Məhkəmə qərarları › İş №2-1(112)-3667/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3667/2023

07.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3667/2023 07.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “işsiz kimi daha əvvəlki tarixdən qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdən işsiz kimi qeydiyyata alınmasının ləğv edilərək, xx.xx.2018-ci il tarixindən etibarən işsiz kimi qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, karantin rejimi vaxtı dövlət tərəfindən təqdim edilən 190 manat maddi yardımı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində texniki problemlərinə görə ala bilməmişdir. Nazirliyin elektron informasiya sistemində əmək müqaviləsi aktiv görünürdü, halbuki həmin vaxt VÖEN işlək olmamış, o işsiz olmuş və həmin şirkət bağlı olmuşdur. Həmin əmək müqaviləsindən sonra çoxlu sayda yeni əmək müqavilələri olmuşdur. Qanunvericiliyə əsasən hər bir yeni əmək müqaviləsi avtomatik olaraq köhnəsinin xitam edilməsi sayılır və həmin iş yeri 2015-ci ildə bağlanmışdır. Nazirliyin texniki səhvinə görə 2022-ci ilə qədər müqaviləsi aktiv qalmış və buna görə də işsiz statusu olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, şəxslərin işsiz kimi qeydiyyata alınmasına dair tələblər və qaydalar Azərbaycan Respublikası “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu və Nazirlər Kabinetinin 25 iyul 2019-cu il tarixli 327 nömrəli Qərarı ilə təsdiqlənmiş “İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması Qaydası” ilə tənzimlənməkdədir. Qanunun 4.1.1-ci maddəsinə əsasən əmək müqaviləsi mövcud olan şəxs məşğul şəxs hesab olunur. Vətəndaş İddiaçı (FİN: xxxxxxx) 190 manat məbləğində birdəfəlik ödəmə üçün müraciət etdikdə adına aktiv əmək müqaviləsi (xxxxxxx000100) olduğuna görə ona imtina verilmişdir. Vətəndaş bildirir ki, onun əmək müqaviləsi həmin dövr üçün aktiv olmayıb, bunu isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra- MEİS) baş verən texniki problemlərlə əlaqələndirir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil etmək işəgötürənin əsas vəzifələrindən hesab edilir. Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Bu maddələrdə də göstərildiyi kimi əmək müqaviləsinə xitam verilməsinin sistemə daxil edilməsi işəgötürənin vəzifəsidir. Vətəndaş bildirir ki, bu əmək müqaviləsindən sonra yenidən əmək müqaviləsi bağlayıb və qanunvericilikdə nəzərdə tutulan əsaslarla bu artıq digər əmək müqaviləsinin avtomatik olaraq xitamı sayılır. Əmək müqaviləsi (xxxxxxx000100) MEİS-ə əlavə əmək müqaviləsi kimi daxil edildiyinə görə vətəndaşın qeyd etdiyi mümkün deyil. Həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsində əmək müqaviləsinin xitam verilməsi əsaslarında vətəndaşın qeyd etdiyi kimi bir müddəa öz əksini tapmamışdır. Yuxarıda istinad edilən normativ hüquqi aktlara və inzibati prosessual qanunvericiliyin tələbləri baxımından hazırkı iş üzrə cavabdeh qismində Nazirliyin cəlb edilməsi prosessual baxımdan doğru deyil. Belə ki, müvafiq müraciət edən şəxslərə işsiz və ya işaxtaran statusunun verilməsi müvafiq Agentliyin Nizamnaməsinin 3.1.8-ci maddəsinə əsasən Agentliyin vəzifələrinə aid edilmişdir. Qaydanın 1.1-ci bəndinə əsasən bu Qayda “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 5.1-ci maddəsinə əsasən hazırlanmışdır və işaxtaran və işsiz şəxslərin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 müvafiq yerli qurumlarında və “DOST” mərkəzlərində (bundan sonra-Mərkəz) qeydiyyata alınması qaydasını müəyyən edir. Belə olduğu təqdirdə cavabdeh qismində Nazirliyin yox, məhz Agentliyin müəyyən edilməsi inzibati prosessual qanunvericiliyin birbaşa tələbi olaraq dəyərləndirilir. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd edilən maddənin tələbinə uyğun olaraq, məhkəmə iclasında iddiaçıya hüquqi yardım göstərilərək iddianın mümkünlüyü ilə bağlı qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəfin fikirləri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın dəlillərinə uyğun izahat vermiş və iddianın mümkün sayılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə işdə iştirak şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia tələbi cavabdeh kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yönəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddia tələbi mahiyyət etibarilə iddiaçının işsiz şəxs kimi daha əvvəlki tarixdən qeydiyyata alınması ilə bağlıdır. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə və 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, eləcə də işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edir. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.1.6-cı maddəsinə əsasən, işsiz şəxs – işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir; 1.1.7-ci maddəsinə əsasən, işaxtaran – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) münasib iş üçün və bu Qanunda nəzərdə tutulmuş hallarda aktiv məşğulluq tədbirləri ilə bağlı müraciət edən və işaxtaran kimi qeydiyyata alınan şəxsdir; 5.1-ci maddəsinə əsasən, işaxtaran və işsiz şəxslərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydiyyata alınması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 iyul tarixli 327 nömrəli Qərarı ilə təsdiq edilmiş, “İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması Qaydası”nın 1.1ci bəndinə əsasən, bu Qayda “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən hazırlanmışdır və işaxtaran və işsiz şəxslərin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 müvafiq yerli qurumlarında və “DOST” mərkəzlərində qeydiyyata alınması qaydasını müəyyən edir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş X1 Nizamnaməsinin: 1.1-ci bəndinə əsasən, X3 aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. 3.1-ci bəndinə əsasən, bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır: … 3.1.8. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şəxslərin işaxtaran və işsiz kimi qeydiyyata alınmasını, onlara münasib iş seçimində kömək göstərilməsini və onların məşğulluğunun təmin edilməsini təşkil etmək. Qeyd edilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının qaldırdığı məsələ, cavabdeh inzibati orqanın hər hansı inzibati icraat, yaxud inzibati orqanın fəaliyyət dairəsi üzrə hərəkətlərlə əlaqədar olmamaqla, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hazırkı iddiaya cavab verməli olan orqan deyil. Həmçinin iddiaçının hazırkı tələblə iş üzrə cavabdeh olmalı olan X1 müvafiq yerli qurumlarına müraciəti müraciəti olmamışdır. Belə olan halda məhkəmənin qənaətinə görə, hazırkı iddia tələbi üzrə mübahisə mövcud deyil. Qeyd edilən əsasın isə hazırkı icraat çərçivəsində aradan qaldırılması mümkün deyildir. Başqa sözlə, cavabdehin əsl cavabdehlə əvəz edilməsi belə, iddiadan əvvəl həmin quruma müraciəti olmadığından iddianın mümkün sayılmasına əsas vermir. Bununla belə, məhkəmə izah edir ki, iddiaçı X1 müvafiq yerli qurumlarına və “DOST” mərkəzlərinə müraciət etməklə, müraciəti təmin olunmadığı halda isə X1 müvafiq yerli qurumlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia verilməklə pozulmasını ehtimal etdiyi hüquqlarının müdafiəsini həyata keçirmək hüququ vardır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “işsiz kimi daha əvvəlki tarixdən qeydiyyata alınma” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar