Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3677/2024 24.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət edərək, mərhum atası İbrahimov Qəmbərdən ona qalmış Bakı şəhər, Sabunçu rayon, Vişnyovka-2 qəsəbəsində yerləşən 255 saylı bağ sahəsinə dair çıxarış verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində yerləşdiyi və qonşu sahəyə yer az qaldığı müəyyən edilmişdir. Odur ki, “255” və “256” saylı torpaq sahələrinin qanuni istifadəçiləri ilə notariat qaydasında təsdiq olunmuş bölgü sxeminin təqdim olunması məqsədəuyğundur. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər, Sabunçu rayonu, Vişnyovka-2 qəsəbəsində yerləşən 255 saylı bağ sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəmə dəftərxanası vasitəsilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ massivində olan 255 saylı bağ sahəsinin altında yerləşən 0.18 ha torpaq sahəsinə dair hüququn ölmüş şəxsə (iddiaçının atası X8) məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ona məxsus torpağın icarə müqaviləsi var. Müqavilə mərhum atası Qəmbər İbrahimovun adınadır və 0,2 hektara görə verilmişdir. Həmin torpaqda ev inşa edilmişdir və həmin evin çıxarışı vardır. Çıxarış evə verilsə də, torpağa dair sənəd təqdim edilmədiyi üçün təkcə ev sənədləşdirilmişdir. Hazırda torpağa dair Bağlar İdarəsi ilə olan icarə müqaviləsi tapılmışdır. Evin qeydiyyat vəsiqəsi vardır. Ev Bakı şəhər, Sabunçu rayon, Vişnyovka-2 qəsəbəsində yerləşən 2 otaqlı, 45.2 kv. m. sahəsi olan fərdi yaşayış evidir. Bağ sahəsi isə 255 saylıdır. Həmin torpağa dair iddiaçı Maştağa Bələdiyyəsində vergi uçotuna alınmışdır. Hazırda həmin torpaq sahəsinə dair çıxarışın verilməsinə zərurət meydana gəlmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında iddianın rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində yerləşdiyi və qonşu sahəyə yer az qaldığı müəyyən edilmişdir. Odur ki, “255” və “256” saylı torpaq sahələrinin qanuni istifadəçiləri ilə notariat qaydasında təsdiq olunmuş bölgü sxeminin təqdim olunması məqsədəuyğundur. Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi nəzərdə tutulmuşdur. Mərhuma məxsus daşınmaz əmlaka dair çıxarış tərtib edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. İdarənin mütəxəssisləri tərəfindən göstərilən daşınmaz əmlaka yerli baxış zamanı məlum olmuşdur ki, göstərilən bağ sahəsi digə 256 saylı bağ sahəsi ilə bir hasar daxilindədir, ara sərhədləri şərtidir. Ümumi torpaq sahəsinin ölçüsü 3806 kv.m-dir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia bağ sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsindən ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - Binanın, bağ sahəsinin uzun müddətli icarəyə verilməsi barədə 4919 saylı xx.xx.1962-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı tresti Vişnyovka-2 qəsəbəsində 0,38 ha sahəsi olan 1/22q saylı bağ sahəsini X3 istifadəsinə vermişdir. - Bağ sahələrinin, tikililərinin uzun müddətli icarəyə verilməsi barədə 4919 saylı xx.xx.1963-cü il tarixli müqavilədən görünür ki, X3 istifadəsinə verilmiş 133 saylı bağ sahəsinin ölçüsü 0,20 ha göstərilmişdir. - Bağ sahələrinin, tikililərinin uzun müddətli icarəyə verilməsi barədə 6058 saylı xx.xx.1963-cü il tarixli müqavilədən görünür ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı tresti Vişnyovka-2 qəsəbəsində 0,19 ha sahəsi olan 133a saylı bağ sahəsini İbrahimov Qəmbərin istifadəsinə vermiş, müqavilənin müddəti xx.xx.1969-cu il tarixədək müəyyən edilmişdir. - Bağ sahəsinin və tikililərinin uzun müddətli icarəyə verilməsi barədə 6058 saylı xx.xx.1969-cu il tarixli müqavilədən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı tresti tərəfindən Vişnyovka-2 qəsəbəsində 0,20 ha sahəsi olan 256 saylı bağ sahəsi X4 istifadəsinə verilmiş, müqavilənin müddəti xx.xx.1979-cu il tarixədək müəyyən edilmişdir. - Bağ sahəsinin və tikililərinin uzun müddətli icarəyə verilməsi barədə 6058 saylı xx.xx.1980-ci il tarixli müqavilədən görünür ki, 255 saylı bağ sahəsi ilə bağlı X5 bağlanmış müqavilənin müddəti xx.xx.1989-cu il tarixədək uzadılmışdır. - Bağın icarəyə verilməsi haqqında xx.xx.1997-ci il tarixli 6058 saylı müqavilədən görünür ki, 255 saylı bağ sahəsinə dair X10 ilə bağlanmış müqavilənin müddəti Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən xx.xx.2007-ci il tarixdək uzadılmışdır. - 15.12.1997-ci il tarixli ərizədən görünür ki, X9 X1 Vişnyovka-2 ərazisində olan 255 nömrəli bağın onun adına özəlləşdirilməsini xahiş etmişdir. - 13.09.2004-cü il tarixli bağın bağışlama müqaviləsindən görünür ki, X11 Bakı şəhər İcra Hakimiyyəti Tİ və MHQİ tərəfindən xx.xx.1998-ci il tarixdə, 11 №-li reyestr kitabı, 1329-cu səhifəsi, 30/1329 №-li qeydiyyatla verilmiş qeydiyyat vəsiqəsinə əsasən ona məxsus iki otaqlı, ümumi sahəsi 136.8 kv.m, yaşayış sahəsi 43.2 kv.m olan Bakı şəhəri, Vişnevka-2 qəsəbəsi, 255 saylı bağı oğlu İddiaçı bağışlamışdır. - Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş BM seriyalı 002000 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Vişnyovka-2 qəsəbəsində yerləşən 2 otaqlı 43,2 kv.m yaşayış sahəsi olan 255 saylı bağ evinə İddiaçı mülkiyyət hüququ xx.xx.2004-cü il tarixdə qeydə alınmışdır. - Bakı şəhəri 5 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X6 xx.xx.2005-ci il tarixdə vəfatı ilə əlaqədar vərəsələr X12 və İddiaçı ərizəsi əsasında vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur. - 07.11.2023-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, göstərilən bağ sahəsi digər 256 saylı bağ sahəsi ilə bir hasar daxilindədir, ara sərhədləri şərtidir. Ümumi sahəsi 3806.0 kv.m təşkil edir. Vətəndaş bildirdi ki, həmin bağ sahəsi qohumunun adınadır, lakin özünün istifadəsindədir. Ümumi sahədən 2000.0 kv.m sahənin 255 saylı bağ sahəsinə aid olduğunu bildirdi. Belə olan halda 256 saylı sahəyə 1806 kv.metr sahə qalır (256 saylı bağ sahəsinin sənədləri təqdim edilməyib). 255 saylı bağ sahəsi kimi göstərilən sahədə Qeydiyyat vəsiqəsində olan ev və həyət tikililəri var. İddiaçı hazırda sadalanan sübutlara istinad edərək, atası X8 ayrılmış 0,18 ha sahəsi olan 255 saylı həmin bağ sahəsinə mülkiyyət hüququnun atasına məxsus olması barədə arayış verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; - 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; - 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. - - 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər aid edilmiş, bu sənədlərin hər üçünün deyil, birinin təqdim edilməsi şəxsin hüququnun qeydə alınması üçün yetərli hesab olunmuşdur. İddiaçı hazırda bu sənədlərdən həmin bağ sahəsinin atasına verilməsi barədə müqaviləni təqdim edir. Məhkəmə qeyd edir ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Məhz buna görə xx.xx.2007-ci il tarixdə bağlar təsərrüfatı idarələri ləğv edilərkən onlara məxsus arxiv sənədlərinin daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparan və bu qeydlərin dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdeh olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Bununla dövlət yalnız mühafizə üçün verilən sənədlərə təminat verməklə, həmin qeydlərin dəqiqliyinə görə məsuliyyəti öz üzərinə götürmüş və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsində də həmin tarixədək verilmiş sənədlərə əsasən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsbit etmişdir. İşin istinad olunan hallarından məlum olur ki, 255 saylı bağ sahəsinin iddiaçının atasına ayrılması barədə müvafiq dövlət qurumuna təhvil verilmiş etibarlı sənədləri, icarə müqaviləsi mövcuddur. Həmin müqavilə mötəbər olmaqla, hazırda qüvvədədir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı atasına ayrılmış bağ sahəsi ilə bağlı hüquqlarının qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. İşdən görünür ki, cavabdeh də iddiaçının tələbini təmin etməkdən imtina edərkən onun təqdim etdiyi sənədlərin mötəbərliyinə deyil, 255” və “256” saylı torpaq sahələrinin qanuni istifadəçiləri ilə notariat qaydasında təsdiq olunmuş bölgü sxeminin təqdim olunmamasına istinad etmişdir. Belə ki, cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 255 saylı bağ sahəsi kimi göstərilən sahə (sənəd üzrə 2000.0 kv.m) digər 256 saylı bağ sahəsi ilə bir hasar daxilindədir (ara sərhədlər şərtidir.). Faktiki olaraq ümumi sahə 3806.0 kv.m təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən 1925 kv.m torpaq sahəsi (arxiv cizgisində göstərilən ölçülərə uyğun) arxiv texniki pasportuna uyğun gəlir.Texniki pasporta əsasən ümumi hasar daxilində 256 saylı bağ da yerləşməlidir.Bu səbəbdən 256 saylı bağ və ərazidə yerləşməli olan digər bağlarla birgə notariat qaydasında təqdiq olunmuş bölgü sxeminin təqdim edilməsi məqsədəuyğundur. Məhkəmə qeyd edir ki, iddiaçı müvafiq bölgü sxemi cavabdehə təqdim edə bilməsə də, 256 saylı bağ sahəsinin sənəd üzrə ölçüsünü nəzərə alaraq 0,20 ha deyil, 0,18 ha torpaq sahəsinə hüququn qeydə alınmasını xahiş etmişdir. Belə olan halda aydındır ki, hazırkı halda 0,18 ha sahəsi olan 255 saylı bağ sahəsinə hüququn qeydə alınması 256 saylı bağ sahəsi ilə bağlı hər hansı bir hüququn pozulmasına səbəb olmur. Buna görə də, qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, bölgü sxemin təqdim edilməməsinə istinad edilərək şəxsin qanunla yaranan hüququnun qeydə alınmasından imtina edilməsi mövcud qanunvericiliyə uyğun hesab edilə bilməz. Çünki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İşin yuxarıda istinad olunan hallarından isə müəyyən olunur ki, iddiaçı bu əsası cavabdehə təqdim etmişdir. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı qüvvədə olan etibarlı hüquqmüəyyənedici sənədləri təqdim etməklə istifadəsində olan bağ sahəsinə atası Qəmbər İbrahimovun yaranmış mülkiyyət hüququna dair arayış verilməsini tələb etməkdə haqlı, cavabdeh isə bu hüququn qeydə alınmasından imtina etməkdə haqsız olmuşdur. Buna görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 qəsəbəsi ünvanında yerləşən 0,18 ha sahəsi olan 255 saylı bağ sahəsinə mülkiyyət hüququnun vəfat etmiş X8 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-3677/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3677/2024
24.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver