Məhkəmə qərarları › İş №2-1(112)-3663/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3663/2023

01.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3663/2023 01.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsə qarşı “diplomun tanınması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək İddiaçı B19 № 145565 nömrəli 30 iyun 2019-cu il tarixli diplomu üzrə ixtisasının tanınması barədə şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Təhsildə X3 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2013-cu ildən xx.xx.2019 ilədək Ukraynanın Xarkov şəhərində yerləşən dövlət universiteti olan Xarkov Milli Radioelektronika Universitetinin (”ХАРКİВСЬКИЙ НАЦЮНАЛЬНИЙ УНİВЕРСИТЕТ РАДИОЕЛЕКТРОНİКИ”) İqtisadi kibernetika (“Экономическая Кибернэтика”) ixtisası üzrə bakalavr pilləsində qiyabi formada təhsil almışdır. Təhsilini bitirib В19 № 145565 nömrəli, 30 iyun 2019-cu il tarixli diplom almışdır. Lakin diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi zərurəti yaranmışdır. Bununla bağlı Təhsil Nazirliyinin aidiyyəti qurumuna müraciət etmiş və bütün tələb olunan sənədləri təqdim etmişdir. Müraciəti qəbul olunduqdan təxminən 10 gün sonra, Təhsil Nazirliyinin aidiyyəti struktur idarəsinə ekspert qrupu tərəfindən müsahibəyə dəvət olunmuş və müsahibəni müvəffəqiyyətlə keçmişdir. Lakin, təəssüflər olsun ki, nəticədə diplomun tanınması ilə bağlı imtina qərarı almışdır. İmtina qərarının əsası kimi Ukraynanın Xarkov Milli Radioelektronika Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diplomun əlavəsinə qeyd olunan tədris yükünü yerinə yetirməyinin qeyr-mümkün olduğu göstərilmişdir. İddiaçı hesab edir ki, bu imtina əsassızdır. Çünki düşünür ki, tədris prosesində ümumiyyətlə iştirak etməyən AR Təhsil Nazirliyinin sözügedən qənaətə gəlməsi həm məntiq, həm mövcud qanunvericiliyin tələbləri, həm də səlahiyyəti baxımından uyğun və obyektiv olaraq, anlaşılan deyil. Bu gün, ümumiyyətlə xarici ölkəyə səfər etmədən belə xarici universitetin tədris yükünə cavab verərək, standartara yiyələnmək və diplom almaq mümkündür. Tələbənin Universitetin müəyyən etdiyi tədris yükünü yerinə yetiribyetirmədiyini, düşünürəm ki, yalnız həmin Universitet bildirə bilər. Universitet isə arayış verərək, Ukraynada olan müddətinin tədris proqramının mənimsənilməsinə kifayət etdiyini təsdiq etmişdir. Həmçinin təəssüflər olsun ki, maddi imkanı olmadığından iddiaçının xarici ölkədə uzun müddət yaşamağı qeyri-mümkün idi. Sonradan iddiaçı maddi çətinlik ilə əlaqədar tədris aldığı universitetə müraciət edərək, şəxsi ərizəsi əsasında dərs cədvəlinin daha qısa fərdi qrafik üzrə qurulmasını istəmiş və belə qrafik üzrə normal tədris günündən artıq/əlavə dərslərdə, imtahanlarda iştirak etmişdir, bütün mövzuları tam mənimsəmiş və fərdi qrafikə əsasən daha qısa dövr ərzində tədris proqramında nəzərdə tutulan tədris yükünü tam əhatə etmişdir. Bununla əlaqədar olaraq, iddiaçı Ukraynada təhsil aldığı Universitetə müraciət etmiş, oradan iddiaçıya rəsmi cavab verərək imtahan sessiyası zamanı Ukraynada olduğu müddətin tədris proqramını/yükün tam ödəməyə, o cümlədən imtahanları və zaçotları verməyə kifayət etdiyini bildirdilər. (Rəsmi arayışın surəti əlavə olunur) Belə ki, Ukraynanın Xarkov Milli Radioelektronika Universitetinin verdiyi arayışa əsasən iddiaçı 2014-cü il üzrə ümumi olaraq 12 gün; 2015-ci il üzrə 18 gün; 2016-cı il üzrə 11 gün; 2017-ci il üzrə 13 gün; 2018-ci il üzrə 31 gün; və 2019-cu il üzrə isə 9 gün universitetdə olmuşdur. Bu müddət isə iddiaçının fərdi qrafik əsasında tədris yükünü ödəməyə şərait yaratmışdır. Bütün bu əsasları iddiaçı yazılı səkildə Təhsil Nazirliyinə təqdim etsə də, AR Təhsil Nazirliyinin Təhsildə X3 N-6138/01/03-TKTA nömrəli, 26 oktyabr 2020-ci il tarixli məktubla (19 noyabr 2020-ci ildə rəsmi olaraq iddiaçıya təqdim edilmişdir) diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi ilə bağlı mənfi qərar verildiyi diqqətinə çatdırılmışdır. Təəssüflər olsun ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi iddia ərizəsində qeyd edilən bu halları araşdırmadan qərar vermiş və haqsız olaraq iddiaçının ali təhsil almağı haqqında olan diplomunu tanımamışdır. Bu isə iddiaçının gələcəkdə normal karyera qurmağına və öz təhsil aldığı sahədə mütəxəssis kimi formalaşaraq, xalqına töhvələr verməyinə ciddi maneə törədir. Bu səbəbdən daha sonra iddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdeh qurum Azərbavcan Respublikasının Təhsildə X4 müraciət edərək. B19 № 145565 nömrəli, 30 iyun 2019-cu il tarixli diplom üzrə ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi məsələsinə baxılmasını və müvafiq şəhadətnamənin verilməsini xahiş etdi. Cavabdeh qurum tərəfindən göndərilən xx.xx.2022-ci il tarixli. N-318/03-TKTA saylı cavab məktubu ilə, müraciətə baxılaraq, iddiaçıya müvafiq şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Belə ki, müvafiq məktubda qeyd edilmişdir ki, xarici ali təhsil ixtisaslarının ölkə üzrə tanınması o şərtlə mümkün hesab edilir ki, xaricdə əldə olunmuş ixtisasla həmin ixtisasa ekvivalent hesab edilən milli ixtisas arasında məzmun, profil, dərs yükü, keyfiyyət və təlim nəticələrinə münasibətdə əhəmiyyətli fərq aşkarlanmasın. İddiaçının xarici ixtisası üzrə aldığı təhsilin müddəti ekvivalent hesab edilən ixtisasın təhsil müddətinə uyğun gəlmir. İddiaçı bu əsasla qətiyyən razılaşmır. Xaricdə əldə olunmuş ixtisasla həmin ixtisasa ekvivalent hesab edilən milli ixtisas arasında məzmun, profil, dərs yükü, keyfiyyət və təlim nəticələrinə münasibətdə fərqlilik qeyd olunsa da, müddət məsələsi qeyd olunmamışdır. Təhsil müddətləri arasındakı fərqlilik imtina üçün əsas hesab olunmamalıdır. Bu səbəbdən məsələ ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın Komitəsi tərəfindən qəbul edilmiş “X1 Meyarları və Prosedurları üzrə Tövsiyələr”in V hissəsinə (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandomunun 36 və 37-ci paraqraflarına əsasən, xarici ali təhsil ixtisaslarının ölkə ərazisində tanınması o şərtlə mümkün hesab edilir ki, xaricdə əldə olunmuş ixtisasla həmin ixtisasa ekvivalent hesab edilən milli ixtisas arasında məzmun, profil, dərs yükü, keyfiyyət və təlim nəticələrinə münasibətdə əhəmiyyətli fərq aşkarlanmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3-cü hissəsinin tələblərinə əsasən, ixtisasınız üzrə aldığınız təhsil müddəti Azərbaycan Respublikasında həmin ixtisasa ekvivalent olan ixtisas üzrə təhsilin müddətinə uyğun gəlmir. Nəticə etibarı ilə, xarici ali təhsil ixtisasınızın tanınmaması haqqında xx.xx.2019-cu il tarixində qərar qəbul edilmişdir.

4. Xarkov Milli Radioelektronika Universiteti tərəfindən xx.xx.2019-cu il tarixində verilmiş №45/40-611 saylı tələbənin təhsil müddəti barədə Arxiv Arayışında qeyd olunur ki, xx.xx.1989-cu il təvəllüdlü, pasport P5224732 İddiaçı xx.xx.2013-cü ildən xx.xx.2019-cu ilədək fiziki şəxslərin vəsaiti hesabına Xarkov Milli Radioelektronika Universitetinin Qiyabi təhsil elmi-tədris mərkəzinin qiyabi təhsil şöbəsinin tələbəsi olmuşdur. Seçmə komissiyasının qərarına əsasən, xx.xx.2013-cü il tarixli 40 saylı protokol, Azərbaycan Respublikası vətəndaşı İddiaçı xx.xx.2013-cü ildən 6.030502 "İqtisadi kibernetika" istiqaməti üzrə QTET Mərkəzinin 1-ci kursuna qəbul olunmuşdur. (XMREU-nin xx.xx.2013-cü il tarixli 339CT3 saylı əmri). İddiaçı şəxsi ərizəsinə əsasən fərdi qrafiklə təhsil almışdır. Semestr nəzarətini keçmək üçün İddiaçı aşağıdakı tarixlərdə universitetdə olmuşdur: xx.xx.2014-xx.xx.2014; xx.xx.2015-xx.xx.2015; xx.xx.2015-xx.xx.2015; xx.xx.2016-xx.xx.2016; xx.xx.2016-xx.xx.2016; xx.xx.2017-xx.xx.2017; xx.xx.2017-xx.xx.2017; xx.xx.2018-xx.xx.2018; xx.xx.2019-xx.xx.2019. Bütün məqbul və imtahanlar tam həcmdə verilmişdir. Fiziki şəxslərin vəsaiti hesabına təhsil alan Birinci (bakalavr) təhsil dərəcəsi, 6.030502 “İqtisadi kibernetika" istiqaməti üzrə Qiyabi təhsil elmi-tədris mərkəzinin qiyabi təhsil şöbəsinin 5-ci kurs tələbəsi İddiaçı müqavilə şərtlərini pozduğuna görə xx.xx.2018-ci ildən universitetdən xaric edilmişdir (XMREU-nin xx.xx.2018-ci il tarixli 771CT3 saylı əmri). Müqavilə şərtlərini pozduğuna görə Xarkov Milli Radioelektronika Universitetindən xaric olunan (XMREU-nin xx.xx.2018-ci il tarixli 771CT3 saylı əmri) əcnəbi tələbə Azərbaycan Respublikası vətəndaşı İddiaçı xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək fiziki şəxslərin vəsaiti hesabına 6.030502 “İqtisadi kibernetika” istiqaməti üzrə XMREU-nin Qiyabi Təhsil Elmi-Tədris Mərkəzinin qiyabi təhsil şöbəsinin 5-ci kursunun (10-cu semestr) EK3-14-1 qrupunun tələbələri sirasında bərpa edilmişdir (XMREU-nin xx.xx.2019-cu il tarixli 79CT3 saylı əmri). Birinci (bakalavr) ali təhsil dərəcəsi, 6.030502 “İqtisadi kibernetika” istiqaməti üzrə “İqtisadi kibernetika” təhsil-peşə proqramını müvəffəqiyyətlə yerinə yetirən və attestasiya imtahanlarını verən qiyabi Təhsil Elmi-Tədris Mərkəzinin qiyabi təhsil şöbəsinin əcnəbi tələbəsi İddiaçı imtahan komissiyasının qərarı əsasında bakalavr təhsil dərəcəsi, “Bakalavr, İqtisadi kibernetika” ixtisası, ali təhsil barədə sənədlər verilmiş və o xx.xx.2019cu ildə təhsilini bitirməklə tələbələr sırasından xaric edilmişdir. Arayış Azərbaycan Republikası Təhsil Nazirliyinə təqdim etmək üçün verilir.

5. Xarkov Milli Radioelektronika Universiteti tərəfindən xx.xx.2020-ci il tarixində verilmiş №45/40-09 saylı tələbənin təhsilini bitirməsi haqqında Arayışda qeyd olunur ki, xx.xx.1989-cu il təvəllüdlü, pasport P5224732 İddiaçı xx.xx.2013-cü ildən xx.xx.2019-cu ilədək fiziki şəxslərin vəsaiti hesabına Xarkov Milli Radioelektronika Universitetinin Qiyabi təhsil elmi-tədris mərkəzinin qiyabi təhsil şöbəsinin tələbəsi olmuşdur. Azərbaycan Respublikası vətəndaşı İddiaçı xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək həqiqətən attestasiyadan keçmək üçün universitetə gəlmiş və yekun attestasiyanı keçmişdir (İqtisadi nəzəriyyə üzrə imtahan və ixtisas üzrə imtahan). Arayış Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim etmək üçün verilir.

6. Xarkov Milli Radioelektronika Universiteti tərəfindən xx.xx.2023-cü il tarixində verilmiş №45/19-115 saylı arayışında qeyd olunur ki, xx.xx.1989-cu il təvəllüdlü, pasport P5224732 İddiaçı xx.xx.2013-cü ildən xx.xx.2019-cu ilədək fiziki şəxslərin vəsaiti hesabına Xarkov Milli Radioelektronika Universitetinin Qiyabi təhsil elmi-tədris mərkəzinin qiyabi təhsil şöbəsinin tələbəsi olmuşdur. İddiaçı xx.xx.2013-cü ildən 6.030502 “İqtisadi kibernetika” istiqaməti üzrə Qiyabi təhsil forması mərkəzinin 1-ci kurs tələbələri sırasına qəbul olunmuşdur (Xarkov Milli Radioelektronika Universitetinin xx.xx.2013-cü il tarixli 339CT3 saylı əmri). Tələbə İddiaçı xx.xx.2018-ci ildən kontrakt şərtlərini pozmağa görə xaric edilmişdir (Xarkov Milli Radioelektronika Universitetinin xx.xx.2018-ci il tarixli 771CT saylı əmri). İddiaçı xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək müdafiə üçün Xarkov Milli Radioelektronika Universitetinin Qiyabi təhsil forması Elm-Təhsil Mərkəzinin qiyabi təhsil formasının tələbləri sırasında təhsili bərpa edilmişdir (Xarkov Milli Radioelektronika Universitetinin xx.xx.2019-cu il tarixli 79CT3 saylı əmri). İddiaçı attestasiya imtahanlarını vermiş və aşağıdakı dərəcəni almışdır: İqtisadiyyat kibernetika hazırlıq istiqaməti üzrə bakalavr ali təhsil dərəcəsinə yiyələnmiş və M19 №145565 saylı bakalavr diplomunu almışdır (Xarkov Milli Radioelektronika Universitetinin xx.xx.2019-cu il tarixli 88CT3 saylı əmri). Qiyabi təhsil formasının tələbələrinin təhsil prosesi distant formada aparılan sessiyalararası müddətdən və cari təhsil ilinin təhsil formasının qrafikinə və/və ya onun şəxsi ərizəsinə əsasən tərtib edilən tələbənin fərdi planına müvafiq olaraq qiyabi formada aparılan laboratoriya-imtahan sessiyasından ibarətdir (tələbənin fərdi işi, yoxlama və kurs işlərinin icrası, konsultasiya). Cari tədris ilində tələbənin fərdi tədris planı əvvəlki cari müddətdə semestr yoxlamasını nəzərdə tuta bilər (akademik borc). Birinci ali təhsil dərəcəsinin (bakalavr) fərdi təhsil planını icra etmək üçün tələbə İddiaçı oğlu universitetə gəlmişdir: 2102/14 tədris ili – xx.xx.2013 - xx.xx.2013. 2014/15 tədris ili və əvvəlki təhsil müddəti – xx.xx.2014 - xx.xx.2014; xx.xx.2015 xx.xx.2015. 2015/16 tədris ili – xx.xx.2015 - xx.xx.2015; xx.xx.2016 - xx.xx.2016. 2016/17 tədris ili – xx.xx.2016 - xx.xx.2016; xx.xx.2017 - xx.xx.2017. 2017/18 – xx.xx.2017 – xx.xx.2017; xx.xx.2018 – xx.xx.2018. xx.xx.2019 – xx.xx.2019 – attestasiya imtahanlarının verilməsi.

7. Şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı zamanı) izahat verən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verdi.

8. Şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı zamanı) izahat verən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

9. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

10. Mübahisələndirmə və məcburetmə haqqında iddialar arasındakı münasibət müvafiq hüquqi müdafiə marağı və hüquqi müdafiə tələbindən asılı olaraq müəyyənləşdirilə bilər. Əgər şəxs hər hansı bir inzibati aktdan qorunmaq istəyirsə, nəzəri cəhətdən belə bir əlverişsiz inzibati aktın ləğv edilməsinə dair məcburetmə haqqında iddia da qaldıra bilər. Lakin bu, mübahisələndirmə haqqında iddiadan fərqli olaraq, inzibati aktın birbaşa ləğv edilməsi ilə deyil, yalnız aralıq addım kimi inzibati orqanın öz hərəkətini yenidən gözdən keçirməsi zərurətinin yaranması ilə nəticələnəcəkdir. Əgər inzibati orqan şəxs üçün əlverişli inzibati aktın qəbul edilməsinə dair ərizəni rədd edərsə, bu zaman inzibati akt olan bu qərara qarşı mübahisələndirmə haqqında iddianın qaldırılması barədə düşünmək mümkündür. Lakin qeyd olunan halda, şəxs bu iddia növü ilə məqsədinə çata bilməyəcək. Belə ki, o, mübahisələndirmə haqqında iddia ilə yalnız ərizəsinin rədd edilməsi barədə inzibati aktın ləğvinə nail ola bilər. İnzibati orqanın müəyyən hərəkətləri etməsi üçün isə, şəxs yalnız məcburetmə haqqında iddia qaldırmalıdır. Həmin iddia vasitəsilə şəxs həm ərizəni rədd edən qərarın ləğv edilməsini, həm də özünün xeyrinə inzibati aktın qəbul edilməsini tələb edə bilər.

11. Odur ki, hazırki iddia məcburetməyə dair iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb tələb edir.

12. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

13. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

14. Xarkov Milli Radioelektronika Universiteti tərəfindən verilmiş B19 №145565 nömrəli xx.xx.2019-cu il tarixli Bakalavr diplomuna əsasən, İddiaçı 6.030502 “İqtisadi Kibernetika” ixtisasını müvəffəqiyyətlə bitirmiş və ona bakalavr ali ixtisas dərəcəsi verilmişdir.

15. İddiaçı qeyd olunan diplomun tanınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddətdə olması səbəbi ilə müraciətin təmin edilməsindən imtina etmişdir.

16. Məhkəmə iddia tələbinə qiymət verməzdən öncə, iddiaçının aldığı təhsillərin ölkə ərazisində tanınması üçün hansı əsasların olmasına münasibət bildirir. Təhsil hüququnun və həmin hüququn həyata keçirilməsi aşağdaki qanunvericilik normaları ilə tənzimlənir.

17. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: -13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternat) təhsilalma formaları müəyyən edilir. -27.4-cü maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir; -29.0.21-ci maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; -44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.

18. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

19. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın 1.2-ci maddəsinə əsasən ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. 6-cı maddəsinə əsasən, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya disertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər.

20. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın: 3.6-cı bəndinə əsasən Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: -təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; -təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; -Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: -xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; -təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); -xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

22. Göründüyü kimi normativ hüquqi aktlarda xarici dövlətlərin ali təhsil sahəsində kvalifikasıyanın tanınması ilə bağlı müəyyən şərtlər, mənfi rəyin verilməsi üçün isə müvafiq əsaslar mövcud olmuşdur ki, hazırki iddia tələbi üzrə həmin əsasların olması müəyyən olunmur.

23. İddiaçının ali təhsli aldığı Universitetin məktubundan görünür ki, universitet tərəfindən iddiaçının həmin universitetdə təhsilini qiyabi formada, lakin distant texnologiyalarından istifadə etməklə alması, həmin universitetin tələbəsi və məzunu olması təsdiqlənmişdir.

24. “Təhsil haqqında” Qanunun normalarına əsasən dövlət təhsil standartları və onların qüvvədə olma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun tətbiq edilməsinə dair Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli № 156 saylı Fərmanına əsasən, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 №-li qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 5.4-cü bəndinə əsasən, ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat). Həmin formalar üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir.

25. Azərbaycan Respublikasının qanunvericiliyində ayrılıqda həm qiyabi, həm də distant təhsil forması nəzərdə tutulmuşdur. Qanunvericilikdə qiyabi təhsil forması zamanı distant təhsil formasından istifadə edilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı norma nəzərdə tutulmamışdır.

26. Cavabdehin 2013/2014-cu tədris ili üzrə - 4 gün, 2014/2015-cu tədris ili üzrə - 21 gün, 2015/2016-ci tədris ili üzrə - 4 gün, 2016/2017-ci tədris ili üzrə - 10 gün, 2017/2018-cü tədris ili üzrə 8 gün, 2018-2019-cü tədris ili üzrə 9 gün müddətində olduğundan İddiaçı qiyabi təhsilalma formasında oxuyaraq diplom əlavəsində nəzərdə tutulan tədris yükünü yerinə yetirməsi qeyri-mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, həmin dəlil iddiaçının təhsilinin əyani formada təhsilalma formasında olduğu halda nəzərə alına bilər. Hazırkı işin hallarına uyğun olaraq təhsilalma əyani formada deyil, qiyabi olduğundan məhkəmə cavabdehin qeyd edilən dəlilini iddianın təmin edilməməsi üçün əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın tələblərinə əsasən, ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. İddiaçının diplomuna əsasən müəyyən olunur ki, o, 240 AKTTS (Avropa Kredit və Toplanması Sistemi) kredit yığmışdır.

27. İddiaçının təhsil aldığı universitet (Xarkov Milli Radioelektronika Universiteti) tərəfindən verilmiş arayışlardan da göründüyü kimi İddiaçı şəxsi ərizəsinə əsasən birinci ali təhsil dərəcəsində (bakalavr) fərdi qrafik üzrə təhsil almış, bütün məqbul və imtahanları tam həcmdə vermiş, nəticədə təhsil-peşə proqramını müvəffəqiyyətlə yerinə yetirərək universitetin imtahan komissiyasının qərarı əsasənda bakalavr təhsil dərəcəsi üzrə diplom ( B19 №145565 nömrəli, 30 iyun 2019-cu il tarixli) almışdır.

28. Qiyabi və distant təhsilalma formaları “Təhsil haqqında” Qanunda bir-birindən fərqləndirilən anlayışlardır. Müvafiq ölkədə qiyabi təhsilalma forması zamanı səruri hallarda distant təhsil texnologiyalarından istifadə olunması yolverilən olsa da, bu qiyabi və distant təhsilin eyni olması anlamına gəlmir.

29. Mövcud (qiyabi) təhsil forması zamanı digər (distant) təhsil formasından istifadə edilməsinin qanunvericilik tərəfindən qadağan olunması qeyd edilməmişdir.

30. İddiaçının xarici ölkədə aldığı təhsilin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “bakalavr” ixtisas dərəcəsi haqqında verdiyi diplomdakı təhsilin məzmununa görə uyğun olması üçün onun aldığı tədrisin qanunvericiliyə uyğun həyata keçiirlməsi, diplomun tanınmasının isə Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaların tələbinə cavab verməsi şərtdir.

31. İddiaçıya məxsus diplomun cavabdeh tərəfindən tanınmasından imtina üçün “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarda nəzərdə tutulan əsaslardan hər hansı biri mövcud olmamışdır.

32. “Təhsil haqqında” Qanunda və həmin Qanunun tətbiqi ilə bağlı normativ xarakterli aktlarda distant təhsilalma formasının bilavasitə təsbit olunduğuna baxmayaraq, ali təhsil pilləsi üzrə bakalavriat səviyyəsində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktlarının qəbul olunmaması və distant təhsilin dövlət standartlarının müəyyən edilməməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin tanınmasından imtinanın əsası kimi çıxış edə bilməz. Çünki belə bir halın mövcud olması iddiaçının iradə ifadəsindən asılı yaranmamış və onun bununla bağlı hər hansı bir hərəkət və hərəkətsizliyi olmamışdır.

33. Bakalavriat səviyyəsində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktları qəbul edilməsə belə, tələbələrin (hazırkı halda iddiaçının) təhsilinin tamamlanmasını təsdiq edən bakalavr diplomunun olması və diplomun apostil olması, diplom üzrə kvalifikasıyanın tanınması üçün kifayət qədər zəruri əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə (AR NKnin 2003-cü il 13 may tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş Qaydalarda) diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud olmadığından, həmçinin, Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət edilmədiyindən, cavabdeh inzibati orqanın iddiaçının kvalifikasiyanın tanınmasından imtinası formal tələblərə əsaslanır.

34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

35. Beləliklə, tələbələrin (hazırki halda iddiaçının) təhsilinin tamamlanmasını təsdiq edən bakalavr diplomunun olması və həmin diplomun apostil olması, həmin diplom üzrə kvalifikasıyanın tanınması üçün kifayət qədər zəruri əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə (AR NK-nin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş Qaydalarda) diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hal mövcud olmadığından, həmçinin, Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət edilmədiyindən, cavabdeh inzibati orqanın iddiaçının kvalifikasiyanın tanınmasından imtinası formal tələblərə əsaslanır.

36. Odur ki, iddiaçı tədris yükünü yerinə yetirdiyi halda, mənfi rəyin verilməsinə əsas olan qanunvericiliklə nəzərdə tutulan hər hansı halın mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, cavabdehin diplomun tanınmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

37. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

38. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

39. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

40. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. Ukrayna Respublikasının Xarkov Milli Radioelektronika Universiteti tərəfindən İddiaçı adına verilmiş xx.xx.2019-cu il tarixli B19 №145565 nömrəli bakalavr diplomu üzrə aldığı ixtisasın (“İqtisadi Kibernetika”) Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar