Məhkəmə qərarları › İş №2-1(112)-3670/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3670/2023

18.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3670/2023 18.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (əri) X3, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qaraja dair mülkiyyət hüquqların tanınması və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri X.Şuşinski, İ.Qasımov, S.Rüstəm, Q.Quliyev küçələrinin kəsişməsində yerləşən "xxxx" MTK-ya məxsus yaşayış binalarının zirzəmi (qaraj) mərtəbəsində sahəsi 18,2 kv.m. olan 46 saylı qaraja mülkiyyət hüququnun qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" MTK-ya məxsus Bakı şəhəri Q.Quliyev küçəsi, 21 saylı evin 23 saylı mənzilinin mülkiyyətçidir. Həmin binanın zirzəmi (qaraj) mərtəbəsində sahəsi 18,2 kvadrat metr olan 46 saylı Qarajın da pay dəyəri onun tərəfindən tam şəkildə ödənilmişdir. Özəlləşdirmə üçün tələb olunmuş sənədləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinə təqdim etsə də, dövlət rüsumunu ödəsə də, ondan qanunsuz olaraq Bakı şəhər İcra Hakimiyyətindən “Mərtəbəlilik planı”nı gətirməyi tələb edirlər, “Mərtəbəlilik planı”nı təqdim edə bilmədiyinə görə qaraja dair mülkiyyət hüquqlarımın dövlət reyestrində qeydiyyata alınmasından imtina edirlər. O, zirzəmi (qaraj) mərtəbəsinin layihə planının təsdiq olunmuş surətinin əldə edilməsi ilə Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. Lakin Bakı şəhər İcra Hakimiyyəti xx.xx.2022-ci il tarixli, 1-185-091 saylı məktubla bu məsələ ilə bağlı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət etməyiin məqsədəuyğun olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 10 iyun 2022-ci il tarixli MİHO-2.1-2-2022-2541 nömrəli məktubunda isə Bakı şəhər İcra Hakimiyyəti başçısının 26 dekabr 2008-ci il tarixli, 672 saylı sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, 980-cı məhəllə, X.Şuşinski, İ.Qasımov, S.Rüstəm və Q.Quliyev küçələrinin kəsişməsində tikintisi başa çatmış yaşayış binalarının (4 girişli, 17 mərtəbəli və çardaq mərtəbəsi, 1-ci mərtəbəsi qeyri-yaşyış sahəsi) istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktının təsdiq edildiyi qeyd olunmuşdur. Eyni zamanda qeyd edilən məsələ ilə bağlı "xxxx" MTK-ya müraciət etməyimizi tövsiyyə etmişdir. "xxxx" MTK isə vaxtında bütün sənədlərin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim edildiyini bildirir. Göründüyü kimi qaraj layihəsinin təsdiq edildiyi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim edildiyi yuxarıda qeyd edilən məktublarla bir daha sübut olunur. Digər sənədlər isə (təsis yığıncağının qərarı, maliyyə arayışı, qarajın yerləşmə planı, dövlət rüsumu) onun tərəfindən təqdim edilib. Hesab edir ki, zirzəmi (qaraj) mərtəbəsinin layihəsinin təkrar olaraq ondan tələb edilməsi tam qanunsuzdur.

3. Cavabdeh qurum tərəfindən təqdim edilmiş ilkin imtina məktubunda bildirilmişdir ki, qeyriyaşayış sahəsinə dair razılaşdırılmış mərtəbəlilik planı təqdim edilməmişdir. Eyni zamanda "xxxx" MTK tərəfindən verilmiş müvafiq sənədlərdə hüquq sahibinin ata adında hərf fərqi mövcuddur. Növbəti imtinada bildirilir ki, aparılmış araşdırma zamanı məlum olmuşdur ki, müraciətinizdə qeyd edilmiş qeyri-yaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə təqdim edilmiş sənədlərdə çatışmazlıqlar olduğundan, ********** qeydiyyat nömrəli ərizənin icrasından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən imtina edilmiş və bu barədə sizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 08 iyul 2021-ci il tarixli, **********49 nömrəli məktubla məlumat verilmişdir.

4. Cavabdeh qurum tərəfindən imtinanın məzmununa uyğun iddiaya verilən etirazda bildirilir ki, iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə ********** daxil olma nömrəli, xx.xx.2021-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyri-yaşayış sahəsinə dair razılaşdırılmış mərtəbəlilik planı təqdim edilməmişdir. Eyni zamanda "xxxx" MTK tərəfindən verilmiş müvafiq sənədlərdə hüquq sahibinin ata adında hərf fərqi mövcuddur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.2-ci maddəsinə əsasən şifarişçi tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edilir.

5. Bakı şəhəri, Nəsimi rayonu. Qulu Quliyev küçəsi, ev 21, mənzil 23 İddiaçı xüsusi mülkiyyətindədir.

6. "xxxx" MTK-nın üzvlərinin xx.xx.2009-cu il tarixli ümumi yığıncağının protokolundan çıxarışa və MTK tərəfindən verilmiş maliyyə arayışına əsasən X.Şuşinski, Q.Quliyev küçələrinin kəsişməsindəki binaların 2-ci zirzəmi qaraj mərtəbəsində 18,2 kv.m. sahəsi olan 46 saylı qaraj sahəsisinin İddiaçı Əkpər qızının verilməsi təsdiq edilmiş və pay dəyəri sonuncu tərəfindən tam ödənmişdir.

7. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" MTK tərəfindən bildirilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, X,Şuşinski, İ.Qasımov, S.Rüstəm, Q.Quliyev küçələrinin kəsişməsində yerləşən kooperativ yaşayış binalarının zirzəmi (qaraj) mərtəbəsində yerləşən 46 saylı 18,2 kv.m. sahəsi olan qarajın hüquqi sahibi İddiaçıdır. Təqdim edilən sənədlərdə qarajın zirzəmi mərtəbəsindəki yeri (mərtəbəli planı) göstərilməklə xx.xx.2009-cu ildə "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışında və protokoldan çıxarışda vətəndaşın soyad, ad və ata adının İddiaçı kimi oxunması müəyyən edilmişdir.

8. İddiaçının sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq Və Şəhərsalma Baş İdarəsi tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxiv məlumatına əsasən Bakı Şəhər İcra Hakimiyyəti başçısının 231 saylı 07 may 2003-cü il tarixli sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, 980-ci məhəllə, X.Şuşinski, İ.Qasımov, S.Rüstəm və Q.Quliyev küçələrinin kəsişməsində yaşayış binasının layihələndirilməsi və tikintisi üçün 0.77 ha torpaq sahəsi icarə əsasında "xxxx" kiçik müəssisəsinin istifadəsinə verilmiş və sərəncama uyğun 0.77 ha torpaq sahəsinə dair Eyni zamanda bildiririk ki, Bakı şəhəri, Nəsimi rayonu, X.Şuşinski, İ.Qasımov, S.Rüstəm, Q.Quliyev və 980-ci məhəllədə yaşayış binalarının (4 girişli 17 mərtəbəli və çardaq mərtəbəsi, 1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi) memarlıqplanlaşdırma həllinin eskiz layihəsi Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş idarəsinin 21 iyun 2003-cü il tarixli 18/04- 379 nömrəli məktubu ilə, işçi layihəsinin memarlıq hissəsi isə 11 sentyabr 2003-cü il tarixli 18/04-598 nömrəli məktubu ilə razılaşdırılmışdır. Bakı şəhəri, Nəsimi rayonu, 980-ci məhəllə, X.Şuşinski, İ.Qasımov, S.Rüstəm və Q.Quliyev küçələrinin kəsişməsində tikintisi nəzərdə tutulan yaşayış binalarının (4 girişli, 17 mərtəbəli və çardaq mərtəbəsi, 1-ci mə»rtəbəsi qeyri-yaşayış sahəsi) tikinti-quraşdırma işlərinin aparılmasına dair "xxxx" kiçik müəssisəsinə Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Bakı Şəhər Memarlıq-Tikinti Nəzarət Müfəttişliyi tərəfindən 24 oktyabr 2003-cü il tarixdə 3151 nömrəli icazə sənədi verilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, X.Şuşinski, İ.Qasımov, S.Rüstəm, Q.Quliyev və 980-ci məhəllədə yaşayış binalarının ərazisində mövcud 1 mərtəbəli qeyri-yaşayış tikililərinin eskiz lahiyəsi 14 noyabr 2007-ci il tarixdə, 18/04-599 nömrə ilə Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 09 sentyabr 2008-ci il tarixli, 488 nömrəli sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin 07 may 2003-cü il tarixli, 231 saylı sərəncamında qismən dəyişiklik edilmiş və Bakı şəhəri, Nəsimi rayonu, 980-ci məhəllə, X.Şuşinski, İ.Qasımov, S.Rüstəm və Q.Quliyev küçələrinin kəsişməsində layihələndirilməsinə və tikintisinə icazə verilmiş yaşayış binası "xxxx" MTK-nın adına keçirilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 26 dekabr 2008-cü il tarixli, 672 saylı sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, 980-ci məhəllə, X.Şuşinski, İ.Qasımov, S.Rüstəm və Q.Quliyev küçələrinin kəsişməsində tikintisi başa çatmış yaşayış binalarının (4 girişli, 17 mərtəbəli və çardaq mərtəbəsi, 1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi) istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı təsdiq edilmişdir.

9. Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski, İ.Qasımov, S.Rüstəm, Q.Quliyev küçələrinin kəsişməsində yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş binaların zirzəmilərinin (qaraj) hər hansı şəxsin hüquqlarının qeydiyyata alınıb-alınmaması haqqında məlumatın verilməsi ilə bağlı məhkəmənin sorğusuna cavab olaraq cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sözügedən binalarda qeydiyyata alınmış qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri haqqında məlumatın siyahısı təqdim edilmişdir. Həmin siyahıya əsasən 82 qaraj sahibinin hüquqları dövlət qeydiyyatına alınmışdır.

10. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək edən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

11. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmənin baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi. II. İddianın növü və mümkünküyü

12. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

13. İddia tələbi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsidir, iddiaçının yekun məqsədi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi olduğundan iddianın növü öhdəliyin icrasına dair iddiadır.

14. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

15. İddia mümkündür.

III. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar

16. "xxxx" MTK tərəfindən bildirilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, X,Şuşinski, İ.Qasımov, S.Rüstəm, Q.Quliyev küçələrinin kəsişməsində yerləşən kooperativ yaşayış binalarının zirzəmi (qaraj) mərtəbəsində yerləşən 46 saylı 18,2 kv.m. sahəsi olan qarajın hüquqi sahibi İddiaçıdır. Təqdim edilən sənədlərdə qarajın zirzəmi mərtəbəsindəki yeri (mərtəbəli planı) göstərilməklə xx.xx.2009-cu ildə "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışında və protokoldan çıxarışda vətəndaşın soyad, ad və ata adının İddiaçı kimi oxunması müəyyən edilmişdir.

17. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 672 saylı sərəncamı ilə təsdiq olunmuş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı”na əsasən, Bakı şəhəri Nəsimi rayonu, 980-ci məhəllə, X.Şuşinski küçəsi 12, Q.Quliyev küçəsi 21, İ.Qasımov küçəsi 1 B və S.Rüstəm küçəsi 61 saylı ünvanlarda 4 ədəd 17 mərtəbəli 1 girişli yaşayış binası + texniki mərtəbə ilə (1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi) istismara qəbul edilmişdir.

18. Cavabdeh tərəfindən təqdim edilən siyahıya əsasən qeyd edilən ünvanda 82 qaraj sahibinin hüquqları qeydə alınmışdır.

IV. Məhkəmənin mövqeyi

19. İş materialları ilə müəyyən olunur ki, binanın istismarına icazə verilmiş və MTK tərəfindən iddiaçının adına müvafiq sənədləşdirmə aparılmış, (protokoldan çıxarış, maliyyə arayışı, binanın mərtəbəli planı), iddiaçının ata adında yol verilmiş yanlışlıq MTK tərəfindən aradan qaldırılmışdır.

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);

21. X4 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

22. X4 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

23. Məhkəmə hazırki iş üzrə araşdırmanı X4 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üzrə araşdırma sxemi üzrə aparmağı məqsədəuyğun hesab edir. Nəticə aşağıdakı təhlildən asılı olmalıdır: 1) İş üzrə araşdırılan hüquq 1-ci maddənin mənası baxımından mülkiyyət hüququ və ya əmlaka sahiblik hüququ sayıla bilərmi? 2) Əmlaka sahiblik hüququna müdaxilə baş veribmi? 3) Həmin müdaxiləyə 1-ci maddədə yer alan üç normadan hansının əsasında baxılmalıdır? Yəni mübahisələndirilən tədbir hansı müdaxiləni təşdil edir 3.1. işin halları əmlakdan məhrum etməni əhatə edirmi? 3.2.Əgər cavab yoxsa, işin halları əmlakdan istifadəyə nəzarətlə bağlıdırmı? 3.3. Əgər cavab yoxsa, işin halları ümumi prinsiplərin işığında şərh olunmalıdırmı (dövlət hakimiyyət orqanları əmlakdan dinc istifadə etmək hüququna hörmət etmişlərmi)? 4) Müdaxilə üçün qanuni əsas varmı? 5) Mülkiyyət hüququna müdaxilə cəmiyyətin maraqlarına xidmət edirmi, yəni qanuni məqsəd daşıyırmı? 6) Müdaxilə qarşıya qoyulan məqsədə mütənasibdirmi? Yaxud başqa sözlə, həmin müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxlayırmı?

24. Müdaxilənin qanuniliyi, qanuni məqsədlərə cavab verməsi, eləcə də iddiaçıya münasibətdə ədalətli tarazlığa riayət olunub-olunmaması məhkəmə tərəfindən qiymətləndirilməlidir.

25. Məhkəmə hesab edir ki, iddiaçının mənzilə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına ən azı “qanuni gözləntisi” olmuşdur və hüququn təmin olunmaması mülkiyyətə müdaxilədir. Həmin müdaxilə nə mülkiyyətdən məhrumetmə, nə də mülkiyyətdən istifadəyə nəzarət məqsədi daşıyan qanunvericilik sisteminin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Odur ki, məhkəmə hazırki müdaxiləyə mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipinin işığında qiymət verəcəkdir. Qeyd edilən mövqe X4 Məhkəməsinin presedent hüququna uyğundur (bax: the Lithgow və başqaları Birləşmiş Krallığa qarşı 8 oyul 1986, seriya A no. 102, p. 46, § 106; Beyeler İtaliyaya qarşı 05 yanvar 2000, ərizə 33202/96 § 106).

26. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyənləşdirilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, X,Şuşinski, İ.Qasımov, S.Rüstəm, Q.Quliyev küçələrinin kəsişməsində yerləşən kooperativ yaşayış binalarının zirzəmi (qaraj) mərtəbəsində yerləşən 46 saylı 18,2 kv.m. sahəsi olan qaraj iddiaçının sahibliyində və istifadəsindədir. Binanın istismara icazə sənədi mövcuddur.

27. Digər tərəfdən məhkəmə qeyd edir ki, "xxxx" MTK tərəfindən inşa edilmiş qeyd edilən yaşayış binasının zirzəmi (qaraj) mərtəbəsində iddiaçı ilə eyni vəziyyətdə olan digər şəxslərə münasibətdə hüquqların ilkin qeydiyyatı həyata keçirilmişdir. Odur ki, iddiaçıya münasibətdə fərqli rəftar bərabərlik hüququnun pozuntusu hesab edilə bilər.

28. Məhkəmə daşınmaz əmlakın inventarlaşdırmasının və qeydiyyata alınmasının sənədləşdirilməsinin lazımi qaydada aparılmalı olduğu qənaətindədir. Lakin qeyd edilən hərəkətlərin aparılması hüquq sahiblərinin üzərinə ona aid olmayan və həddən artıq yük qoyulması ilə nəticələnməməlidir.

29. Cavabdeh qurumun imtinası iddiaçının vəziyyətinə mütənasib olmamaqla onun üzərinə həddən artıq yük qoymuşdur, nəticə etibarilə iddiaçıya münasibətdə ədalətli tarazlığa riayət olunmamışdır.

30. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.18. daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək;

31. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməli, əks yanaşma iddiaçının X4 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.

32. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

33. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

34. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

35. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

36. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

37. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, X,Şuşinski, İ.Qasımov, S.Rüstəm, Q.Quliyev küçələrinin kəsişməsində yerləşən "xxxx" MTK-ya məxsus yaşayış binalarının zirzəmi (qaraj) mərtəbəsində yerləşən sahəsi 18,2 kv.m. olan 46 saylı qaraj üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar