Məhkəmə qərarları › İş №2-1(112)-3662/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3662/2024

16.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3662/2024 16.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X7 kаtibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “RX seriyalı ******* nömrəli, xx.xx.2015-ci il tarixli çıxarış üzrə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə plan ölçünün verilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti

1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “RX seriyalı ******* nömrəli xx.xx.2015-ci il tarixli Çıxarış üzrə ünvan 1 ünvanlı fərdi yaşayış evinin hasara çəkilmiş həyətyanı sahəsinə texniki pasport verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “RX seriyalı ******* nömrəli, xx.xx.2015-ci il tarixli çıxarış üzrə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə plan ölçünün verilməsi barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir.

3. Məhkəmənin xx.xx.2024-cü il tarixli Qərardadı ilə iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilsin.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, RX seriyalı ******* nömrəli Çıxarış üzrə ünvan 1 ünvanlı fərdi yaşayış evi iddiaçıya məxsusdur. İddiaçı tərəfindən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 18 oktyabr 2022-ci il tarixində müraciət edilmişdir. Həmin müraciətə cavab olaraq 14 dekabr 2022-ci il tarixli **********76 nömrəli bildirişlə təqdim olunmuş texniki pasportda qeyd olunan perimetrik ölçülər və konfiqurasiya ilə faktiki vəziyyət arasında uyğunsuzluq və qeyd olunan fərdi yaşayış evinin ünvanı “45A” olmasına baxmayaraq təqdim edilmiş texniki pasportda “47” kimi qeyd olunmuşdur əsasları ilə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Vəziyyətin aydınlaşdırılması üçün iddiaçının vəkili tərəfindən təqdim edilmiş ilkin çıxarışa və verilmiş sorğuya 17 mart 2023-cü il tarixli 3-21-3-30/2-9037/2023 **********37 nömrəli cavab məktubu ilə ona məxsus fərdi yaşayış evinin 01 aprel 1971-ci il tarixdə X1 adına ilkin qeydiyyatdan keçməsi bildirilmişdir. Həqiqətən də, 01 aprel 1971-ci il tarixli kitab 1 səhifə 39 nömrəli Bakı şəhərində tikintilərin reyestrindən Çıxarışa (eyni ünvanlı - ünvan 3 ev 45a fərdi yaşayış evi) əsasən fərdi yaşayış evi X1 adına olmuşdur. X4 iddiaçının babasıdır və fərdi yaşayış evi onun adına vərəsəliklə keçmişdir. Daha sonra, ünvanla bağlı anlaşılmazlığı aradan qaldırmaq üçün yenidən idarəyə müraciət etmiş və 12 may 2023-cü il tarixli 3-21-3-30/2-H-0349-8/2023 **********72 nömrəli cavab məktubu ilə fərdi yaşayış evi ilə bağlı arxiv qovluğunda ilkin texniki pasport ilə əlaqədar hər hansı məlumat (sənəd) aşkar edilməməsi bildirilmişdir. Məktuba ilkin sənəd olan Maştağa rayon zəhmətkeş deputatları soveti icraiyyə komitəsinin 7 avqust 1959-cu il tarixli 12 nömrəli Qərarı əlavə edilmişdir. Həmin Qərardan aydın olur ki, iddiaçının babası X3 Bilgəh qəsəbəsində fərdi ev tikmək üçün torpaq sahəsi ayrılmış və məlum olmuşdur ki, həmin Qərarda fərdi yaşayış evinə ünvan verilməyib. İddiaçı tərəfindən təqdim edilmiş babası X1 adına olan dekabr 1963-cü il tarixli texniki pasportda ünvan Bilgəh qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, ev 47 göstərilmişdir. Naməlum səbəblərdən idarənin sənədlərində həmin texniki pasport aşkar olunmamışdır. Halbuki, texniki pasportdakı cizgilər də onun evinin faktiki yerləşməsi ilə üstüstə düşür. Həmçinin nəzərə alınmalıdır ki, Bilgəh qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsindəki fərdi yaşayış evi ətrafındakı həyətyanı sahə (texniki pasporta cizgisi olan) 1962-ci ildən iddiaçının ailəsinin istifadəsində olmuşdur. Həmin vaxtdan bu günkü günə qədər ünvan 1 ünvanı üçün işıq pulu, qaz pulu, ev pulu, torpaq pulu həmişə ödənilmişdir. İdarənin texnikləri tərəfindən aydınlaşdırılmalı vacib məsələlərdən biri təqdim edilən 1963cü il tarixli texniki pasportda qeyd edilən parametrik ölçülər və konfiqurasiya ilə faktiki vəziyyət arasında uyğunsuzluğun nədən ibarət olması yerində aydınlaşdırılmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, hasarlanmış həyətyanı sahə ilə qonşu sahə mülkiyyətçiləri arasında bir-birinə qarşı heç bir tələb və mübahisə yoxdur və olmayıb. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, təqdim edilən texniki pasportda qeyd olunan perimetrik ölçülər və konfiqurasiya ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Bundan əlavə, qeyd olunan fərdi yaşayış evinin ünvanı “45A” olmasına baxmayaraq təqdim edilmiş texniki pasportda “47” kimi qeyd olunmuşdur. Bundan başqa İdarənin arxiv məlumatlarına əsasən “47” nömrəli fərdi yaşayış evinə dair tərtib olunmuş texniki pasport ilkin olaraq X2 adına tərtib olunmuş, daha sonradan müvafiq vərəsəlik şəhadətnaməsi əsasında həmin daşınmaz əmlak X5 adına keçmiş, bununla bağlı texniki pasportda müvafiq qeydlər aparılmışdır. “47” nömrəli fərdi yaşayış evi hazırda dövlət reyestrində X6 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

II. İddianın növü və mümkünlüyü

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin:

- 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

5. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. 6.Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışında öz nümаyəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə cavabdehin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 7.Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər.

8. Məhkəmə, iddiaçı, onun nümayəndəsi və vəkilinin izahat və çıxışlarını dinəyərək, iddia ərizəsini nəzərdən keçirərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır.

İİİ. Tədqiq edilmiş sənədlər.

AZE seriyalı, 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1960-cı il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanlandığı xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-H-0773/02-8/23 **********89 nömrəli cavab məktubuna əsasən bildirilmişdir ki, sənədlərdə yaranmış uyğunsuzluğun araşdırılması ilə bağlı əvvəlki müraciətə **********67 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla cavab verilmişdir. ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən təqdim edilmiş ünvan 1 ünvanın dövlət qeydiyyatına alınmasına əsas olmuş 06 fevral 2015-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”dən görünür ki, xx.xx.1994-cü il tarixdə vəfat etmiş X2 vərəsəsi- İddiaçıdur və o, miras əmlakdan (ünvan 1) tam irs almalıdır. xx.xx.2015-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda qeyd olunmuşdur ki, 5 saylı sahə 15.4 kv.m genişləndirilmişdir. 4.8 kv.m giriş inşa olunmuşdur. Həyətyanı sahədə 8.0 kv.m tikili və 6.0 kv.m hovuz mövcuddur. Texniki pasportda A-da 1-ci mərtəbə göstərilsə də, faktiki 2 saylı sahə y/zirzəmi, 1 saylı sahəyə isə giriş mövcud deyil. Cavabdeh tərəfindən məhkəməyə ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə dair arxiv qovluğunda saxlanılan sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir.

İV. Məhkəmənin mövqeyi

9. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:

9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

10. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinə əsasən: - 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; - 2.0.2. daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək; DƏDKR-in fəaliyyət istiqamətlərinə aid edilmişdir. - 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək DƏDKR-in hüquq və vəzifələrinə aid edilmişdir.

11. İşin müəyyən edilmiş faktiki hallarına əsasən, ünvan 1 ünvanlı fərdi yaşayış evi iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsusdur. Həmin evin yerləşdiyi torpaq sahəsi, evin həyətyanı sahədir. Hazırda qanunvericilikdə göstərilən normalar əsasında iddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin həyətyanı sahəsinə texniki sənədi- plan ölçünün əldə edilməsi hüququna malikdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi qanunvericiliklə onun üzərinə qoyulmuş vəzifələri icra edərək texniki sənədin verilməsindən imtina etdiyi üçün qanunsuz hərəkətsizliyə yol vermiş, iddiaçı da pozulmuş hüquqlarının bərpası ilə yaranmış mübahisənin həlli üçün məhkəməyə müraciət etmək məcburiyyət qarşısında qalmışdır. Belə ki, cavadeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi qanunvericiliklə onun üzərinə qoyulmuş öhdəlikləri icra etmədikdə iddiaçı ilə cavabdeh arasında mübahisə yaranmışdır və həmin mübahisənin məhkəmədənkənar həlli qaydası (cavabdeh öhdəlkiklərini icra etməkdən boyun qaçırdığı təqdirdə) mövcud deyildir, mübahisə yalnız məhkəmə müstəvisində həll oluna bildiyi üçün iddiaçı hüquqlarının qorunması üçün və cavabdehi öz öhdəliklərinin icra etməsinə məcburetmə və təsir göstərmə vasitəsi kimi məhkəmə müdafiəsinə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ insanın əsas ayrılmaz hüquqlarından biri olmaqla, həmin hüququn Azərbaycan Respublikasında tanınmasına və həyata keçirilməsinə beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına, habelə Konstitusiyaya müvafiq olaraq təminat verilir. Məhkəmə müdafiəsi hüququnun isə öz növbəsində Konstitusiyanın 12-ci maddəsinə əsasən tanınması, təmin və müdafiə edilməsi Azərbaycan dövlətinin ali məqsədi olan bütün digər hüquq və azadlıqların həyata keçirilməsinin zəruri təminatı kimi çıxış edir. Beləliklə, məhkəmə icraatı iştirakçılarının məhkəmə müdafiəsini tam həcmdə həyata keçirmələrinə, yəni ədalət tələblərinə cavab verən məhkəmə vasitəsilə hüquqlarının effektiv bərpasına təminat verilir. Konstitusiyanın 25-ci maddəsinə əsasən iddiaçı və cavabdeh qanun və məhkəmə qarşısında bərabərdirlər, məhkəmə tərəfindən isə onlar arasında yaranmış mübahisəyə çəkişmə və tərəflərin hüquq bərabərliyi prinsipinə uyğun olaraq baxılmalıdır. «İnsan hüquqları haqqında» Ümumi Bəyannamənin 7, 8 və 10-cu maddələri, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi də göstərilən konstitusiya müddəalarına uyğun olmaqla, həmin maddələrdəki müddəalar hamının qanun və məhkəmə qarşısında bərabərliyinə, hər kəsin onun mülki hüquq və vəzifələrinə dair mübahisənin qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə tərəfindən həll edilməsi hüququna təminat verir. Həmin ümumi prinsip və normalar Konstitusiyanın 148-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq Azərbaycan Respublikası qanunvericiliyinin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüququn yuxarıda göstərilən normalarının məzmununa görə iddiaçı və cavabdeh eyni həcmdə məhkəmə müdafiəsi hüququna malikdirlər. Bu isə o deməkdir ki, iddiaçı bərabərhüquqlu tərəf kimi mülki prosesdə öz hüquqlarını müdafiə etmək imkanı ilə təmin edilməlidir.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”na əsasən: 1.1. Bu Qaydalar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli 937-İVQD nömrəli Qanununun tətbiqi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 iyun tarixli 182 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri (bundan sonra - ərazi idarələri), onların rayon (şəhər) şöbələri, mobil səyyar xidmət bölmələri, “ASAN xidmət” mərkəzlərindəki və kiçik və orta biznes evlərindəki xidmət bölmələri (bundan sonra xidmət bölmələri) tərəfindən daşınmaz əmlak üzərində hüquqların, onların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı, həmçinin məhv olmuş daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatının və hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) ləğv edilməsi ilə bağlı tələb olunan sənədlərin qəbulu, yoxlanılması və verilməsi prosedurunu tənzimləyir. 4.1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. 4.2. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur.

13. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:

- 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; - 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.3. inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. - 10.2. hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. - 10.3. bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. - 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Odur ki, məhkəmə cavabdehin imtina əsası kimi qeyd etdiyi əsasını iddiaçının ziyanına şərh edilməməsi kimi qiymətləndirir.

14. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, RX seriyalı ******* nömrəli xx.xx.2015-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hasara çəkilmiş həyətyanı sahəsinə plan ölçünün iddiaçıya verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.

15. İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. RX seriyalı ******* nömrəli xx.xx.2015-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hasara çəkilmiş həyətyanı sahəsinə plan ölçünün İddiaçı verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar