Məhkəmə qərarları › İş №2-1(112)-3672/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3672/2022

11.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3672/2022 11.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X21 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X21 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun barəsində qəbul edilmiş qərar həqiqəti əks etdirmir. 2021-ci ilin oktyabr ayının 13-də cavabdehə müraciət edərək yay mövsümünün başa çatması ilə əlaqədar həmin tarixdən fəaliyyəti dayandırdıqlarını bildirmişdir. Bu o, deməkdir ki, həmin obyektdə əmək müqavilələrinə işçilərlə xitam verilmişdir. Bu barədə vergi müfəttişi də məlumatlı olmuşdur. Bundan sonra yeni işçilər götürülməklə payız-qış mövsümu qaydalarına uyğun olaraq işə başlamaq niyyəti olmuşdur. Keçmiş işçilərdən yalnız 2-3 nəfərlə əmək müqaviləsi bağlanılması niyyəti olmuşdur. Əlavə 3-4 yeni işçi də götürülməsi niyyəti olmuşdur. Bununla əlaqədar yeni işə götürüləcək işçilərlə iş saatları, əmək haqqı və digər şərtlər barədə danışıqlar aparılırdı. Bu zaman obyekt müştəri qəbul etmir, yemək hazırlanmırdı. Lakin, buna baxmayaraq vergi müfəttişləri obyektə hücum edərək hər hansı xidmət göstərilmədiyi halda danışıqlar aparan şəxsləri əmək müqaviləsi bağlamayan işçilər kimi göstərmiş, onlardan məcburi izahatlar almışdır. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı ümumi ifadələrə istinad etməklə heç bir həqiqətə uyğun olmayan və sübutu olmayan arqumentlərlə iddianı əsaslandırmağa çalışmışdır. İddiaçının izahatından da görünür ki, səkkiz nəfər işçi ilə heç bir əmək müqaviləsi və xidməti müqavilə bağlanılmamışdır. Eyni zamanda, işçilərin izahatı ilə də iddiaçının onlarla əmək müqaviləsi və xidməti müqavilə bağlanılmadığı təsdiq edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1.vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2.vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. -50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir -58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: -49.1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. -219.3.İşəgötürənlər və müəssisələrin rəhbər işçiləri 3 ildə bir dəfədən az olmayaraq əməyin mühafizəsi üzrə vaxtaşırı ixtisasartırma kurslarında təlim keçməli və bu sahədə onların bilikləri yoxlanılmalıdır. -219.4. İşçilərin təliminin və əlavə təhsilinin bütün formalarında əməyin mühafizəsi üzrə təlim nəzərdə tutulmalıdır. İşəgötürən işə qəbul edilən və başqa işə keçirilən işçilərə əməyin mühafizəsi üzrə təlimatlar verməli, onlara təhlükəsiz iş üsullarından istifadə etməyin və bədbəxt hadisələrdən zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi qaydalarının öyrədilməsini təşkil etməlidir. Yuxarıda adıçəkilən qanunvericiliyin normalarından göründüyü kimi, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarət formasıdır. Vergi Məcəlləsində vergi orqanları tərəfindən vergilərin yalnız kameral və səyyar vergi yoxlamaları ilə hesablanması, həmçinin operativ nəzarət tədbirləri ilə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq operativ vergi nəzarətinin keçirilməsi qaydaları, o cümlədən operativ vergi nəzarəti üçün əsaslar, nəzarətin keçirilməsi haqqında qərarın qəbul edilməsi və onun nəticələrinin rəsmiləşdirilməsi VM ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Göstərilən hesablama qərarlarından (inzibati aktlardan) başqa hər hansı digər fərqli formada vergilərin hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edirlər və müvafiq olaraq şəxsi hesab vərəqəsində onlara uyğun hesablama əməliyyatları aparılır. Operativ vergi nəzarəti zamanı aşkar olunan nöqsanlar əsasında vergi ödəyicisinin maliyyə sanksiyasına cəlb olunması ilə bağlı isə qeyd olunmalıdır ki, maliyyə sanksiyasıvergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə, vergi agentlərinə və banklara tətbiq edilən pulla ifadə edilmiş tənbeh növüdür. Operativ vergi nəzarəti zamanı maliyyət sanksiyasının hansı hallarda tətbiq edildiyi qanunvericilikdə ətraflı olaraq sadalanmışdır ki, bunlardan biri də əmək müqaviləsi qüvvəsini almadan işəgötürən tərəfindən şəxsin əmək fəaliyyətinə cəlb edilməsidir. Göründüyü kimi, operativ vergi yoxlaması zamanı vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiq edilməsində əsaslardan biri də məhz əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi durur. Əlbəttə, “əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi” anlayışı əmək münasibətlərini tənzimləyən Əmək Məcəlləsində təsvir olunur. Əmək müqaviləsi (kontraktı) dedikdə işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə başa düşülür. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi anı isə əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınmasından aslıdır. Məhkəmə diqqətə çatdırır ki, qanunvericilik imperativ qaydada işəgötürən və işçi arasında əmək müqaviləsinin bağlanmasını, əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınmasını və tərəflər arasında əmək münasibətlərinin tənzimlənməsi qaydasını nəzərdə tutur ki, vergi ödəyicisi tərəfindən bu hallara əməl olunmadığı təqdirdə, onun vergi qanuvericiliyinin tələbləri baxımından maliyyə sanksiyasına cəlb olunması istisna olunmur. Digər tərəfdən nəzərə alınmalıdır ki, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün vergi ödəyicisinin hansı dövrdən sahibkarlıq fəaliyyətinə başlaması və ya hansı müddətə sahibkarlıq fəaliyyəti göstərməsi qanunvericilikdə heç bir əsasla şərtləndirilməmişdir. VM-in 58.10-cu maddəsində qeyd olunan vergi hüquq pozuntusu formal tərkibli olduğundan, həmin əmələ görə vergi ödəyicinə maliyyə sanksiyasının tətbiqi vergidən yayınma faktının baş verməsi ilə şərtləndirilə bilməz. Başqa sözlə, VM-in 58.10-cu maddəsinin tətbiqi üçün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının müəyyən edilməsi yetərlidir. Belə ki, qanunverici məhz həmin faktın özünü gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradan hal kimi normada təsbit etmişdir. Bu zaman, əməlin həmin norma ilə tövsif olunması üçün cəlb edilən işçinin işləri (xidmətləri) hansı müddətdə yerinə yetirdiyinin də əhəmiyyəti yoxdur. Mübahisələndirilən qərardan görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarın qəbul edilməsinin əsası odur ki, vergi ödəyicisi sahibkarlıq fəaliyyətini icra edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozmuş və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsləri işə cəlb etmişdir. Həqiqətən də, yuxarıda göstərildiyi kimi, əgər əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən cəlb olunmuş əməkdaşların əmək funksiyalarının yerinə yetirilməsi aşkar olunursa, bu zaman vergi ödəyicisinə təqvim ili ərzində belə hallara neçə dəfə yol verilməsindən asılı olaraq maliyyə sanksiyası tətbiq edilir. İşin faktiki hallarından da göründüyü kimi hazırkı vəziyyətdə iddianın təmin edilibedilməməsi ilə bağlı yekun nəticəyə gəlinməsi iddiaçının həyata keçirdiyi sahibkarlıq fəaliyyətində fiziki şəxsin həyata keçirdiyi fəaliyyətin xüsusiyyətlərindən asılı olacaqdır. Başqa sözlə, əgər iddiaçının fəaliyyətini həyata keçirdiyi obyektdə müqavilə mövcud olmadan fiziki şəxs işçi qismində fəaliyyət göstərmişdirsə, deməli vergi ödəyicisinin təqsiri müəyyən ediləcək, işçi qismində fəaliyyəti müəyyən edilməyəcəyi təqdirdə isə, vergi orqanının qərarının əsassız olduğu sübut olunacaqdır. Hazırkı işin aşağıdakı faktiki halları ilə isə fiziki şəxslərin iddiaçının fəaliyyətini həyata keçirdiyi obyektdə əmək müqaviləsi olmadan işə cəlb edildiyini, nəticədə iddiaçının vergi pozuntusunda təqsirini təsdiq edir. İşin faktiki hallarından da göründüyü kimi 22 oktyabr 2021-ci il tarixli operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərar əsasında həmin tarixdən 20 noyabr 2021-ci il tarixədək iddiaçının işlətdiyi restoranda operativ vergi nəzarətinin həyata keçirilməsi qərar alınmışdır. Həmin tarixli akta əsasən 8 nəfər şəxsin iddiaçı tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb edildiyi qeyd edilmişdir. Həmin akt iddiaçı tərəfindən imzalanaraq qəbul edilmişdir. İddiaçı vergi müfəttişlərinə verdiyi izahatında səkkiz nəfər şəxslə onun arasında hər hansı əmək və xidməti müqavilə bağlanılmadığını qeyd etmişdir. Cavabdehin işçi kimi qeyd etdiyi şəxslərdən X13 20.10.2021-ci il tarixindən iddiaçı tərəfindən xadiməçi tərəfindən işə götürüldüyünü, onunla əmək müqaviləsi və xidməti müqavilə bağlanılmadığını qeyd etmiş, eyni zamanda iş saatları, əmək haqqının məbləği, onun ödənilmə qaydası, iş yoldaşları barədə konkret olaraq məlumatları izahatında göstərmişdir. X6 da 10.10.2021-ci il tarixdə iddiaçı tərəfindən işə cəlb edildiyini, onunla heç bir əmək və xidməti müqavilə bağlanılmadığını qeyd etmiş, eyni zamanda iş saatları, əmək haqqının məbləği, onun ödənilmə qaydası, iş yoldaşları barədə konkret olaraq məlumatları izahatında göstərmişdir. X4 da 15.10.2021-ci il tarixdə iddiaçı tərəfindən ofisiant qismində işə cəlb edildiyini, onunla heç bir əmək və xidməti müqavilə bağlanılmadığını qeyd etmiş, eyni zamanda iş saatları, əmək haqqının məbləği, onun ödənilmə qaydası, iş yoldaşları barədə konkret olaraq məlumatları izahatında göstərmişdir. X3 da izahatında tarixdə iddiaçı tərəfindən qabyuyan qismində işə cəlb edildiyini, onunla heç bir əmək və xidməti müqavilə bağlanılmadığını qeyd etmiş, eyni zamanda iş saatları, əmək haqqının məbləği, onun ödənilmə qaydası, iş yoldaşları barədə konkret olaraq məlumatları izahatında göstərmişdir. X19 Yuryeviç 21.10.2021-ci il tarixdə iddiaçı tərəfindən kababçı qismində işə cəlb edildiyini, onunla heç bir əmək və xidməti müqavilə bağlanılmadığını qeyd etmiş, eyni zamanda iş saatları, əmək haqqının məbləği, onun ödənilmə qaydası, iş yoldaşları barədə konkret olaraq məlumatları izahatında göstərmişdir. X1 19.09.2021-ci il tarixdə iddiaçı tərəfindən ofisiant qismində işə cəlb edildiyini, onunla heç bir əmək və xidməti müqavilə bağlanılmadığını qeyd etmiş, eyni zamanda iş saatları, əmək haqqının məbləği, onun ödənilmə qaydası, iş yoldaşları barədə konkret olaraq məlumatları izahatında göstərmişdir. X5 iddiaçı tərəfindən kassir qismində işə cəlb edildiyini, onunla heç bir əmək və xidməti müqavilə bağlanılmadığını qeyd etmiş, eyni zamanda iş saatları, əmək haqqının məbləği, onun ödənilmə qaydası, iş yoldaşları barədə konkret olaraq məlumatları izahatında göstərmişdir. X9 Hidayət qızı iddiaçı tərəfindən aşpaz qismində işə cəlb edildiyini, onunla heç bir əmək və xidməti müqavilə bağlanılmadığını qeyd etmiş, eyni zamanda iş saatları, əmək haqqının məbləği, onun ödənilmə qaydası, iş yoldaşları barədə konkret olaraq məlumatları izahatında göstərmişdir. Göründüyü kimi qeyd olunan şəxslər vermiş olduqları məcburi alınması iş materialları ilə sübut olunmayan izahatlarında fəaliyyətdə olan kafenin işçiləri kimi iddiaçı tərəfindən işə cəlb edildiklərini, digər iş yoldaşlarından kimi tanıdıqları, iş saatları, əmək haqqının məbləği və nağd ödənilmə qaydası da daxil olmaqla konkret xarakterli məlumatları vergi orqanına təqdim etmiş, vergi orqanı da həmin məlumatlar əsasında iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul etmişdir ki, həmin qərarın qəbul edilməsində iddiaçının izahatı məhkəmə hesab edir ki, həlledici olmuşdur. İddiaçı isə verilən izahatların məcburi olaraq alınması barədə iddiasında qeyd etsə də, məhkəmə araşdırması zamanı məcburetmənin nədən ibarət olması müəyyən edilməmiş, vergi orqanın yoxlamada iştirak etmiş əməkdaşlarının da şahid qismində dindirilərkən hər hansı məcburiyyət tədbirlərini həyata keçirdiyini aşkar etməmişdir. İddiaçının yuxarıda adıçəkilən şəxslərlə işə başlanılması barədə söhbətlərin aparıldığı, lakin faktiki işlərin başlamadığı ilə bağlı dəlillərinə münasibətdə də məhkəmə araşdırma aparmış, iddiaçının dediklərinin əksinə vergi müfəttişlərinin oxşar məzmunlu ifadələri ilə həmin kafedə vergi yoxlaması keçirilərkən müştərilərin mövcud olduğu müəyyən edilmişdir ki, məhkəmə işlə bağlı danışıqların aparılması barədə dəlilə münasibətdə əlavə olaraq onun da qeyd edilməsini zəruri hesab edir ki, işçilərin vergi orqanına verdikləri izahatda vergi yoxlaması keçirildiyi vaxtdan əvvəl artıq işə cəlb edilmələri ilə yanaşı konkret iş saatları və ödənilməli olan məbləğ, hansı işə cəlb ediləcəkləri barədə konkret məlumatlara malik olduğu müəyyən edilmişdir. Qeyd olunan hal isə iddiaçının iş barədə işçilərlə danışıqların aparılması həyata keçirilirdi ilə bağlı dəlilinin həqiqəti əks etdirmədiyini və vergi məsuliyyətindən yayınma ilə bağlı müdafiə xarakterli dəlil kimi məhkəmənin qiymətləndirmə aparılması üçün əsas verir. Eyni zamanda işçilərin məhkəməyə təqdim etdiyi yazılı izahatlarında həmin vaxtda hər nə qədər təmizlik işlərinin aparıldığı barədə məlumatlar qeyd edilsə də, həmçinin o da müəyyən edilmişdir ki, işçilər iddiaçının iddia ərizəsində qeyd olunanlardan fərqli olaraq nə qədər əmək haqqı alacaqları və s barədə artıq məlumatlı olduqlarını şərtlər barədə razılaşdıqlarını təsdiq etmiş, daha sonra isə təmizlik işlərinə cəlb edildiklərini qeyd etmişlər. Göründüyü kimi iddiaçının iddia tələbində işin faktiki hallarına dair halların, yəni izahat alınarkən məcburetmə, əmək haqqı miqdarı və iş saatları barədə danışıqların aparılması, müştərilərin olmaması mövcud olmadığı öz təsdiqini tapmışdır. İzahatların psixoloji təsir altında alınması ilə bağlı qeyd olunanların həqiqəti əks etdirməyini məhkəmə onunla təsdiq edir ki, qeyd olunan hallar yalnız iddiaçının və faktiki işə cəlb edilmiş şəxslərin izahatında öz əksini tapmış, psixoloji təsirə məruz qalmanı təsdiq edəcək digər sübutlar məhkəməyə təqdim edilməmiş, vergi yoxlamasında iştirak edən şəxslər isə məhkəməyə verdiyi izahatlarında işçilərin izahatı alınarkən heç bir təzyiqin mövcud olmadığını qeyd etmişdir ki, məhkəmə hesab edir ki, izahatlardan əlavə məcburetmə ilə bağlı halı təsdiq edəcək heç bir əsaslı sübut məhkəməyə təqdim edilmədiyindən həmin halın mövcudluğu öz təsdiqini tapmır. İşçilərin əmək haqqı miqdarı və iş saatları ilə bağlı yoxlama vaxtı danışıqların aparılmasına gəldikdə isə, istər həmin işçilərin vergi orqanına vermiş olduğu izahatında yoxlama vaxtında konkret və dolğun məlumatların təqdim edilməsi, istərsə də məhkəməyə təqdim verilən işçilərin bir qisminin verdiyi izahatlarda qeyd olunanlar həmin şəxslərin iş saatları və əmək haqqı barədə məlumatlı olduğunu, müvafiq razılıqdan sonra isə işə başladığını təsdiq etmişdir. Müştərinin olmaması, işin başlanılmamasına gəldikdə isə məhkəmə həmin halların da mövcud olmadığı qənaətindədir. Belə ki, vergi orqanı əməkdaşlarının müştərinin mövcud olması ilə bağlı qeyd etdikləri və müştəri qəbul etmək üçün kafenin həmin anda müvafiq şəraitə malik olması nəzərə alınmaqla birlikdə, orada təmizlik işlərinin görülməsi də özlüyündə iddiaçının təqsirinə təsir göstərməyən hal kimi qiymətləndirilir. Belə ki, kafe fəaliyyətinin həyata keçirilməsi nəzərdə tutulmuş bir yerdə müştəri olsun-olmasın həmin fəaliyyətin həyata keçirilməsinə yönələn hərəkətlər, o cümlədən kafenin işlədilməsi üçün təmizlik işlərinin aparılmasında ofisiant, xadimə və digər peşələr üzrə işçilərin işəgötürən tərəfindən cəlb edilməsi özlüyündə həmin şəxslərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb edilməsi deməkdir. Yəni, işəgötürən aşpaz kimi işə götürdüyü şəxsə müvəqqəti ofisiant işlərinin görülməsini tapşırması, xadiməyə aşpaza kömək göstərilməsi ilə bağlı tapşırıq verməsi və ya indiki vəziyyətdə müxtəlif peşələr üzrə işə qəbul edilmiş şəxslərin təmizlik işlərinə cəlb edilməsi iddiaçının hüquqi qüvvəyə minmədən işçi qüvvəsindən istifadə etdiyini təsdiq edir. Əks halda, hələ işə götürülməmiş, iş üçün danışıqlar üçün gələn şəxsin təmizlik işlərinə cəlb edilməsi ki, inandırıcı olmayan hal yaranacaqdır ki, məhkəmə bütün bu halları birlikdə qiymətləndirdikdə vergi orqanının heç bir pozuntu törətmədiyini və iddiaçının həqiqəti əks etdirməyən məlumatlar təqdim etdiyini təsdiq edir. Qeyd olunanları nəzərə almaqla məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar