Məhkəmə qərarları › İş №2-1(112)-3674/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3674/2025

03.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3674/2025 03.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Nağdəliyeva (Pirverdyan) Ayida Arsenovnanın cavabdeh Nəsimi Rayon Qeydiyyat Şöbəsinə qarşı “nikah haqqında arayışın və nikahın pozulması haqqında təkrar şəhadətnamənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Nağdəliyeva (Pirverdyan) Ayida Arsenovna cavabdeh Nəsimi Rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək şəxsiyyəti təsdiq edən digər sənəd tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında ididaçının - xx.xx.1954-cü il tarixdə Azərbaycan Respublikasının Ağsu rayonunun Xanbulaq (Gürcüvan) kəndində doğulmuş Nağdəliyeva (nikahdan əvvəlki soyadı: Pirverdyan) Ayida Arsenovnanın - nikahının bağlanmasının xx.xx.1974-cü il tarixdə Bakı şəhəri Səadət Sarayı tərəfindən qeydiyyata alınmasını təsdiq edən nikah haqqında arayışın (nikaha daxil olarkən ona ərinin soyadının (Nağdəliyeva) verildiyi qeyd edilməklə) və nikahının pozulmasının xx.xx.1984-cü il tarixdə Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydiyyata alınmasını təsdiq edən nikahın pozulması haqqında təkrar şəhadətnamənin ona verilməsi vəzifəsinin Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsininin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nağdəliyeva (Pirverdyan) Ayida Arsenovna xx.xx.1954-cü il tarixdə Azərbaycan Respublikasının Ağsu rayonunun Xanbulaq (Gürcüvan) kəndində doğulmuşdur. X4(a) Andreyevna 1927-ci ildə Ağsu rayonunun Xanbulaq kəndində doğulub, o, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində vəfat edib. X5 Andreyeviç xx.xx.1920-ci il tarixdə Ağsu rayonunun Xanbulaq kəndində doğulub, o, xx.xx.2009-cu il tarixdə Rusiya Federasiyasının Krasnodar şəhərində vəfat edib. Ağsu rayon Xanbulaq kənd orta məktəbində oxumuş, amma təhsilini tam başa vurmamışdır, yalnız 5-ci sinfə qədər oxumuşdur. Təxminən 13 yaşı olarkən Bakıda yaşayan bacısının oğluna qulluq etmək üçün Bakıya köçmüş, bacısının Xutor qəsəbəsində yerləşən evində yaşamışdır. xx.xx.1974-cü il tarixdə X6(e)nakoviç ilə nikaha daxil olmuşdur. Nikahları Bakı şəhəri Səadət Sarayı tərəfindən qeydiyyata alınıb. Nikaha daxil olarkən onaə ərinin soyadına uyğun olaraq “Nağdəliyeva” sovadı verilib. xx.xx.1984-cü il tarixdə nikahın pozulması Nəsimi ravon Qeydiyyat Şöbəsi tərəfindən qeydiyyata alınıb. Nikahı pozularkən iddiaçı nikahı qeydə alınan zaman keçdiyi soyadı saxlamış - nikahdan əyyəlki soyadını bərpa etməmişdir. Keçmiş əri xx.xx.1951 -ci ildə İsmayıllı rayonunda doğulub, o, 1988-ci ildə Rusiya SFSR- in Krasnodar vilayətinə getmək adıyla Azərbaycanı tərk edib və bir daha geri qayıtmayıb. Onun harada yaşaması haqqında məlumatı olmayıb. Yalnız ikinci həyat yoldaşının keçmiş qaynına göndərdiyi teleqramdan aydın olub ki, o, 2003-cü ildə vəfat edib. İddiaçı xx.xx.1978-ci il tarixdə Ağsu rayonunun İcraiyyə Komitəsinin Daxili İşlər Şöbəsi tərəfindən VİƏKT seriyalı, 589159 nömrəli SSRİ vətəndaşının pasportu ilə təmin edilmişdir. xx.xx.1987-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 14-15ci kvartal, 7 saylı yataqxananın 19 saylı mənzilində yaşayış yeri üzrə qeydiyyata alınmışdır. 2005-ci ildə hüquqi qüvvəsini itirmiş Vİ-3KF seriyalı, 589159 nömrəli SSRİ nümunəli pasportunu 2014-cü ildə itirmişdir. Həmin pasportunun yalnız surəti qalıb. Doğum haqqında şəhadətnamə isə Bakıya köçərkən Ağsu rayonunun Gürcüvan (indiki Xanbulaq) kəndində yerləşən ata evində qalıb, sonradan münaqişələrə görə həmin evi atasıgil tərk edərkən köçhaköç zamanı onun doğum haqqında şəhadətnaməsi itib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başlayanda ünvan 1 ünvanında keçmiş ərinin ailəsinə məxsus (gəlin köçdüyü) evdə yaşayırdı. 1988-ci ildə polislər yaşadığı evə gəlib onu uşaqlarıyla birlikdə “Şəfa kinoteatrı”na apardılar, lakin soyadının azərbaycanlı soyadı olduğu üçün Ermənistanda təqib oluna biləcəyindən ehtiyat edib onları Ermənistana göndərmədilər. Ondan sonra “28 may metrostansiyası" tərəfdə bir erməni ailəsinin tərk etdiyi evə köçüb orada məskunlaşdılar, 1992-ci ilə qədər orda yaşadılar, sonra onları həmin mənzildən çıxartdılar. Həmin vaxtdan etibarən Bakı şəhərində müxtəlif ünvanlarda kirayə evlərdə yaşamağa başladılar. Hal-hazırda, ünvan 3 ünvanında oğlu, qızı və nəvəsilə birgə yaşayır. xx.xx.2021-ci il tarixdə Ağsu rayon Qeydiyyat Şöbəsinə müraciət edərək “onu doğum haqqında təkrar şəhadətnamə ilə təmin etmələrini" xahiş etdi. Lakin şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün Ağsu rayon Qeydiyyat Şöbəsi doğum haqqında təkrar şəhadətnamənin verilməsindən imtina etdi. xx.xx.2021-ci il tarixdə “doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin Ağsu rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi” tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etdi. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-112/2022 saylı. xx.xx.2022-ci tarixli qərarı ilə ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsi Ağsu rayon Qeydiyyat şöbəsinə həvalə edildi. Yalnız bundan sonra Ağsu rayon Qeydiyyat Şöbəsi xx.xx.2022-ci il tarixdə onu doğum haqqında təkrar şəhadətnamə ilə təmin etdi. Artıq onun 70 yaşı var, lakin şəxsiyyətini və vətəndaşlığını təsdiq edən heç bir sənədi yoxdur. Bu səbəbdən də, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi himayəyə götürülmüşdür. Hazırda sənədləşmə işi ilə bağlı ona nikaha daxil olarkən soyadını dəyişdirdiyini və nikahı pozularkən nikahdan əvvəlki soyadını bərpa etmədiyini təsdiq edən sənəd lazımdır. Belə ki, onun doğum haqqında şəhadətnaməsində soyadı “Pirverdyan”, SSRİ nümunəli pasportunda isə nikahdan sonrakı soyadına uyğun olaraq “Nağdəliyeva” qeyd edilib. O, xx.xx.1974-cü il tarixdən etibarən "Nağdəliyeva" soyadını daşıyır. Buna görə də, doğum haqqında şəhadətnamədə adı qeyd edilmiş “X3"nın SSRİ nümunəli pasportdakı “X2” olduğunu təsdiq edə bilməyi üçün onun nikahı haqqında arayış və nikahının pozulması haqqında şəhadətnamə təqdim etməyi lazımdır. Onun nikahının pozulması Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydiyyata alınıb. Bu səbəbdən də xx.xx.2024cü il tarixdə Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinə müraciət edərək ondan şəxsiyyəti təsdiq edən digər sənəd tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ona verilmiş himayə sənədi, onun Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında mənə nikah haqqında arayış (nikaha daxil olarkən ərimin soyadının (Nağdəliyeva) verildiyi qeyd edilməklə) və nikahın pozulması haqqında şəhadətnamə verilməsini xahiş etdi. Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-1854/2024 nömrəli məktubla (həmin cavab məktubu rəsmi şəkildə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir) müraciətinə imtina cavabı vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının xx.xx.2024-cü il tarixdə verilmiş və xx.xx.2025-ci il tarixədək etibarlı olan ***-*******2 №-li “Himayə Sənədi”dən görünür ki, sənəd xx.xx.1954-cü il tarixdə anadan olmuş Nağdəliyeva Aidaya verilmişdir. Bu sənədi daşıyan şəxs BMT QAK-ın mandatı altında olan şəxsdir. BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin hökümət orqanlarından adı çəkilən şəxsin Azərbaycan Respublikası ərazisində qalmasına şərait yaradılmasını və məcburi geri qaytarılmasının qarşısının alınmasını xahiş etdiyi və sənədin surətinin Daxili işlər Nazirliyinə, Xarici İşlər Nazirliyinə və Dövlət Miqrasiya Xidmətinə göndərilməsi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-37/2-N-4237-xx-xx- 5988/2024 nömrəli Arayışında qeyd olunur ki, Verilir, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin himayəsində olan, vətəndaşlığı olmayan şəxs, 2 yanvar 1954-cü il təvəllüdlü Aida Nagdaliyevaya (himayə sənədi N ***-*******2) ondan ötrü ki, o, Dövlət Miqrasiya Xidməti tərəfindən 14 may 2024cü il tarixindən 31 may 2025-ci il tarixinədək ünvan 3 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. Bakı Şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-1854/2024 nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 dövlət qeydiyyatı Qaydası”nın 9.7-ci bəndinə əsasən 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Eyni zamanda həmin “Qayda”nın 1.14-cü bəndinə görə X1 dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydiy tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır”. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı formada imtina cavabı almışdır. Beləliklə, bu növ iddia üzrə xüsusi mümkünlük şərti ödənilir. İddia mahiyyət üzrə əsaslı iddiadır. Belə ki, iddia tələbindən və iş materiallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1954-cü il tarixdə Azərbaycan Respublikasının Ağsu rayonunun Xanbulaq kəndində doğulmuş, o, 1990-cı ildən etibarən Azərbaycan Respublikasında daimi yaşayır, şəxsiyyəti ilə bağlı məhkəmə qərarı əsasında verilmiş AZ-T 195772 nömrəli doğum haqqında şəhadətnamə, Vİ-ЖГ 589159 nömrəli xx.xx.1978-ci il tarixli SSR pasportu vardır. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının xx.xx.2024-cü il tarixli ***-*******2 №-li “Himayə Sənədi”nə əsasən, BMT QAK-ın mandatı altında olan şəxsdir, 14 may 2024-cü il tarixindən 31 may 2025-ci il tarixinədək ünvan 3 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. Eyni zamanda məhkəmə sorğusuna əsasən ƏN X1 Arxivinin xx.xx.2024-cü il tarixli məktubu ilə Pirverdyan (nikahdan sonra Nağdəliyeva) Ayida Arsenovnanın xx.xx.1974-cü il tarixli 4134 nömrəli nikahın bağlanması haqqında akt qeydinin, Ədliyyə Nazirliyinin Notariat, Qeydiyyat və Reyestr İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə Nağdəliyeva (Pirverdyan) Ayida Arsenovnanınxx.xx.1984-cü il tarixli 261 nömrəli boşanma haqqında akt qeydinin surəti məhkəməyə təqdim edilmişdir. Hazırda iddiaçı nikahının bağlanmasının xx.xx.1974-cü il tarixdə Bakı şəhəri Səadət Sarayı tərəfindən qeydiyyata alınmasını təsdiq edən nikah haqqında arayışın (nikaha daxil olarkən ona ərinin soyadının (Nağdəliyeva) verildiyi qeyd edilməklə) və nikahının pozulmasının xx.xx.1984-cü il tarixdə Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydiyyata alınmasını təsdiq edən nikahın pozulması haqqında təkrar şəhadətnamə ilə təmin edilməsi zərurəti yaranmışdır. Bununla əlaqədar cavabdeh Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin cavabdeh orqan iddiaçının şəxsiyyət vəsiqəsini təqdim etmədiyini əsas gətirərək müraciətin təminindən imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: -3.0.2-ci maddəsinə əsasən vətəndaşlığı olmayan şəxs - heç bir dövlət tərəfindən onun qanununa əsasən vətəndaş hesab edilməyən şəxsdir. -21.1-ci maddəsinə görə Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir). -21.6-cı maddəsinə əsasən BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır. -74.1-ci maddəsinə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunda və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilərlər. -74.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində yaşayan və ya müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 dövlət qeydiyyatı Qaydası”nın: -1.4-cü bəndinə görə Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, X1 qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X1 dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. -1.14-cü bəndinə görə X1 dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydiy tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. -9.1-ci bəndinə əsasən X1 qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında X1 qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, X1 qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. -9.2-ci bəndinə görə təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası X1 arxivinə, Naxçıvan Muxtar Respublikası X1 arxivinə təqdim edirlər. -9.7-ci bəndinə görə yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, sosial xidmət müəssisələrinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. -9.8-ci bəndinə görə qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası X1 arxivinə, Naxçıvan Muxtar Respublikası X1 arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. -9.9-cu bəndinə əsasən X1 qeydiyyatı haqqında təkrar şəhadətnamələr vətəndaşlıq vəziyyəti akt qeydlərinə və ya kağızı kitablarına uyğun yazılır. Sadalanan normaların tələblərindən çıxış edərək məhkəmə qeyd edir ki, qanunvericilik aktlarında vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənəd kimi himayə sənədi müəyyən olunmasa da Azərbaycan Respublikası Miqrasiya Məcəlləsində həmin sənəd şəxsin şəxsiyyəti müəyyən edilməklə yaşadığı yer üzrə qeydə alınması üçün əsas hesab olunur. Hazırkı iş üzrə iddiaçı vətəndaşlığı olmayan şəxsdir və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən vətəndaşlığı olmayan şəxs kimi himayəyə götürülmüşdür. Bu barədə ona himayə sənədi verilmiş və Dövlət Miqrasiya Xidməti həmin himayə sənədi əsasında iddiaçının vətəndaşlığı olmayan şəxs kimi statusunu tanıyaraq onu olduğu ünvan üzrə qeydiyyata almışdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçıdan şəxsiyyəti təsdiq edən digər sənəd tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında iddiaçının - xx.xx.1954-cü il tarixdə Azərbaycan Respublikasının Ağsu rayonunun Xanbulaq (Gürcüvan) kəndində doğulmuş Nağdəliyeva (nikahdan əvvəlki soyadı: Pirverdyan) Ayida Arsenovnanın - nikahının bağlanmasının xx.xx.1974-cü il tarixdə Bakı şəhəri Səadət Sarayı tərəfindən qeydiyyata alınmasını təsdiq edən nikah haqqında arayışın (nikaha daxil olarkən ona ərinin soyadının (Nağdəliyeva) verildiyi qeyd edilməklə) və nikahının pozulmasının xx.xx.1984-cü il tarixdə Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydiyyata alınmasını təsdiq edən nikahın pozulması haqqında təkrar şəhadətnamənin ona verilməsi cavabdeh Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı Nağdəliyeva (nikahdan əvvəlki soyadı Pirverdyan) Ayida Arsenovnadan şəxsiyyəti təsdiq edən digər sənəd tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında iddiaçının - xx.xx.1954-cü il tarixdə Azərbaycan Respublikasının Ağsu rayonunun Xanbulaq (Gürcüvan) kəndində doğulmuş Nağdəliyeva (nikahdan əvvəlki soyadı Pirverdyan) Ayida Arsenovnanın - nikahının bağlanmasının xx.xx.1974-cü il tarixdə Bakı şəhəri Səadət Sarayı tərəfindən qeydiyyata alınmasını təsdiq edən nikah haqqında arayışın (nikaha daxil olarkən ona ərinin soyadının (Nağdəliyeva) verildiyi qeyd edilməklə) və nikahının pozulmasının xx.xx.1984-cü il tarixdə Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydiyyata alınmasını təsdiq edən nikahın pozulması haqqında təkrar şəhadətnamənin ona verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar