Məhkəmə qərarları › İş №2-1(112)-3675/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3675/2023

10.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3675/2023 10.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, İddiaçı Cavabdehə qarşı “mənzillə təmin olunma” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1994 cü il tarixdən mənzil növbəsinə əsasən mənzil növbəsi ilə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 1994-cü il yanvar ayından Bakı Şin zavodunda gənc mütəxəsis kimi növbəli şəkildə zəhərli sexlərdə işləmişdir. İşlədiyi vaxt xx.xx.1994-cü il tarixli, 43 N-li Sərəncama əsasən mənzil növbəsinə yazılmışdır. Bakı Şin zavodu bağlandıqdan sonra mənzil növbəsində olan işçilərin siyahısı Bakı şəhəri Cavabdehin ümumi mənzil siyahısına salınmışdır. Ümumi siyahı üzrə iddiaçının mənzil növbəsi 10 (on) il bundan qabaq çatıb. Bununla bağlı Nərimanov İcra Hakimiyyəti iddiaçıya məlumat verməyib, nə də bu günə kimi mənzil ilə təmin etməyib. İddiaçı Cavabdehdə qəbulda olsa da, verilən cavab onu qane etməmişdir. İddiaçı bildirir ki, o, gənc mütəxəsis kimi zəhərli zavodda işləmiş, işlədiyi vaxt kimyəvi madələrə görə zavod rəhbərliyi tərəfindən müalicə almışdır. Hal-hazırda zəhərin təsiri övladına keçdiyi üçün tez-tez müalicə alır. Kirayədə qalır, polisin inzibati binasında pasport qeydiyyatındadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində tələbə etiraz edərək bildirmişdir ki, İddiaçı Cavabdeh (RİH) başçısının xx.xx.1994-cü il tarixli 43 №-li Sərəncamı ilə iş yeri üzrə "xxxx" İstehsalat Birliyində (keçmiş Bakı Şin zavodu) gənc mütəxəssis kimi mənzil növbəsinə götürülmüşdür. "xxxx" İstehsalat Birliyinin hüquqi varisi "xxxx" ASC xx.xx.2021-ci il tarixli, 01/10/78 №-li məktubu ilə Cəmiyyətin mənzil tikinti işləri ilə maliyə təminatının olmaması ilə əlaqədar, İddiaçı mənzil uçot işini sonuncunun şəxsi tələbi ilə Cavabdehə göndərmişdir. Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli 145 №-li Sərəncamı ilə İddiaçı iş yeri üzrə "xxxx" ASC-də xx.xx.1994-cü il tarixdən olan mənzil-uçot işi üzrə mənzil növbəliliyi yaşayış yeri üzrə Cavabdehə köçürülmüş, ailə tərkibi hal-hazırda 2 nəfərdən (özü, qızı) olmaqla vətəndaşların ümumi əsaslarla olan növbəlilik siyahısına daxil edilmişdir. XX çağırış Bakı Şəhər Xalq Deputatları Soveti (XDS) 4-cü sessiyasının 1988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaların”ın 13-cü maddəsinə (İİİ fəsil) əsasən, “Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşlar bir qayda olaraq yaşayış yeri üzrə rayon XDS-in İcraiyyə Komitələrində uçota alınırlar.” Həmin qaydaların 14cü maddəsinin 1-ci hissəsinə əsasən, “Mənzil fonduna malik olan, yaşayış evləri tikən, yaxud mənzil tikintisində payçı kimi iştirak edən müəssisələrdə və təşkilatlarda işləyən vətəndaşlar mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna iş yerində götürülürlər, arzu etdikdə isə onlar yaşayış yerində də uçota götürülə bilərlər. Həmin müəssisələrdən, idarələrdən və təşkilatlardan pensiyaya çıxması ilə əlaqədar işdən getmiş vətəndaşlar da yuxarıda göstərilən vətəndaşlarla bərabər uçota götürülürlər.” Həmin maddənin 3-cü hissəsinə əsasən, “mənzil fonduna malik olan yaşayış evləri tikən, yaxud mənzil tikintisində payçı kimi iştirak edən müəssisələrin, idarə və təşkilatların yataqxanalarında yaşayan şəxslər mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna ancaq iş yerində götürülürlər.” Qeyd olunmalıdır ki, İddiaçı Bakı Şin zavodunun Həmkarlar Təşkilatı ilə birgə təsdiq olunan xx.xx.1994-cü il tarixli, 104 saylı protokol ilə F.Xoyski prospekti 140 a-da yataqxanada yaşayış üçün otaq verilib. Həmçinin bildiririk ki, müəssisə, idarə və təşkilatlarda işləyən və mənzil növbəsinə götürülmüş vətəndaşlar üçün tikilməli olan yaşayış evləri (binaları) həmin təşkilatlar tərəfindən Bakı şəhər XDS-yə (hazırki Bakı Şəhər İcra Hakimiyyəti) köçürülmüş pul vəsaitləri hesabına aparılırdı. Yaşayış binaları tikilib istismara verildikdən sonra bina üzrə mənzillərin 10%-i nisbətində mənzillər yaşayış yerləri üzrə mənzil növbəsinə götürülmüş vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması üçün Bakı şəhər XDS-nin Sərəncamına verilirdi. Bakı şəhər XDS isə ayrılmış olan mənzilləri öz növbəsində növbəlilik prinsipinə əməl etməklə rayon XDS-lərinə mütənasib qaydada bölünürdü. 1991-ci ildə Azərbaycan Respublikası öz müstəqilliyini elan etdikdən sonra keçid dövründə demək olar ki, Respublika və Ümumiittifaq tabeli bütün müəssisələr tədricən maliyyə böhranı səbəbindən öz fəaliyyətlərini dayandırdığından iş və yaşayış yeri üzrə ümumi əsaslarla mənzil növbəsinə götürülmüş şəxslərin yaşayış sahələri ilə təmin edilməsi tədricən hər cür hüquqi mənasını itirdi. Bildiririk ki, 2009-cu il oktyabrın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsində hazırkı iddia tələbi üzrə mənzillə təmin olunma ilə bağlı Cavabdehin üzərinə hər hansı öhdəliyin qoyulması barədə müddəalar yoxdur. Göründüyü kimi, mənzillə təmin olunma öhdəliyi Cavabdehin üzərinə qoyula bilməz. Həmçinin iddiaçı yuxarıda qeyd olunan məsələlərin aydınlaşdırılmasına dair məhkəməyə hər hansı dəlil təqdim etməmişdir. Bu səbəblə qeyd olunan tələb üzrə vəzifənin cavabdehin üzərinə qoyulması tamamilə əsassızdır. Yuxarıda göstərilənlər bir daha təsdiq edir ki, İddiaçı Cavabdehə qarşı iddia tələbi tam əsassızdır və bu səbəbdən onun iddia ərizəsi məhkəmə tərəfindən təmin olunmamalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək bildirdi ki, 1994-cü il tarixdən iş yeri üzrə gənc mütəxəssis kimi mənzil növbəsinə götürülsə də, Cavabdeh tərəfindən hazıradək mənzillə təmin edilməyib. Halbuki, gənc mütəxəssis kimi növbədənkənar qaydada yaşayış sahəsi ilə təmin edilməli idi. 30 ilə yaxın müddət keçsə də, ona mənzil verilməyib. Göstərilənlərə əsasən iddiasının təmin edilməsini və ona yaşayış sahəsi verilməsi öhdəliyinin Cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri Cavabdehin oxşar məzmunlu xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli imtina məktublarından görünür ki, iddiaçı Cavabdeh Başçısının xx.xx.2022-ci il tarixli, 145 №li Sərəncamı ilə iş yeri üzrə (Azərşin İB) xx.xx.1994-cü il tarixindən olan mənzil növbəliliyi yaşayış yeri üzrə Cavabdehə köçürülmüş və vətəndaşların ümumi əsaslarla olan növbəlilik siyahısına daxil edilmişdir. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan bu və ya digər əsaslarla yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüş şəxslərin yaşayış sahələri ilə təmin edilməsi Azərbaycan Respublikası mənzil qanunvericiliyinin tələbləri qaydasında növbəlilik prinsipi əsasında müvafiq qurumlar tərəfindən həyata keçirilir. Cavabdehin mənzil fondu olmadığından iddiaçıya müvafiq köməklik göstərilməsi üçün cavabdeh tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə müraciət olunmuşdur. -Cavabdeh başçısının xx.xx.1994-cü il tarixli 43 nömrəli sərəncamının arxiv surətindən görünür ki, "xxxx" İstehsalat Birliyi müdiriyyətinin və HİK-in 11 avqust 1994-cü il tarixli, 107 nömrəli birgə qərarı ilə İddiaçı 3 nəfər (özü, 2 oğlu) ailə tərkibi ilə gənc mütəxəssis kimi mənzil növbəsinə qəbul edilməsi, İH-nin MMK-sının xx.xx.1994-cü il tarixli 49 nömrəli qərarı ilə bu qərarın təsdiq edilməsi ilə bağlı tövsiyəsinə əsaslanaraq "xxxx" İB-nin işçisi İddiaçı 3 nəfər ailə tərkibi ilə gənc mütəxəssis kimi mənzil növbəsinə qəbul edilmiş və onun mənzil işi “Aəzrşin” İB-yə qaytarılmışdır. -İddiaçı tərəfindən Cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, o, iş yeri üzrə "xxxx" ASC-də olan mənzil növbəliliyinin yaşayış yeri üzrə köçürülməsini xahiş etmişdir. -Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 145 №-li Sərəncamının təsdiq edilmiş surətindən görünür ki, vətəndaş İddiaçı iş yeri üzrə mənzil-uçot işi üzrə mənzil növbəliliyinin yaşayış yeri üzrə Nərimanov RİH-ə köçürülməsi barədə ərizəsi və "xxxx" İB-nin hüquqi varisi "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli məktubuna əsasən İddiaçı iş yeri üzrə "xxxx" ASC-də xx.xx.1994-cü il tarixdən olan mənzil-uçot işi üzrə mənzil növbəliliyi ailə tərkibi 1 nəfər (özü) olmaqla yaşayış yeri üzrə Cavabdehə köçürülmüş və vətəndaşların ümumi əsaslarla olan növbəlilik siyahısına daxil edilmişdir. -Cavabdeh Başçısının xx.xx.2022-ci il tarixli, 229 №-li Sərəncamının təsdiq edilmiş surətindən görünür ki, iddiaçının yaşayış yeri üzrə Bakı şəhər Cavabdehdə olan mənzil-uçot işi üzrə ailə tərkibi siyahısında dəyişiklik edilmiş və qızı X2 onun ailə tərkibi siyahısına daxil edilmişdir. -"xxxx" ASC tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə təqdim edilmək üçün verilmiş xx.xx.2021-ci il tarixli 01/77 №-li arayışın surətindən görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixli 107 saylı Bakı Şin zavodunun Həmkarlar Komitəsinin (indiki "xxxx" ASC) protokolu ilə 3 nəfər ailə tərkibilə mənzil növbəsinə alınmışdır. Bu protokol Cavabdeh Başçısının 43 saylı xx.xx.1994-cü il tarixli sərəncamı ilə təsdiq olunmuşdur. Mənzil növbəliliyi siyahısında 581-ci adamdır. Hal-hazırda "xxxx" ASC-də ev tikintisi işləri aparılmır. - "xxxx" ASC tərəfindən Bakı şəhəri Nərimanov RİH-ə ünvanlanmış xx.xx.2021-ci il tarixli 01/10/78 saylı məktubda qeyd olunmuşdur ki: İddiaçı mənzil qeydiyyat işi şəxsi tələbi ilə Sizə göndərilir. Qeyd: "xxxx" Açıq Səhmdar Cəmiyyəti mənzil tikinti işləri ilə maliyyə təminatının olmaması üzündən məşğul olmur. surətindən görünür ki, həmin müəssisə mənzil tikinti işləri ilə maliyyə təminatının olmaması səbəbindən məşğul olmur. -Məhkəmənin sorğusuna cavab olaraq Cavabdeh Başçısının Aparatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, “Cavabdeh Başçısının xx.xx.1994-cü il tarixli, 43 №-li Sərəncamı ilə "xxxx" İstehsalat Birliyi müdiriyyətinin və Həmkarlaq Təşkilatının 11 avqust 1994-cü il tarixli, 107 №-li birgə qərarı təsdiq edilmiş, "xxxx" İstehsalat Birliyinin işçisi İddiaçı 3 nəfər (özü, 2 oğlu) ailə tərkibi ilə gənc mütəxəssis kimi iş yeri üzrə mənzil növbəsinə götürülmüş, mənzil uçotu işi "xxxx" İstehsalat Birliyinə qaytarılmışdır. Qeyd edilənlərdən göründüyü kimi sonrakı mərhələdə İddiaçı növbəlilik siyahısına salınması, həmin siyahıda neçənci şəxs olması, ondan sonrakı siyahıda olan hansı şəxslərin yaşayış sahəsi ilə təmin olunub-olunmaması "xxxx" İstehsalat Birliyinin səlahiyyətlərinə aid olmuşdur və bu barədə Cavabdehdə hər hansı məlumat yoxdur”. İşin faktiki hallarından görünür ki, iddiaçı Cavabdehin xx.xx.1994-cü il tarixli Sərəncamı ilə "xxxx" İB-nin işçisi olaraq gənc mütəxəssis kimi mənzil növbəsinə qəbul edilmiş və onun mənzil uçot işi "xxxx" İB-yə qaytarılmışdır. Sonradan Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 145 №-li Sərəncamı ilə iddiaçının iş yeri üzrə mənzil növbəliliyinin yaşayış yeri üzrə Nərimanov RİH-ə köçürülməsi barədə ərizəsi və "xxxx" İB-nin hüquqi varisi "xxxx" ASC-nin müraciəti nəzərə alınaraq xx.xx.1994-cü il tarixdən olan mənzil-uçot işi üzrə mənzil növbəliliyi ailə tərkibi 1 nəfər (özü) olmaqla yaşayış yeri üzrə Cavabdehə köçürülmüş və o, vətəndaşların ümumi əsaslarla olan növbəlilik siyahısına daxil edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli arayışına əsasən iddiaçı mənzil növbəliliyi siyahısında 581-ci şəxsdir. İddiaçı hesab edir ki, onun mənzil növbəsi çoxdan çatmışdır, bundan başqa o, gənc mütəxəssis kimi növbədənkənar qaydada yaşayış sahəsi ilə təmin edilməli idi. İddiaçı bu məqsədlə cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. İddia tələbindən, iş materiallarından və iddiaçının məhkəmə iclaslarında verdiyi izahatdan göründüyü kimi, hazırkı tələb üzrə iddiaçının məqsədi gənc mütəxəssis kimi götürüldüyü mənzil növbəsi üzrə yaşayış sahəsi ilə təmin edilməsindən ibarətdir. Belə ki, iddiaçının mənzil növəbsində olması işin mübahisəsiz halını təşkil edir. Bu baxımdan, məhkəmə iddia ərizəsində “mənzil növbəsi ilə təmin edilmə” tələbini formal xəta hesab edir və tələbin “mənzillə təmin edilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul edir. Məhkəmə iddianın mahiyyəti ilə bağlı gəldiyi nəticəni əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına istinad edir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş əvvəlki Mənzil Məcəlləsinin 31.1-ci maddəsinə əsasən, mənzil fondu olan və mənzil tikən yaxud mənzil tikintisində pay vəsaiti ilə iştirak edən müəssisələrdə, idarələrdə, təşkilatlarda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həm iş yerində, həm də öz arzularına görə yaşayış yerində uçota götürülürlər. Həmin Məcəllənin 32-ci maddəsinə əsasən, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürmək, habelə vətəndaşlara yaşayış sahəsi verilməsinin növbəliliyini təyin etmək qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSRin digər qanunvericiliyi ilə müəyyən olunur. Həmin Məcəllənin 36-cı maddəsinə əsasən, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotunda dayanan vətəndaşlara yaşayış sahəsi siyahılarla müəyyən edilmiş növbəlilik qaydasında, uçota götürülmə vaxtı əsas tutularaq və həmin yaşayış məntəqəsində istifadəyə verilən və boşalan mənzil sahəsinin həcmindən asılı olaraq verilir. Həmin Məcəllənin 36-cı maddəsinin 3-cü hissəsinə əsasən, iş yerində uçota götürülmüş vətəndaşlar barəsində növbəlilik - qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, müəssisə, idarə və təşkilatın həmkarlar ittifaqı komitəsi ilə birlikdə müdiriyyət tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 39-cü maddəsinə əsasən, yaşayış sahəsi mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan aşağıdakı şəxslərə birinci növbədə verilir: Böyük Vətən müharibəsi əlillərinə, həlak olmuş və ya xəbərsiz itkin düşmüş döyüşçülərin (partizanların) ailələrinə və müəyyən edilmiş qaydada onlara bərabər tutulan şəxslərə; X1, Sosialist Əməyi Qəhrəmanlarına, habelə Şöhrət, Əmək Şöhrəti, “SSRİ Silahlı Qüvvələrində Vətənə xidmət etməyə görə” ordenlərinin hər üç dərəcəsi ilə təltif edilmiş şəxslərə; SSR İttifaqı qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təsdiq olunan xəstəliklər siyahısında göstərilmiş bəzi xroniki xəstəliklərin ağır formalarına tutulmuş şəxslərə; vətəndaş müharibəsi və Böyük Vətən müharibəsi dövründə, SSRİ-nin müdafiəsi uğrunda başqa döyüş əməliyyatları zamanı döyüşən ordunun tərkibində olmuş şəxslərə, vətəndaş müharibəsinin və Böyük Vətən müharibəsinin partizanlarına, habelə SSRİ-nin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş başqa şəxslərə; İ və İİ qrup əmək əlillərinə, əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə və hərbi qulluqçular sırasından olan İ və İİ qrup əlillərə; dövlət vəzifəsini və ya ictimai vəzifəni icra edərkən, insan həyatını xilas etmək, sosialist mülkiyyətini və hüquq qaydasını mühafizə etmək üçün SSRİ vətəndaşı borcunu yerinə yetirərkən həlak olmuş yaxud bədbəxt hadisə nəticəsində istehsalatda həlak olmuş şəxslərin ailələrinə; istehsal sahəsində uzun müddət vicdanla işləmiş fəhlələrə və qulluqçulara; “Qəhrəman ana” adı verilmiş yaxud “Analıq şərəfi” ordeni və ya “Analıq medalı” ilə təltif olunmuş analara, çoxuşaqlı ailələrə və tək analara; əkiz uşaq doğulan ailələrə. SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə vətəndaşların başqa kateqoriyalarına da yaşayış sahəsini birinci növbədə almaq hüququ verilə bilər. Həmin Məcəllənin 39-cu maddəsinə əsasən, yaşayış sahəsi aşağıdakılara növbədənkənar verilir: təbii fəlakət nəticəsində mənzili yaşayış üçün yararsız hala düşmüş vətəndaşlara; dövlət uşaq müəssisəsindən, qohumlarının, qəyyumunun və ya himayəçisinin yanından qayıdanların əvvəllər yaşadıqları sahəyə hüququnun qanunla saxlanıldığı, lakin bu sahəyə köçmək mümkün olmadığı hallarda həmin şəxslərə, habelə əvvəllər mənzil sahəsi olmayan valideyn himayəsindən məhrum olan uşaqlara; aspiranturanı, klinik ordinaturanı, ali, orta ixtisas, texniki peşə və digər tədris müəssisələrini bitirən və təyinat əsasında başqa yerə köçməklə əlaqədar işə göndərilən şəxslərə; qanunsuz məhkum olunmuş və sonralar təmizə çıxarılmış, əvvəlki yaşayış sahəsini qaytarmaq mümkün olmayan vətəndaşlara; Hər hansı təhsil müəssisəsini bitirən, əhaliyə sosial xidmət müəssisələrindən buraxılan, azadlıqdan məhrumetmə müəssisələrindən azad olunan, əvvəllər mənzil sahəsi olmayan yaxud əvvəllər yaşamış olduqları mənzil sahəsinə köçməsi mümkün olmayan, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslərə; SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində nəzərdə tutulmuş başqa hallarda. xx.xx.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir (48.1). Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir (48.2.). Həmin Məcəllənin 51.3-cü maddəsinə əsasən, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. Həmin Məcəllənin 56.2-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsinə əsasən növbədənkənar yaşayış sahələri aşağıdakılara verilir: 56.2.1. yaşayış sahələri qanunla nəzərdə tutulmuş qaydada yaşamaq üçün yararsız və təmir və ya bərpa edilə bilinməyən hesab edilmiş vətəndaşlara; 56.2.2. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, təhsil müəssisələrində və digər müəssisələrdə, o cümlədən sosial xidmət müəssisələrində, ögey ailələrdə, ailə tipli uşaq evlərində qalma müddətləri başa çatmış, üzərində himayəçiliyə (qəyyumluğa) xitam verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti başa çatmış və ya penitensiar müəssisələrindən qayıtmış valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar sırasından olan şəxslərə; 56.2.3. bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşlara. Bundan başqa, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2015-ci il 21 dekabr tarixli 1633 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli sərəncamlarının 1-ci hissələrində nəzərdə tutulmuş şəxslərin, habelə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda uçota alınmış yuxarıda qeyd edilən sərəncamlara uyğun kateqoriyadan olan 2020-ci il ərzində uçota götürülmüş şəxslərin, eləcə də bu Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan, gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə istifadə edilməsi müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının həm mənzil növbəsinə götürüldüyü dövrdə qüvvədə olmuş, həm də hazırda qüvvədə olan Mənzil Məcəlləsində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış növbədənkənar qaydada mənzillə təmin edilə bilən şəxslərin dairəsi konkret göstərilmiş, həmçinin istinad olunan 492S saylı Sərəncamla mənzil məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulan imtiyazlı şəxslər kateqoriyası müəyyən edilmişdir. Lakin iddiaçının mənzil növbəsinə götürüldüyü “gənc mütəxəssis” kateqoriyası bu imtiyazlı şəxslər sırasına aid edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, istər köhnə Mənzil Məcəlləsinin yuxarıda istinad olunan 36cı maddəsinə, istərsə də hazırkı Mənzil Məcəlləsinin 56.1-ci maddəsinin tələbinə əsasən, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotunda dayanan vətəndaşlara yaşayış sahəsi siyahılarla müəyyən edilmiş növbəlilik qaydasında, uçota götürülmə vaxtı əsas tutularaq verilməsi təsbit edilmişdir. Hazırkı halda isə iddiaçı cavabdeh tərəfindən onun mənzil növbəsinin ötürülməsini təsdiq edən hər hansı əsaslı sübut təqdim etməmişdir. Halbuki, İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddia öhdəliyin icrası növünə aid olduğundan qeyd olunan iddialar üzrə həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı məhkəməyə bunun əksini təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı yaşayış sahjəsi ilə növbədənkənar qaydada təmin edilməli olan imtiyazlı şəxslər sırasına aid olmadığından və onun mənzil növbəsinin ötürülməsini təsdiq edən hallar müəyyən edilmədiyindən cavabdeh Bakı şəhəri Cavabdehin imtinası qanunazidd sayıla və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Odur ki, iddia əsassız olduğunan təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar