ilə eynidir və gəmi bölmələri daxilində boru kəmərlərinin və val kəmərlərinin quraşdırılması, sökülməsi və təmiri ilə məşğul olan fəhlələr bəndinə uyğundur. - “Azərbaycan X9” QSC “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu tərəfindən məhkəməyə ünvanlanmış 03.12.2021-ci il tarixli, RM03/02-680 №-li məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zafodunun Mexaniki təmi bölməsinin peşə təlimatına əsasən 5-ci dərəcə gəmi boru çəkəni peşəsinin iş xüsusiyyətləri: 150-dən çox olmaqla 258 mm-ə qədər diametrli müxtəlif markalı polad və xəlitələrdən olan boruların, 76-dan çox olmaqla 150 mm-dək diametrli korroziyaya davamlı polad və möhkəm xəlitələrdən olan boruların tam hazırlanması. İstənilən diametrli armatur, boru kəmərləri, sistemlərin, xüsusi sistem və boru kəmərlərindən başqa, gəmidə qüsurlarının müəyyənləşdirilməsi, təmiri, yığılması, quraşdırılması. 150 mm-dən yuxarı diametrli bobışkaların, ştuserlərin, çıxıntıların qurulması üçün borularda dəliklərin nişanlanması, kəsilməsi və onların uyuşdurulması. Xüsusi mürəkkəblikli çertyoj və sxemlər üzrə armaturların, boru kəmərlərinin qurulma kordinatlarının müəyyənləşdirilməsi, avadanlığın, mexanizmlərin yerləşlirilməsini nəzərə almaqla və layihəçi ilə razılaşdırılmaqla trasın nişanlanması. Sexdə boruların maketlər, maketləyici qurğular üzrə və gəmidə 150-dən çox olmaqla 258-ə qədər diametrli bir neçə çıxıntılı boruların uyuşdurulması. İstənilən ölçülü borulardan mürəkkəb fiqurlu məmulatların yığılması. Gəmidə qurulması zamanı 150 mm-dən yuxarı diametrli boru uclarının qızdırılmaqla istiqamətləndirilməsi. Bilməlidir: quraşdırılan boru kəmərləri və sistemlərin iş şəraiti və istismar qaydalarını; boru kəmərlərinin maşın-qazan şöbələrində və avadanlıqlar, mexanizmlər olan otaqlarda qurulması qaydalarını; boru kəmərlərinin 30,0 MPa-ya 300 kq/sm2 qədər təzyiqlə hidravlik sınaqlarının qaydaları və ardıcıllığını; boru kəmərlərinin sxemlərinin; boru kəmərləri və sistemlərin su keçirməyən arakəsmələrdən keçməsi üçün nişanlanması və keçirilməsini; gəmilərin təmiri və tikintisi zamanı sistemlər üzrə Dövlət Registrinin qaydalarını; yanalma və hərəkət sınaqları proqramlarını; xüsusi mürəkkəblikli boru kəmərlərinin çertyoj və sxemlərinin oxunması qaydalarını. - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış **********5 №-li, 01.03.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 14111,93 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 37931,14 manat olmaqla cəmi pensiya kapitalı 52043,07 manat təşkil edir. İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 17 il 4 ay 8 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 14111,93 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 37931,14 manat pensiya kapitalı qeydə alınmışdır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə onun Mərkəzi Filiala müraciətində qeyd etdiyi kimi 60 yaşının tamam olduğu 10.05.2021-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 46800,00 manat məbləğində hesablanmışdır. - Filial tərəfindən iddiaçıya ünvanlanmış 23.07.2021-ci il tarixli, **********5 №-li və 22.10.2021-ci il tarixli, **********3 №-li məktublardan görünür ki, 18 may 2021-ciil tarixdə və 20.10.2021-ci il tarixdə daxil olmuş ərizələrinə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Mərkəzi Filiala təqdim etdiyi 20 avqust 1982-ci il tarixli, ИT-İ ******* nömrəli əmək kitabçasında və əlavə olunmuş sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun güzəştli iş stajı 12 il 6 aydan az (7 il 6 ay 7 gün(13.06.2007- 13.09.2007-ci il, 03.02.2014-10.05.2021-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək, aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. “Andreyeva Latviyaya qarşı” işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün dörd element mövcud olmalıdır:

1. İddiaçının 60 yaşının tamam olması;

2. İddiaçının 25 il ümumi iş stajının mövcud olması;

3. İddiaçının 12 il 6 ay güzəştli iş stajının mövcud olması;

4. İddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. İddiaçı 60 yaşının tamam olması, 25 ildən artıq ümumi iş stajının olması və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmaması işin mübahisəsiz halıdır. İşin mübahisəli halı və cavabdehin imtinasının əsasını iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az olmasıdır. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina edərkən iddiaçının 13.06.22007-13.09.2007-ci il, 03.02.2014-10.05.2021-ci il tarixləri arasındakı işlədiyi gəmi üzrə boru çəkən peşəsinin güzəştli iş stajına aid etsə də onun 03.09.2007-ci ildən 03.02.2014-cü ilədək işlədiyi gəmi üzrə boru çilingəri peşəsini güzəştli iş stajına aid etməmişdir. Məhkəmə bu xüsusatla bağlı qeyd edir ki, əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavədə müəyyən edilmişdir və həmin Siyahının 2.4-cü bəndində Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Hazırki işin hallarından göründüyü kimi işəgötürən tərəfindən təqdim edilmiş arayışlarda İddiaçı işlədiyi 2-ci, 3-ü, 4-cü və 5-ci dərəcəli gəmi boru çəkən vəzifəsinin, gəmi boru çilingəri vəzifəsi ilə eyni olması və “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların siyahısı”na əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarının 11.6 a - güc qurğularının, mexanizmlərin və onlara aid sistemlərin gəmi bölmələrinin daxilində gəmi boru çəkəni kimi boru kəmərlərinin və val kəmərlərinin quraşdırılması, sökülməsi və təmiri ilə məşğul olan fəhlələr bəndinə, eyni zamanda gəmi üzrə boru çilingəri kimi çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları və bütün adlarda çilingərlər bəndinə uyğun olması qeyd edilmişdir. İddiaçı əmək fəaliyyətinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona güzəştli şərtlərlə pensiya verilməsinə ümid etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahının “Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri” adlanan 11.6-cı bölməsində güc qurğularının, mexanizmlərin və onlara aid sistemlərin gəmi bölmələrinin daxilində boru kəmərlərinin və val kəmərlərinin quraşdırılması, sökülməsi və təmiri ilə məşğul olan fəhlələr, çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları və bütün adlarda çilingərlər peşəsi nəzərdə tutulmuşdur. Göründüyü kimi İddiaçı 60 yaşının tamam olduğu günə ümumi iş stajı 25 idən artıq (31 il 11 ay 27 gün), güzəştli iş stajı 12 il 6 aydan artıq (13 il 11 ay 9 gün), fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tələb olunan 40800,00 manatdan artıq (52043,07 manat) təşkil etdiyindən, yəni tələb olunan hər dörd hal iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən iddiaçıya 60 yaşı tamam olduğu tarixdən, yəni 21.05.2021-ci ildən cavabdeh tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı 60 yaşının tamam olduğu tarixdən, 21.05.2021-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu tarixdən, 21.05.2021-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X11 Xüsusi Şərtlərlə Təyinat X6 üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər.

Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar