Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3663/2025 08.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5, üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs: X6) “texniki pasportlara dəyişiklik edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, 94 saylı evin 9A saylı mənzilinə dair xx.xx.2016-cı ildə və xx.xx.2021-ci ildə qanunsuz tərtib edilmiş texniki pasportların ləğv edilməsi və xx.xx.2016-cı ildə X2 adına aparılan reyestr qeydiyyatında 1 kv.metr sahə ilə bağlı düzəliş edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X6 (bundan sonra – üçüncü şəxs) 3-cü şəxs qismində zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, 94 saylı evin 9A saylı mənzilinə dair xx.xx.2016-cı ildə və xx.xx.2021-ci ildə qanunsuz tərtib edilmiş texniki pasportların sanitar qovşaqlar hissəsində ləğv edilməsi və xx.xx.2016-cı ildə X2 adına aparılan reyestr qeydiyyatında 1 kv.metr sahə ilə bağlı düzəliş edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 132 nömrəli Qərarı ilə təsdiq edilmiş 3 saylı əlavə üzrə 2545 inventar nömrəli yerli əhəmiyyətli tarixi abidə olan Mirzə Mənsur küçəsi, 94 saylı binanın 9 (reyestr № **********34-05101-093001), 12 (reyestr № **********22-05101- 093003) və 14a (reyestr № **********22-05101-093002) saylı mənzilləri mülkiyyət hüquqları ilə iddiaçıya məxsusdur. 94 saylı ümumi yaşayış qaydalı bina 6 payçı, yəni mülkiyyətçi olmaqla, giriş dəhliz, həyət, su kranı, pilləkən qövsü, ikinci mərtəbə üzrə ümumi keçid eyvanı və üç ədəd sanitar qovşaqdan ibarət ümumi istifadə sahələri ilə məhdudlaşır. 133.2 kv.m olan 14a saylı mənzil – iddiaçıya, 36.4 kv.m olan 12 saylı mənzil - iddiaçıya (ailə tərkibi 4 nəfər), 31.4 kv.m olan 9 saylı mənzil – iddiaçıya, 38.3 kv.m olan 9a saylı mənzil – üçüncü şəxsə, 31 kv.m olan 12a saylı mənzil - Emin həkimə, 98 kv.m olan 11 saylı mənzil - Abdinzadələrə ( ailə tərkibi 6 nəfər) məxsusdur. Ümumi istifadədə olan sanitar qovşaqlar və hamam otağı zərurət halı kimi qanun üzrə sakinlərin istifadələrindədir. Üçüncü şəxs iddiaçının qonşusu olmaqla 9a saylı mənzilin mülkiyyətçisidir. Onun mülkiyyət hüquqları reyestrdə 01 sentyabr 2016-cı ildə qeydə alınıb. Bu qeydiyyat aparılarkən üçüncü şəxsin adına 25 avqust 2016cı ildə texniki pasport tərtib edilib. Lakin həmin texniki pasporta mənzildən naturada ayrı yerləşən, 94 saylı binada olan mənzillərin mülkiyyətçilərinin ümumi istifadəsində olan 1 kv.metr sahəli sanitar qovşaq üçüncü şəxsin mülkiyyətində olan sahəyə aid edilmiş və həmin sahə üçüncü şəxsin çıxarışında əks olunmuşdur. Bundan əlavə üçüncü şəxs mənzildə heç bir icazə almadan qanunsuz və özbaşına rekonstruksiya işləri aparmışdır. Bu hal qanuni qüvvəsini almış Bakı şəhəri Səbail rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(009)-720/2021 saylı qətnaməsi ilə müəyyən edilmişdir. Həmin rekonstruksiya işlərinin qanunsuz olmasına baxmayaraq, 06 iyul 2021-ci ildə cavabdeh tərəfindən üçüncü şəxsə verilən texniki pasporta dəyişiklik edilərək onun mənzilində aparılan rekonstruksiya işlərinin nəticələri rəsmiləşdirilib. Bunun qanunsuzluğu və texniki sənədlərin etibarsız hesab edilməsi ilə bağlı iddiaçı 22 may 2023-cü ildə cavabdehə müraciət etmişdir. Cavabdehin 04 iyul 2023-cü il tarixli məktubunda bildirilib ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli 2(009)-720/2021 saylı qətnaməsi ilə onların üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Yerli əhəmiyyətli tarixi abidə olan binanın, yenidən qurulması hadisəsi baş vermədiyindən və bütün sahə mülkiyyətçilərinin razılığı olmadığı halda, ümumi əmlakın azaldılması hərəkəti, cavabdeh tərəfindən qanunsuz olaraq icra edilmişdir. Həmin rekonstruksiya işlərinin tikinti norma və qaydalarına uyğun olmaması Bakı şəhəri Səbail rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(009)- 720/2021 saylı qətnaməsi ilə müəyyən edilmişdir. Həmçinin həmin mənzil “İçəri şəhər” Qoruğunda yerləşdiyi üçün həmin mənzildə rekonstruksiya işləri “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin qərarı ilə aparılmalı idi. Lakin sonuncu qurum belə qərar qəbul etməmişdir, əksinə, rəsmi məktublarla öz mövqeyini məhkəmə qarşısında bildirmişdir. Belə qərar olmadan cavabdeh təşkilat tərəfindən hüquqi və texniki qeydiyyatın aparılması qanunsuz idi. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, ərizəyə əlavə edilmiş Səbail rayon Məhkəməsinin 2(009)-720/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi rəsmi qaydada 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmamış, həmçinin qeyd olunan qətnamə ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Bundan başqa, İdarənin mütəxəssisləri tərəfindən ünvanda texniki baxış keçirilərkən məlum olmuşdur ki, iddiaçı mənzilin texniki pasportundakı 5 saylı sahənin (S=1.0 kv.m) ümumi sahə olduğunu əsas gətirərək həmin sahənin ləğv edilməsini istəyir. Həmin sahənin texniki paportdakı ölçüləri 1m x 1m göstərilsə də, faktiki göstərilən sahənin ölçüləri 0,85 m x 1,25m-dir. Yerli baxış digər tərəfin iştirakı olmadan keçirilmişdir. Üçüncü şəxs tərəfindən təqdim edilmiş iddia ərizəsinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı 14a saylı mənzilini Süleymanova Zibadan bank əməkdaşı olmasından sui istifadə edib 15 min kredit borcu müqabilində almışdır. 12 və 9 saylı mənzilləri də iddiaçı hazırkı uslubda zorla digər qonşulardan almışdır. 94 saylı binada hazırda 4 payçı və 1 nəfər həmin həyətdən giriş-çıxış üçün istifadə edən digər qonşu bina sakini var. Həyət-giriş dəhliz, onun 15 kv.m zəbt etdiyi həyət, ona məxsus bu gün onun tamah saldığı 1 kv.m sanitar qovşağı, pilləkan qövsü, 2-ci mərtəbə üzrə digərlərindən fərqli olaraq üstünü örtmədiyi 9a mənzilinə məxsus eyvan və 1 ümumi istifadə hamamı, həmçinin 1 il 4 ay iddiası ilə hakim Tural Məlikovun icraatında olan 1,2 kv.m mətbəx otağı, iddiaçı tərəfindən alınmaqla 2-ci mərtəbədə yerləşən 12 saylı mənzil otağına qanunsuz biləşdirilmiş 1-ci mərtəbədə yerləşən ümumi mətbəx və 14a saylı mənzilinə qanunsuz birləşdirimiş ümumi anbar məhdudlaşır. İddiaçının bina üzrə mülkiyyət payı tərəfindən mübahisələndirilib. Çünki üçüncü şəxs 2016-cı ildə 9a mənzilinə qanunauyğun mülkiyyət hüququ əldə edəndə hələ iddiaçı 94 binasında 30 faiz mülkiyyət sahəsi üzrə saxta sənədlərlə məskunlaşmışdı. 1 kv.m sanitar qovşağın onun sahəsinə məxsus olması onun 9a mənzilinə qoruq idarəsi tərəfindən 90-cı illərdə verilmiş möhürlü cizgi-plan əsasında yaranan hüquqi vəziyyətin olması və onun köhnə sahib Mehman həkimdən bu mənzili alarkən onun da şəxsi istifadəsində digər şəxsdən alarkən 1 kv.m tualet sahənin olması faktı mövcuddur. O, kosmetik təmir apararkən qoruğun 114 saylı rəsmi icazə məktubu əsasında işlər görmüşdür. Qoruğda icazəsiz işlər aparmaq qanunsuzdur. Bu səbəbdən 2016-cı ildə qoruq iddiaçını məhkəməyə vermişdir. 6 iyul 2021-ci ildə üçüncü şəxs qoruğun real vəziyyət haqqında 9a mənzili plan-sxemini asan xidmət şöbəsinə təqdim edilməklə və əməkdaşın baxış keçirməsi ilə buna müvafiq yeni texniki pasport almışdır. 2021-ci il tarixli, iddiaçının əsassız iddiası əsasında qəbul olunmuş qətnamənin icraatından sonra üçüncü şəxs məcbur olub 2002-ci ildə 184 saylı məktubla 9a mənzili üçün təhkim olunmuş 1,2 kv.m hamam (mətbəx) otağın və mənzilində icradan sonra yaranmış boşluğ üzrə 1,8 kv.m mətbəx otağın təyinatın dəyişdirilməklə rəsmiləşdirmə addımı atmışdır. Bundan əlavə üçüncü şəxs 9a mənzilini alarkən orda yalnız kosmetik təmir işləri görmüş, alçipan və plastik yüngül avadanlıqlardan istifadə etmişdir. 2008-ci ildən və 2016-cı ildə iddiaçının rəhbərliyi ilə 94 binasında genişmiqyaslı yenidənqurma təmir və söküntü işləri görülmüş, bu norma pozuntusu və qanunsuz dəyişikliklər səbəbindən 2016-cı ildə qoruq iddiaçıya qarşı iddia qaldırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmunu ilə oxşar izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmunu ilə oxşar izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs yazılı etirazın məzmunu ilə oxşar izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94, mənzil 14a iddiaçının xüsusi mülkiyyətindədir. Daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94, mənzil 9 iddiaçının xüsusi mülkiyyətindədir. Daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94, mənzil 12 iddiaçının xüsusi mülkiyyətindədir. Daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli Çıxarışa əsasən ünvan 2 üçüncü şəxsin xüsusi mülkiyyətindədir. Cavabdeh tərəfindən ünvan 1 ünvanına dair üçüncü şəxsin adına xx.xx.2016-ci il tarixli **********22-05101-093005 reyestr nömrəli texniki pasport tərtib edilmişdir. Cavabdeh tərəfindən ünvan 2 ünvanına dair üçüncü şəxsin adına xx.xx.2021-ci il tarixli **********22-05101-093005 reyestr nömrəli texniki pasport tərtib edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-720/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, X6 tərəfindən Bakı şəhəri, Mirzə Mənsur küçəsi, 94 saylı evin 9 a saylı mənzilində özbaşına tikilmiş sanitar qovşağının sökülməsi və mənzildə texniki sənədlərdə olmayan kommunikasiya xətlərinin ləğv edilməsi, X1 dəymiş maddi ziyanın əvəzi olaraq 333 manatın tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-720/2021 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh X3 qarşı “qanunsuz tikilinin sökülməsi və zərər” barədə mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-720/2021 saylı qətnaməsinə izah verilməsi barədə Səbail rayon İcra Şöbəsinin ərizəsi təmin edilmiş, həmin qətnamənin nəticə hissəsində qət edilən “X6 tərəfindən Bakı şəhəri, M.Mənsur küçəsi, 94 saylı evin 9a saylı mənzilində texniki sənədlərdə olmayan kommunikasiya xətlərinin ləğv edilməsi” sözləri “X6 tərəfindən Bakı şəhəri, Mirzə Mənsur küçəsi 94 saylı evin 9a saylı mənzilində texniki sənədlərdə olmayan kommunikasiya xətlərinin tamamilə sökülərək çıxarılması” kimi izah olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-253/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: İddiaçı) texniki sənədə düzəliş edilməklə, ünvan 3 ünvanlı 2 otaq mənzil daxilində 3 saylı 1,8 kv.m sahəli otağın təyinatın zəruri mətbəx qeyd olunmaqla dəyişdirilməsi; 184 saytı qoruq idarəsi aktı əsasında 9a mənzili istifadəsi üçün tikilmiş 1-ci mərtəbədə mənzilin sanitar qovşağına bitişik yerləşən 1,2 kv.m sahəli otağın mətbəx otağı olaraq 9a mənzilinin ümumi sahəsinə qaytarılmaqla daxil edilib, mütənasib mülkiyyətçi hüququ tanınmaqla yeni texniki pasportun təqdim olunması; ünvan 3 mənzilinin texniki pasportunda otaqların təyinatı hissəsində yanlış qeyd olunmuş 8,9 kv.m sahəli dəhliz otağının təyinatının 94 binası Qoruq Arxiv surəti plan sxeminə uyğun mətbəx otağı təyinatı ilə əvəzlənməklə 9A mənzilinə dair yeni texniki pasportun təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməmişdir. İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-Kommunal və təmir xidmətinin iddiaçıya ünvanlanan məktublarında göstərilmişdir ki, M.Mənsur 94 mənzil 9a ünvanına baxış keçirərkən mənzildə texniki sənədlərdə öz əksini tapmayan, özbaşına qanunsuz tikilmiş bir ədəd sanitar qovşaq və mətbəx aşkar edilmişdir, baxmayaraq ki, sanitar qovşaq texniki pasportda həyətdə yerləşir. Eyni zamanda, sözügedən sanitar qovşaq və mətbəxin kommunikasiya xətlərinin çəkilişi də texniki normativlərə cavab vermir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-360/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin cavabdeh İddiaçı qarşı ünvan 4 ünvanında cavabdeh tərəfindən zəbt edilmiş 17.0 sahənin boşaldılması və abidənin tərkib hissəsi olan sahələrin ilkin vəziyyətə gətirilməsi barədə iddiası təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/2566 saylı ekspert rəyində göstərilmişdir ki, baxış zamanı müəyyən edilmişdir ki, X2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, 94 saylı evin 9A saylı mənzilinə dair xx.xx.2016-cı ildə və xx.xx.2021-ci ildə tərtib edilmiş texniki pasportda yerləşmə mövqeyinə görə mənzilin tərkib hissəsi olmayan və hər iki texniki pasportda qeyd olunmuş “sahəsi 1 kv.metr olan sanitar qovşağı” əks olunmuşdur. Sözügedən “sahəsi 1 kv.metr olan sanitar qovşağı” X3 məxsus RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X2 mülkiyyətində olan mənzilin ümumi sahəsinə daxil edilmişdir və iki mərtəbəli binanın birinci mərtəbəsində yerləşdiyi göstərilmişdir. Cavabdehin imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə tərəflərin və üçüncü şəxsin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində üçüncü şəxsin adına tərtib edilmiş texniki pasportların qismən ləğv edilərək daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydə düzəliş edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir (7.1.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə X4 Sistemində yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir (12.1.). Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir (16.1.). Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (16.6.). İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Mirzə Mənsur küçəsi 94 saylı, yerli əhəmiyyətli tarixi abidə olan binada yerləşən 9, 12 və 14a saylı mənzillərin mülkiyyətçisidir. Üçüncü şəxs isə həmin binada yerləşən 9A saylı mənzilin mülkiyyətçisidir. Hazırda iddiaçı iddia edir ki, üçüncü şəxsin adına həmin mənzilə dair tərtib edilmiş texniki pasportlarda səhvən binada yerləşən sakinlərin ümumi istifadəsində olan 1 kv.metr sanitar qovşaq mənzilin tərkib hissəsi kimi göstərilmiş və daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin adına qeydə alınmışdır. İddiaçı texniki pasportların həmin hissədə ləğv edilməsini xahiş edir və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydi mübahisələndirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.20215-ci il tarixli Qərarının 17-ci bəndində göstərilmişdir ki, Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. İddiaçı üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydi mübahisələndirərək bunun cavabdehin qanunsuz hərəkəti nəticəsində və ya səhvən aparıldığını bildirir. Bu səbəbdən hazırkı iş üzrə məhkəmə araşdırmasının predmetini həmin qeydin əsaslı olub-olmadığının aydınlaşdırılması təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək-tamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır (226.1.). Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur (227.1.). Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ixtiyarı yoxdur ki, yaşayış binasının ümumi əmlakına mülkiyyət hüququndakı payını özgəninkiləşdirsin, habelə həmin payın yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndan ayrılıqda verilməsinə səbəb olan digər hərəkətləri yerinə yetirsin (227.2.). Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə (bundan sonra – Mənzil Məcəlləsi) əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir (35.1.). Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir (35.2.). Çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir (35.3.). Çoxmənzilli binada olan sahənin mülkiyyətçisinin aşağıdakıları etməyə hüququ yoxdur: 36.4.1. çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payını natura şəklində ayırmağa; 36.4.2. çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payını özgəninkiləşdirməyə, habelə həmin payın göstərilən sahəyə mülkiyyət hüququndan ayrılıqda keçməsinə səbəb olan digər hərəkətləri etməyə (36.4.). Qeyd edilən hüquq normalarının məzmunundan göründüyü kimi çoxmənzilli binanın sakinlərinin ümumi mülkiyyətində olan əmlakın hər hansı sakin tərəfindən özününküləşdirilməsinə və özgəninkiləşdirilməsinə yolverilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/2566 saylı ekspert rəyində üçüncü şəxsin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, 94 saylı evin 9A saylı mənzilinə dair xx.xx.2016-cı ildə və xx.xx.2021-ci ildə tərtib edilmiş texniki pasportlarda yerləşmə mövqeyinə görə mənzilin tərkib hissəsi olmayan və hər iki texniki pasportda qeyd olunmuş “sahəsi 1 kv.metr olan sanitar qovşağı” əks olunmuşdur. Sözügedən “sahəsi 1 kv.metr olan sanitar qovşağı” üçüncü şəxsə məxsus RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətində olan mənzilin ümumi sahəsinə daxil edilmişdir və iki mərtəbəli binanın birinci mərtəbəsində yerləşir. Ekspert rəyindən də görünür ki, hazırda mübahisə predmetini təşkil edən sanitar qovşaq üçüncü şəxsin mülkiyyətində olan mənzilin tərkib hissəsi deyildir. Həmin sanitar qovşaq binanın birinci mərtəbəsində yerləşir. Buradan belə nəticə çıxır ki, həmin sanitar qovşaq binanın sakinlərin ümumi istifadəsində olan hissəsiə, yəni bina sakinlərinin ümumi müılkiyyətinə aiddir. Belə olan halda həmin tikilinin üçüncü şəxsin mənzilinin tərkib hissəsi kimi texniki pasporta daxil edilərək üzərində üçüncü şəxsin mülkiyyət hüququnun qeydə alınması əsaslı hesab edilə bilməz. İPM-də göstərilmişdir ki, İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır (101.6.). Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir (101.7.). Məhkəmə hesab edir ki, üçüncü şəxsin mülkiyyətində olan mənzilin tərkib hissəsi olmayan tikilinin ona məxsus texniki pasporta daxil edilməsi və üzrində üçüncü şxsin mülkiyyət hüququnun qeydə alınması iş üzrə ekspert rəyi ilə təsdiq edildiyindən və bunu təkzib edən hər hansı sübut müəyyən edilmədiyindən iddi təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, 94 saylı evin 9A saylı mənzilinə dair xx.xx.2016-cı ildə və xx.xx.2021-ci ildə tərtib edilmiş texniki pasportların sanitar qovşaq (1 kv.metr) hissəsində ləğv edilməsi və xx.xx.2016-cı ildə X2 adına aparılan reyestr qeydiyyatında 1 kv.metr sahə ilə bağlı düzəlişin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin) üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-3663/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3663/2025
08.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver