Məhkəmə qərarları › İş №2-1(112)-3674/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3674/2023

20.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3674/2023 20.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nizami rayon İdarəsinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nizami rayon İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nizami rayon İdarəsi tərəfindən hərbi xidmətə çağırılması barədə qərarın qanunsuz hesab edilərək, hərbi xidmətə çağırılması ilə əlaqədar ona dəymiş maddi və mənəvi ziyana görə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsinin üzərinə 10.320 manat maddi, 10.000 manat isə mənəvi ziyana görə, cəmi 20320 (iyirmi min üç yüz iyirmi) manat pulun alınaraq ona verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı anadangəlmə xəstəliyi olmasına baxmayaraq onu hərbi həkim komissiyasının yoxlanışından keçirdərək və qanunsuz olaraq hərbi xidmətə tam yararlı hesab edərək xx.xx.2021-ci il tarixdə qanunsuz olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətə çağırılmışdır. 10 yanvar 2022-ci il tarixində 219 saylı X7 ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş Hərbi Həkim Ekspertizası haqqında əsasnaməyə əsasən xəstəliklər cədvəlinin 2-ci qrafasına və ƏTC-yə əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı rəyi verilmişdir, hərbi xidmətdən tərxis olunmuşdur. Həmin rəydə də qeyd edilmişdir ki, SHXÇDX-nin Bakı şəhəri Nizami rayon İdarəsi tərəfindən səthi müayinə edilmişdir. Qeyd etmişdir ki, o, 2021-ci il tarixdə bakalavr təhsilini başa vurduqdan sonra təhsilini davam etdirmək üçün həmin ildə magistr pilləsi üzrə imtahan vermiş və X10 keçirdiyi test imtahanından keçid balı 40 olmaq üzrə 48 bal yığaraq magistr pilləsinə daxil olmuşdur. Belə ki, test imtahanı mayda olmuşdur və uğur qazanan tələbələr avqust ayında seçdikləri ixtisas üzrə kodlaşdırma aparmalı idilər. Həmin dövrdə yəni 2021-ci ilin iyul ayında onu hərbi xidmətə qanunsuz olaraq yararlı hesab edərək hərbi xidmətə aparmışdırlar və ixtisas seçiçi üzrə kodlaşdırma apara bilmədiyinə magistr pilləsi üzrə təhsildən məhrum olmuş və bunun nəticəsində alacağı təhsil üzrə müavinətlərdən də məhrum olmuşdur. Belə ki, o, ailə başçılarını (həm ata, həm də anamı) itirdiyinə görə 280 (iki yüz səksən) manat dövlət tərəfindən müavinət almalı idi, həmçinin 150 (yüz əlli ) manat isə Həmkərlar İttifaqı tərəfindən təqaüd almalı idi. Yəni hər ay 430 manat olmaqla 2 illik təhsil aldığı dövrdə 430x24=10320 (on min üç yüz iyirmi) manat müavinət alacaqdı və qanusuz olaraq hərbi xidmətə çağırıldığına görə həmin müavinətdən məhrum olaraq ona həmin məbləğdə maddi ziyan dəymişdir. Bundan sonra o, 7 ay hərbi xidmət keçdikdən sonra səhhəti ilə bağlı hərbi hospitala gəlmiş və orada qayda üzrə hərbi həkim komissiyasından keçirildiyi zaman onu anadangəlmə sol ayağı 3-cü dərəcə, sağ ayağı isə 2-ci dərəcə düz olmaqla hərbi xidmətə yararsız hesab etdilər. Daha sonra onu hərbi hissəyə qaytarmış və oradan də tərxis etmışdirlər. Cavabdehin səhvi ucbatından 7 ay hərbi xidmətdə olaraq fiziki və mənəvi istirab keçirmiş, həmçinin maddi cəhətdən zərər görmüşdür. Ona görə də kompensasiya tələb edir. İddiaçı bir vətənpərvər övlad kimi bakalavr üzrə təhsil aldığı dövrdə 2020-ci ilin oktyabr ayından Vətən Müharibəsi başlayan zaman 4-cü kursda oxuduğu halda təhsilini yarımçıq qoyaraq, hərbi xidmət keçmədiyi halda müharibəyə getmişdir və bu gün də bununla fəxr edir ki, onun da vətənin qorunması və torpaqların azad olunmasında iştirakı olmuşdur. Onun maddi zərərdən başqa mənəvi zərər çəkməsi isə onun hərbi xidmətə yararsız olduğu halda buna səhlənkar yanaşaraq onu 7 ay hərbi xidmətdən sonra yararsız hesab edilməsi olmuşdur. Ən böyük mənəvi zərbə isə ona bu olmuşdur ki, o, 7 ay müddətində səhhəti ilə bağlı çox ağrılar və iztirablar keçirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının 2011-ci il 23 dekabr tarixli 274- İVQ nömrəli Qanununun 13-cü maddəsinə əsasən, vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonda, şəhərdə, şəhərdə rayonlarda çağırış komissiyaları yaradılır. Çağırış komissiyasının işində həkim mütəxəssislər (cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato-veneroloq, psixoloq) iştirak edirlər. Həmin Qanunun 15-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələrində həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada çağırışçı barədə aşağıdakı qərarlardan birini qəbul edir: - müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; - sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; -sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; - dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; - həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. Hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydaları, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələblər müvafiq olaraq Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən olunur. Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələrindən fəaliyyət göstərən ştatdan kənar hərbi-həkim komissiyaları hərbi xidmətə çağırılan vətəndaşları tibbi şəhadətləndirərkən bu Əsasnaməni rəhbər tutur. Həmin Əsasnamənin 2.8-ci bəndinə əsasən, ilkin hərbi qeydiyyataalma komissiyalarının, rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının və Mərkəzi Çağırış Komissiyasının qərarı ilə, vətəndaş diaqnozun dəqiqləşdirilməsi, yaxud müalicə məqsədi ilə dövlət səhiyyə müəssisələrinə ambulator və ya stasionar müayinəyə və müalicəyə göndərilir. Vətəndaşın tibbi müayinəsi (müalicəsi) başa çatdıqdan sonra, dövlət səhiyyə müəssisəsi tərəfindən onun sağlamlıq vəziyyətinin müayinə aktı tərtib olunur. Belə ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsində hərbi qeydiyyatda olan xx.xx.2000-ci il təvəllüdlü İddiaçı təhsilini davam etdirmək üçün çağırışa verilmiş möhlət hüququ xx.xx.2021-ci il tarixdə başa çatdığı üçün 2021-ci ilin iyul çağırışına cəlb edilmişdir. Çağırışa hazırlıq dövründə çağırışçı ilə öyrənilmə aparılan zaman magistr təhsil pilləsi üzrə sənəd verməsinə dair məlumat, elektron ərizə və ya qəbul olması barədə ilkin olaraq hər hansı bir sənəd təqdim etməmişdir. Belə olan hallarda digər çağırışçılar kimi ilkin olaraq magistr təhsil pilləsinə sənəd verməsinə dair elektron ərizə və topladığı balın elektron cavablarını təqdim etməli idi və bununla bərabər hərbi-həkim komissiyasından keçən zaman anadangəlmə xəstəliyi üzrə hansı xəstəxanada hansı diaqnozla xəstə kimi qeydiyyatda olmasına dair məlumat bildirməmiş və sənəd təqdim etmədiyi üçün analiz və laborator müayinələrdən keçirildikdən sonra xx.xx.2021- ci il tarixdə Nizami rayon çağırış komissiyasının hərbi-həkim komissiyasından tibbi müayinədən keçmişdir. Müayinədən keçən zaman İddiaçı sağlamlığından heç bir şikayət bildirmədiyini və hərbi xidmətə getməyə hazır olduğunu bildirsədə həkim mütəxəssislər tərəfindən “Tatu" diaqnozla əlavə müayinə olunmaq üçün 2 №li X3 göndərilmişdir. Əlavə müayinənin nəticəsinə əsasən çağırışçıya “Hal hazırda psixi xəstəlik əlamətləri aşkar olunmur" diaqnozu təyin edildiyi üçün müayinələrin nəticələrinə uyğun olaraq xx.xx.2021-ci il tarixdə Nizami rayon çağırış komissiyasının hərbi həkim komissiyası tərəfindən "Hərbi xidmətə yararlı” hesab edilmişdir. Bununla əlaqədar İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə uyğun olaraq 2021 -ilin iyul çağırışına cəlb edilmiş, öyrənilmə və müayinələrin nəticələrinə əsasən “Hərbi xidmətə yararlı” hesab edildiyi üçün xx.xx.2021-ci il tarixdə müddətli həqiqi hərbi xidmət küçmək üçün təyin olunduğu Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsinə təhvil verilən zaman hərbi hissədə hərbi-həkim mütəxəssislər tərəfindən bir daha müayinədən keçirilmişdir. Çağırışçı “Hərbi xidmətə yararlı” hesab edildiyi üçün hərbi xidmətə qəbul edilərək xx.xx.2022ci il tarixədək müddətli həqiqi hərbi xidmət keçmişdir. Xidmət etdiyi dövrdə hərbi qulluqçu kimi bütün təminatla təmin edilmişdir. xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasında tibbi şəhadətləndirilən zaman onun səhhəti ilə bağlı hər-hansı bir psixoloji və nevroloji iztirabın keçirilməsi qeyd edilməmişdir. Sağlamlığı ilə əlaqədar xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbii Həkim Komissiyasında şəhadətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarın “Xəstəliklər cədvəli”nin 68c maddəsinin İİ qrafasına əsasən “Sülh dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edildiyi üçün xx.xx.2022-ci il tarixdə vaxtından əvvəl Azərbaycan Ordusundan tərxis edilmişdir. Həmçinin qanunvericiliyin tələbinə əsasən mülki hüquq pozuntusu ilə bağlı məsuliyyətin yaranması üçün zərərçəkən şəxsə ziyan vurulması, həmin ziyanın üzərinə məsuliyyət qoyulan şəxs tərəfindən yetirilməsi, yetirilmiş ziyanla üzərinə məsuliyyət qoyulan şəxsin hərəkəti arasında səbəbli əlaqənin olması və vurulmuş ziyanla bağlı şəxsin təqsirinin olması zəruridir. Bu baxımdan hazırkı iş üzrə qeyd olunan xüsusatların heç biri təsdiq olunmur, bu isə mülki hüquq pozuntusu ilə bağlı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsinin məsuliyyətinin yaranmamasını göstərir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin tələblərin rəhbər tutaraq İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X12 və X6 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatına əsasən xx.xx.2000-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş ******* nömrəi hərbi biletin surətinə əsasən xx.xx.2000-ci il təvəllüdlü İddiaçı Bakı şəhəri Nizami rayon çağırış komissiyası tərəfindən xx.xx.2021-ci il tarixdə hərbi xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 219 nömrəli xəstəlik şəhadətnaməsi ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nizami rayon İdarəsinin xx.xx.2022-ci il tarixli, 1949 nömrəli məktubu ilə göndərilmiş şəxsi işinə aid sənədlərin surətindən görünür ki: -Bakı şəhəri 2 nömrəli X1 “Sağlamlıq vəziyyətinin müayinə edilməsi haqqında” xx.xx.2021-ci il tarixli Aktında qeyd olunmuşdur ki, İddiaçı Nizami SHXÇDX hərbi komissarlığın xx.xx.2021-ci il tarixli 68 №-li göndərişi ilə Bakı şəhəri 2 saylı X2 xx.xx.2021-ci il tarixdə stasionar, ambulator müayinədə olmuşdur. Psixi status: Düşüncəsi aydındır. Bələdliyi zamanda, məkanda və öz şəxsiyyətində saxlanılıb. Zahirən səliqəlidir. Ünsiyyətə sərbəst daxil olur, suallara ardıcıl cavablar verir. Keçirilən ekspertizanın mahiyyətini tam dərk edir. Davranışı adekvatdır. Təfəkkürü ardıcıldır. Psixopatoloji produktiv simptomatika aşkar edilmir. Şikayət təqdim etmir. İntellektual səviyyəsi yaşma və aldığı təhsilə uyğundur. Dünya görüşü və maraq dairəsi yaşına və həyat tərzinə uyğundur. Əhval-ruhiyyə fonu sabitdir. Emosional-iradi sferası stabildir. - Nizami SHXÇDX hərbi komissarlığı tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş tibbi şəhadətləndirmə vərəqində qeyd olunmuşdur ki, İddiaçı hal-hazırda psixi xəstəlik əlamətləri aşkar olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə əsasən “Hərbi xidmətə yararlıdır”. -10 yanvar 2022-ci il tarixli 219 nömrəli X4 görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 2784 nömrəli göndərişi ilə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Anamnezi: xx.xx.2021-ci il tarixdə hərbi xidmətə çağırılan zaman SHXÇDX-nin Bakı şəhəri Nizami rayon idarəsi tərəfindən səthi müayinə edilmiş və “Həri xidmətə yararlıdır” qərarı verilmişdir. Ayaqlarında ağrılarla əlaqədar hərbi hissənin tibb məntəqəsinə müraciət etmişdir. xx.xx.2021xx.xx.2021-ci il tarixədək MN BKH-da “gecə sidik saxlaya bilməməsi, sidik buraxmanın funksional pozulması, sol aşıq-qayıqvarıoynaqların ilkin mərhələ osteartroz ilə fəsadlaşmış sol ayağın İİİ dərəcəli, sağ ayağın İİ dərəcəli boylama yastıayaqlılığı” diaqnozu ilə stasionar müalicədə olmuşdur. (əsas: 7067 nömrəli çıxarış epikrizi). N nömrəli hərbi hissə komandiri tərəfindən hərbi xidmətə yararlılığının təyini üçün hərbi həkim komissiyasına göndərilmişdir. xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə MN BKH-da, xx.xx.2021-ci il tarixdə MN MHP-də müayinə və müalicədə olmuşdur. Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hhk-nın qərarı: Sol aşıq-qayıqvarı oynaqların İ (birinci) mərhələ osteoartrozu ilə fəsadlaşmış sol ayağının İİİ (üçüncü), sağ ayağın İİ (ikinci) dərəcəli boylama yastıayaqlılığı. Sidik buraxmanın gecə sidiyi saxlamaya bilməməsi şəklində müvəqqəti funksional pozulması. Hər iki gözün mürəkkəb miopik astiqmatizmi sağda M 3,75D və M 3,0D, solda M 4, OD və və M 1,0D nəticəsində görmə itiliyinin 0,4-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla. Burun arakəsməsinin əyriliyi, burun tənəffüsnün cüzi dərəcədə pozulması ilə. Xroniki vazomotor rinit. Ümumi xəstəlikdir. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: “Xəstəliklər cədvəli"nin 68 c maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən, “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır.” İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-17-7/2-B-20831/2023 nömrəli Arayışında qeyd olunmuşdur ki, İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan ailə başçısını itirməyə görə 297.25 manat (iki yüz doxsan yeddi manat 25 qəpik) əmək pensiyası alıb. Təyinatın bitmə tarixi-xx.xx.2022 İş materiallarına əlavə edilmiş Bakı Dövlət Universitetinin xx.xx.2019-cu il tarixli, 4/04 nömrəli Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş tələbənin təqaüdlə təmin edilməsi haqqında məktubda qeyd edilmişdir ki, İddiaçı - Beynəlxalq münasibətlər və iqtisadiyyat faküitəsinin əyani şöbəsinin azərbaycan bölməsi üzrə ödənişli əsaslarla təhsil alan “Politologiya” ixtisasının İİ kurs 814 saylı qrup tələbəsi “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi” haqqında Azərbaycan Respublikası Pezidentinin 22 iyun 1999-cu il 693 nömrəli Fərmanının 5-ci maddəsinə əsasən normativ təhsil müddəti ərzində 23 yaşınadək (doğun: tarixi xx.xx.2000) xx.xx.2019-cu il tarixdən adi təqaüdün iki misli miqdarında təqaüdlə təmin edilsin. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası X10 xx.xx.2023-cü il tarixli 9-3/2-1537/2023 nömrəli məktubunda bildirilmişdir ki, Sizin İddiaçı cavabdeh Azəbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinə qarşı 2-1(112)-3674/2023 nömrəli inzibati iş üzrə İddiaçı 2021-ci ildə magistratura səviyyəsinə qəbul imtahanında topladığı yekun balın ona ixtisaslaşma seçimi mərhələsində iştirak etmək hüququ verib-verməməsi, onun həmin ildə magistratura səviyyəsinə qəbulla bağlı ixtisaslaşma seçimində iştirak edib-etməməsi, iştirak etdiyi halda hansı mərhələdə iştirak etməsi və nəticəsi, 2021-ci ildə magistratura səviyyəsinə qəbulla bağlı ixtisaslaşma seçimlərinin aparıldığı və müsabiqə nəticələrinin elan olunduğu tarixlər, həmçinin magistratura səviyyəsinə qəbul olunmuş bakalavrların siyahısının Azəbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə hansı tarixdə göndərilməsi barədə məlumatların təqdim edilməsi haqqında xx.xx.2023-cü il tarixli 2-1(112)-3674/2023 nömrəli sorğunuza Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində baxılmışdır. Sorğunuzla əlaqədar bildiririk ki, İddiaçı 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının magistraturalarına qəbul olmaq üçün 28 fevral və 26 may 2021-ci il tarixlərində keçirilmiş test imtahanlarında iştirak etmiş, test imtahanlarından müvafiq olaraq 47 və 48 bal toplamışdır. Test imtahanlarında topladığı bal İddiaçı müsabiqənin ixtisaslaşma seçimi mərhələsində iştirak etmək hüququ vermişdir. Müsabiqədə iştirak etmək hüququ olan bakalavrlar xx.xx.2021-ci il tarixindən xx.xx.2021- ci il tarixinədək proqram və ixtisaslaşma seçimi aparmış və həmin müsabiqənin nəticələri xx.xx.2021-ci il tarixində elan edilmişdir. İddiaçı proqram və ixtisaslaşma seçimində iştirak etmiş, lakin heç bir ixtisaslaşmaya qəbul olmamışdır. Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün ixtisaslaşma seçimi isə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək aparılmış və həmin müsabiqənin nəticələri xx.xx.2021 tarixində elan edilmişdir. 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olunmuş bakalavrların siyahısı Mərkəz tərəfindən xx.xx.2021-ci il tarixində Azəbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Elektron ünvan elektron poçt ünvanına göndərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası X10 xx.xx.2023-cü il tarixli 9-3/2-1814/2023 nömrəli məktubunda bildirilmişdir ki, Sizin İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinə qarşı 2-1(112)-3674/2023 nömrəli inzibati iş üzrə xx.xx.2021-ci il tarixindən 11,08.2021-ci il tarixinədək aparılmış ixtisaslaşma seçimində iddiaçının ixtisası nəzərə alınmaqla ali təhsil müəssisələrinin və Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün minimal keçid balının nə qədər olması və İddiaçı 28 fevral və 26 may 2021-ci il tarixlərində keçirilmiş test imtahanlarında topladığı balın ona xx.xx.2021-ci il tarixindən 11,08.2021-ci il tarixinədək aparılmış ixtisaslaşma seçimində ali təhsil müəssisələrinin və Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul olmaq ehtimalına əsas verib-verməməsi barədə məlumatların təqdim edilməsi haqqında xx.xx.2023-cü il tarixli 2-1(112)-3674/2023 nömrəli sorğunuza Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində baxılmışdır. Sorğunuzla əlaqədar bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nın 5-ci hissəsinə əsasən bakalavrların seçdikləri ixtisaslaşmalar üzrə müsabiqə imtahandan topladıqları bal əsasında aparılır. Bakalavrların ixtisaslaşmalara yerləşdirilməsi onların öz ərizələrində qeyd etdikləri ixtisaslaşmaların ardıcıllığı proqnozu nəzərə alınmaqla, ixtisaslaşmalar üzrə vakant yerlərin sayı çərçivəsində həyata keçirilir. Həmin Qaydalara əsasən imtahan balı eyni olan iki və daha çox bakalavrı bir-birindən fərqləndirmək üçün əlavə göstəricilərdən biri kimi ilk növbədə ümumi orta müvəffəqiyyət göstəricisindən istifadə edilir. İddiaçı 2021/2022-ci tədris ili üzrə ali təhsil müəssisələrinin və Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının magistraturalarına qəbul olmaq üçün 28 fevral və 26 may 2021-ci il tarixlərində keçirilmiş test imtahanlarında müvafiq olaraq 47 və 48 bal toplamışdır. İddiaçı ümumi orta müvəffəqiyyət göstəricisi 67.25 bal olmuşdur. 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə iddiaçının ixtisası üzrə qəbul olunmuş sonuncu namizədin imtahan balı 48, ümumi orta müvəffəqiyyət göstəricisi isə 72.25 bal olmuşdur. Qeyd edilənlərə əsasən İddiaçı 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerləri üzrə ixtisaslaşma seçimində iştirak etmək hüququ olmuşdur. Lakin iddiaçının imtahan balı (48 bal) onun ixtisası üzrə qəbul olunmuş sonuncu namizədin imtahan balı (48 bal) ilə eyni olduğu üçün ümumi orta müvəffəqiyyət göstəricisi əlavə göstərici kimi istifadə edilmiş, iddiaçının ixtisası üzrə qəbul olmuş sonuncu namizədin ümumi orta müvəffəqiyyət göstəricisi (72.25 bal) iddiaçının ümumi orta müvəffəqiyyət göstəricisindən (67.25 bal) yüksək olduğu üçün iddiaçının boş qalan yerlərə qəbul olmaq ehtimalı olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nizami rayon İdarəsinin xx.xx.2022-ci il tarixli, 1769 nömrəli məktubunda qeyd olunmuşdur ki, sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı rənəri Nizami rayon idarəsinə ünvanladığınız ərizənizə baxılmışdır. Bildirirəm ki, siz 2021-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar rayon çağırış komissiyasının hərbi-həkim komissiyasından keçən zaman həkim mütəxəssislər tərəfindən müayinə olunmuşunuz.Müayinə olunan zamanı sağlamlığınızdan heç bir şikayətdə etməmisiniz və müayinənin nəticəsinə əsasən rayon çağırış komissiyasının qərarı ilə “Hərbi xidmətə yararlı"hesab edilmişsiniz və həqiqi hərbi xidmət keçmək üçün xx.xx.2021-ci il tarixdə təyin olunduğunuz hərbi hissəyə təhvil verilən zaman təkrarən hərbi hissədə hərbi həkim mütəxəssislər tərəfindən müayinə olunduqdan sonra “Hərbi xidmətə yararlı” hesab edildiyiniz üçün Müdafiə Nazirliyinin müvafiq hərbi hissəsinə təhvil verilmisiniz. xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliknikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmisınız və Müdafiə Nazirliyinin MHHK-nın qərarı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəlinin 68c maddəsinin İİ qrafasına əsasən "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmisiniz. Odur ki, sağlamlıq vəziyyətinə görə vaxtından əvvəl tərxis edilən hərbi qulluqçulara mövcud qanunvericiliyə uyğun olaraq tərəfinizdən hər hansı bir kompensasiyanın ödənilməsi nəzərdə tutulmamışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iş üzrə iddiaçı zərərin ödənilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Beləliklə, hazırkı iddiaya münasibətdə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İşin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2017-xx.xx.2021-ci il tarixlərdə Bakı Dövlət Universitetinin politologiya ixtisası üzrə bakalavr təhsili almışdır. İddiaçı 2021-ci ilin iyul çağırışı ilə əlaqədar qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Nizami rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan (qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri) keçirilmiş və bədən səthinizdə tatuaj olduğundan 2 nömrəli X5 əlavə müayinəyə göndərilmişdir. Müayinə nəticəsində təyin edilmiş “Hal-hazırda psixi xəstəlik əlamətləri aşkar olunmur” diaqnozuna uyğun olaraq, Səfərbərlik rayon çağırış komissiyası tərəfindən Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin İ qrafasına əsasən “Hərbi xidmətə yararlıdır” hesab edilərək, xx.xx.2021-ci il tarixdə sərəncamla təyin olunduğu Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. İddiaçı xx.xx.2021- xx.xx.2022-ci il tarixlərdə həqiqi hərbi xidmət keçmiş, hərbi xidmət zamanı ayaqlarında ağrılarla əlaqədar hərbi hissənin tibb məntəqəsinə müraciət etmiş, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə MN BKH-da, xx.xx.2021-ci il tarixdə “gecə sidik saxlaya bilməməsi, sidik buraxmanın funksional pozulması, sol aşıq-qayıqvarı oynaqların ilkin mərhələ osteartroz ilə fəsadlaşmış sol ayağın İİİ dərəcəli, sağ ayağın İİ dərəcəli boylama yastıayaqlılığı” diaqnozu ilə N nömrəli hərbi hissə komandiri tərəfindən Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasına göndərilmiş, xx.xx.2021-xx.xx.2021-ci il tarixədək stasionar müayinə və müalicədə olmuşdur. Daha sonra hərbi xidmətə yararlılığının təyini üçün hərbi həkim komissiyasına göndərilmiş, nəticədə iddiaçı müayinə nəticəsində təyin edilmiş “Sol aşıq-qayıqvari oynaqların İ (birinci) mərhələ osteoartrozu ilə fəsadlaşmış sol ayağının İİİ (üçüncü), sağ ayağının İİ (ikinci) dərəcəli boylama yastıayaqlılıq diaqnozu ilə Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin “Xəstəliklər cədvəli”nin 68 c maddəsinin İİ qrafasına əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” “Ümumi xəstəlikdir” hesab edilərək, Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 219 nömrəli “X7”si ilə şəhadətləndirilərək hərbi xidmətdən vaxtından əvvəl ehtiyata buraxılmışdır. Hazırkı iddiasında iddiaçının zərərlə bağlı tələbi iki hissədən-10.320 manat maddi zərər və 10.000 manat mənəvi ziyana görə kompensasiyanın ödənilməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, inzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsinə dair iddia qaldırmaq imkanı Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ abzasında, eləcə də “İnzibati icraat haqqında” Qanunda aydın şəkildə təsbit olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə görə maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Mülki Məcəllənin 21-ci maddəsi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin hüquqi nəticələrini tənzimləyir. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Hazırkı işdə iddiaçının dəlillərinə əsasən zərərin əvəzinin ödənilməsi hüquq pozuntusundan irəli gəlmişdir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1100-cü maddəsinə görə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Beləliklə, hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, qanunvericiliyin normalarını pozan əməl hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən hüquq pozuntusu sayıla bilər: -törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; -törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; -ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Beləliklə, müəyyən olunur ki, məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Məhkəmə qeyd edir ki, inzibati orqanların ən mühüm vəzifələri qanuni davranış və inzibati fəaliyyətin həyata keçirilməsi zamanı vətəndaşların maraqlarının qorunmasıdır. Bu məqsədlə İİQ-nin 89.1-ci maddəsinə uyğun olaraq, inzibati orqan özünün qanunsuz hərəkətinə görə məsuliyyət daşıyır. Eyni zamanda qeyd edilməlidir ki, maddədə qeyd edilmiş “ziyan” anlayışı həm maddi və həm də mənəvi ziyanı nəzərdə tutur. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.2-ci maddəsinə görə hərbi xidmət - dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. -2.0.9-cu maddəsinə əsasən hərbi qulluqçular - həqiqi hərbi xidmətdə olan şəxslər. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar. -12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətlə komplektləşdirilməsi üsullarına görə hərbi xidmət çağırış üzrə və könüllü xidmətlərə bölünür. -12.2-ci maddəsinə əsasən hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar: 12.2.1. müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları;(...). -12.3-cü maddəsinə görə vətəndaşlar müddətli həqiqi hərbi xidmətə müvafiq icra hakimiyyəti orqanının aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1dən 30-dək çağırılırlar. -12.4-cü maddəsinə görə vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. -13.1-ci maddəsinə görə vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonda, şəhərdə, şəhərdə rayonlarda müvafiq tərkibdə çağırış komissiyaları yaradılır. -14.1-ci maddəsinə əsasən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları aşağıdakı vəzifələri yerinə yetirirlər: 14.1.1. çağırışçıların tibbi müayinəsini təşkil etmək və bu Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul etmək; 14.1.2. çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul etmək; 14.1.3. xüsusi hərbi ixtisaslar üzrə hazırlanması üçün çağırışçıları tibbi, psixoloji və başqa göstəricilərə görə səmərəli bölüşdürmək; 14.1.4. müvafiq icra hakimiyyəti orqanının say bölgüsü üzrə çağırışçıları müddətli həqiqi hərbi xidmətin keçirilməsi yerinə göndərmək; 14.1.5. bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək. -15.1-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər. -15.2-ci maddəsinə görə tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: 15.2.1. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 15.2.5. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. -18.1-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə aşağıdakı əsaslara görə verilir: 18.1.1. ailə vəziyyətinə görə; 18.1.2. sağlamlıq vəziyyətinə görə; 18.1.3. təhsili davam etdirmək üçün;(....). -18.2-ci maddəsinə əsasən çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 35 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalıdırlar. -20.1-ci maddəsinə əsasən tibbi müayinə zamanı müddətli həqiqi hərbi xidmətə müvəqqəti yararsız sayılmış şəxslərə sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilir. -20.2-ci maddəsinə əsasən sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər. -20.3-cü maddəsinə görə dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin aşağıdakı bəndlərinə əsasən: -1.4. Hərbi-həkim komissiyalarına həvalə olunur: c) ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların tibbi şəhadətləndirilməsinin, tibbi müayinəsinin (müalicəsinin) aparılmasına, hərbi qeydiyyatda olan və ya sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan möhlət alan vətəndaşlar arasında müalicə-sağlamlıq tədbirlərinin keçirilməsinə nəzarət. -1.5. Tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür. (....) Hərbi-həkim komissiyaları hərbi-həkim ekspertizası məsələləri ilə əlaqədar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrindən, hərbi hissələrdən, orqanlardan, hərbi tibb müəssisələrindən, mənsubiyyətindən asılı olmayaraq, digər tibb müəssisələrindən, təşkilatlardan şəxsi işləri, pensiya işlərini (məxfilik rejimi tələb etdiyi hallarda şəxsi işlərdən, pensiya işlərindən çıxarışları), tibbi sənədləri, xəstəlik tarixlərini, inzibati araşdırma, təhqiqat, cinayət işi materiallarını, xasiyyətnamələri, arxiv arayışlarını, əmrlərdən, aktlardan, protokollardan çıxarışları və qərar çıxarmaq üçün zəruri olan digər sənədləri müəyyən edilmiş qaydada tələb edirlər. -2.1. İlkin hərbi qeydiyyata alınan, müddətli həqiqi hərbi xidmətə çağırılan və ehtiyatdan həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən təşkil edilir. -2.5. İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsini cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq dermato-veneroloq, psixoloq və zərurət olduqda, bu bəndin ikinci abzasında müəyyən edilmiş qaydada digər ixtisaslardan olan həkim-mütəxəssislər keçirirlər. -2.8. İlkin hərbi qeydiyyata alma komissiyalarının, rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının və Mərkəzi Çağırış Komissiyasının qərarı ilə, vətəndaş diaqnozun dəqiqləşdirilməsi, yaxud müalicə məqsədi ilə dövlət tibb müəssisələrinə ambulator və ya stasionar müayinəyə və müalicəyə göndərilir. Vətəndaşın tibbi müayinəsi (müalicəsi) başa çatdıqdan sonra, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilmiş formada onun sağlamlıq vəziyyətinin müayinə aktı tərtib olunur. -2.10. Dövlət tibb müəssisələrinin rəhbərləri və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin rəhbərləri vətəndaşların vaxtında müayinə (müalicə) olunmasını təmin edirlər. -2.11. Sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırılmalı olmayan vətəndaşların hərbi xidmətə çağırılması hallarını istisna etmək məqsədi ilə, hərbi xidmətə çağırılmış vətəndaşlar bilavasitə xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxışdan keçirlər. Hərbi xidmətə çağırılmış vətəndaşların xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxışının təşkili, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan azad edilmiş və ya möhlət almış vətəndaşların, habelə şəhadətləndirilmənin nəticələrinə görə onların barəsində hərbi xidmətə yararlılıq kateqoriyası haqqında çıxarılmış qərarlarla razı olmadıqlarını bildirən vətəndaşların nəzarət qaydasında şəhadətləndirilmələrinin təşkili Mərkəzi Çağırış Komissiyasına həvalə olunur. Hazırkı işdən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə hərbi xidmətə çağırılan zaman SHXÇDX-nin Bakı şəhəri Nizami rayon idarəsi tərəfindən səthi müayinə edilmiş, nəticə etibarı ilə iddiaçının sağlamlıq vəziyyəti ilkin çağırış zamanı cavabdeh tərəfindən düzgün qiymətləndirilməmiş, iddiaçıda ümumi xəstəlik səbəbi ilə anadangəlmə yastıayaqlılıq olsa da düzgün müayinə olunmaması nəticəsində rayon çağırış komissiyası tərəfindən barəsində “hərbi xidmətə yararlıdır” qərarı verilərək həqiqi hərbi xidmətə göndərilmiş və iddiaçı xx.xx.2021- xx.xx.2022-ci il tarixlərdə həqiqi hərbi xidmət keçmiş, xidmət dövrü uzun çəkməmiş, xidmət dövründə səhhətində mövcud problemlər daha da kəskin ağrılar şəklində özünü biruzə vermiş, ilk öncə xidmətdə olduğu hərbi hissənin tibb məntəqəsinə, daha sonra Müdafiə Nazirliyinin Hərbi Poliklinikasına stasionar müalicəyə göndərilmiş, sağlamlığında düzəliş baş verməmiş, ümumi xəstəliyinin ağırlaşması nəticəsində ona “sol aşıq-qayıqvarı oynaqların İ (birinci) mərhələ osteoartrozu ilə fəsadlaşmış sol ayağının İİİ (üçüncü), sağ ayağın İİ (ikinci) dərəcəli boylama yastıayaqlılığı” diaqnozu qoyulmuş və həqiqi hərbi xidməti başa çatmadan barəsində “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı verilərək xidmətdən azad edilmişdir. Göründüyü kimi yuxarıda sadalanan qanunvericiliyin tələblərinə cavabdeh idarə tərəfindən lazımınca əhəmiyyət verilməməsi, iddiaçının sağlamlıq vəziyyəti barədə ətraflı araşdırma, nəzarətin həyata keçirilməməsinin nəticəsdir ki, onda mövcud olan anadangəlmə, ümumi xəstəlik hərbi xidməti zamanı daha da ağırlaşmış, hərbi xidməti davam etdirməsi mümkün olmamış və vaxtından əvvəl xidmətdən tərxis olunmuşdur. Başqa sözlə, hazırkı iş üzrə kompensasiya tələbinə əsas verən hüquq pozuntusunun elementləri mövcuddur: -1.cavabdeh orqan tərəfindən törədilmiş əməl- hərbi xidmətə yararlı hesab edilərək göndərilmə barədə qərar; -2.bu əməlin hüquqazidd olması- sağlamlıq vəziyyətinin düzgün müəyyən edilməsi üçün tədbirlərin görülməməsi ilə hərbi xidmətə çağırılma ilə bağlı qanunvericiliyin tələblərinin pozulması. Hüquq pozuntusu nəticəsində iddiaçıya vurulmuş maddi və mənəvi zərər və həmin zərərlə hərəkət arasında səbəbli əlaqə ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Maddi zərər tələbi: İddiaçı 2021-ci il tarixdə bakalavr təhsilini başa vurduqdan sonra təhsilini davam etdirmək üçün həmin ildə magistr pilləsi üzrə imtahan verdiyi, test imtahanından keçid balı 40 olmaq üzrə 48 bal yığaraq magistr pilləsinə daxil olduğu, 2021-ci ilin iyul ayında o hərbi xidmətə qanunsuz olaraq yararlı hesab edərək hərbi xidmətə aparıldığından avqust ayında ixtisas seçimi üzrə kodlaşdırma apara bilmədiyindən magistr pilləsi üzrə təhsildən məhrum olduğu, bununla da təhsil dövründə valideynlərini itirdiyinə görə dövlət tərəfindən veriləcək müavinət və təqaüddən məhrum olmaqla maddi ziyan çəkdiyini iddia edir. Başqa sözlə, iddiaçının qanunazidd əməli nəticəsində iddiaçı magist təhsili almaq imkanından məhrum edildiyi üçün o hazırkı iddiasında təhsil müddətində alacağı müavinət və təqaüdü maddi zərərin forması olan-əldən çıxmış fayda şəklində tələb edir. Qeyd edilməlidir ki, inzibati hüququn ümumi prinsiplərinə əsasən, inzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş istər real maddi zərər, istərsə də əldən çıxmış fayda şəklində maddi ziyanın əvəzinin ödənilməsinə dair iddialarda sübutetmə vəzifəsinə dair ümumi qaydalardan istifadə olunur. Bu halda iddiaçı inzibati orqanın daşıdığı vəzifə borcunu qanunsuz olaraq pozduğunu və ona həmin pozuntu ilə səbəbli əlaqədə olan zərər vurulduğunu sübut etməlidir. İnzibati orqan isə, öz növbəsində, onun tərəfindən qanunsuz hərəkət edilmədiyini sübut etməyə borcludur. Bu baxımdan iddiaçı cavabdehin öz vəzifə borcunu qanunsuz olaraq pozduğunu sübut etsə də lakin onun maddi ziyana məruz qaldığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iş materialları və məhkəmə sorğularına verilmiş cavablardan müəyyən olunmuşdur ki, iddiaçı 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının magistraturalarına qəbul olmaq üçün 28 fevral və 26 may 2021-ci il tarixlərində keçirilmiş test imtahanlarında iştirak etmiş, müvafiq olaraq 47 və 48 bal toplamış, həmin bal iddiaçının müsabiqənin ixtisaslaşma seçimi mərhələsində iştirak etmək hüququ vermişdir. Müsabiqədə iştirak etmək hüququ olan bakalavrlar ilkin olaraq xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək proqram və ixtisaslaşma seçimi aparmış, həmin müsabiqənin nəticələri xx.xx.2021-ci il tarixində elan edilmiş, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün ixtisaslaşma seçimi isə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək aparılmış və həmin müsabiqənin nəticələri xx.xx.2021 tarixində elan edilmişdir. İddiaçı ilkin mərhələdə-xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək proqram və ixtisaslaşma seçimində iştirak etmiş, lakin heç bir ixtisaslaşmaya qəbul olmamışdır. İddiaçının toplamış olduğu 48 balla ikinci seçimdə-2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerləri üzrə ixtisaslaşma seçimində iştirak etmək hüququ olmuş, lakin onun imtahan balı onun ixtisası üzrə qəbul olunmuş sonuncu namizədin imtahan balı (48 bal) ilə eyni olduğundan ümumi orta müvəffəqiyyət göstəricisi əlavə göstərici kimi istifadə edilmiş, iddiaçının ixtisası üzrə qəbul olunmuş sonuncu namizədin ümumi orta müvəffəqiyyət göstəricisi (72.25 bal) iddiaçının ümumi orta müvəffəqiyyət göstəricisindən 67.25 baldan yüksək olduğu üçün iddiaçının boş qalan yerlərə qəbul olunmaq kimi ehtimalı olmamışdır. Göründüyü kimi iddiaçının toplamış olduğu bal ona hər iki mərhələdə ixtisas seçimində iştirak etmək hüququ vermiş, iddiaçı birinci mərhələdə iştirak etsə də lakin topladığı bal seçdiyi ixtisaslaşmaya qəbul olmaq üçün yetərli olmadığından magistratura pilləsinə qəbul olunmamış, bu barədə nəticələr xx.xx.2021-ci il tarixdə elan edildikdən sonra iddiaçı 2021-ci ilin iyul çağırışı ilə hərbi xidmətə göndərilmişdir. Eyni zamanda iddiaçının hərbi xidmətə aparılmadığı və magistraturaların boş qalan yerləri üzrə ixtisaslaşma seçimində iştirak etmək hüququnu əyani şəkildə realizə etmək imkanı tanınmış olsaydı belə bu zaman onun topladığı balla eyni bal toplamış namizədlə müqayisədə ümumi orta müvəffəqiyyət göstəricisi balı aşağı olduğundan magistratura pilləsinə qəbul olmaq ehtimalı olmamışdır. Başqa sözlə, maddi zərərin baş verməsi üçün cavabdehin qanunsuz hərəkəti ilə iddiaçının təhsil almaq hüququ pozulmamış, nəticə etibarı ilə qəbul olmadığı təhsil pilləsində valideynlərini itirmiş tələbə olaraq dövlət tərəfindən veriləcək təqaüd və güzəştləri əldə etmək imkanından da məhrum qalmamışdır. Bu baxımdan cavabdehin hüquqazidd əməli nəticəsində iddiaçının nə rael, nə də əldən çıxmış fayda şəklində maddi zərərə məruz qaldığı sübuta yetirilməmişdir. Odur ki, iddiaçı maddi zərəri tələb etməkdə haqlı hesab edilə bilməz. Mənəvi zərər tələbi: İddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 noyabr 2008-ci il tarixli 7 nömrəli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Plenum Qərarında göstərilmişdir ki, “Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

4. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər.

8. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.” Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Qeyd edilənləri nəzərə alan məhkəmə iddiaçının cavabdehin əsassız şəhadətləndirilməsi nəticəsində hərbi xidmətə göndərilməsi ilə ona mənəvi ziyan vurulması ilə razılaşır. Belə ki, iddiaçının mənəvi ziyana məruz qalması onda ifadə olunur ki, o hərbi xidmətə göndərildikdən sonra xəstəliyi üzündən kəskin ağırlara məruz qalmış, ilk öncə tibb məntəqəsinə, daha sonra hərbi hospitala yerləşdirilərək, orada stasionar müalicədə olmuş, müalicənin müsbət nəticəsi olmamış və müddətli hərbi xidmətdən vaxtından əvvəl xəsəliyi ilə əlaqədar tərxis edilmişdir. Bütün bunları məhkəmə mənəvi ziyan faktı kimi qiymətləndirərək hesab edir ki, vurulmuş ziyana görə kompensasiya təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 noyabr 2008-ci il tarixli 7 nömrəli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Plenum Qərarının: - 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. -10-cu bəndinə əsasən Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə qeyd edir ki, mənəvi zərərin məbləğinin müəyyən edilməsi ilə bağlı qanunveriiclikdə birbaşa meyarlar olmasa da Plennum Qərarlarındakı mövqedən də aydın olur ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Hər bir halda mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Konstitusiya ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmalıdır. Mənəvi zərərin əvəzinin ödənilməsində məqsəd iddiaçının maddi anlamda hüququnun bərpası demək deyil, burada əsas məqsəd cavabdehin hərəkətlərinin həm də məhkəmələr tərəfindən qanunsuz hesab edilməsi, bununla iddiaçının mənəvi sarsıntı keçirməsinin məhkəmə qərarı ilə təsdiq edilərək mənəvi yükünün azaldılması və eyni zamanda cavabdehin bu cür hərəkətlərə yol verməməsinə “neqativ” anlamda məcburetmədir. Odur ki, maddi zərərdən fərqli olaraq mənəvi zərər maddi itki ilə bağlı olmadığından ona hər hansı maddi dəyər anlamında yanaşılması və qarşılığının da tələb edilən həcmdə maddi təminatla ödənilməsi mütləq deyil. Mənəvi zərərin pulla qarşılanarkən təyin edilən məbləğ törədilmiş hüquq pozuntusu, çəkilən iztiraba uyğun ağlabatan olmaqla bərabər elə bir həddə seçilməlidir ki, bu məbləğ zərərçəkənin maddi anlamda “varlanması” məqsədinə xidmət etməməli və ya bu cür nəticəyə gətirib çıxarmamalıdır. Qeyd edilənləri nəzərə alaraq hazırkı iş üzrə məhkəmə vurulmuş mənəvi ziyanın həcminin 3000 (üç min) manat məbləğində qiymətləndirir və bu məbləği işin hallarına, o cümlədən iddiaçının tibb məntəqəsi, hərbi hospitalda müalicə dövrü də nəzərə alınmaqla 06 aya yaxın müddət ərzində hərbi xidmətdə olduğu müddətə uyğun ağlabatan məbləğ kimi qəbul edir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi ziyanın əvəzi olaraq 3000 (üç min) manat vəsaitin ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon İdarəsinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia tələbi qismən təmin edilsin. İddiaçı vurulmuş mənəvi ziyanın əvəzi olaraq 3000 (üç min) manat vəsaitin ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar