Məhkəmə qərarları › İş №2-1(112)-3674/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3674/2020

16.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3674/2020 16.07.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlu, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “borcun silinməsi və sair” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) baxaraq, Müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı 10VC170 dövlət qeydiyyat nişanlı Banka qaytardığımı və banka heç bir borcum qalmadığını nəzərə alıb, həmin borcun silinməsi və adımın borclular siyahısının reyestrindən çıxarılması vəzifəsinin Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İş üzrə şifahi məhkəmə baxışı iclası xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati icraat qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın İPM-in 2.2.7-ci maddəsində nəzərdə tutulan iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. “İnzibati icraata haqqında” Azərbaycan Respublikası Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İddia ərizəsində göstərilmişdir ki, xx.xx.2010-cu il tarixdə "xxxx" ASC tərəfindən iddiaçıya “Mercedes-Benz 320” markalı avtomaşın almaq üçün 11000 manat məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı kimi ** VC *** dövlət qeydiyyat nişanlı avtomaşın banka girov qoyulmuşdur. Cəmi 3 gündən sonra həmin avtomaşını banka qaytarmışdır ki, borc öhdəliyi üzərindən götürülsün. Bank onunla razılaşıb, avtomobili götürüb. Bankın işçisi ondan mülki etibarnamə alıb ki, gedə bilərsən, maşını qəbul etdik, borcun silindi. 2018-ci ilin mart ayında "xxxx" onu məhkəməyə verib, maşının pulunu tələb edib, hansı ki, avtomaşını bank özü götürüb kiməsə satıb, borcu da onun adında saxlayıb. 8 ildən sonra ləğv prosesində olan "xxxx" guya kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliyini vaxtında yerinə yetirmədiyi üçün borcu məhkəmə qaydasında tutulması məqsədilə Bank tərəfindən məhkəmədə iddia qaldırılmış və Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(003)-60/2018 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin İddiaçı qarşı iddia tələbi təmin olunmamışdır. Bakı Apellaysiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-7076/2018 saylı qərarı ilə Xəzər Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bununla əlaqədar iddiaçı ləğv prosesində olan "xxxx"a müraciət etmişdir ki, borcu silsin. Çünki, iddiaçı həmin avtomaşını banka qaytardıqdan sonra avtomaşın başqa şəxsə bank tərəfindən satılmış, bir müddət onun adından kredit ödənilmiş, sonradan kreditin ödənilməsi dayandırılmışdır. O, bütün bunlardan 2018-ci ildə bank onu məhkəməyə verdikdən sonra xəbər tutumuşdur. O vaxta qədər elə bilirdi ki, onun verdiyi etibarnamə əsasında bank avtomaşını satıb, borcu bağlamışdır. "xxxx" ASC tərəfindən onun müraciətinə cavab olaraq, xx.xx.2019-cu il tarixli **********168 saylı məktubdan da görünürki, məhkəmələr ona qarşı olan iddianı təmin etməmişdir. Cavabdehin iddiaya dair yazılı münasibəti onunla əsaslandırılmışdır ki, Mərkəzi Bankın müxtəlif kredit təşkilatları tərəfindən verilmiş kreditlər üzrə borcları silmək hüququ yoxdur və ləğv olunmuş Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2018-ci il tarixli, ********** saylı qərarı ilə təsdiq edilmiş “Bankların və bank olmayan kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) verilməsi Qaydası”nın 3.10-cu bəndinə görə MKR-də olan məlumatlara hər hansı düzəliş məlumat təchizatçılarının (MKR-ə kredit haqqında məlumatı təqdim edən bank və bank olmayan kredit təşkilatlarının (BOKT), o cümlədən lisenziyası ləğv edilmiş bank və BOKT) yazılı müraciəti və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. Göründüyü kimi, iddia ərizəsində göstərilən tələbin icra edilməsi üçün qanunvericilik MKR-ə məlumat təchizatçısının yazılı müraciətinin və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarının mövcud olmasını imperativ tələb kimi şərtləndirir. İddiaçı tərəfindən ərizəyə əlavə edilmiş və onun banka borcunun olmamasını təsdiq edən məhkəmə qərarlarına gəlincə isə qeyd edilməlidir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(003)-60/2019 saylı qətnaməsi ilə iddiaçı - ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı qarşı iddiasının rədd edilməsinə səbəb iddia müddətinin keçməsi ilə məhkəməyə müraciət edilməsi olmuşdur. Məhz bu əsasla yuxarı instansiya məhkəmələri tərəfindən də qeyd edilən məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Başqa sözlə, İddiaçı ləğv olunmuş "xxxx" ASC ilə aralarında bağlanmış xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən MKR-ə təqdim edilmiş 9.691 manat əsas kredit borcunun olmaması hər hansı məhkəmə qərarı ilə təsdiq edilməmişdir. Yuxarıda qeyd edilmiş məhkəmə qərarlarında borcun olub-olmaması məsələsinə toxunulmamış, yalnız iddia müddətinin ötməsi əsas götürülməklə borcu tələb etmək hüququnu itirdiyi üçün ləğv olunmuş "xxxx" ASC-nin ləğvedicisinin iddiası təmin edilməmişdir. Göstərilənləri nəzərə alaraq hesab edirik ki, iddiaçı tərəfindən Mərkəzi Banka qarşı qaldırılmış tələb əsassızdır və təqdim edilmiş sənədlərə əsasən öz təsdiqini tapmır. Odur ki, məhkəmədən İddiaçı iddiasının təmin edilməməsi xahiş olunur. İPM-in 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. İş materiallarından görünür ki, İPM-in bu müddəasının tələblərini və Koronavirus infeksiyasına (COVİD-19) qarşı mübarizənin təşkil edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tövsiyələrini nəzərə alaraq, icraat iştirakçılarına hazırkı məhkəmə bildirişini aldıqdan sonra 2020-ci il 15 iyul tarixədək məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən işə baxılmasının mümkünlüyünə dair mövqelərini (o cümlədən, elektron rabitə vasitələri ilə) məhkəməyə bildirmələri təklif olunmuşdur. Həmçinin, tərəflərə bildirilmişdir ki, yazılı qaydada razılıqlarını bildirdikdə və ya təyin olunmuş tarixədək bu məsələyə dair hər hansı münasibət bildirmədikdə, məhkəmə işə şifahi dinləmələr keçirilmədən baxılması üçün tərəflərin razılıqlarının olması kimi qəbul edəcəkdir. İş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixdə iddiaçının vəkili və nümayəndəsinin İPM-in 16.2-ci maddəsinə əsasən məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən işə baxılmasına dair razılıq ərizəsi məhkəməyə daxil olmuşdur. Cavabdeh orqan isə bu məsələyə dair hər hansı münasibət bildirməmişdir. Odur ki, məhkəmə Koronavirus infeksiyasına (COVİD-19) qarşı mübarizənin təşkil edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tövsiyələrini və “Azərbaycan Respublikasında koronavirus (COVİD- 19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Məlumatını nəzərə alaraq işə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İş materiallarından və tərəflərin izahatlarından müəyyən edilmişdir ki, İddiaçı ilə “Atrabank" ASC arasında bağlanmış 30 avqust 2010-cu il tarixli 01 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən ona 11000 (on bir min) manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi İddiaçı oğlıma məxsus "Mercedes Benz-S 320" minik markalı, buraxılış ili 1999-cu il tarixli, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobili girov qoymuşdur. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 60/18 nömrəli, 15 mart 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi və tələbin girov predmetinə yönəldilməsi” tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)7076/2018 nömrəli iş üzrə 15 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-60/2018 saylı 15 mart 2018-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 8442/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərarı ilə iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)7076/2018 nömrəli iş üzrə 15 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, Ləğv prosesində olan "xxxx" ASC tərəfindən iddiaçıya və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına ünvanlanan xx.xx.2019-cu il tarixli məktubda bildirilmişdir: “Vətəndaş İddiaçı müraciəti ilə əlaqədar məktubunuza ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən baxılmışdır. İddiaçı ilə “Atrabank" ASC arasında bağlanmış 30 avqust 2010-cu il tarixli 01 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən ona 11000 (on bir min) manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi İddiaçı oğlıma məxsus "Mercedes Benz-S 320" minik markalı, buraxılış ili 1999-cu il tarixli, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobili girov qoymuşdur. Bildiririk ki, sözügedən kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliyini vaxtında yerinə yetirmədiyi üçün borcun məhkəmə qaydasında tutulması məqsədilə bank tərəfindən məhkəmədə iddia qaldırılmış və Xəzər rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(003)-60/2018 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı iddi tələbi təmin olunmamışdır. Bakı Apelyasiya məhkəməsinin xx.xx.2018-cı ıl tarixli 2(103)-7076/2018 saylı qərarı ilə Xəzər rayon məhkəməsinin xx.xx.2018-cı il tarixli, 2(003)-60/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarına əsasən Bakı Apelyasiya məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-7076/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda sözügedən məhkəmə qərarları ilə Əmanətlərin Sığortalanması Fondu üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmamışdır. Nəzərə almağınızı xahiş edirik.” Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi qismən, Mərkəzləşdirilmiş Kredit Reyestrində kredit statusunun balansdan silinmiş borc kimi düzəliş edilməsi hissədə təmin, iddiaçının adının borclular siyahısının reyestrindən çıxarılması hissədə isə təmin edilməməlidir. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının ********** nömrəli “08” oktyabr 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Bankların və bank olmayan kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 2.1.1-ci bəndinə əsasən kredit - hesabat tarixinə istənilən valyutada verilmiş kreditlər, o cümlədən açılmış kredi xətləri, qarantiya və zəmanətlər, faktorinq və lizinq əməliyyatları, abelə balansdan silinmiş kreditlər (burada banklararası kreditlər və bankların xarici filiallarının verdikləri kreditlər nəzərə alınmır) mənalarını ifadə edir. Həmin Qaydaların 3.7-ci bəndində qeyd edilmişdir hər bir kredit üzrə MKR-ə təqdim olunan məlumat bu Qaydalara Əlavə 1-də göstərilmiş informasiyanı əks etdirməlidir. Həmin Qaydaların 3.10-cu bəndində qeyd edilmişdir MKR-də olan məlumatlara hər hansı düzəliş məlumat təchizatçılarının yazılı müraciəti və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. “Bankların və bank olmayan kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası ”na Əlavə 1 əsasən kredit barədə - “7.20.3. balansdan silinmiş” məlumatı MKR-ə təqdim edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçının İddiaçı ilə “Atrabank" ASC arasında bağlanmış 30 avqust 2010-cu il tarixli 01 saylı kredit müqaviləsi üzrə borcunun olmaması iş materialları ilə öz təsdiqini tapdığından hazırkı iddia “Mərkəzləşdirilmiş Kredit Reyestrində kredit statusunun balansdan silinmiş borc kimi düzəliş edilməsi” hissəsində əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iddia tələbinin “iddiaçının adının borclular siyahısının reyestrindən çıxarılması hissəsi ilə bağlı qeyd edir ki, həmin tələbin hər hansı hüquqi əsası olmadığından, iddia həmin hissədə təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən Mərkəzləşdirilmiş Kredit Reyestrində İddiaçı ilə “Atrabank" ASC arasında bağlanmış 30 avqust 2010-cu il tarixli 01 saylı kredit müqaviləsi üzrə kredit statusunun balansdan silinmiş borc kimi düzəliş edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı Mərkəzləşdirilmiş Kredit Reyestrində İddiaçı ilə “Atrabank" ASC arasında bağlanmış 30 avqust 2010-cu il tarixli 01 saylı kredit müqaviləsi üzrə kredit statusunun balansdan silinmiş borc kimi düzəliş edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar