Məhkəmə qərarları › İş №2-1(112)-3664/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3664/2021

27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3664/2021 27.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş idarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinat İdarəsinə qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinat İdarəsi ilə əvəz edilməsini məhkəmədən xahiş etmiş, məhkəmənin 02.06.2021-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinat İdarəsi ilə əvəz edilmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı xx xxxxxx 1955-ci ildə Gürcüstan Respublikası Tbilisi şəhərində anadan olmuş, 25 noyabr 1973-cü ildən 27 noyabr 1975-ci ilədək SSRİ SQ-də həqiqi hərbi xidmətdə olmuş, 04.03.1983-cü ildən 20 oktyabr 2005-ci ilədək əmək stajı var. İddiaçıya pensiya təyin etməsindən cavabdeh orqan imtina etmişdir. Halbuki, iddiaçı 25 noyabr 1973-cü ildən 27 noyabr 1975-ci ilədək SSRİ SQ “2 il” həqiqi hərbi xidmət keçmiş, 04.03.1980-ci ildən 25 noyabr 1991-ci ilədək (11 il 8 ay 21 gün) Gürcüstan Respublikası Dmanisi rayonunda yerləşən blok sexində işləmiş, 10 yanvar 1992-ci ildən 20 oktyabr 2005-ci ilədək (13 il 9 ay 10 gün) X2 mərkəzində işləmişdir. Ümumi əmək stajı 28 il 5 ay təşkil edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinat İdarəsinin iddiaya dair yazılı etirazında aşağıdakılar göstərilmişdir ki, iddiaçının iddia tələbi tam əsassızdır və təmin edilməməlidir. İddiaçı Ziyadxan oğlu 11.06.2020-ci il tarixdə yaşa görə pensiyanın təyin edilməsi tələbi ilə Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X5 Filiala müraciət etmişdir. Vətəndaşın müraciətinə cavabdeh orqan tərəfindən baxılmış və cavablandırılmışdır. Cavabdeh orqanın imtina məktubuna əsasən İddiaçı Ziyadxan oğlunun əmək kitabçasında qeyd olunan 03.04.1992-ci il tarixdən-20.10.2005-ci il tarixədək Dövlət Metallurgiya Şirkəti Hesablama Mərkəzində işləməsinə dair sosial sığorta stajının yoxlanılması mümkün olmadığından həmin dövrlərin pensiya hesablanmasında nəzərə alınması qanuna ziddir. Göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. Yuxarıda qeyd olunan qanunun 7-ci maddəsinə əsasən 64 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya əmək pensiyası təyin olunması üçün Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı Ziyadxan oölunun təqdim etdiyi sənədlərə əsasən onun əmək pensiyası hüququ verən yaş həddinə çatmasına baxmayaraq tələb olunan sığorta stajının olmadığı müəyyən edilmişdir. İddiaçı Ziyadxan oğlu 10.04.1992 - 20.10.2005-ci illərdə “Dövlət Metallurgiya Şirkəti Hesablama Mərkəzi”ndə işlədiyini iddia edir. İddiaçının işlədiyini iddia etdiyi illərə və müəssisənin mövcudluğuna dair məlumatları dəqiqləşdirmək üçün cavabdeh orqan tərəfindən Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə 12.03.2021-ci il tarixdə **********6 nömrəli sorğu göndərilmişdir. Sorğuya gələn 05.04.2021-ci il tarixli 4/706 nömrəli cavab məktubunda “Dövlət Metallurgiya Şirkəti Hesablama Mərkəzi”nin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi qeyd edilmişdir. Cavabdeh orqan tərəfindən əmək kitabçasında göstərilən müəssisənin mövcudluğun yoxlanılması məqsədiylə Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsinə 06.05.2021-ci il tarixdə **********2 nömrəli sorğu göndərilmişdir. Sorğuya gələn 19.05.2021-ci İİ tarixli **********662600 nömrəli cavab məktubunda mövcud olan reyestrdə bu adlı kommersiya qurumu aşkar edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun həm 7-ci maddənin hər iki şərti ödənməlidir. İddiaçı ona pensiya təyin edilməsi üçün qanunla tələb olunan yaş həddinə (65 yaş) çatmışdır.Lakin yuxarıda qeyd olunan qanunun 7-ci maddəsində tələb olunan sığorta stajı 25 il olmasına baxmayaraq vətəndaşın əmək kitabçasında mövcud olan və qəbul onunan 13 il 8 ay 21 gün (2 il hərbi xidmət+ 11 il 8 ay 21 gün) sığorta stajı olduğu üçün ona pensiya təyin edilməsi qanuna ziddir. İddia tələbinin təmin edilməsini mümkünsüz edən həm də, bu növ münasibətləri tənzimləyən maddi huquq normalarıdır. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Ali Məhkəmənin analoji işlərə baxdığı zaman özünün formalaşdırdığı hüquqi mövqeyə əsasən, “Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.” Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı - seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanunauyğun olmuşdur. Sonda iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, iş üzrə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - 04.12.2009-ci il tarixdə Bakı Sabunçu RPİ tərəfindən verilmiş iddiaçıya məxsus AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Gürcüstan Respublikası, Tbilisi şəhərində doğulmuşdur. - İddiaçıya məxsus НЗ seriyalı ******* saylı hərbi biletindən görünür ki, iddiaçı 25.11.1973-cü il tarixdən 20.11.1975-ci il tarixə qədər həqiqi hərbi xidmətdə olmuşdur. - İddiaçıya məxsus ЗТ-İ ******* saylı 06.03.1980-ci il tarixdə doldurulmuş əmək kitabçasının notarial qaydada təsdiq edilmiş tərcüməsindən görünür ki, iddiaçı 04.03.1980-ci il tarixdən 25.11.1991-ci il tarixə qədər “Yaqublu” Dmanisi kooperativ blok sexinə fəhlə kimi işləmişdir. - İddiaçıya məxsus И-İ ******* saylı 15.04.1994-ci il tarixdə doldurulmuş əmək kitabçasından görünür ki, iddiaçı 10.01.1992-ci il tarixdən 20.10.2005-ci il tarixə qədər Azərbaycan Dövlət Metallurgiya Şirkəti Hesablama Mərkəzində 5-ci dərəcəli kran maşinisti işləmişdir. - DSMF-nin 03.12.2020-ci il tarixli **********0 saylı iddiaçıya ünvanlanmış məktubu ilə onun 10.11.2020-ci il tarixli müraciətinə baxılaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaş həddinə çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. 2020-ci il 1 iyul tarixindən kişilərin pensiya yaş həddi 65 yaş müəyyən edilmişdir. Müvafiq göstəriciniz qanunvericiliyin göstərilən tələblərinə uyğun gəlmədiyindən yaşa görə əmək pensiyası hüququnuz yaranmadığı üçün sizə yaşa görə sosial müavinət təyin olunmuşdur”. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş X3 Dövlət Qeydiyyatı İdarəsinin 19.05.2021-ci il tarixli **********662600 saylı məktubundan görünür ki, “Dövlət Metallurgiya Şirkəti Hesablama Mərkəzi” idarədə olan reyestrdə aşkar edilməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 23.08.2021-ci il tarixli **********19 saylı məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nə və digər normativ hüquqi aktlara əsasən dövlət müəssisə və təşkilatlarının əməkdaşlarının əmək fəaliyyətlərini əks etdirən sənədlərin (əmək kitabçası, əmək haqqı hesablamaları və.s.) Xidmətə təhvil verilməsi nəzərdə tutulmamış və bu barədə məlumatlar Xidmətdə mövcud deyildir. - Azərbaycan Respublikasının 16.09.2021-ci il tarixli 01/3-2176 saylı məktubu ilə bildirilmişdir ki, Dövlət Metallurgiya Şirkətinin Hesablama Mərkəzi 04 sentyabr 1997-ci il tarixindən 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 05.04.2021-ci il tarixli 4/706 saylı məktubundan görünür ki, Dövlət Metallurgiya Şirkəti Hesablama Mərkəzinin arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 05.04.2021-ci il tarixli **********392 saylı cavabdehə ünvanlanmış məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 1017 nömrəli 12.05.2020-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin 3.0.11-ci yarımbəndinə əsasən kommersiya hüquqi şəxslərinin, publik hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərinin dövlət qeydiyyatını həyata keçirmək və dövlət reyestrini aparmaq Dövlət Vergi Xidmətinin vəzifələrinə aid edilmişdir. Yuxarıda qeyd olunanları, o cümlədən qüvvədə olan qanunvericilik aktlarının tələbləri barədə işçi qaydasında da məlumat verildiyini nəzərə alaraq, hüquqi şəxslərin qeydiyyatı ilə bağlı tələb olunan məlumatların əldə olunması üçün aidiyyəti üzrə Dövlət Vergi Xidmətinə müraciət etmək məqsədəuyğun hesab edilir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Mübahisənin mahiyyəti ilə əlaqədar isə məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun muəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 22.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Göründüyü kimi qanunverici orqan kişilərin 22.11.2020-ci il tarixdən sonrakı dövr üçün ən azı 65 yaşına çatmasını, eyni zamanda, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsini və yaxud 25 il sığorta stajı olmasını pensiya təyin edilməsi üçün əsas hesab edir. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İş materiallarından məlum olur ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən onun müraciətinə imtina edilmişdir. Belə ki, iddiaçının əmək kitabçalarına əsasən o, 04.03.1980-ci il tarixdən 25.11.1991-ci il tarixə qədər “Yaqublu” Dmanisi kooperativ blok sexinə fəhlə, 10.01.1992ci il tarixdən 20.10.2005-ci il tarixə qədər Azərbaycan Dövlət Metallurgiya Şirkəti Hesablama Mərkəzində 5-ci dərəcəli kran maşinisti işləmişdir. İddiaçı 25.11.1973-cü il tarixdən 20.11.1975-ci il tarixə qədər həqiqi hərbi xidmətdə olmuşdur. Lakin iddiaçının 10.01.1992-ci il tarixdən 20.10.2005-ci il tarixə qədər Dövlət Metallurgiya Şirkəti Hesablama Mərkəzində işləməsi cavabdeh tərəfindən aparılmış inzibati icraat zamanı, həmçinin, məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, araşdırma zamanı həmin mərkəzin 04 sentyabr 1997-ci il tarixindən 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatda olması aşkar edilmiş, lakin həmin mərkəzə dair hər- hansı arxiv sənədlərinin mövcudluğu müəyyən edilməmişdir. Bundan başqa, iddiaçıya məxsus И-İ ******* saylı əmək kitabçasında iddiaçının 10.01.1992-ci il tarixdən Dövlət Metallurgiya Şirkəti Hesablama Mərkəzində işləməsi göstərilsə də, əmək kitabçasının 15.04.1994-ci il tarixindən doldurulması, habelə mərkəzin 04 sentyabr 1997-ci il tarixindən 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatda olması barədə məlumatlar əmək kitabçasındakı bu qeydin həqiqiliyinə şübhə doğurur. İddiaçının həmin dövrə aid iş stajının arxiv məlumatları və qarşılıqlı yoxlanılma ilə müəyyən etmək isə mümkün olmamışdır. Həmçinin, məhkəmə araşdırması zamanı iddiaçının həmin müəssədə məhz 10.01.1992-ci il tarixdən işləməsini təsdiq edən başqa mötəbər sübut aşkar edilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının işlədiyini iddia etdiyi həmin dövr onun sosial sığorta stajına daxil edilməklə hesablana bilməz. Belə olan halda, cavabdeh tərəfindən qanuni olaraq həmin dövr iddiaçının əmək stajına hesablanmamışdır. Beləliklə də iddiaçının ümumilikdə, 13 il 8 ay 18 gün iş stajının olması iş materialları ilə təsdiqini tapır. İddiaçının işdə olan şəxsiyyət vəsiqəsindən görünür ki, onun 65 yaşı 22.11.2020-ci il tarixdə tamam olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin qeydinə uyğun olaraq iddiaçının yaşa görə əmək pensiyası hüququ həmin tarixdən yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 65 yaşının tamam olduğu 22.11.2020-ci il tarixə tələb olunan 25 ildən artıq iş stajının əvəzində yalnız 13 il 8 ay 18 gün iş stajı toplanmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı hazırkı iddia tələbində haqlı olmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının sosial təminat hüququnun pozulmadığı aşkar edilmişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinat İdarəsinə qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2 Sədrlik edən: Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar