Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3670/2025 04.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “üçotaqlı mənzillə təmin olunma” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “üçotaqlı mənzillə təmin olunma” tələbinə dair iddiası üzrə inzibati işə 04 mart 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona verilən birotaqlı mənzilin cavabdeh orqan tərəfindən təhvil alınaraq ona ailə fərdlərinin sayı və yerli icra hakimiyyətinin müvafiq sərəncamı nəzərə alınmaqla verilməli olan üçotaqlı mənzilin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 44 günlük şanlı vətən müharibəsinin veteranı və əlilidir. 44 günlük şanlı vətən müharibəsində 13 oktyabr 2020-ci il tarixində ağır yaralanmışdır deyə ordu sıralarından tərxis olunmuşdur. Suqovuşan torpaqlarına girən ilk 3 bölükdən birinin komandiri olmuşdur və Azərbaycan ordusuna illərlə Azərbaycan zabiti kimi xidmət etmişdir. Goranboy Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 154 nömrəli sərəncamı ilə Vətən müharibəsi əlili olduğu üçün, imtiyazlı mənzil növbəliliyinə alınmışdır. Daha sonra yaşayış yerimi dəyişdiyi üçün, ünvan 1 ünvanına qeydiyyata alınmışdır. Bu səbəbdən Goranboy RİH-nə müraciət etmişdir və Goranboy RİHB-nin xx.xx.2022-ci il tarixli, 101 nömrəli sərəncamı ilə yaşayış yeri üzrə Suraxanı Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Daha sonra qeyd edilən nüanslar və ailə tərkibi nəzərə alınaraq, Suraxanı RİHB-nın xx.xx.2022-ci il 168 nömrəli sərəncamı ilə 4 nəfər ailə tərkibi ilə bərabər Suraxanı rayonunda növbəliliyi xx.xx.2021-ci il saxlanılmaqla növbəyə dayanmışdır. 2022-ci ilin noyabr ayında, çoxsaylı müraciətlərindən sonra cavabdeh qurum Sosial Xidmətlər Agentliyi ona, ailə tərkibi, yerli icra hakimiyyətinin müvafiq sərəncamı və qanunvericiliyin tələblərini nəzərə almadan, qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq ona Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi MİDA 1 adlanan ərazidə 1 (bir) otaqlı ümumi sahəsi 32-35 kv.m içdən hesablandıqda isə daha azdır, təxmini olaraq (20-25kv) mənzil vermişdir. Dəfələrlə şifahi müraciətlər etsə də, qurum və rəsmiləri onun müraciətlərinə məhəl qoymamış və belə bir şeyin mümkün olmayacağını bildirmişlərdir. xx.xx.2024-cü il tarixində ilk övladı X4 doğulmuşdur, hal-hazırda isə qeyd etdiyi mənzildə 5 (beş) nəfər yaşayır. 7 ay sonra da bir övladı doğulacaqdır. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamının icrası çərçivəsində Sosial Xidmətlər Agentliyi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ şossesi, Yeni yaşayış kompleksi, bina 7, giriş 56, mənzil 3, mərtəbə 6 ünvanında 1 (bir) otaqlı mənzil ilə təmin edilmişdir. Həmçinin, adıçəkilən vətəndaş yenidən mənzil ilə təmin edilməsi üçün Sosial Xidmətlər Agentliyinə müraciət etmiş və xx.xx.2024-cü il tarixli 3-17-3/2-X-33070/2024 nömrəli məktubla iddiaçıya artıq bir dəfə mənzillə təmin edildiyi üçün yeni mənzil ilə təmin edilməsinin qanunvericiliyə uyğun olmaması səbəbilə imtina verilmişdir. Bakı şəhəri X3 4cü sessiayasının 1988-ci il 08 aprel tarixli qərarı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 8-ci bəndinə görə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yerində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, azı son beş il ərzində Bakı şəhərində yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Yaşayışın müddəti Bakı şəhərində pasport qeydiyyatının olması ilə müəyyən edilir. Bakı şəhərində pasport qeydiyyatının təsdiq etdiyi kimi yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülürlər. Belə ki, İddiaçı məhkəməyə təqdim etmiş olduğu sənəddə xx.xx.2022-ci il tarixində verilmiş Tibbi-Sosial Ekspertiza müayinəsindən çıxarışda onun həmin tarixdə Goranboy rayonu, Qızılhacılı qəsəbəsi, M.F.Axundov küçəsində qeydiyyatda olması müəyyənləşdirilmişdir. Daha sonra Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 168 №-li sərəncamından göründüyü kimi İddiaçı yaşayış yerini dəyişərək, ünvan 3 ünvanında qeydiyyata alınmış, xx.xx.2024-cü il tarixində elektron qaydada mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı Agentliyə ərizə ilə müraciət etmişdir. Qeyd etdiyimiz Qaydanın 8ci bəndinin tələbindən göründüyü kimi onun 5 il ərzində daimi pasport qeydiyyatı Bakı şəhəri olmamış və burada yaşamamışdır. Bu səbəbdən, İddiaçı mənzil şəraitini yaxşılaşdırılmasına ehtiyacı olan şəxs kimi uçota götürülməsi məqsədəmüvafiq deyildir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 168 nömrəli sərəncamından görünür ki, iddiaçı Goranboy Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 154 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı üçüncü dərəcəli əlil kimi yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmışdır. O, yaşayış yerini dəyişdiyindən üçüncü dərəcəli əlil İddiaçı mənzil-uçot işi növbəyə alınma tarixi (xx.xx.2021-ci il) saxlanılmaqla 4 nəfər ailə tərkibi ilə birinci növbədə yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan şəxslərin sırasına daxil edilmişdir; “Mənzilin imtiyazlı şəxsə təhvil verilməsi haqqənda” xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ şosesi, Yeni yaşayış kompleksində birotaqlı mənzil İddiaçı təhvil verilmişdir. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 31. Əlilliyi olan şəxslərin mənzil təminatı 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. 31.2. Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir; Maddə 50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. ... 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X2 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X2 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. ... Maddə 52. Vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələri Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. 55.3. Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması qaydası “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, 459 nömrəli qərarı: ... Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilsin. Məhkəmənin mövqeyi: İşin hallarından məlum olur ki, iddiaçı Goranboy Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 154 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı üçüncü dərəcəli əlil kimi yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmışdır. O, yaşayış yerini dəyişdiyindən Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 168 nömrəli sərəncamı ilə üçüncü dərəcəli əlil İddiaçı mənzil-uçot işi növbəyə alınma tarixi (xx.xx.2021-ci il) saxlanılmaqla 4 nəfər ailə tərkibi ilə birinci növbədə yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan şəxslərin sırasına daxil edilmişdir. Mənzilin imtiyazlı şəxsə təhvil verilməsi haqqında” xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ şosesi, Yeni yaşayış kompleksində birotaqlı mənzil İddiaçı təhvil verilmişdir. İddiaçı mənzilin onun tərəfindən təhvil alındığını təsdiq edir. Hazırkı iddia ərizə ilə iddiaçı ona üçotaqlı mənzil verilməli olduğu halda birotaqlı mənzil verildiyini iddia edir. Cavabdehin mövqeyi ondan ibarətdir ki, iddiaçı ilkin olaraq uçota alındığı zaman özü, atası, anası və qardaşı olmaqla dörd nəfər Goranbay rayonunda qeydiyyatda olmuş, sonradan yaşayış yerini dəyişməsi ilə əlaqədar ikinci sərəncam qəbul edildiyi zaman onun ailə üzvləri əvvəlki qeydiyyat ünvanlarında qalmışdırlar. Mənzilin verilməsi zamanı aparılmış araşdırma zamanı sərəncamda nəzərdə tutulan ailə üzvlərinin Goranboy rayonunda olduğu nəzərə alınaraq bir nəfərə əsasən birotaqlı mənzil iddiaçıya təhvil verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. Maddələrin tələbindən göründüyü kimi şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsas meyar onun yaşayış sahəsi ilə təmin olunma səviyyəsini müəyyən edən yaşayış sahəsinin uçot normasıdır. Bu zaman uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan vətəndaşlar hesab olunurlar. Uçot normasının maksimal ölçüsü yaşayış sahəsinin ayrılma norması kimi 16 kv.m-dən artıq ola bilməz. Deməli, uçot normasının maksimal həddi 16 kv.m kimi qəbul olunur. İddiaçı ona təhvil verilən mənzilin sahəsinin 32 kv.m olduğunu qeyd etmişdir. Bir nəfər üçün nəzərdə tutulduğu zaman qeyd edilən sahənin müəyyən edilmiş normadan çox olduğu görünür. Lakin iddiaçı ona dörd nəfər nəzərə alınmaqla mənzil verilməli olduğunu iddia edir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə cavabdeh orqan mövqeyində haqlıdır. Bekə ki, Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.16-cı bəndinə əsasən, dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifəsidir. Göründüyü kimi, şəxsin mənzillə təmin edilməsi üçün yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması zəruri olsa da, bu Agentliyin mənzillə təmin edərkən, həmin şəxslərin yaşayış sahəsi əldə etmələrinə hüquq yaradan əsasları yoxlamaq vəzifəsindən azad etmir. Yəni cavabdeh mənzillə təmin etmə icraatı zamanı sərəncamda qeyd edilən ailə üzvlərinin yaşayış yerinin Goranbay rayonu olduğunu aşkar etmişdirsə və iddiaçı tərəfindən əksini iddia edən heç bir dəlil təqdim edilmirsə, iddiaçının yalnız özünü nəzərə alaraq birotaqlı mənzillə təmin etməkdə haqlı olmuşdur. Hətta cavabdeh orqan sərəncamda ailə üzvü kimi göstərilməyən iddiaçının arvadını da nəzərə almışdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi uşaqlarının doğulması ilə ailə üzvlərinin sayının artmasına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı uçota götürüldüyü zaman onun ailə üzvləri sırasına həmin şəxslər daxil olmamışdır. Məhkəmə vurğulayır ki, yuxarıda sadalanan mənzil qanunvericiliyinin məqsədi sosial müdafiəyə ehtiyacı olan şəxslərin layiqli həyat səviyyəsi, onların sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onların həyat şəraitinin yaxşılaşdırılmasını təmin etməkdir. Bununla bağlı dövlətin vəzifəsi müvafiq kateqoriyadan olan şəxslərin ehtiyaclarının ödənilməsi üçün köməklik göstərilməsidir. Məhkəmə hesab edir ki, iddiaçı imtiyazlı şəxs kimi dövlət tərəfindən bir dəfə mənzillə təmin edildiyindən onun sosial-məişət şəraitinin yenidən yaxşılaşdırılması üçün əsas yoxdur. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı ona cavabdeh tərəfindən üçotaqlı mənzilin verilməsi ilə bağlı qərar qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “üçotaqlı mənzillə təmin olunma” tələbinə dair iddiası təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “üçotaqlı mənzillə təmin olunma” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-3670/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3670/2025
04.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver