Məhkəmə qərarları › İş №2-1(112)-3665/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3665/2021

07.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3665/2021 07.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvan: Bakı şəhəri, Bünyadzadə küçəsi ev 232, mənzil 139), cavabdehin nümayəndəsi X5 (Ünvanı:Füzuli şəhəri, 20 Yanvar küçəsi 8; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Yasamal bələdiyyəsində hüquqşünas), 3-cü şəxs X1 (Ünvanı: Bakı şəhəri, V.Əliyev küçəsi 253) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Bakı şəhəri Yasamal bələdiyyəsinə 3-cü şəxs - X2 qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal bələdiyyəsinə qarşı “Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 232 saylı evin qarşısında olan torpaq sahəsi ilə bağlı” Yasamal bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 55 saylı məktubunun qanunsuz hesab edilməklə, həmin məktubun ləğv edilməsi, iddiaçıya adı məlum olmayan şəxsin məhkəmə araşdırması gedişində şəxsiyyəti müəyyən edildiyi təqdirdə, bərəsində “qanunsuz torpaq zəbti cinayət əməlinin törətməsi ilə bağlı” xüsusi qərardad çıxarılaraq hüquq mühafizə orqanlarına göndərilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə X2 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. iş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2021-ci il tarixə təyin edilmişdir. Həmin tarixl məhkəmə iclasında iddiaçının “xx.xx.2020-ci il tarixli YVÖK 130110VHPTQ saylı şəhadətnamənin ləğv edilməsi ilə bağlı cavabdeh Bakı şəhəri Yasamal Bələdiyyəsinin hərəkətlərinin qanunsuz hesab edilməsinə dair qərar qəbul edilməsi” barədə iddianın dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 75.1-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsi, bir qayda olaraq, şifahi məhkəmə baxışının qurtardığı gün elan edilir. Müstəsna hallarda (mürəkkəb işlər üzrə) məhkəmə qərarının nəticəvi hissəsi, şifahi məhkəmə baxışının qurtardığı gün məhkəmə tərəfindən müəyyən edilən başqa gündə, lakin 10 gündən gec olmayaraq elan edilə bilər. Hazırkı iş üzrə məhkəmə qərarının nəticəvi hissəsinin elan edilməsi xx.xx.2021-ci il tarixə təxirə salınmışdır. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir və hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, Bələdiyyə tərəfindən iddiaçıya 14 yanvar 2021-ci il tarixdə 55 saylı məktubla "şəhadətnamənin ləğv edilməsi barədə" məlumat göndərilmişdir. Yasamal Bələdiyyəsinin həmin məktubunu qanunsuz və əsassız hesab edir. Belə ki, iddiaçının xəbəri olmadan, ona məlumat verilmədən şəhadətnamə ləğv edilmişdir. Hesab edir ki, şəhadətnamənin ləğv edilməsi üçün heç bir əsas mövcud olmamış, Yasamal Bələdiyyəsi şəhadətnamənin ləğv edilməsi ilə bağlı inzibati icraat açmamış, onu inzibati icraata cəlb etməmiş və qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əməl etmədən, qanunvericiliyin tələblərini pozaraq, onlara riayət etmədən xx.xx.2021-ci il tarixli 55 saylı məktubla onun xx.xx.2020-ci il tarixli YVÖK 130110VHNPTQ saylı şəhadətnaməsini ləğv etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 29 saylı Polis Bölməsinə olan şikayəti əsasında müvafiq torpaq sahəsi ilə bağlı mübahisə olduğu müəyyən edilmiş və bu əsasla xx.xx.2020-ci il tarixli YVÖK 130110VHNPTQ saylı şəhadətnaməsi ləğv edilmişdir. Göstərilənlərə əsasən iddianın əsassız olduğunu və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs öz izahatında xx.xx.2012-ci il tarixdə Yasamal rayonu, D.Bunyadzadə küçəsi 232 saylı binanın qarşısında 1,8 sot torpaq sahəsini X3 oğlu Tural və qızı Hicran Məmmədovanın və digər şəxslərin iştirakı ilə şifahi formada 13000 manata aldığını, lakin hazırda həmin torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədinin olmamasını bildirmişdir. Odur ki, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İddia tələbindən görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixli YVÖK 130110VHPTQ saylı şəhadətnamənin ləğv edilməsi ilə bağlı cavabdeh Bakı şəhəri Yasamal Bələdiyyəsinin hərəkətlərinin qanunsuz hesab edilməsini tələb edir. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal bələdiyyəsi tərəfindən İddiaçı yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxs kimi uşota alınaraq ona xx.xx.2020-ci il tarixli YVÖK 130110VHPTQ saylı şəhadətnamə verilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal bələdiyyəsi İddiaçı xx.xx.2021ci il tarixli 55 saylı məktub ünvanlayaraq bildirmişdir ki, torpaq sahəsi mübahisəli və ümumi istifadə olunan torpaq sahəsi olduğuna görə Bakı şəhəri Yasamal bələdiyyəsi tərəfindən ona verilmiş xx.xx.2020-ci il tarixli YVÖK 130110VHPTQ saylı şəhadətnamə ləğv edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsinin izahatından müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal bələdiyyəsi tərəfindən İddiaçı verilmiş xx.xx.2020-ci il tarixli YVÖK 130110VHPTQ saylı şəhadətnamə, müvafiq torpaq sahəsi ilə bağlı olan mübahisə əsasında, yəni X1 29 saylı Polis Bölməsinə olan şikayəti əsasında ləğv edilmişdir. İş materiallarından görünür ki, Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsi məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2021-ci il tarixli ***-**** nömrəli məktubla X1 və Nəsrullayev Hüseyn nəsrulla oğlunun şikayət ərizələri əsasında “cinayət işinin başlanmasının rədd edilməsi barədə” Yasamal RPİ-nin 29-cu PŞ tərəfindən toplanmış 3388/20 saylı rədd materiallarının surəti məhkəməyə təqdim edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixdə ünvan 2 ünvanında yaşayan X2 DİN-nin “102” xidməti-zəng mərkəzi sisteminə məlumat verərək və Yasamal RPİ-nin 29-cu PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2012-ci il tarixdə Yasamal rayonu, D.Bunyadzadə küçəsi 232 saylı binanın qarşısında 1,8 sot torpaq sahəsini X3 oğlu Tural və qızı Hicran Məmmədovanın və digər şəxslərin iştirakı ilə 13000 manata almışdır. Həmin vaxtda maddi durumu yaxış olmadığı üçün torpaq üzərində heç bir tikinti işləri apara bilməmişdir. Həmin binadan Bəhruz adlı şəxs qeyri-qanuni sənəd düzəldərək onun torpaq sahəsini zəbt edərək ona məxsus olmasını iddia edib çəpərə almış və torpaq sahəsinin qapısını kilidim qıraraq başqa kilidlə əvəz etmişdir. Bəhruz adlı şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarından görünür ki, Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarına əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir: “Bununla da aparılmış araşdırma nəticəsində İddiaçı Feruz oğlunun vətəndaş X1 qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutmaqla torpaq üzərində mülkiyyət istifadə və ya icarə hüququnu pozma, yəni Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi müəyyən edilməmişdir. X2 və onun ailə üzvləri izahatlarında Yasamal rayonu D.Bünyadzadə küçəsi 232 saylı binanın qarşısında 1,8 sot torpaq sahəsini X3 13.000 manata aldıqları qeyd etmələrinə və buna dair tərəflərin ailə üzvləri arasında tərtib edilmiş aktı təqdim etmələrinə baxmayaraq, sözügedən torpaq sahəsinin X1 mülkiyyətində olması onlar tərəfindən təhqiqata təqdim edilmiş sənədlərdə bu hal öz əksini tapmamışdır.” (Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarının 4-cü bəndi) Göründüyü kimi, cavabdeh tərəfindən X1 29 saylı Polis Bölməsinə olan şikayəti əsasında müvafiq torpaq sahəsi ilə bağlı mübahisə olduğu müəyyən edilmiş və bu əsasla xx.xx.2020-ci il tarixli YVÖK 130110VHNPTQ saylı şəhadətnaməsi ləğv edilsə də, X1 29 saylı Polis Bölməsinə olan şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, cavabdeh Yasamal bələdiyyəsi tərəfindən göstərilən əsasla Fiziki şəxslərin uçotdan çıxarılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir: 4.1.1. dövlət vergiləri; 4.1.2. muxtar respublika vergiləri; 4.1.3. yerli vergilər (bələdiyyə vergiləri). Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən yerli vergilərin hesablanması və ödənilməsi qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları müvafiq qanunvericiliklə müəyyən edilir. Həmin Məcəllənin 34.7.3-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxsin uçotdan çıxarılması aşağıdakı hallarda mümkündür: 34.7.3.1. fəaliyyətinə xitam verildikdə; 34.7.3.2. məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda; 34.7.3.3. vəfat etdikdə. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 3 may 2019-cu il tarixli **********006200 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nın 1.3-cü bəndinə əsasən, vergi orqanlarında fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələrinə uyğun olaraq aparılır. Fiziki şəxsi vergi orqanlarında vergi uçotuna alınma, yenidən uçota alınma və uçotdan çıxarılma məsələlərində notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında səlahiyyət verilmiş şəxs təmsil edə bilər. Vergi orqanında uçota alınmaq üçün fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən vergi orqanına Vergi Məcəlləsinin 34.1-ci maddəsinin 7-ci bəndinə əsasən forması Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş “Fiziki şəxsin vergi uçotu haqqında ərizə” verilir. Vergi uçotuna alınma, yenidən uçota alınma, uçotdan çıxarılma, habelə uçot məlumatlarında dəyişiklik edilmə barədə təqdim edilən ərizənin forması və onların doldurulması qaydaları, vergi ödəyicilərinin vergi orqanında uçota alınmasını təsdiq edən şəhadətnamənin forması Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən müəyyən edilir (1.4-cü bənd). Həmin Qaydaların 4.1-ci bəndinə əsasən fiziki şəxsin uçotdan çıxarılması aşağıdakı hallarda mümkündür: 4.1.1.Vergi Məcəlləsinin 33.4-cü maddəsində nəzərdə tutulan fiziki şəxslərin fəaliyyətinə xitam verildikdə; 4.1.2.Ailə kəndli təsərrüfatının statusu itirildikdə, ləğv edildikdə və ya ailə kəndli təsərrüfatının başçısı dəyişdikdə; 4.1.3. Torpağa mülkiyyət hüququ özgəninkiləşdirildikdə; 4.1.4.Fiziki şəxs məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda; 4.1.5. Fiziki şəxs vəfat etdikdə. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən fiziki şəxsin uçotdan çıxarılması ilə bağlı proseslərə vergi orqanına daxil olmuş aşağıdakı məlumatlar əsasında başlanılır: 4.2.1. bu Qaydaların 4.1.1-4.1.3-cü yarımbəndlərində nəzərdə tutulan hallarda fiziki şəxsin və ya onun səlahiyyətli nümayəndəsinin Dövlət Vergi Xidməti tərəfindən təsdiq edilmiş “Fiziki şəxsin uçotdan çıxarılması haqqında ərizə” formasında müraciəti əsasında (torpaq mülkiyyətçilərinə münasibətdə torpağa mülkiyyət hüququnun özgəninkiləşdirilməsini təsdiq edən sənəd, ailə kəndli təsərrüfatının başçısına münasibətdə isə bələdiyyə tərəfindən verilmiş müvafiq sənəd əlavə edilir); 4.2.2. fiziki şəxs ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda məhkəmənin müvafiq qərarı əsasında; 4.2.3. fiziki şəxs vəfat etdikdə - ölüm haqqında şəhadətnamə əsasında. Yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin və sahibkarlıq fəaliyyəti subyektlərinin uçota alınması ilə bağlı metodiki vəsaiti: 1.3.1. “Yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslər” - xüsusi mülkiyyətində Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri olan rezident və qeyri-rezident fiziki şəxslər, həmçinin yerindən və istifadə edilibedilməməsindən asılı olmayaraq xüsusi mülkiyyətində su və hava nəqliyyatı vasitələri olan rezident fiziki şəxslərdir (bundan sonra- fiziki şəxslər). 1.3.6. “Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi” (VÖEN) - sahibkarlıq fəaliyyəti subyektlərinin və sahibkarlıq fəaliyyəti subyektləri olmayan fiziki şəxslərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi uçotuna alınmasını təsdiq edən vergi ödəyicisinin eyniləşdirmə nömrəsidir. 1.3.7. Bələdiyyə vergi şəhadətnaməsi - yerli (bələdiyyə) vergilərin ödəyicilərinin uçotunu aparan bələdiyyənin vergi xidməti orqanı tərəfindən verilən, fiziki şəxsin vergi uçotuna alınmasını təsdiq edən və özündə fiziki şəxsin adını, VÖEN-ni və ünvanını əks etdirən sənəddir.

6. Fiziki şəxslərin uçotdan çıxarılması 6.1. Fiziki şəxslərin uçotdan çıxarılması aşağıdakı hallarda və əsaslarla həyata keçirilir: 6.1.1. fiziki şəxs qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda - məhkəmənin müvafiq qərarı əsasında; 6.1.2. fiziki şəxs vəfat etdikdə - ölüm haqqında şəhadətnamə əsasında; 6.1.3. mülkiyyətində olan bütün əmlakı və torpaq sahəsini qanunvericiliklə müəyyən olunmuş qaydada özgəninkiləşdirdikdə - daşınmaz əmlakın özgəninkiləşdirilməsi haqqında müqavilələrin notarial qaydada təsdiq edilmiş surəti əsasında; 6.1.4. mülkiyyətində və ya sahibliyində olan torpaq sahələri üzərində istifadə hüququnu qanunamüvafiq qaydada başqasına verdikdə - torpaq sahələrinin özgəninkiləşdirilməsi və ya torpaq sahələri üzərində sahiblik hüququnun başqa şəxsə verilməsi haqqında müqavilələrin notarial qaydada təsdiq edilmiş surəti əsasında. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli, 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”nin 3.1.5-ci bəndinə əsasən bələdiyyələrin vergi xidməti orqanı qanunla müəyyən edilmiş hallarda və qaydada müvafiq yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinin uçotunu aparır. Həmin Əsasnamənin 6.2-ci bəndinə əsasən yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyiciləri bələdiyyənin vergi xidməti orqanının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən), habelə bələdiyyənin qərarlarından, bələdiyyənin sədrinin (onun müavininin) hərəkətlərindən (hərəkətsizliyindən) müvafiq olaraq bələdiyyə sədrinə (onun müavininə) və (və ya) məhkəməyə, digər səlahiyyətli dövlət orqanlarına şikayət etmək hüququna malikdirlər. Göründüyü kimi, mövcud qanunvericilikdə vergi ödəyicisi olan fiziki şəxsin uçotdan çıxarılması əsasları konkret olaraq nəzərdə tutulsa da, cavabdeh Yasamal bələdiyyəsi, həmin əsaslarla deyil, qanunvericilikdə nəzərdə tutulmayan əsasla mübahisə predmeti olan şəhadətnaməni ləğv etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Məhkəmə sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh Bakı şəhəri Yasamal bələdiyyəsi tərəfindən xx.xx.2020-ci il tarixli YVÖK 130110VHPTQ saylı şəhadətnaməni mövcud qanunvericilikdə nəzərdə tutulmamış əsasla (qanuni əsası olmadığından) ləğv etməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh inzibati orqan tərəfindən inzibati icraat aparılmadığından xx.xx.2020-ci il tarixli YVÖK 130110VHPTQ saylı şəhadətnamənin ləğv edilməsi ilə bağlı cavabdehin hərəkəti qanunsuz sayılmalıdır. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia təmin edilir. xx.xx.2020-ci il tarixli YVÖK 130110VHPTQ saylı şəhadətnamənin ləğv edilməsi ilə bağlı cavabdeh Bakı şəhəri Yasamal Bələdiyyəsinin hərəkətləri qanunsuz hesab edilir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar