Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3671/2021 30.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi X2 və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Bakı şəhəri 2 saylı Xidmət Nümayəndəliyinə qarşı dayandırılmış əmək pensiyasının bərpa edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Bakı şəhəri 2 saylı Xidmət Nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək PAS-da elektron qaydada qeyd olunmuş əlilliyin müddətini əlavə etdiyi sənədə əsasən düzəliş edib pensiyasının bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 04.06.2020-ci ildən dayandırılmış əlilliyə görə pensiyanın həmin tarixdən bərpa edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 05.07.2005-ci ildən 2-ci qrup əliliyə çıxmışdır. 08.04.2014-cü ildən isə əliliyin müddəti “müddətsiz” təyin olunub. 04.06.2020-ci il tarixdən pensiyası dayandırılıb və o rəsmi müraciət etdikdən sonra Azərbaycan Respublikası ƏƏSMN-yanında DTSE və RX-i tərəfindən ona məlumat vermişlər ki, PASdakı sistemdə 08.04.2014-cü ildə əlilliyin müddəti 1 il elektron qaydada qeyd olunduğu üçün dayandırılıb və rəsmi olaraq DSMF-nin Bakı şəhəri 2 saylı Xidmət Nümayəndəliyinə müraciət edilməsi bildirilmişdir. O, texniki səhvin düzəldilməsini cavabdehə müraciət edərək xahiş etsə də hal-hazıra kimi pensiyası bərpa edilməmişdir. 9 nömrəli Tibbi Sosial Ekspert Komissiyası tərəfindən Forma № TSEK-2 355462 saylı arayışında 08.04.2014-cü il tarixində keçirilən müayinənin növbəti keçmə tarixi “müddətsiz” qeyd olunub və imzamöhürlə də təsdiq olunub. O, pensiyasının qanunsuz dayandırılmasını və bu barədə cavabdehə sübutlarla müraciət etsə də pensiyasını bərpa etmirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək verdiyi izahatında bildirdi ki, İddiaçı 23.08.2005-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı təyin edilmiş əlilliyin müddətinin 08.04.2015-ci il tarixədək müəyyən edillməsi və PAS sistemində bununla bağlı əlilliyin ləğvi barədə məlumat daxil olduğundan 04.06.2020-ci il tarixdən pensiyanın ödənilməsi dayandırılmışdır. İddiaçının əlilliyi ilə bağlı mübahisə olduğundan həmin məsələ müzakirə edilib hüquqi nəticə verilmədiyi halda iddiaçının pensiyasının bərpa edilməsi mümkün deyildir. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 9 №-li Xəzər Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş 08.04.2014-cü il tarixli, SER TSE- 01№ 355462 nömrəli rəyin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı İİ (ikinci) qrup ümumi səbəbdən, müddətsiz əlillik təyin edilmişdir. - Xəzər rayon ƏSMM tərəfindən verilmiş 10 iyun 2015-ci il tarixli, 086157 №-li vəsiqənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 08.04.2014-cü il tarixdən İİ (ikinci) qrup ümumi səbəbdən, müddətsiz əlillik verilmişdir. - Məhkəməyə təqdim edilmiş İddiaçı aid pensiya işinin materiallarından görünür ki, İddiaçı 23.08.2005-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmiş, 08.04.2014-cü ilə qədər hər il əlilliyin müddətinin müəyyən edilməsi barədə müvafiq sənədlər təqdim edilmiş, 08.04.2014-cü ildən isə 9 №-li Xəzər Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş 08.04.2014-cü il tarixli, SER TSE-01№ 355462 nömrəli rəyə əsasən əlilliyin müddət “müddətsiz” müəyyən edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 2 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş 05.08.2020-ci il tarixli, **********5 №-li məktubdan görünür ki, İddiaçı “E-sosial” portalına və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Bakı Ərazi Şöbəsindən 31.05.2020-ci ilədək ikinci qrup əlilliyinə görə əmək pensiyası alıb. - Sosial arayışdan görünür ki, İddiaçı 05.07.2005-ci ildə 1 il müddətinə ümumi xəstəlik səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmiş, növbəti müayinənin tarixi 05.07.2006cı il qeyd edilmiş, 08.04.2014-cü ildə 1 il müddətinə əlillik təyin edilmiş, növbəti müayinənin tarixi 08.04.2015-ci il qeyd edilmişdir. 22.06.2020-ci il tarixdə İddiaçı əlilliyə görə təyin edilmiş əmək pensiyası üzrə cari ayın ödənişini əldə edə bilməməsi ilə bağlı müraciət etmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən iddiaçıya ünvanlanmış 29.07.2020-ci il tarixli, **********6 nömrəli məktubdan görünür ki, onun müraciətinə aidiyyəti üzrə baxılmışdır. Müəyyən olunmuşdur ki, 08.04.2014-cü il tarixli, 2-ci dərəcəli əlilliyi Əlillik altsistemində ümumi səbəbdən 1 il müddətinə qeyd edilmişdir. Məktubunda qeyd etdiyi məsələ ilə əlaqədar araşdırma aparılıb ona müvafiq cavab veriləcəkdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə 21.05.2021ci il tarixli arayışdan görünür ki, İddiaçı 08.04.2014-cü ildə ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik təyin edilmiş, əlilliyin müddəti 08.04.2015-ci ilədək müəyyən edilmişdir. - PAS sistemindən çıxarışdan görünür ki, İddiaçı təyin edilmiş İİ qrup əlillik müddətsizdir və etibarlıdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış 25.05.2021-ci il tarixli, **********1 nömrəli məktubdan görünür ki, “Əlillik altsistemi”ndə olan məlumatlara əsasən İddiaçı sağlamlıq vəziyyəti 05.07.2005-ci il tarixdə ilkin qiymətləndirilmiş və növbəti müayinə tarixi 05.07.2006-cı il olmaqla 1 (bir) il müddətinə “ümumi xəstəlik” səbəbi ilə ikinci dərəcə əlil olması barədə qərar verilmişdir. İddiaçı əlillik vəziyyətinin digər qiymətləndirilməsi 08.04.2014-cü ildə keçirilmiş və növbəti müayinə tarixi 08.04.2015-ci il olmaqla “ümumi xəstəlik” səbəbi ilə ikinci dərəcəli əlilliyi 1 (bir) il müddətinə təyin edilmişdir. Əlilliyin qiymətləndirildiyi TSEK tərəfindən verilmiş məlumata əsasən pensiyanın verilməsi dayandırıldığına görə vətəndaşın oğlu Vəlican Rəcəbov anası ilə bağlı müraciətlər edərək anasının əlilliyinin müddətsiz olduğunu bildirmişdir. “Əlillik altsistemi”ndə olan məlumatlarla oğlunun İddiaçı əlillik müddəti ilə bağlı dedikləri arasında uyğunsuzluq olduğuna görə əyani müayinədən keçməsi üçün göndəriş verilmiş, lakin İddiaçı əyani müayinədən keçmədiyi üçün şəhadətləndirməsi mümkün olmamışdır. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktubdan görünür ki, 06 yanvar 2021-ci il tarixli müraciət ərizəsinə cavab olaraq bildirilir ki, əlillik pensiyasında yaranmış problemlərlə bağlı 2 saylı DOST Mərkəzinə müraciət etməyi tövsiyyə olunur. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 2 saylı Bakı DOST Mərkəzi tərəfindən iddiaçıya ünvanlanmış 19.02.2021-ci il tarixli, **********3 nömrəli məktubdan görünür ki, müraciətinə mərkəzdə baxılmışdır. Nəzərinə çatdırılır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 2 saylı Tibbi-Sosial Ekspert Komissiyasına etdikləri şifahi sorğu əsasında müəyyən olunmuşdur ki, o elektron qaydada 2 saylı Tibbi-Sosial Ekspert Komissiyasına eyni məzmunlu müraciət ünvanlamışdır. Müraciətinə cavab olaraq elektron qaydada ona əyani müayinə olunmağı üçün 2 saylı Tibbi-Sosial Ekspert Komissiyasından göndəriş alaraq Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yaxınlaşmağı tövsiyyə olunmuş və qəbula gedəcəyi təqdirdə əlillik vəziyyətinin aydınlaşdırılması ilə əlaqədar qanunvericiliyə uyğun olaraq müvafiq qərar veriləcəyi bildirilmişdir. Nəzərə almağını xahiş edirlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək, aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı 05.07.2005-ci il tarixdə ümumi xəstəlik səbəbi ilə ilə 2-ci dərəcəli əlillik təyin edilmişdir. Buna müvafiq olaraq cavabdeh inzibati orqan tərəfindən İddiaçı 23.08.2005-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı sonucu dəfə 12.03.2014-cü ildə müayinədən keçmiş və ona 08.04.2014-cü il tarixdən əlilliyinin müddətsiz olması barədə rəy verilmişdir. Cavabdeh inzibati orqan tərəfindən əlilliyə görə pensiya ödənişləri 31.05.2020-ci il tarixədək iddiaçıya ödənilmiş, 04.06.2020-ci il tarixdən isə dayandırılmışdır. Cavabdeh inzibati orqan pensiya ödənişinin dayandırılmasının səbəbi kimi İddiaçı 08.04.2014-cü il tarixdən 1 il müddətinə əlilliyin təyin edilməsini göstərmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçıya təyin edilmiş pensiya ödənişinin dayandırılması və ya ləğv edilməsi ilə bağlı cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş hər hansı inzibati akt məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. "Andreyeva Latviyaya qarşı" işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - 11.1-ci maddəsinin tələblərinə görə əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. - 32.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. - 41.1-ci maddəsinin tələbinə görə əlilliyi olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq təkrar müayinə üçün təyin edilmiş vaxtda müvafiq icra hakimiyyəti orqanına gəlmədikdə, əmək pensiyasının ödənilməsi dayandırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci maddəsinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddiaçıya 05.07.2005-ci il tarixdə təyin edilmiş əlillik 18.04.2014-cü il tarixədək hər il müayinə aktlarına əsasən uzadılmış və sonuncu dəfə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 9 №-li Xəzər Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş 08.04.2014-cü il tarixli, SER TSE-01№ 355462 nömrəli rəyə əsasən İddiaçı 2-ci dərəcəli əlillik müddətsiz təyin edilmişdir. Həmin rəyə əsasən də cavabdeh inzibati orqan tərəfindən 04.06.2020-ci il tarixədək iddiaçıya pensiya ödənişləri həyata keçirilmişdir. 9 №-li Xəzər Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş İddiaçı əlilliyinin müddətsiz müəyyən edilməsinə dair 08.04.2014-cü il tarixli, SER TSE-01№ 355462 nömrəli rəyin ləğv edilməsi barədə hər hansı sübut isə məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya 08.04.2014-cü il tarixli, SER TSE- 01№ 355462 nömrəli rəy əsasında təyin edilmiş əlillik ləğv edilmədiyi halda onun pensiyasının cavabdeh inzibati orqan tərəfindən dayandırılması qanunazidd olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya əlilliyə görə təyin edilmiş əmək pensiyasının ödənilməsinin dayandırılması ilə iddiaçının qanunla qorunan etimad hüququ pozulmaqla ədalətli tarazlığa da riayət edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 13.4-cü maddəsinin tələblərinə görə inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı 04.06.2020-ci il tarixdən dayandırılmış əlilliyə görə əmək pensiyasının həmin tarixdən bərpa edilməsi və ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 04.06.2020-ci il tarixdən dayandırılmış əlilliyə görə əmək pensiyasının həmin tarixdən bərpa edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Bakı şəhəri 2 saylı Xidmət Nümayəndəliyinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-3671/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3671/2021
30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver