Məhkəmə qərarları › İş №2-1(112)-3666/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3666/2021

17.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3666/2021 17.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X34 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X22, 3-cü şəxs X7 nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X19 və X12 3-cü şəxs qismində cəlb edilməklə “qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2014-cü ildə alqı-satqı yolu ilə Qarabağ Qazisi olan həyat yoldaşı X26 tərəfindən onun adına alınmış və hazırda onun şəxsi mülkiyyətində olan və həmin torpaq sahəsinə onun girişindən başqa heç bir başqa giriş-çıxış yolu olmadığı halda həmin 20 sot torpaq sahəsinə 2016-cı ildə təkrarən X7 adına ona məxsus torpaq sahəsinin 12 sotuna verilmiş qanunazidd qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 2-1(112)-3666/2021 saylı qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, X19 və X12 iş üzrə üçüncü şəxslər qismində cəlb edilmişlər. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə (dəqiqləşmə) göndərərək, 2014-cü ildə alqısatqı yolu ilə Qarabağ Qazisi, 2-ci qrup Qarabağ müharibəsi əlili olan həyat yoldaşı X26 tərəfindən onun adına alınmış və hazırda onun şəxsi mülkiyyətində olan və həmin torpaq sahəsinə onun girişindən başqa heç bir başqa giriş-cıxış yolu olmadığı halda həmin 20 sot torpaq sahəsinə 2016-cı ildə təkrarən X7 adına ona məxsus torpaq sahəsinin 12 sotuna verilmiş qanunazidd qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilmisini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin əsl cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilməsi qərara alınmışdır. Məhkəmə İPM 13-cü maddəsinin tələblərindən çıxış edərək iddiaçıya iddianın məhkəmə aidiyyatınna dair “hüquqi yardım” məktubu ünvanlamışdır. Bir sıra prosessual hərəkətlər edildikdən sonra iş üzrə məhkəmə hazırlıq icraatının iclası 17 iyun 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iddianın mümkünlük məsələsinin baxılmasını zəruri hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X31 izahat verərək qeyd etmişdir ki, iddiaçının hazırki iddia tələbi qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi ilə bağlıdır. X4 və X13 çıxarışın verilməsi əsasını məhz vərəsəlik şəhadətnaməsi təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin çıxarışların verilməsi zamanı hər hansı bir qanunazidd hərəkəti olmamışdır. İddiaçı ilkin olaraq çıxarışın verilməsində əsas olan vərəsəlik şəhadətnaməsini mülki qaydada mübahisələndirməlidir. Qeyd edilənlərə əsasən, cavabdehin nümayəndəsi iddia tələbinin mümkünsüz sayılmasını xahiş etmişdir. Məhkəmə iclasında 3-cü şəxs qismində iştirak edən X7 nümayəndəsi X15 izahat verərək qeyd etmişdir ki, Bakı şəhəri. Binəqədi rayonu, Novxanı kəndi 706 a saylı bağ sahəsi, paylı mülkiyyət hüququ üzrə onlara məxsus olmaqla bu barədə Azərbaycan Respublkası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X21 Daşınmaz Əmlakın Dövlət Reyestrindən onların adlarına 20.04.2016-cı il tarixli, RX ******* seriyalı ********** qeydiyyat nömrəli paylı mülkiyyət hüququna dair çıxarış verilmişdir. Paylı mülkiyyətlərində olan torpaq sahəsi 0.12 ha sahədən ibarətdir. Mülkiyyətlərində olan 706a saylı bag torpaq sahəsi qonşu bag torpaq sahələri ilə həmçinin İddiaçı mülkiyyətində olan 706ə saylı bag torpaq sahəsi ilə əhatə olunmuş, mülkiyyətlərində olan bağ torpaq sahəsinə aid keçid yolu (giriş yolu) cavabdeh İddiaçı mülkiyyətində olan 706ə saylı bag torpaq sahəsinin qarşısında yerləşməklə həmin bag torpaq sahəsinin ərazisinə daxil edilmiş. 706a saylı bag torpaq sahələrinə dair zəruri keçid yolları bağlanaraq bağ sahəsinə giriş çıxış yolları məhdudlaşdırılmışdır. İddiaçı qarşı Binəqədi rayon Məhkəməsinə mülkiyyətlərində olan bağ sahəsinin (Zəruri keçid yolunun bərpa edilməsinə dair) iddia ərizəsi ilə müraciət olunmuş, mülki iş üzrə məhkəmə araşdırması bu günə kimi davam etdirilməkdədir. Binəqədi rayon Məhkəməsi tərəfindən iddia tələbi üzrə tikinli-texniki ekspertiza təyin olunmuş iş üzrə cavabdeh İddiaçı məhkəmə baxışlarından yayınmaqla hazırki iddia tələbi ilə İnzibati Məhkəməyə müraciət etməklə işin gedişini yubatmaqla davam edir. İddiaçı iddia tələbinin əsassız olduğunu qeyd edərək, rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçı məhkəmə iclaslarında iştirak etməsə də, iddia ərizəsindən və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizədən aydın olur ki, iddiaçı 3-cü şəxs X7 adına verilmiş mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair “çıxarış”ı mübahisələndirir. Məhkəmə sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 706a saylı bağ sahəsi və 706ə saylı bağ evinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki: Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən torpaq sahəsinin planı və ölçüsünə əsasən 706ə saylı bağ evi tikintisi üçün 1000 kvm torpaq sahəsi Ağamalıyeva (Dadaşeva) Sənubər Ağasi qızı, X16, X20 BM seriyalı 001769 saylı qeydiyyat vəsiqəsi ilə məxsus olmuşdur. Seriya BM 001769 saylı qeydiyyat vəsiqəsinə əsasən 706ə saylı bağ evi paylı mülkiyyət hüququ ilə X14, X8, X20, X9 məxsus olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X21 daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.084597 ha torpaq sahəsi (bağ sahəsi) X10, X16, X17 və X18 ümumi birgə mülkiyyətindədir. 18 dekabr 2014-cü il tarixli AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, X16 öz adından və digər mülkiyyətçilər X1, X18, X5 adından çıxış edərək onlara məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 126.3 kv.m, yaşayış sahəsi 21.6 kv.m, yardımçı sahəsi 104.7 kv.m, bağ evini mülkiyyətdə olan 0.084597 ha torpaq sahəsi ilə birlikdə İddiaçı 50.000 min manat 00 qəpik qiymətinə satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X21 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi 0.084597 ha üzərində yerləşən 2 mərtəbəli 1 otaqlı, yaşayış sahəsi 21.6 kv.m, yardımçı sahəsi 104.7 kv.m olan xüsusi mülkiyyət İddiaçı adına 08.01.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən torpaq sahəsinin planı və ölçüsünə əsasən 706a saylı bağ evi tikintisi üçün 1200 kvm torpaq sahəsi mərhum X11 məxsus olmuşdur. 08.04.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 13.04.2011-ci il tarixdə ölmüş X6 vərəsələri X12 və X19 miras əmlakdan almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 06.04.2016-cı il tarixdə X11 verilmiş **********20 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən torpaq sahəsidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X21 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi (bağ sahəsi) X6 adına 06.04.2016-cı il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X21 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi (bağ sahəsi) ümumi birgə mülkiyyət əsasında X7 və X2 adına 20.04.2016-cı il tarixdə rəsmiləşdirilmişdir. İşin faktiki hallarından görünür ki, mübahisə predmetini təşkil edən torpaq sahəsi (706a) iddiaçının mülkiyyətində olan torpaq sahəsindən (706ə) fərqlidir. İddiaçı 3-cü şəxslərin mülkiyyətində olan 12 sot torpaq sahəsinin də ona satılması ilə bağlı razılaşdırıldıqlarını, buna dair ödənişin həyata keçirildiyini iddia edərək, 3-ü şəxslərin mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair sənədi mübahisələndirir. Lakin iddiaçı daşınmaz əmlakın alqısatqısı yolu ilə 0,084597 ha torpaq sahəsi almış, həmin torpaq sahəsinə dair mülkiyyət hüquqları qeydiyyata alınaraq çıxarış verilmişdir. İş materiallarında olan sənədlərdən aydın olur ki, 3-cü şəxslərin mülkiyyətində olan torpaq sahəsi qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əsasında onlara keçmişdir. Məhkəmə ilk öncə qeyd etmək isəyir ki, qüvvədə olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış o vaxt mübahisələndirilə bilər ki, ona əsas verən ilkin hüquqmüəyyənedici sənədlər ləğv və ya məhkəmə qaydasında etibarsız hesab edilsin. İşin faktiki halllarından da göründüyü kimi, mübahisənin kökündə mülki hüquq münasibəti (vərəsəlik şəhadətnaməsi) durur. Mübahisələndirilən çıxarış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında qeydiyyata alınmışdır. Vərəsəlik hüququ haqqında şəhadətnamə inzibati akt deyil, vərəsəlik hüququ haqqında şəhadətnamə mübahisələndirildiyi halda, həmin məsələnin həlli Mülki Məcəllənin tələbləri ilə tənzimlənir. İnzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3 və 178.1-ci maddələrində qeyd edilmişdir ki, dövlət qeydiyyatına alınmalı olan hüquqlar, qanunda digər qayda nəzərdə tutulmadığı halda, qeydiyyata alındığı andan yaranır. Şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın DƏDRX-də qeydiyyata alındığı andan yaranır. Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış isə həmin qeydiyyatı əks etdirən sənəddir və hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz. AR Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında”AR Qanununun 2.1-ci və AR İPM-nin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Qanunun 2.1 və 12-ci maddələrinin, habelə MM-in 140-cı maddəsinin tələblərinə görə daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülkihüquqi münasibəti, yəni mülki-hüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə DƏDRX-də qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ və digər məhdud əşya hüququnun prezumpsiyasını yaradır. Beləliklə, daşınmaz əmlakın icarəsi nəticəsində daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat inzibati orqanın fəaliyyətinin ümumi (publik) hüquqa aid olan hərəkəti hesab edilsə də, təbiətinə görə daha çox mülki xarakterli münasibətlərin nəticəsi kimi ifadə olunur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Aydın olduğu kimi, mübahisələndirilən torpaq sahəsinin əldə edilməsinə əsas olan vərəsəlik haqqında şəhadətnamə mübahisələndirilməmiş və hazırki günədək qüvvədədir. vərəsəlik haqqında şəhadətnamənin etibarsız olub-olmamasını müəyyən etmək isə ümumi məhkəmənin səlahiyyətindədir. Odur ki, qeyd edilən mübahisəyə ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Ona görə də, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinin tələbinə görə Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normaları mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia-inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırılmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə hazırki iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li Qərarının 15-ci bəndində nəzərdə tutulmuşdur: Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəməni nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Hazırki vəziyyətdə iddiaçıya izah edilir ki, vərəsəlik haqqında şəhadətnamə mübahisələndirildikdən sonra, o, çıxarışın ləğv edilməsi barədə məhkəmələrdə iddia qaldırmaq hüququndan istifadə edə bilər. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar