Məhkəmə qərarları › İş №2-1(112)-3676/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3676/2021

26.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3676/2021 26.01.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlu, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı cavabdehin iddiaçı barəsində olan xx xxxx 2020-ci il tarixli 11 saylı əmrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5452/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə hazırkı işin ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1963/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə məhkəmələr arasında aidiyyətlə bağlı fikir ayrılığı olduğuna görə iş məhkəmə aidiyyətinin həll edilməsi üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 2-1(104)-742/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə işin məhkəmə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apelyasiya instansiyası vurğulamışdır ki, İddiaçı xidmət etdiyi hərbi hissə ilə xidməti hüquq münasibətlərinə hazırda mübahisələndirilən əmrlə xitam verilmişdir, yəni İddiaçı şəxsiyyət vəsiqəsində qeyd olunan qeydiyyat ünvanı onun xidməti yaşayış yeri və yaxud olduğu yer hesab edilə bilməz. Apelyasiya instansiyası İddiaçı yaşayış yerinin Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi 254 olduğuna görə işin baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərarına gəlmişdir. Hazırkı iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilsə də, məhkəmə özünü səlahiyyətli saymayaraq aşağıdakıları qeyd edir: Mövcud qanunvericiliyə əsasən vətəndaşın inzibati orqanla xidməti hüquq münasibətlərinə xitam verilməsi onun xidməti yaşayış sahəsindən və ya yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasına əsas deyildir. Həmçinin müvafiq qanunvericilikdə xidməti hüquq münasibətlərinə xitam verilməsi də müvafiq kirayə müqaviləsinin ləğvi əsası olaraq müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 may tarixli, 86 nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası”nın 2.1-ci bəndinə əsasən xidməti yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xidməti yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən kirayə müqaviləsi tərəflərin razılaşması ilə istənilən vaxt ləğv edilə bilər. Xidməti yaşayış sahəsinin kirayəçisi istənilən vaxt kirayə müqaviləsini ləğv edə bilər. Göründüyü kimi, xidməti yaşayış sahəsi müvafiq şəxslərə kirayə müqavilələri əsasında verilir və həmin kirayə müqaviləsi tərəflərin razılaşması ilə istənilən vaxt ləğv edilə bilər. İddiaçı ilə müvafiq inzibati orqan arasında xidməti yaşayış sahəsinə dair kirayə müqaviləsinin bağlanılması və həmin müqavilənin iddiaçı ilə cavabdeh arasında mövcud olmuş xidməti hüquq münasibətlərinə xitam verilməsi səbəbi ilə ləğv edilməsi də iş materialları ilə öz təsdiqini tapmamışdır. Beləliklə, mövcud qanunvericiliyə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri onun qeydiyyat yeri (şəxsiyyət vəsiqəsində göstərilən ünvanla) ilə müəyyən edilir və iş materiallarından görünür ki, İddiaçı AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən onun yaşayış yeri (qeydiyyatda olduğu ünvan) Gəncə şəhəri, Kəpəz rayonu, N nömrəli hərbi hissədir və hal-hazırda da həmin ünvanda qeydiyyatdadır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsinin 1ci bəndinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə müvafiq olaraq fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Beləliklə mövcud qanunvericilik şəxsin bir neçə yaşayış yerinin olmasını mümkün saysa da, eyni zamanda şəxsin dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsinə şərait yaratmaq məqsədi ilə onun yaşayış yeri üzrə 10 gündən gec olmayaraq müddətdə qeydiyyata alınması üçün müvafiq qaydada müraciət etməsini onun üzərinə vəzifə qoyur, həmçinin Azərbaycan Respublikası vətəndaşının yaşayış yerinin yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilməsini nəzərdə tutur. Həmçinin, Gəncə Apelyasiya Məhkəməsi mübahisənin ərazi aidiyyətinin müəyyən edilməsinə dair qərardadında iddiaçının xidmət etdiyi hərbi hissə ilə xidməti hüquq münasibətlərinə hazırda mübahisələndirilən əmrlə xitam verildiyindən, İddiaçı şəxsiyyət vəsiqəsində qeyd olunan qeydiyyat ünvanı onun xidməti yaşayış yeri və yaxud olduğu yer hesab edilə bilməməsi qənaətinə gəlmişdir. İddiaçı ilə cavabdeh orqan arasında xidməti hüquq münasibətlərinə xitam verilsə (nəzərə alsaq ki, hələ məhkəmə mübahisəsi başa çatmayıb) belə İPM-in 8.1.3-cü maddəsində iddiaçının xidməti yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin olduğu (qeydiyyat ünvanının) yer üzrə inzibati məhkəmədə mübahisəyə baxılması müəyyən edilmişdir. Hazırda iddiaçının Gəncə şəhəri, Kəpəz rayonunda qeydiyyatda olması mübahisəsiz haldır. Lakin, Gəncə Apelyasiya Məhkəməsi hazırkı iddianın predmetinin iddiaçı ilə cavabdeh inzibati orqan arasında mövcud olmuş xidməti hüquq münasibətlərinə xitam verilməsinə əsas olmuş əmrin ləğv edilməsinin təşkil etməsini və iddianın mahiyyətinə baxıldıqda həmin əmrin ləğv edilməsi mümkünlüyünü, həmçinin iddiaçının hazırda da onun yaşayış yeri (qeydiyyatda olduğu ünvan) Gəncə şəhəri, Kəpəz rayonu olduğunu nəzərə almamışdır. Göründüyü kimi, Gəncə Apelyasiya Məhkəməsi mübahisənin ərazi aidiyyətinin müəyyən edilməsi məsələsinə baxarkən mübahisənin mahiyyətinə dolayı da olsa münasibət bildirərək məhkəmə aidiyyətini müəyyən edərkən xidməti hüquq münasibətlərinə xitam verildiyini əsas götürərək, onun hazırda qeydiyyatda olduğu ünvanı nəzərə almamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən aşağıdakı hallarda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir: (maddə 9.1.1) səlahiyyətli məhkəmə konkret halda hüquqi və ya faktiki baxımdan məhkəmə icraatını həyata keçirə bilmədikdə, (maddə 9.1.2) birdən çox məhkəmə özünü səlahiyyətli saydıqda, (maddə 9.1.3) mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bu Məcəllənin 8.1-ci maddəsində nəzərdə tutulmuş qaydada ərazi aidiyyətini müəyyən etmək mümkün olmadığı hallarda, səlahiyyətli məhkəmə Ali Məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən məhkəmə icraatının hər bir iştirakçısı və mübahisəyə baxan hər bir məhkəmə aidiyyətlə bağlı yuxarı məhkəməyə müraciət edə bilər. Yuxarı məhkəmə müraciət üzrə şifahi məhkəmə baxışı keçirmədən də qərar qəbul etməyə haqlıdır. Məhkəmə qeyd olunan məsələ ilə bağlı Gəncə Apelyasiya Məhkəməsinin mövqeyi ilə razılaşmır və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsaslanaraq hesab edir ki, 2-1(112)-3676/2020 saylı iş mahiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində həll edilməli idi. Odur ki, İPM-in 9-cu maddəsinin tələblərini rəhbər tutaraq, ərazi aidiyyətinin müəyyən edilməsi üçün iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və İPM-in 8-ci, 9-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi” barədə iddia tələbinə dair iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilir. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar