Məhkəmə qərarları › İş №2-1(112)-3662/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3662/2025

15.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3662/2025 15.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı “gömrük ödənişinin geri qaytarılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı “gömrük rüsumunun geri qaytarılması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə (bundan sonra mətndə Hava Nəqliyyatında Baş Gömrük İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona artıq hesablanmış 305 manat məbləğində gömrük rüsumunun ləğv edilməsi və həmin məbləğin ona geri qaytarılması vəzifəsinin cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 30 avqust 2024-cü il tarixində İstanbul-Bakı aviareysi ilə gələrkən ona Rusiya Federasiyasında hədiyyə edilmiş gətirdiyi 1 ədəd “iPhone 15 pro max” markalı 512 gb yaddaş tutumlu mobil telefonu bəyan etmək məqsədilə X4 Hava Limanının 1 nömrəli terminalında xidmətdə olan gömrük orqanı əməkdaşlarına müraciət etmişdir. Buna uyğun olaraq 30 avqust 2024-cü il tarixli **********626 nömrəli fiziki şəxslər tərəfindən gömrük orqanına təqdim edilən sadələşdirilmiş bəyannamə təqdim edilmişdir. Ondan öncə gömrükdə Amerikadan gələn Azərbaycan vətəndaşı “iPhone 15 pro max” markalı 512 gb yaddaş tutumlu mobil telefonunu bəyan etmiş hansı ki, Apple şirkətindən 1200 dollara alınmışdı, onun əlində bunu təsdiq edən qəbz var idi və o, əlində qəbz olduğu üçün 245 manat gömrük rüsumu ödəmişdir. Ona isə telefon Rusiya Federasiyasının Moskva şəhərindən yerləşən Lyublino bazarından alınıb doğum gününə hədiyyə edildiyi üçün gömrük orqanına qəbz və ya qiyməti təsdiq edən sənəd təqdim edə bilməmişdir. Gömrük orqanı tərəfindən ona münasibətdə sözügedən mobil telefonun dəyərinə dair qəbz təqdim etmədiyinə görə 1690 ABŞ dolları yəni 2873 (1960-800=890 ABŞ dolları=1513 manat) manat müəyyən edilmişdir. Lyublino bazarında həmin telefonun bazar qiyməti 125000 rubl təşkil edir (təxmini: 2175 manat) hansı ki, bunu təsdiq edən videogörüntünü məhkəməyə təqdim edəcəkdir. Apple şirkətinin Rusiya Federasiyasında rəsmi mağazası yoxdur. Gömrük orqanının nəyin əsasında gətirdiyi mala 1690 ABŞ dolları yəni 2873 manat müəyyən etməsi bir vətəndaş kimi ona qaranlıq qalır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsinin şikayət bölməsindən ərizə ilə müraciət edilmiş və cavab olaraq gömrük komitəsi hərəkətlərinin qanunvericiliyin tələblərinə uyğun olduğu və əməkdaşlarının əməlində pozuntu halı aşkar edilmədiyi qeyd edilmişdir. O, məcburiyyət qarşısında qalıb cərimə edilməsin deyə həmin 1513 manat üçün müəyyən edilmiş 610,14 manat məbləğində pulu ödəmişdir, indi hesab edir ki cavabdehin bu hərəkəti qanuna uyğun deyil. Cavabdeh orqan Gömrük Məcəlləsinin 302-ci maddəsinə istinad etmişdir; həmin məcəllənin 302.2-ci bəndində qeyd olunur, malların bəyan edilmiş gömrük dəyərinin dəqiqliyini yoxlamaq məqsədilə gömrük orqanlarının bu malların satışını həyata keçirən xarici təşkilatların kataloqlarının və ya sərəncamlarında olan digər mənbələrin qiymət məlumatlarından istifadə etmək hüququ vardır. Lakin Gömrük orqanı ona münasibətdə hansı xarici təşkilatın kataloqundan istifadə etməsini qeyd etməmişdir. Dünya bazarında hazırda həmin mobil telefonun qiyməti 1200 ABŞ dolları, bugünkü gün isə “Amazon” şirkətinin kataloqunda 1060 ABŞ dolları təşkil edir. Gömrük orqanı bugünkü gün İsveçrə və ya hansısa digər Avropa ökləsinin kataloquna uyğun olaraq ona gömrük rüsumu hesablayıb, hesab edir ki bu qəbul edilməzdir. Belə ki, Amerikadan aldığı telefonu özü ilə Azərbaycan respublikasına gətirən vətəndaşa eyni mal üçün bir qiymət, digər ölkədən gətirilən eyni mal üçün isə fərqli qiymət hesablanması yalnışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” sistemi vasitə ilə cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-33-3100/2-005147/2024 №-li iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı): Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin iddia tələbinə dair yazılı mülahizəsində (etiraz) göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş 2013-cü il 14 oktyabr tarixli 305 saylı “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 1 nömrəli Əlavəsinin 9-cu yarımbəndinə əsasən, səfər zamanı fiziki şəxslər tərəfindən, həmçinin poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən mobil telefon və digər simsiz rabitə avadanlıqları gömrük sərhədindən keçirilərkən yazılı formada gömrük orqanına bəyan edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 300.4-cü maddəsinə əsasən, fiziki şəxslər yazılı formada bəyan edilməli olan malları gömrük sərhədindən bu Məcəllənin 300.3-cü maddəsində göstərilən “Qırmızı kanal” sistemi tətbiq olunmaqla, onlara dair sadələşdirilmiş bəyannamə verməklə keçirirlər. İddiaçı xx.xx.2024-cü il tarixində 336 saylı İstanbul-Bakı aviareysi üzrə ölkə ərazisinə geri dönərkən ona məxsus olan 1 ədəd “iphone 15 pro max” markalı, 512 gb yaddaş tutumlu yeni mobil telefonunu bəyan etmək məqsədilə gömrük orqanına **********626 sorğu nömrəli sadələşdirilmiş bəyannamə təqdim etmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 302.1-ci maddəsinə əsasən, malların gömrük dəyəri onları gömrük sərhədindən keçirən fiziki şəxslər tərəfindən həmin mallar bəyan olunarkən bildirilir. Malın bəyan edilmiş gömrük dəyərinin təsdiqi üçün fiziki şəxs malın əldə olunmasını təsdiq edən müvafiq sənədləri (çek, hesab sənədi və s.) gömrük orqanlarına təqdim edə bilər. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 302.2-ci maddəsinə əsasən, malların bəyan edilmiş gömrük dəyərinin dəqiqliyini yoxlamaq məqsədilə gömrük orqanlarının bu malların satışını həyata keçirən xarici təşkilatların kataloqlarının və ya sərəncamlarında olan digər mənbələrin qiymət məlumatlarından istifadə etmək hüququ vardır. Fiziki şəxslər tərəfindən gömrük ərazisinə gətirilən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük dəyəri (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) 800 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olduqda, ümumi gömrük dəyərindən qeyd olunan məbləğ çıxılmaqla, bu malların gömrük rəsmiləşdirilməsinin xarici- iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun gömrük ödənişləri alınmaqla sadələşdirilmiş qaydada həyata keçirilməsi tələbi yuxarıda istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarının məzmunundan irəli gəlir. Fiziki şəxsin malın iddia edilən gömrük dəyərini təsdiq etmək üçün, həmin malın alışına dair müvafiq sənədləri gömrük orqanına təqdim etmək imkanının qanunvericiliyin tələblərindən irəli gəlməsinə baxmayaraq, iddiaçı tərəfindən malın gömrük dəyərini təsdiq edən çek və ya digər hesab sənədi gömrük orqanının vəzifəli şəxsinə təqdim edilməmişdir. İddiaçı təkidlə mobil telefonun ona hədiyyə olunmasını və nəticə etibarilə, özünün də tam məlumatlı olmadığı bəyan olunmuş malın dəyərini 125000 rubl (təxminən 1207 ABŞ dolları) məbləği şəklində təsdiq olunmasını tələb etmişdir. Halbuki Azərbaycan Respublikası Gömrük Məcəlləsinin “fiziki şəxslər tərəfindən malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsinin xüsusiyyətləri” adlı 52-ci fəslində fiziki şəxsə məxsus malların dəyərinin müəyyən edilməsi zamanı onların əldə olunmasına görə hədiyyə, maddi yardım, birdəfəlik müavinət və ya miras şəklində ayrı-ayrı kateqoriyalar üzrə güzəştlər nəzərdə tutulmamışdır. Gömrük orqanı əməkdaşı Azərbaycan Respublikası Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi (VAİS) üzərindən İddiaçı ilə təqribən eyni zaman kəsiyində ölkə ərazisinə səfər etmiş digər fiziki şəxslər tərəfindən həm onlara məxsus eyni markalı mobil telefonlara dair qəbzin mövcudluğu olmadan bəyan olunan sadələşdirilmiş bəyannamələrə dair gömrük ödənişlərinin hesablanması blanklarını, həm də analoji məhsulların rəsmi qaydada satışını həyata keçirən başqa sözlə, “Premium reseller” statusuna malik mağazaların internet resurslarını nəzərdən keçirmiş, bununda nəticəsidir ki, bəyan edilmiş malın dəyərində uyğunsuzluqlar müşahidə edildiyindən, dəqiqliyini yoxlamaq zərurəti yaranmışdır. İlk olaraq qeyd edilməlidir ki, dünya bazarında bütün mobil telefonların bazar qiymətinin təhlil edilməsi, həm lüzumsuz olaraq araşdırmanın həcminin artmasına, həm də iş üzrə heç bir əhəmiyyət daşımayacaq məhsul qiymətlərinin müəyyən edilməsinə şərait yaratdığından, praktiki baxımdan qeyri-mümkündür. Digər tərəfdən, iddiaçı tərəfindən ölkəyə gətirilən mobil telefonun alışının Rusiyada həyata keçirildiyini nəzərə alsaq, gömrük orqanı əməkdaşının məhz Rusiyadan idxal edilmiş mobil telefonların bazar qiymətini müəyyən etməsi tam məntiqli və ədalətlidir. Rusiyada apple şirkətinin rəsmi satış təmsilçiləri qismində “iPort”; “re:Store”, “iCenter” adlı xidmət təchizatçıları mövcuddur və həmin mağazaların dəstəklədiyi internet informasiya resurslarındaki kataloqlarda (rəsmi saytlardan çıxarışlar qoşmada təqdim olunmuşdur) göstərilən “iPhone 15 pro max” markalı, 512Gb yaddaş tutumlu mobil telefonun bazar qiymətləri xx.xx.2024-cü il tarixli **********626 sorğu nömrəli sadələşdirilmiş bəyannamədə əksini tapmış dəyər məbləğinə tam uyğundur. İddiaçı digər vətəndaşa məxsus eyni markalı mobil telefon üçün daha az məbləğdə gömrük rüsumu ödənilməsinə aydınlıq gətirərək, nəticə etibarilə, vətəndaşın əlində həmin mobil telefonun dəyərini təsdiq edən qəbzin mövcudluğunu və gömrük orqanı əməkdaşının fiziki şəxsə münasibətdə qanunla təsdiq olunan imkanını həyata keçirməsinə şərait yaratması faktını özü də bildirmişdir. Lakin, İddiaçı tərəfindən qeyd edilənlər məntiqi baxımdan iddia ərizəsinin məzmunu ilə ziddiyət təşkil edir, buna görə də, cavabdeh tərəfindən onun hansı hüquqlarının pozulduğu təsdiqini tapmır. İddiaçı artıq hesablandığını iddia etdiyi 305 manat məbləğində gömrük rüsumunun ləğv edilməsi üzrə tələbini əsaslandıran sübutu nə gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanı əməkdaşına, nə də məhkəməyə təqdim etməmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi müxtəlif xarici mənbə kataloqlarından əldə etdiyi çıxarışların mötəbər hesab olunaraq qiymətləndirilməsi mümkün olmadığı kimi, qanunvericilik bu mənbələrə istinad imkanını yalnız gömrük orqanı tərəfindən malın dəyərinin dəqiqliyinin yoxlanılması həddində verilmişdir. İddiaçının tələbində ona münasibətdə cərimənin tədbiq edilməməsi üçün məcburiyyət qarşısında gömrük ödənişini ödəməsi şəklində ifadə yer almışdır. Lakin qanunvericilik fiziki şəxsin gömrük ödənişlərini ödəmək imkanı olmadığı təqdirdə və ya digər səbəblərdən gömrük rəsmiləşdirilməsinin başa çatdırılmadığı hallarda ona münasibətdə hər hansı sanksiya növünün tədbiqini istisna etməklə yanaşı, gətirdiyi malı gömrük ərazisindən geri qaytarmaq və ya gömrük orqanının müvəqqəti saxlanc anbarında yerləşdirmək hüququ verir. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 301 2ci maddəsinə əsasən, fiziki şəxslərin gömrük sərhədindən keçirdiyi malların gömrük rəsmiləşdirilməsi onlar tərəfindən gömrük rüsumlarının və vergilərin ödənilməməsi və ya bu Məcəllənin 215-ci maddəsi, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanunu və müvafiq icra hakimiyyəti orqanının qərarı ilə məhdudiyyət qoyulmuş malların gömrük sərhədindən keçirilməsi müvafiq icazə sənədinin olmaması səbəblərinə görə başa çatdırılmadıqda, həmin şəxsin seçimi əsasında mallar gömrük ərazisindən geri qaytarılmalı, yaxud müvəqqəti saxlanc anbarında yerləşdirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş xx.xx.2011-ci il tarixli 212 nömrəli “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nın 6.1-ci bəndinə əsasən şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə mövcud qanunvericiliyə müvafiq olaraq gətirilən hər bir mobil cihazın İMEİ nömrəsi ən geci 30 (otuz) gün müddətində bu Qaydaya uyğun qeydiyyatdan keçirilməlidir. İddiaçı məhkəməyə təqdim etdiyi ödəniş qəbzindən də məlum olur ki, xx.xx.2024-cü il tarixində sadələşdirilmiş qaydada bəyan etdiyi mobil telefon üçün hesablanmış 610,14 manat məbləğində gömrük ödənişini 03.10 2024-cü il tarixində təxminən 30 (otuz) gündən artıq müddət ərzində öz razılığı ilə icra etmişdir. Qanunvericilikdə inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan faktiki xarakterli hərəkətlərindən edilən şikayətin iddia müddəti müəyyən edilməsə də, nəzərə almaq lazımdır ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. xx.xx.2005-ci il tarixli 1036 nömrəli “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 71.2-ci maddəsinə əsasən şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də “inzibati şikayətlər üzrə icraat" adlı fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayətin inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verildiyini, başqa sözlə, iddiaçının ona münasibətdə artıq hesablandığını iddia etdiyi 305 manat məbləğində gömrük rüsumunu ağlabatan müddətdə icra edərək, məhkəməyə pozulmuş hüquqlarının müdafiəsi məqsədilə ödənişin geri qaytarılması barədə müraciət edə bilmə imkanını, hər bir halda İddiaçı tərəfindən istər malın gömrük rəsmiləşdirilməsi zamanı, istərsə də aparılan məhkəmə icraatı gedişində malın alış dəyərini təsdiq edən mötəbər sübut təqdim etmədiyi faktını və yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin olunmamasını xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və idda ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş edi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR. İş materiallarında olan: İddiaçı tərəfindən təqdim olunmuş “Fiziki şəxslər tərəfindən verilən sadələşdirilmiş bəyannamənin gömrük ödənişlərinin hesablanması blankı”ndan müəyyən olunur ki, “İphone” 15 pro max 512qb markalı (İMEİ kod **********83383) mobil telefon 1513 manat məbləğində dəyərləndirilməklə 610,14 manat məbləğində gömrük rüsumu hesablanmışdır. “Hökumət ödəniş portalı”ndan çıxarışdan müəyyən olunur ki, İddiaçı tərəfindən 3,10 manat komissiya haqqı olmaqla 613,24 manat gömrük rüsumu ödənilmişdir. xx.xx.2024-cü il tarixli 157 №li satış qəbzindən və eyni tarixli kassa çekindən müəyyən , “İphone” 15 pro max 512 qb markalı (İMEİ kod **********83383) mobil telefon üçün 120.000 rubl məbləğində pul ödənilmişdir. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-33-3100/2-B- 001230/1-42/2024 №-li cavab məktubunda göstərilmişdir ki, “...Azərbaycan Respublikasının Gomruk Məcəlləsinin 302-ci maddəsinə əsasən, malların gömrük dəyəri onları gömrük sərhədindən keçirən fiziki şəxslər tərəfindən həmin mallar bəyan olunarkən bildirilir. Malın bəyan edilmiş gömrük dəyərinin təsdiqi üçün fiziki şəxs malın əldə olunmasını təsdiq edən müvafiq sənədləri (çek, hesab sənədi və s.) gömrük orqanlarına təqdim edə bilər. Qeyd edirik ki, gömrük orqanı tərəfindən malın dəyərinin yoxlanılması zamanı eyni və ya təqribən eyni vaxtda sözügedən malların idxalatçıları tərəfindən təqdim edilmiş müvafiq sənədlərdən əldə olunan məlumatlar əsasında müəyyənləşdirilmiş statistik məlumatlardan, rəsmi satış təmsilçilərinin kataloqlarından və ya sərəncamlarında olan digər mənbələrin qiymət məlumatlarından istifadə edilir.” Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən iddiaçının elektron poçt ünvanına göndərilmiş məktubunda göstərilmişdir ki, “.... Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 302.1-ci maddəsinə əsasən malların gömrük dəyəri onları gömrük sərhədindən keçirən fiziki şəxslər tərəfindən həmin mallar bəyan olunarkən bildirilir. Malın bəyan edilmiş gömrük dəyərinin təsdiqi üçün fiziki şəxs malın əldə olunmasını təsdiq edən müvafiq sənədləri (çek, hesab sənədi və s.) gömrük orqanlarına təqdim edə bilər. Həmin Məcəllənin 302.2-ci maddəsinə görə malların bəyan edilmiş gömrük dəyərinin dəqiqliyini yoxlamaq məqsədilə gömrük orqanlarının bu malların satışını həyata keçirən xarici təşkilatların kataloqlarının və ya sərəncamlarında olan digər mənbələrin qiymət məlumatlarından istifadə etmək hüququ vardır. Müraciətinizin araşdırılması zamanı müəyyən edilmişdir ki, Siz 30 avqust 2024-cü il tarixində İstanbul-Bakı aviareysi ilə gələrkən gətirdiyiniz 1 ədəd “iPhone 15 pro max” markalı 512 gb yaddaş tutumlu mobil telefonun bəyan edilməsi məqsədilə X4 Hava Limanının 1 nömrəli terminalında xidmətdə olan gömrük orqanı əməkdaşlarına müraciət etmisiniz. Sözügedən mobil telefonun dəyərinə dair qəbz təqdim edilmədiyinə görə gətirdiyiniz mobil telefonun dəyəri gömrük orqanı tərəfindən qanunvericiliyin tələbinə müvafiq olaraq malların satışını həyata keçirən təşkilatların kataloqlarından və digər mənbələrin qiymət məlumatlarından istifadə edilməklə 1690 ABŞ dolları müəyyən edilərək həmin mobil telefonun bəyan edildiyi 30 avqust 2024-cü il tarixli **********626 nömrəli fiziki şəxslər tərəfindən gömrük orqanına təqdim edilən sadələşdirilmiş bəyannamə təsdiq edilmişdir. Araşdırma zamanı gömrük orqanı əməkdaşlarının əməlində pozuntu halı aşkar edilməmişdir. Müraciətinizə baxılmasının nəticəsi ilə razılaşmadığınız təqdirdə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-İVQ nömrəli Qanununun 14.0.8-ci maddəsinin tələbinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnuz vardır.” TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Gömrük Məcəlləsi: ... Maddə 224. Gömrük ödənişləri 224.1. Bu Məcəllədə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Gömrük tarifi haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında”, “Dövlət rüsumu haqqında”, “Tullantılar haqqında” Azərbaycan Respublikasının qanunlarında və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarında nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən aşağıdakı gömrük ödənişləri alınır: 224.1.1. gömrük rüsumları; 224.1.2. əlavə dəyər vergisi ; 224.1.3. aksizlər; 224.1.4. yol vergisi; 224.1.5. gömrük yığımları; 224.1.6. haqq; 224.1.7. dövlət rüsumu. ... 224.4. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar keçirilərkən gömrük ödənişləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sadələşdirilmiş qaydada alınır. ... Maddə 266. Ümumi müddəalar 266.1. Gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri bu Məcəllənin 267.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır. 266.2. Gömrük orqanları tərəfindən alınan vergilərin və dövlət rüsumunun qaytarılması müvafiq olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir. ... Maddə 267. Gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılmalı olduğu hallar 267.1. Məcəllənin bu Fəslinin müddəaları nəzərə alınmaqla gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri aşağıdakı hallarda qaytarılır: 267.1.1. mallar qüsurlu olduqda; 267.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 267.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda.ii 267.2. Gömrük orqanları bu Məcəllənin 270.1-ci maddəsində qeyd olunan müddətlər ərzində gömrük ödənişlərinin qaytarılmalı olduğunu aşkar etdiyi halda, həmin ödənişlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır. ... Maddə 270. Gömrük ödənişlərinin qaytarılması barədə müraciət 270.1. Gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. 270.2. Ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin qaytarılması haqqında ərizənin gömrük orqanına verilməsinin fors-major hallar nəticəsində gecikdirildiyini sübuta yetirdikdə, bu Məcəllənin 270.1-ci maddəsində göstərilən müddət gömrük orqanları tərəfindən daha 1 (bir) ilədək uzadılır. 270.3. Gömrük ödənişlərinin qaytarılması, yaxud bundan imtina edilməsi haqqında qərar, ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün ərzində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər. .... Maddə 299. Fiziki şəxslər tərəfindən malların gömrük sərhədindən keçirilməsi qaydaları 299.1. Gömrük ərazisinə gətirilməsi və bu ərazidən aparılması bu Məcəllənin 214cü maddəsi, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qadağan edilmiş mallar istisna olmaqla, fiziki şəxslər istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malları gömrük sərhədindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi güzəştli və sadələşdirilmiş qaydada keçirirlər. 299.2. Malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, onların fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında müəyyən edilir. 299.3. Fiziki şəxslər gömrük sərhədindən malları istehsal, yaxud kommersiya məqsədləri üçün keçirərkən, gömrük rəsmiləşdirilməsinin bu Məcəllə ilə müəyyən olunmuş ümumi qaydaları tətbiq olunur. 299.4. Fiziki şəxs gömrük sərhədindən keçirmək istədiyi malların təsnifatının, gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin əvvəlcədən müəyyənləşdirmək məqsədilə gömrük orqanına yazılı, o cümlədən elektron formada müraciət edə bilər. Həmin müraciət əsasında bu Məcəllənin 50-ci maddəsinə müvafiq olaraq malların təsnifatının, gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin müəyyən edilməsi baxımından icrası gömrük orqanları üçün məcburi olan qərar qəbul edilir. ... Maddə 300. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların bəyan edilməsi 300.1. Fiziki şəxslərin gömrük sərhədindən keçirilən malların bəyan edilməsinin sadələşdirilmiş qaydasından istifadə etməsi üçün gömrük sərhəd buraxılış məntəqələrində ikikanallı – “Yaşıl kanal” və “Qırmızı kanal” - buraxılış sistemləri tətbiq olunur. 300.2. “Yaşıl kanal” buraxılış sistemi fiziki şəxslər tərəfindən malların (müşayiət olunmayan baqajda keçirilən və poçt göndərişlərində göndərilən mallar istisna olmaqla) şifahi formada bəyan edilməsi üçün nəzərdə tutulur. 300.3. “Qırmızı kanal” buraxılış sistemi mallara dair sadələşdirilmiş bəyannamə verilməklə, onların yazılı formada bəyan edilməsi üçün nəzərdə tutulur. 300.4. Fiziki şəxslər yazılı formada bəyan edilməli olan malları gömrük sərhədindən bu Məcəllənin 300.3-cü maddəsində göstərilən “Qırmızı kanal” sistemi tətbiq olunmaqla, onlara dair sadələşdirilmiş bəyannamə verməklə keçirirlər. 300.5. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli olan malların siyahısını, onların bəyan olunması və gömrük rəsmiləşdirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 300.6. Yazılı formada bəyan edilməli olan mallar gömrük sərhədindən yetkinlik yaşına çatmamış fiziki şəxslər tərəfindən keçirildikdə, həmin mallar onu müşayiət edən şəxs tərəfindən bəyan olunur. 300.7. Fiziki şəxslər istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malları gömrük sərhədindən əl yükündə və (və ya) müşayiət edilən baqajda keçirdikdə, sadələşdirilmiş bəyannaməni malların gömrük orqanına təqdim edilməsi ilə eyni vaxtda verirlər. ... Maddə 302. Fiziki şəxslərin gömrük sərhədindən keçirdiyi malların gömrük dəyəri 302.1. Malların gömrük dəyəri onları gömrük sərhədindən keçirən fiziki şəxslər tərəfindən həmin mallar bəyan olunarkən bildirilir. Malın bəyan edilmiş gömrük dəyərinin təsdiqi üçün fiziki şəxs malın əldə olunmasını təsdiq edən müvafiq sənədləri (çek, hesab sənədi və s.) gömrük orqanlarına təqdim edə bilər. 302.2. Malların bəyan edilmiş gömrük dəyərinin dəqiqliyini yoxlamaq məqsədilə gömrük orqanlarının bu malların satışını həyata keçirən xarici təşkilatların kataloqlarının və ya sərəncamlarında olan digər mənbələrin qiymət məlumatlarından istifadə etmək hüququ vardır. Maddə 303. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların mənşə ölkəsi Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların mənşə ölkəsi, onların etiketi (yarlığı), pasportu və mənşəyinə dair məlumatları əks etdirən digər sənədlər əsasında müəyyən olunur. ... Maddə 304. Fiziki şəxslər tərəfindən malların gömrük sərhədindən güzəştli və sadələşdirilmiş qaydada keçirilməsi 304.1. “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə mallar güzəştli qaydada, yəni malların gömrük rəsmiləşdirilməsi zamanı bu Məcəllədə nəzərdə tutulmuş gömrük prosedurlarından azad olunmaqla, gömrük ödənişləri alınmadan və ticarət siyasəti tədbirləri tətbiq edilmədən keçirilir. Fiziki şəxsin mallarını “Yaşıl kanal” buraxılış sistemindən istifadə etməklə gömrük sərhədindən keçirməsi, onun əl yükündə və müşayiət olunan baqajında yazılı formada bəyan edilməli malların olmadığı və bu malların gömrük orqanlarına şifahi bəyan edilməsi kimi qəbul edilir. 304.2. Fiziki şəxslərin gömrük sərhədindən güzəştli qaydada keçirdiyi mallara gömrük baxışı seçmə yolu ilə həyata keçirilir. Gömrük baxışı zamanı yazılı formada bəyan edilməli mallar aşkarlandıqda, fiziki şəxs həmin mallara dair bəyannamə verməli və müvafiq gömrük ödənişlərini ödəməlidir. 304.3. “Qırmızı kanal” buraxılış sistemi vasitəsilə mallar sadələşdirilmiş qaydada, yəni malların gömrük rəsmiləşdirilməsi zamanı bu Məcəllədə nəzərdə tutulmuş gömrük prosedurlarından azad olunmaqla, lakin gömrük rüsumları və vergilər alınmaqla, habelə ticarət siyasəti tədbirləri tətbiq edilməklə keçirilir. 304.4. Gömrük ərazisinə gətirilməsinə və bu ərazidən aparılmasına bu Məcəllənin 215-ci maddəsi, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanunu və müvafiq icra hakimiyyəti orqanının qərarı ilə məhdudiyyət qoyulmuş mallar gömrük sərhədindən müvafiq icazə sənədləri əsasında keçirilir. 304.5. Fiziki şəxslər malları gömrük sərhədindən sadələşdirilmiş qaydada keçirməkdən imtina edə bilərlər. Belə hallarda malların gömrük sərhədindən keçirilməsinin bu Məcəllə ilə müəyyən olunmuş ümumi qaydaları tətbiq edilir. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. gömrük tarifi - gömrük sərhədindən keçirilən mallara tətbiq edilən və xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq sistemləşdirilmiş gömrük rüsumu dərəcələrinin məcmusu; ... 1.1.5. malların gömrük dəyəri - advalor gömrük rüsumu dərəcəsinin tətbiqi məqsədi ilə malların dəyərinin müəyyən edilməsi; 1.1.6. eyni mallar - fiziki xassələri (malların dəyərinə təsir etməyən kiçik fərqlər istisna olmaqla), keyfiyyəti, həmçinin bazardakı nüfuzu da daxil olmaqla, bütün xüsusiyyətləri eyni olan mallar; ... Maddə 7. Gömrük dəyərinin müəyyən edilməsi 7.1. Malın gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) sistemi beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə (1994-cü il Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) Vİİ maddəsinə, GATT-ın Vİİ maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır və gömrük ərazisinə gətirilən mallara şamil edilir. 7.2. Gömrük tarifinin tətbiqi məqsədi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq bu Qanunla müəyyən edilir. 7.3. Məlumat daşıyıcısı vasitələrinin gömrük dəyərləndirilməsi qaydalarını bu Qanunun müddəaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 7.4. Malların gömrük dəyərinin müəyyən edilməsi sadə və ədalətli meyarlara əsaslanmalı və gömrük dəyərləndirilməsinin prosedurları malların təchizat mənbələrindən asılı olaraq fərqlənməməlidir. Maddə 8. Malın gömrük dəyərinin bəyan edilməsi 8.1. Mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına (bundan sonra - gömrük orqanı) bəyan edilir. 8.2. Gömrük sərhədindən keçirilən malların bəyan edilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 8.3. Gömrük dəyərinin bəyannaməçi tərəfindən müəyyən edilməsi bu Qanunun 7.1ci maddəsi nəzərə alınmaqla bu Qanunda nəzərdə tutulmuş üsullara uyğun həyata keçirilir. 8.4. Gömrük dəyərinin müəyyən edilməsinin düzgünlüyünə gömrük orqanı nəzarət edir. ... Maddə 10. Bəyannaməçinin hüquq və vəzifələri 10.1. Bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. 10.2. Bəyannaməçinin gömrük orqanına təqdim etdiyi gömrük bəyannaməsi təqdim edildiyi tarixdən 1 (bir) gün müddətində gömrük orqanı tərəfindən bəyan edilmiş malın gömrük dəyərini dəqiqləşdirmək zərurəti ilə əlaqədar olaraq təsdiq edilmədikdə, bəyannaməçi malların buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına yazılı, o cümlədən elektron formada müraciət edə bilər. Həmin müraciətə Gömrük Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Maddə 11. Gömrük orqanının hüquq və vəzifələri 11.1. Gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. 11.2. Aparılmış yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin bu Qanuna uyğun olmadığı, yaxud digər səbəblərdən düzgün olmadığı qənaətinə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi bu Qanunun tələbləri nəzərə alınmaqla gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi üçün bəyannaməçiyə yazılı, o cümlədən elektron bildiriş təqdim edir. Həmin bildirişdə gömrük dəyərinə təklif olunan düzəlişlər göstərilməli və onların edilməsi zərurəti əsaslandırılmalıdır. Buraxılışı həyata keçirilməmiş malların gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə dair bildiriş həmin mallarla bağlı gömrük bəyannaməsinin gömrük orqanına təqdim edildiyi andan ən geci 24 saat müddətində bəyannaməçiyə təqdim edilməlidir. Maddə 12. Gömrük dəyərinin müəyyən edilməsi üsulları 12.1. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. 12.2. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. 12.3. Bəyannaməçinin seçimi əsasında dəyərin çıxılması üsulu və dəyərin toplanması üsulu istənilən ardıcıllıqla tətbiq edilir. Maddə 13. Malların sövdələşmə qiyməti üsulu 13.1. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri, bu Qanunun 13.2-ci maddəsinə müvafiq qiymət tənzimlənməsi aparılmaqla, Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymət sövdələşmə qiyməti hesab olunur, bu şərtlə ki: 13.1.1. alıcının dəyərləndirilən mallara dair sərəncam və ya istifadə hüququna məhdudiyyətlər nəzərdə tutulmasın (qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlər, malların təkrar satıla biləcəyi coğrafi ərazi məhdudiyyətləri, malların dəyərinə əhəmiyyətli dərəcədə təsir etməyən məhdudiyyətlər istisna olmaqla); 13.1.2. satış və ya malların qiyməti həmin mallara münasibətdə dəyəri müəyyən edilə bilməyən hər hansı şərt və öhdəliklərdən asılı olmasın; 13.1.3. alıcı tərəfindən mallara dair sərəncam verilməsindən və ya onların istifadəsindən satıcı birbaşa və ya dolayı yolla mənfəət əldə etməsin, əgər bu Qanunun 13.2-ci maddəsinə müvafiq qiymət tənzimlənməsinin aparılması mümkün deyilsə; 13.1.4. bu Qanunun 13.1.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, malların alıcısı və satıcısı əlaqəli şəxslər olmasınlar; 13.1.5. alıcı ilə satıcı əlaqəli şəxslər olduğu halda, onlar arasındakı münasibətlər mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymətə təsir etməsin və ya idxalatçı malların sövdələşmə qiymətinin bu Qanunun 13.7-ci maddəsinin tələblərinə cavab verdiyini sübut etsin. ... Maddə 18. Ehtiyat üsul 18.1. İdxal olunan malların gömrük dəyərini bu Qanunun 13–17-ci maddələrinə əsasən müəyyənləşdirmək mümkün olmadıqda, gömrük dəyəri bu Qanunun 7.1-ci maddəsinə uyğun olaraq, beynəlxalq təcrübədə qəbul edilmiş ümumi prinsiplərə, habelə bu Qanunun gömrük dəyərləndirilməsinə dair müddəalarına uyğun vasitələrdən istifadə etməklə və gömrük ərazisində mövcud olan məlumatlar əsasında müəyyən edilir. 18.2. Bu Qanunun 18.1-ci maddəsinə müvafiq olaraq malların gömrük dəyəri aşağıdakılar əsasında müəyyən edilə bilməz: 18.2.1. gömrük ərazisində istehsal edilən malların həmin ərazidəki satış qiyməti; 18.2.2. müqayisə üçün seçilən iki alternativ dəyərdən gömrük məqsədləri üçün ən yüksək olanının qəbul edilməsini nəzərdə tutan sistem; 18.2.3. malların ixrac ölkəsinin daxili bazarındakı qiyməti; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il, 305 №-li qərarı təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”: 1.1. Bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 299.1-ci maddəsinə əsasən hazırlanmışdır və fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra - gömrük sərhədi) keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarını müəyyən edir. ... 3.1. Fiziki şəxslərin gömrük sərhədindən keçirilən malların bəyan edilməsinin güzəştli və sadələşdirilmiş qaydasından istifadə etməsi üçün gömrük sərhəd buraxılış məntəqələrində “Yaşıl kanal“ və “Qırmızı kanal“ buraxılış sistemləri tətbiq olunur. 3.2. “Yaşıl kanal“ buraxılış sistemi fiziki şəxslər tərəfindən malların (müşayiət olunmayan baqajda keçirilən və poçt göndərişlərində göndərilən mallar istisna olmaqla) şifahi formada gömrük orqanlarına bəyan edilməsi üçün nəzərdə tutulur. 3.3. “Qırmızı kanal“ buraxılış sistemi gömrük orqanlarına bu Qaydaların 1 nömrəli əlavəsində göstərilən mallara dair bəyannamə təqdim edilməklə, onların gömrük sərhədinə gətirilənədək əvvəlcədən elektron formada və ya gömrük sərhədinə gətirildikdən sonra yazılı (kağız üzərində və ya elektron) formada bəyan olunması üçün nəzərdə tutulur. 3.4. Bu Qaydaların 2 nömrəli əlavəsində göstərilən gömrük sərhədindən keçirilən və beynəlxalq poçt göndərişləri vasitəsilə alınan (göndərilən) mallar həmin əlavədə nəzərdə tutulmuş icazə sənədi təqdim edilməklə, sadələşdirilmiş qaydada rəsmiləşdirilir. 3.5. Bəyannamə yetkinlik yaşına çatmış fiziki şəxs tərəfindən doldurulur. 3.6. “Qırmızı kanal“dan mallar yetkinlik yaşına çatmamış fiziki şəxslər tərəfindən keçirildikdə, həmin mallar onu müşayiət edən şəxs tərəfindən bəyan edilir. 3.7. Fiziki şəxslər istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malları gömrük sərhədindən əl yükündə və (və ya) müşayiət edilən baqajda keçirdikdə və həmin malın gömrük dəyəri bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş həddən artıq olduqda, alan və ya göndərən şəxs və ya onların səlahiyyətli nümayəndəsi tərəfindən sadələşdirilmiş bəyannamə həmin mal gömrük sərhədinə gətirilənədək əvvəlcədən elektron formada və ya mal gömrük sərhədinə gətirildikdən sonra yazılı (kağız üzərində və ya elektron) formada malların gömrük orqanına təqdim edilməsi ilə eyni vaxtda verilir. Həmin mallar üçün gömrük ödənişləri gömrük rəsmiləşdirilməsi aparılan günə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən məzənnəyə görə manatla hesablanır və yalnız bank, poçt və ya ödəniş kartı vasitəsilə fiziki şəxs tərəfindən elektron ödəmə sistemindən istifadə edilməklə gömrük orqanlarının hesabına köçürülür. 3.8. Gömrük ərazisinə müşayiət olunmayan baqajda gətirilən mallara dair bəyannamə həmin mallar gömrük rəsmiləşdirilməsinin həyata keçiriləcəyi gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq, gömrük ərazisindən müşayiət olunmayan baqajda aparılan mallara dair bəyannamə isə onların gömrük orqanına təqdim edilməsi ilə eyni vaxtda verilir. 3.9. Müşayiət olunmayan baqajdakı mallar onları keçirən fiziki şəxs və ya onun, daşıyıcı şirkət, poçt rabitəsi operatoru və ya onların nümayəndəsi tərəfindən bəyan edilə bilər. 3.10. Müşayiət olunmayan baqajda bu Qaydaların 3.11-3.14-cü bəndlərində nəzərdə tutulan qaydada gətirilən yetkinlik yaşına çatmayan şəxsə aid olan mallar üzrə gömrük rəsmiləşdirilməsi ilə bağlı münasibətlər həmin bəndlərin tələbinə uyğun olaraq, onun valideynləri, övladlığa götürənləri, qəyyumları, himayəçiləri, yaxud göstərilən şəxslərin etibarnamələri əsasında hərəkət edən başqa fiziki şəxslər tərəfindən həyata keçirilir. 3.11. İstehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, fiziki şəxsin adına daşıyıcı şirkət vasitəsilə göndərilən malların və ya X3 aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunmayan beynəlxalq poçt göndərişlərinin gömrük dəyəri bu Qaydaların 2.1.4-cü yarımbəndi ilə müəyyən edilmiş həddən çox olduqda, malların gömrük rəsmiləşdirilməsi alan və ya göndərən şəxs və ya onların səlahiyyətli nümayəndəsi tərəfindən gömrük orqanına sadələşdirilmiş elektron bəyannamə təqdim edilməklə həyata keçirilir. Həmin mallar üçün gömrük ödənişləri gömrük rəsmiləşdirilməsi aparılan günə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən məzənnəyə görə manatla hesablanır və yalnız bank, poçt və ya ödəniş kartı vasitəsilə fiziki şəxs tərəfindən elektron ödəmə sistemindən istifadə edilməklə gömrük orqanlarının hesabına köçürülür. 3.12. İstehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, fiziki şəxsin adına daşıyıcı şirkət vasitəsilə göndərilən malların və ya X3 aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunmayan beynəlxalq poçt göndərişlərinin gömrük dəyəri bu Qaydaların 2.1.4-cü yarımbəndi ilə müəyyən edilmiş həddən artıq olmadıqda, malların gömrük rəsmiləşdirilməsi müvafiq daşıyıcı şirkət, poçt rabitəsi operatoru və ya onların nümayəndəsi tərəfindən gömrük orqanına bəyannamə təqdim edilməklə həyata keçirilir. 3.13. X3 aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunan beynəlxalq poçt göndərişləri ilə göndərilən mallar üçün bəyannamə tələb olunmur. 3.14. İstehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, X3 aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunan beynəlxalq poçt göndərişləri ilə göndərilən malların gömrük dəyəri bu Qaydaların 2.1.4-cü yarımbəndi ilə müəyyən edilmiş həddən artıq olduqda, həmin mallar üçün gömrük ödənişləri fiziki şəxs tərəfindən poçt rabitəsi operatoruna ödənilir. Poçt rabitəsi operatoru isə həmin ödənişləri bir bank günü müddətində gömrük orqanlarının hesabına köçürür. 3.15. Gömrük orqanlarına bəyan edilmiş mallara dair məlumatların düzgünlüyünə görə cavabdehliyi həmin malları bəyan edən fiziki şəxs daşıyır. 3.16. Gömrük orqanının vəzifəli şəxsi malları yoxlamaq niyyətində olduğunu bildirənədək, gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirənədək və malların buraxılışı həyata keçirilənədək bəyannaməçi tərəfindən bəyannaməyə düzəlişlər edilə və ya bəyannamə geri götürülə bilər. 3.17. Gömrük orqanının vəzifəli şəxslərinin, gömrük orqanının səlahiyyətlərinə aid edilmiş məlumatların daxil edilməsi istisna olunmaqla, bəyannaməni doldurmaq, orada göstərilən məlumatları dəyişdirmək və ya ona əlavə etmək hüququ yoxdur. Lakin gömrük orqanının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin qanuna uyğun olaraq tərtib edilməsində, ona müvafiq düzəlişlər edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər. 3.18. Təqdim olunan bəyannamə bəyannaməçi və ya bu Qaydalara əsasən səlahiyyəti olan digər şəxs tərəfindən imzalanmalı və gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanının məsul şəxsi tərəfindən şəxsi nömrəli möhürlə və imzası ilə təsdiq edilməlidir. 3.19. Bəyannamə təsdiq edildikdən sonra, həmin bəyannamə faktları təsdiq edən hüquqi əhəmiyyətə malik sənəd sayılır. 3.20. Bəyannamənin forması və onun tərtib olunması qaydaları Gömrük Məcəlləsinin 146.3-cü maddəsinə əsasən müəyyən edilir. “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları“na 1 nömrəli Əlavə: Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli olan malların siyahısı

9. Səfər zamanı fiziki şəxslər tərəfindən, həmçinin poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən mobil telefon və digər simsiz rabitə avadanlıqları.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2013-cü il, 25 №-li qərarı təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın: 1.1. Bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 266-270-ci maddələrinə əsasən hazırlanmışdır və gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması qaydalarını müəyyən edir. 1.2. Gömrük orqanları tərəfindən alınan vergilərin qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” ilə müəyyən olunmuş qaydada həyata keçirilir. 1.3. Gömrük orqanları tərəfindən alınan dövlət rüsumunun qaytarılması “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları” ilə müəyyən olunmuş qaydada həyata keçirilir. 2.1. Gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu aşağıdakı hallarda qaytarılır: 2.1.1. mallar qüsurlu olduqda; 2.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 2.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda.

MƏHKƏMƏNİN MÖVQEYİ

İlkin olaraq qeyd edilməlidir ki, gömrük dəyərinin müəyyən edilməsi üsulları “Gömrük tarifi haqqında” Qanunun 12-ci maddəsi ilə tənzimlənir. Həmin normaya görə, gömrük ərazisinə gətirilən malların gömrük dəyəri ilk növbədə malların sövdələşmə qiyməti ilə müəyyən edilir. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Lakin “Gömrük tarifi haqqında” Qanunun 12.1.1-ci maddəsində nəzərdə tutulmuş ilkin və əsas üsulun, yəni malın sövdələşmə qiymətinin tətbiqi üsulundan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. Belə ki, işin faktiki hallarından müəyyən olunur ki, iddiaçı 30 avqust 2024-cü il tarixində İstanbul-Bakı aviareysi ilə gələrkən gətirdiyi 1 ədəd “iPhone 15 pro max” markalı 512 gb yaddaş tutumlu mobil telefonun bəyan edilməsi məqsədilə X4 Hava Limanının 1 nömrəli terminalında xidmətdə olan gömrük orqanı əməkdaşlarına müraciət etmiş, lakin iddiaçı tərəfindən gömrük ərazisinə gətirilən malın gömrük dəyəri müəyyən edilməsinə əsas verən malların sövdələşmə qiymətinə dair hər hansı təsdiqedici sənəd gömrük orqanı əməkdaşlarına tədqim edilməmişdir. Başqa sözlə desək, iddiaçı tərəfindən sözügedən mobil telefonun dəyərinin müəyyən edilməsinə əsas verən qəbz təqdim edilməmişdir. İddiaçı tərəfindən qəbzin təqdim edilməməsinin əsası qismində isə sözügedən mobil telefonun ona hədiyyə verilməsinə istinad edilmişdir. Bu isə özlüyündə gömrük orqanının məsul əməkdaşları tərəfindən gömrük ərazisinə gətirilən malın gömrük dəyərinin “malların sövdələşmə qiyməti” üsuluna əsasən müəyyən etməsinə imkan verməmişdir. Belə olduqda məhkəmə hesab edir ki, cavabdeh “Gömrük tarifi haqqında” Qanunun 12.1.1-ci maddəsində nəzərdə tutulmuş ilkin və əsas üsulun, yəni malın sövdələşmə qiymətinin tətbiqi üsulundan istifadə etmək mümkün olmadığı üçün haqlı olaraq gömrük ərazisinə gətirilən malların gömrük dəyərinin müəyyən edilməsi üçün digər üsul tətbiq edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq ehtiyat üsulunun sərbəst iradə ilə seçmək hüququna malikdir. Bu zaman inzibati orqan öz xidməti vəzifəsinə uyğun olaraq iddiaçı üçün əlverişli olan, “Gömrük tarifi haqqında” Qanunun 12.1.1-ci maddəsində təsbit olunmuş ilkin üsulun (malın sövdələşmə qiymətinin) iddiaçı barəsində tətbiqi üçün xidməti vəzifəsindən irəli gələn hərəkətləri (yardım etmə, məlumatlandırma, məsləhət vermə) etməlidir. İşin hallarından müəyyən olunur ki, hazırki iş üzrə cavabdeh olan gömrük orqanı tərəfindən malın dəyərinin yoxlanılması zamanı eyni və ya təqribən eyni vaxtda sözügedən malların idxalatçıları tərəfindən təqdim edilmiş müvafiq sənədlərdən əldə olunan məlumatlar əsasında müəyyənləşdirilmiş statistik məlumatlardan, rəsmi satış təmsilçilərinin kataloqlarından və ya sərəncamlarında olan digər mənbələrin qiymət məlumatlarından istifadə etməklə gömrük ərazisinə gətirilən malın gömrük dəyəri 1690 ABŞ dolları məbləğində müəyyənləşdirilərək, sözügedən mobil telefonun bəyan edildiyi 30 avqust 2024-cü il tarixli **********626 nömrəli fiziki şəxslər tərəfindən gömrük orqanına təqdim edilən sadələşdirilmiş bəyannamə təsdiq edilmişdir. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı “gömrük rüsumunun geri qaytarılması”na dair iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar