Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-367/2025 15.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "torpaq sahəsinə və onun üzərində tikililərə çıxarışın və texniki pasportun verilməsi" tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 50 “a”, Ə.Əlizadə küçəsi, ev 35 və Təbriz küçəsi, ev 52 “a” ünvanlarında yerləşən daşınmaz əmlaklar birləşdirilməklə, ümumilikdə 0,09 hektar torpaq sahəsi və torpaq sahəsi üzərində mövcud olan tikililər üzərində mülkiyyət hüququnun qeydiyyata alınmaqla, həmin daşınmaz əmlaka bütövlükdə dövlət reyestrində qeydiyyatı haqqında çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,0405 hektar torpaq sahəsi **********14-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının şəxsi mülkiyyətindədir. Mülkiyyətində olan fərdi yaşayış evinin tam arxasında, ünvan 2 ünvanında 0,00384 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 33,5 kv. metr olan qeyri-yaşayış sahəsini AN-İ №0864697 saylı, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi ilə X1 almışdır. Satın aldığı, 0,00384 hektar torpaq sahəsində yerləşən, 33,5 kv. metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsi ilə mülkiyyətində 0,0405 hektar torpaq sahəsinin arasında yerləşən, X11 məxsus, mişar daşından inşa edilmiş, ümumi sahəsi 20 kv. metr olan qaraj sahəsini satın almışdır. Qaraj sahəsinin qeydiyyat sənədləri olmadığından, alqı-satqını X17 ilə 9 saylı notariat ofisində 05 mart 2021-ci il tarixdə razılaşma müqaviləsi bağlamaqla rəsmiləşdirmişdir. Müqavilə ilə müəyyən olunmuş 40800 manat qarajın dəyərini X11 bank vasitəsi ilə ödəmişdir. Bundan əlavə satın aldığı, qeyri-yaşayış sahəsi ilə mülkiyyətində olan torpaq sahəsinin arasında, digər hissədə yerləşən, X7 məxsus, mişar daşından inşa edilmiş, ümumi sahəsi 20 kv. metr qaraj sahəsinin qeydiyyat sənədləri olmadığından, alqı-satqını X12 ilə 9 saylı notariat ofisində 05 mart 2021-ci il tarixə razılaşma müqaviləsi bağlamaqla rəsmiləşdirmişdir. Müqavilə ilə müəyyən olunmuş 34000 manat qarajın dəyərini X7 bank vasitəsi ilə ödəmişdir. İddiaçı satın aldığı, qeyri-yaşayış sahəsi ilə mülkiyyətində olan torpaq sahəsinin arasında, başqa bir hissədə yerləşən, X13 məxsus, mişar daşından inşa edilmiş, ümumi sahəsi 22 kv.metr qaraj sahəsinin qeydiyyat sənədləri olmadığından, alqı-satqını X18 ilə 9 saylı notariat ofisində 03 aprel 2021-ci il tarixə razılaşma müqaviləsi bağlamaqla rəsmiləşdirmişdir. Müqavilə ilə müəyyən olunmuş 54400 manat qarajın dəyərini X13 bank vasitəsi ilə ödəmişdir. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin, satın aldığı qeyriyaşayış sahəsinin və qaraj sahələrinin arxa hissəsində, eləcə də qeyri-yaşayış sahəsi ilə qaraj sahələrinə gedən yolun sol hissəsində yerləşən, Bakı şəhəri, Nərimanov rayon X10 19 avqust 1983-cü il tarixli, 48 saylı qərarı ilə, X8, X2, X5 və X3 istifadələrinə verilmiş ünvan 3 ünvanında yerləşən, fərdi yaşayış evini və onun yerləşdiyi torpaq sahəsini satın almışdır. Bu evin və onun yerləşdiyi torpaq sahəsinin qeydiyyat sənədləri olmadığından alqı-satqını daşınmaz əmlaka müstəsna hüquqları olan şəxslərlə 09 iyun 2023-cü il tarixdə, 9 saylı notariat ofisində ilkin alqı-satqı müqaviləsi bağlamaqla rəsmiləşdirmişdir. Beləliklə, qanuni əsaslarla əldə etdiyi 0,09 hektar torpaq sahəsinin çıxarışına əsasən 0,0405 hektar olan hissəsi və qarajın texniki pasportuna əsasən 0,00384 hektar hissəsi, ümumilikdə 0,04434 hektar torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ qeydiyyata alınmışdır. Lakin qalan torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmamışdır. Bununla da qanuni əsaslarla əldə etdiyi və faktiki olaraq sahibliyində olan 0,09 hektar torpaq sahəsi və tikililər üzərində mülkiyyət hüququ qeydiyyata alınmamışdır. İddiaçı ona məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,09 hektar torpaq sahəsi və onun üzərində olan tikililər üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün dair cavabdehə rəsmi müraciətlər etmişdir. Lakin ona imtina edilmişdir. Cavabdehin imtinasını əsassız və qanunsuz hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, sərəncamın araşdırılması zamanı müəyyən edilmişdir ki, qeyri-yaşayış binaları, fərdi yaşayış evi və yerləşdikləri torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, iddia tələbində qeyd olunan iddiaçı tərəfindən X17, X12 və X9 razılaşma müqavilələri ilə əldə edildiyi iddia edilən qarajlardan heç biri daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişdir. Həmçinin ilkin alqı-satqı müqaviləsi əsasında əldə edildiyi iddia edilən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi də daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmiş, sadalanan daşınmaz əmlakların heç biri ilə əlaqədar iddiaçı tərəfindən hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış, bununla bağlı iddiaçıya **********72 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır. İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 52A saylı fərdi yayış evi sökülmüş, hazırda mövcud deyildir. Qeyd olunanlara əsasən cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. İddiaçı teleqramla məhkəməyə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 5 ünvanda 0,0405 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. ünvan 6 ünvanda yerləşən qeyri-yaşayış binasının (qarajın) texniki pasportu xx.xx.2020-ci il tarixdə cavabdeh tərəfindən hüquq subyekti İddiaçı göstərilməklə tərtib edilmişdir. Texniki pasportda torpaq sahəsinin ölçüsü 0,00384 ha, tikinti altı sahə 38.4 kv.metr göstərilmişdir. İddiaçı ilə X12 arasında bağlanmış xx.xx.2021-ci il tarixli razılaşma müqaviləsinə əsasən iddiaçı Bakı şəhəri, Təbriz küçəsi, 52 ünvanında yerləşən, ümumi sahəsi 20 kv.metr olan sənədsiz daş qarajın söküntüsünə görə 34000 manat kompensasiyanı X7 ödəməyi, X12 isə həmin qarajın söküntüsü və sənədləşdirilməsinə etirazı olmayacağını öhdələrinə götürmüşlər. İddiaçı ilə X17 arasında bağlanmış xx.xx.2021-ci il tarixli razılaşma müqaviləsinə əsasən iddiaçı Bakı şəhəri, Təbriz küçəsi, 52 ünvanında yerləşən, ümumi sahəsi 20 kv.metr olan sənədsiz daş qarajın söküntüsünə görə 40800 manat kompensasiyanı X11 ödəməyi, X17 isə həmin qarajın söküntüsü və sənədləşdirilməsinə etirazı olmayacağını öhdələrinə götürmüşlər. İddiaçı ilə X18 arasında bağlanmış xx.xx.2021-ci il tarixli razılaşma müqaviləsinə əsasən iddiaçı ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 22 kv.metr olan daş qarajın söküntüsünə görə 55400 manat kompensasiyanı X13 ödəməyi, X18 isə həmin qarajın söküntüsü və sənədləşdirilməsinə etirazı olmayacağını öhdələrinə götürmüşlər. İddiaçı ilə X15, X16 və X4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən X15, X16 və X4 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini sənədləşdirərək gələcəkdə iddiaçıya satmaq barədə öhdəlik götürmüşlər. X19 ilə iddiaçı arasında bağlanmış AN-İ ******* saylı, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əsasən X19 ona məxsus ünvan 6 ünvanında yerləşən qeyr-yaşayış binasını (qarajı) iddiaçıya satmışdır. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi sökülmüşdür. Torpaq sahəsinin faktiki ölçüsü 0,0895 ha təşkil edir. Sənədlərə əlavə olunmuş çıxarış və texniki pasportda ümumi sahəsi 306.5 kv.metr, torpaq sahəsi 405.0 kv.metr olan fərdi y/evi həyət tikililəri ilə birlikdə tamamilə sökülmüşdür. Fərdi yaşayış evinin həm tikilisi həm də torpağı özəl olmuşdur. Ümumi ərazi vətəndaşın nümayəndəsinin göstərdiyi perimetr əsasında qeyd olunmuşdur. Özəl olmayan əlavə torpaq sahəsində 4 ədəd qaraj, 1 ədəd q/y sahəsi və hasara alınmış 1 ədəd fərdi yaşayış evi mövcuddur. Həmin tikililərə vizual baxış keçirilmişdir. Ərazinin bir hissəsi ümumi istifadə yoludur. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən ünvan 6 ünvanda yerləşən qeyri-yaşayış binasının faktiki ölçüsü 33.5 kv.metr təşkil edir.Texniki pasporta əsasən əlavə tikili yoxdur. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 50a saylı fərdi yaşayış evi və ünvan 6 saylı fərdi yaşayış evlərinin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Cavabdehin 07 avqust 2023-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini və iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 50 “a”, Ə.Əlizadə küçəsi, ev 35 və Təbriz küçəsi, ev 52 “a” ünvanlarında yerləşən daşınmaz əmlaklar birləşdirilməklə ümumilikdə 0,09 hektar torpaq sahəsi və torpaq sahəsi üzərində mövcud olan tikililər üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (139-1.1.1). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Həmin Qanununun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əldə edilməsinə əsas olan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıya əsasən torpaq sahəsi üzərində hüquqların əldə edilməsi üçün əsas kimi aşağıdakı sənədlər öz əksini tapmışdır: Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (8.0.1.). Qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol (8.0.2.). Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı (8.0.3.) Qanuni qüvvəyə minmiş məhkəmə qərarları (8.0.4.). 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (8.0.5.) 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış (8.0.7.). Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər (8.0.8.). İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı onunla X12, X17 və X18 ilə bağlanmış müqavilələrə istinad etmişdir. Mülki Məcəllədə nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (390.1.). Göründüyü kimi iddiaçı ilə X12, X17 və X18 arasında bağlanmış müqailələr yalnız qaraj söküntüsü ilə bağlı olmuşdur. Belə ki, ünvan 8 ünvanlarında yerləşən qarajlar və ya onların yerləşdiyi torpaq sahələri həmin şəxslərin mülkiyyətində olmamışdır. Bu səbəbdən onların qarajları iddiaçıya satmaqla bağlı iradə ifadələri hər hansı hüquqi nəticə yarada bilməz. Eyni zamanda ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi X15, X16 və X2 mülkiyyətində olmamışdır. Bu səbəbdən onlarla iddiaçı arasında ilkin müqavilə bağlanmışdır. Mülki Məcəlləyə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər (402.1.). İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur (402.2.). İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir (402.3.). Məhkəmə hesab edir ki, X15, X16 və X4 iə iddiaçı arasında bağlanmış ilkin müqavilə heç də daşınmaz əmlakın alqə-satqı müqaviləsi deyildir və həmin müqavilə üçün nəzərdə tutulmuş hüquqi nəticələrə səbəb ola bilməz. İddiaçı ilə yalnız X19 arasında ünvan 6 ünvanında yerləşən qeyr-yaşayış binasının (qarajın) alqı-satqısı müqaviləsi bağlanmışdır ki, bu tələb edilən bütün əmlak üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınmasına əsas ola bilməz. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuş və iddiaçının hüquqlarını pozmamışdır. Belə ki, iddiaçı üzərində mülkiyyət hüququnun təsbit edilməsini tələb etdiyi tikililər və torpaq sahələrinə dair hər hansı hüquq müəyyənedici sənədə əsaslanmamışdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə qarşı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 50 “a”, Ə.Əlizadə küçəsi, ev 35 və Təbriz küçəsi, ev 52 “a” ünvanlarında yerləşən daşınmaz əmlaklar birləşdirilməklə ümumilikdə 0,09 hektar torpaq sahəsi və torpaq sahəsi üzərində mövcud olan tikililər üzərində mülkiyyət hüququnun qeydiyyata alınmaqla, həmin daşınmaz əmlaka bütövlükdə dövlət reyestrində qeydiyyatı haqqında çıxarışın və texniki pasportun verilməsi barədə tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 50 “a”, Ə.Əlizadə küçəsi, ev 35 və Təbriz küçəsi, ev 52 “a” ünvanlarında yerləşən daşınmaz əmlaklar birləşdirilməklə ümumilikdə 0,09 hektar torpaq sahəsi və torpaq sahəsi üzərində mövcud olan tikililər üzərində mülkiyyət hüququnun qeydiyyata alınmaqla, həmin daşınmaz əmlaka bütövlükdə dövlət reyestrində qeydiyyatı haqqında çıxarışın və texniki pasportun verilməsi barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-367/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-367/2025
15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver