Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3674/2022 24.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin imtinasının qanunsuz hesab edilməklə, Pirallahı rayonunun Dübəndi bağlar massivində yerləşən sahəsi 0,4 ha (400,0 kv.m) olan bağ sahəsinə onun adına mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Poliqraf” X1 rayonunun Dübəndi bağlar massivində ayrılmış torpaq sahəsində yerləşən sahəsi 400 kvm. olan 145 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər X5 27 oktyabr 1987-ci il tarixli, 20/396 saylı qərarı ilə Dövlət Mətbuat Komitəsinin (Dövlətnəşrkomun) nəzdnindəki “Poliqraf” bağçılıq yoldaşlıq birliyinin üzvləri üçün indiki Pirallahı rayonunun Dübəndi bağlar massivində 360 nəfərə 21 hektar 40 sot ərazisi olan bağ sahəsi ayrılmışdır. Onun adı da həmin 360 nəfərin sırasındadır. 1988-1990-cı illərdə və ondan sonrakı dövrlərdə baş verən faciəvi hadisələr, müharibələr onlara ayrılmış torpaq sahələrinə sahiblənməyə, sənədləşdirməyə mane oldu. Ancaq hazirki vaxta qədər istifadəsiz qalmış bağ sahələrinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışların alınması üçün cavabdeh orqana müraciət etmişlər. Cavabdeh 20 aprel 2021-ci il tarixli imtina məktubu ilə məhkəməyə müraciət etməyi məsləhət görmüşdür. İmtinaya əsas kimi də qeyd olundu ki, “bağ sahələrinə dair siyahılar, bölgü-sxem layihələri mövcud olsa da, ancaq bağ sahələrinə dair vətəndaşların adına verilmiş üzvlük kitabçaları, texniki pasport və ya cizgilər arxiv qovluğunda aşkar edilməmişdir. Cavabdeh inzibati orqanın bu cür imtinası qanunların aliliyinə hörmət edilməməsinin birbaşa nəticəsidir. Çünki cavabdeh inzibati orqan onlara həmin bağ sahələrinin 1987-ci il tarixindən ayrıldığını, adının bağçılıq-yoldaşlıq birliyi üzvlərinin siyahısında olduğunu və hətta “Poliqraf” bağçılıq yldaşlıq birliyinə ayrılmış bağ sahələrinin bölgü-sxem layihəsində adının olmasını təsdiq etsə də, sonradan məhz üzvlük kitabçasının olmaması əsası ilə məhkəməyə müraciət etməyi məsləhət görür. Hesab edir ki, bu cavabdehin imtinasının əsassızlığının birbaşa sübutudur. Qeyd edir ki, hazırlanmış “Poliqraf” bağçılıq yoldaşlıq birliyinə ayrılmış bağ sahələrinin bölgü-sxem layihəsində sahəsi 0,4 ha olan bağ sahəsinin onun üçün ayrıldığı əks olunmuşdur. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçı müvafiq tələblə ilk dəfə 07.10.2021-ci il tarixdə idarəyə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən qeyd edilən bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdır. Həmçinin müraciətində bağ sahəsinin nömrəsi qeyd olunmadığından ərizənin icrası tərəflərindən mümkün olmamışdır və iddiaçıya 26.10.2021-ci il tarixli, **********96 saylı cavab məktubu ünvanlanmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının M-379 №-li, 09.12.2019-cu il tarixli məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhər X6 İcraiyyə Komitəsinin 27.10.1987-ci il tarixli, 20/396 №-li qərarına əsasən Əzizbəyov rayonu, Dübəndi qəsəbəsində, keçmiş Zirə tərəvəz-südçülük sovxozunun ərazisində Azərbaycan SSR Nəşiryyat, Poliqrafiya və Kitab Ticarəti Dövlət Komitəsinin 360 nəfər üzvdən ibarət bağçılıq-yoldaşlıq cəmiyyətinə torpaq sahəsinin ayrılması qərara alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçıya ünvanlanmış 20.04.2021-ci il tarixli,**********9 №-li məktubun surətindən görünür ki, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağlar massivində yerləşən torpaq sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə ünvanladıqları kollektiv müraciətə aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar bildirilir ki, “Poliqraf” bağçılıq-yoldaşlıq birliyinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində saxlanılan qovluqda Bakı şəhər X5 İcraiyyə Komitəsinin 27.10.1987-ci il tarixli, 20/396 nömrəli qərarı, 29.01.1988-ci il tarixli, T/688 nömrəli akt, bağçılıq-yoldaşlıq birliyi üzvlərinin siyahıları mövcuddur. Lakin sözügedən bağçılıq-yoldaşlıq birliyi nəzdində ayrılmış bağ sahələrinə dair ayrı-ayrı vətəndaşların adlarına verilmiş üzvlük kitabçaları, texniki pasport və ya cizgilər arxiv qovluğunda aşkar edilməmişdir. Nəzərlərinə çatdırılır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssislərinin iştirakı ilə “Poliqraf” bağçılıq-yoldaşlıq birliyinə ayrılmış torpaq sahəsinin bölgü-sxeminin layihəsi hazırlanmışdır. Hüquq sahiblərinin torpaq sahəsinə dair hüquqların dövlət reyestrində qeydiyyata alınmasıü üçün əsas olaraq müəyyən edilmiş qanunvericiliyə uyğun tələb olunan hüquqmüəyyənedici sənədləri mövcud olmadığından məsələyə məhkəmə qaydasında baxılmasının zəruriliyi barədə “Poliqraf” bağçılıq-yoldaşlığı bilriyinin üzvlərinə Xidmətin 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşları tərəfindən məlumat verilmişdir. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış **********28 №-li, 02.12.2021-ci il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, “Poliqraf’ bağçılıq yoldaşlıq birliyinə dair sxematik xəritə, həmçinin sözügedən bağçılıq yoldaşlığı nəzdində Dübəndi bağ massivində 145 saylı bağ sahəsinə aid sənəd (üzvlük kitabçası, protokoldan çıxarış və s.) arxiv qovluğunda aşkar edilməmişdir. “Poliqraf” bağçılıq yoldaşlığının üzvlərinin siyahısından çıxarışın təsdiq edilmiş surətində İddiaçı adı qeyd olunmuşdur. - İdarə tərəfindən iddiaçıya ünvanlanan **********96 №-li, 26.10.2021-ci il tarixli məktubdan görünür ki, ‘‘Daşınmaz əmlakın dövlət reyestrı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən qeyd edilən baq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmışdir. Həmçinın muraciətdə bağ sahəsınin nömrəsi qeyd olunmadığından ərizənin icrası tərəflərindən mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakımiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublıkası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsıni təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmış tələblərə uyğun olmalıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. - 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzbati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. - 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 10.2-ci maddəsinə əsasən qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. - 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər X6 İcraiyyə Komitəsinin 27.10.1987-ci il tarixli, 20/396 №-li qərarına əsasən Əzizbəyov rayonu, Dübəndi qəsəbəsində, keçmiş Zirə tərəvəz-südçülük sovxozunun ərazisində Azərbaycan SSR Nəştiryyat, Polirqfaiya və Kitab Ticarəti Dövlət Komitəsinin 360 nəfər üzvdən ibarət bağçılıq-yoldaşlıq cəmiyyətinə torpaq sahəsinin ayrılması qərara alınmışdır. “Poliqraf” bağçılıq yoldaşlıq cəmiyyətinin üzvləri barədə siyahıda hazırki iş üzrə İddiaçı adı qeyd olunmuşdur. İddiaçı adı “Poliqraf” bağçılıq yoldaşlıq cəmiyyətinin üzvlərinin siyahısında qeyd olunsa da iddia etdiyi sahəsi 400 kvm. olan 145 nömrəli bağ sahəsinin qeyd olunan cəmiyyət tərəfindən ayrılmasına dair həmin siyahıya müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış ona verilməmiş, həmçinin cəmiyyət tərəfindən cavabdeh inzibati orqana təhvil verilmiş sənədlərin arxiv qovluğunda belə sənədlər (üzvlük kitabçası, üzvlərin iclasının protokolundan çıxarış) aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı iddia etdiyi Pirallahı rayonunun Dübəndi bağlar massivində yerləşən sahəsi 400 kvm. olan 145 nömrəli bağ sahəsinə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində nəzərdə tutulmuş sənədlərə malik olmadığından cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməməsi qanuni və əsaslı olmuş, ididiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-3674/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3674/2022
24.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver