Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3679/2022 04.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən yataqxanada sahəsi 16,0 kv.m. olan, bir otaqlı mənzilin İddiaçı adına qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsinin xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1999-cu ildə iddiaçıya “Azmeliomaştəmir” İstehsalat Birliyi Bakı Sınaq Mexaniki Təmir Zovodu tərəfindən ünvan 1 ünvanda yerləşən yataqxanada sahəsi 16,0 kv.m. olan, bir otaqlı mənzil verilmişdir. Bununla əlaqədar mənə həmin mənzilə dair order də təqdim olunmuşdur. İddiaçı həmin mənzili özəlləşdirmək istəyir. Bu məqsədlə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məkhəməyə müraciət edərək, bildirmişdir ki, Bakı şəhəri Nizami rayonu, Rüstəmov küçəsi, 13 saylı evin, -- saylı mənzilinə (otaq 1) dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsin uyğun hüquqmüəyyənedici sənədlər İdarəyə təqdim edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsini müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş, 1 saylı Bakı Ərazi İdarəsinin 12.10.2021-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, iddiaçı tərəfindən qeyd olunan mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsin uyğun hüquqmüəyyənedici sənədlər İdarəyə təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 24.01.2022-ci il tarixli məktubundan görünür ki, əvvəllər "xxxx" Dövlət Şirkətinin “Azmeliomaştəmir” İstehsalat Birliyinə məxsus olmuş ünvan 2 ünvanında yerləşən yataqxana binası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14.09.1999-cu il tarixli, 149 saylı Qərarı ilə təsdiq edilmiş siyahı üzrə Bakı Şəhər İcra Hakimiyyətinin 23.03.1999cu il tarixli, 266 saylı sərəncamına əsasən Departamentin struktur təşkilatı olan 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmiş və Birliyin 10 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidmət dairəsinə verilmişdir. Qeyd edilən ünvanda yerləşən evin xüsusi təyinatlı yaşayış sahəsinə aid 1A saylı mənzilində əvvəllər İddiaçı Ağdam rayon məcburi köçkünü kimi məskunlaşmış, hazırda həmin mənzildə X3 yaşayır və onların adına mənzilə dair hər hansı hüquqmüəyyənedici sənəd (order, sərəncam və s.) verilmədiyindən məhkəməyə təqdim edilməsi mümkün olmamışdır; 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 31.01.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı R.Rüstəmov küçəsi 13 saylı binanın 1a mənzilində 02.02.2007-ci il tarixdən yaşamır, heç bir sənədi yoxdur. Qeyd edilən mənzil Birliyin balansındadır və Dövlət mənzil fonduna məxsusdur. İşin faktiki hallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən yataqxanada sahəsi 16,0 kv.m. olan, bir otaqlı mənzilin üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışın verilməsini xahiş edir. İddiaçı eyni tələblə cavabdeh orqana müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır; 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər; 2.4-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir; 3.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir; 8.0-cı maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; ... 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməlidir. Hazırkı iş üzrə mülkiyyət hüququnun qeydiyyata alınması tələb edilən mənzil üzərində isə həmin hüququn qeydiyyata alınması üçün nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, iddia ərizəsinə “Azmeliomaştəmir” İstehsalat Birliyi Bakı Sınaq Mexaniki Təmir Zovodu tərəfindən verilmiş orderin kserosurəti əlavə olunsa da, əsli məhkəməyə təqdim edilməmiş, eyni zamanda məhkəmə araşdırması zamanı iddiaçının adına həmin mənzilə dair hər hansı hüquqmüəyyənedici sənədin (order, sərəncam və s.) verilmədiyi və iddiaçının əvvəllər mübahisə predmeti mənzildə məcburi köçkün kimi məskunlaşsa da, 2007-ci ildən orada yaşamaması, faktiki olaraq digər şəxsin yaşaması müəyyən edilmişdir. Bununla belə, məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən istinad edilmiş order (əsli təqdim olunmasa da) yuxarıda adıçəkilən qanunla siyahısı konkret olaraq müəyyən edilmiş hüquqmüəyyənedici sənəd qismində çıxış edə bilməz. Qanunun 8.0.11-ci maddəsində orderin nəzərdə tutulması da məhkəmə hesab edir ki, vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Belə ki, maddənin tələbindən də göründüyü kimi Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) verilmiş o orderlər mülkiyyət hüququnun qeydiyyata alınması əsası qismində çıxış edə bilər ki, order müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş olsun. Müvafiq icra hakimiyyəti orqanı dedikdə isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azrbaycan Respublikası Prezidentinin 2014-cü il 10 avqust tarixli, 113 nömrəli Fərmanının 4.2.8-ci yarımbəndinə uyğun olaraq yerli icra hakimiyyəti orqanları başa düşülür. Hazırkı iş üzrə order iddiaçıya müvafiq yerli icra hakimiyyəti orqanı tərəfindən verilməmiş, “Azmeliomaştəmir” İstehsalat Birliyi Bakı Sınaq Mexaniki Təmir Zovodu tərəfindən verilmişdir. Göründüyü kimi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas olan sənədlər konkret olaraq müəyyən edilmişdir ki, müəssisə tərəfindən verilən order və onun verilməsinə əsas olmuş sənədlər yerli icra hakimiyyəti orqanları tərəfindən verilmiş orderi, sərəncamı və ya bağlanılmış kirayə müqaviləsini əvəz etmədiyindən yuxarıda adıçəkilən qanunun tələbləri baxımından mülkiyyət hüququ yaradan sənəd hesab edilə bilməz. Yalnız yerli icra hakimiyyəti orqanı tərəfindən verilən dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair order, sərəncam və ya kirayə müqaviləsi maddənin məqsədləri baxımından mülkiyyət hüququnun yaranması əsası qismində çıxış edir. Bu zaman dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair orderlə, yataqxanalardan istifadə edilməsi ilə bağlı verilən orderin fərqləndirilməsi baxımında 2009-cu il oktyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müvafiq müddəalarının da təhlili zəruridir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (2009-cu il oktyabrın 1-dək qüvvədə olmuş): Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin verilməsi adlanan İİ bölməyə daxil olan 1-ci fəslində mənzil fondunun qeyd olunan kateqoriyalarına aid yaşayış sahələrinin verilməsi qayda və prosedurları konkret olaraq qeyd edilmişdir. Həmin Fəslə daxil olan 46-cı maddədən göründüyü kimi ictimai mənzil fondu evlərində (Məcəllənin 4-cü maddəsinə əsasən ictimai mənzil fondu dedikdə kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri başa düşülür) yaşayış sahəsi vətəndaşlara müvafiq təşkilatın orqanının və onun həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq inzibati orqana məlumat verilir. 48-ci maddəyə əsasən isə istər dövlət, istərsə də ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında müvafiq inzibati oqan tərəfindən vətəndaşa order verilir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Göründüyü kimi istər dövlət, istər ictimai mənzil fondu evində yaşayış sahəsinin verilməsi haqqında qərar əsasında order vermək səlahiyyəti müvafiq inzibati orqana aid hesab edilmişdir ki, yaşayış sahəsinə köçmək üçün yeganə əsas qismində həmin orderin müəssisənin özü tərəfindən verilməsi nəzərdə tutulmamışdır. Müəssisə tərəfindən yataqxanalarla bağlı orderin verilməsinə dair qaydalar isə adıçəkilən Məcəllənin dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin verilməsi adlanan İİ bölməyə daxil olan 1ci fəsli ilə deyil, yataqxanalardan istifadə adlanan 4-cü fəsil ilə müəyyən edilmişdir. Həmin fəslə daxil olan 106-cı maddəsinə əsasən fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. 107-ci maddəyə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilir. mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Göründüyü kimi 2009-cu il oktyabrın 1-dək qüvvədə olmuş Mənzil Məcəlləsi ilə dövlət və ya ictimai mənzil fonduna daxil olan yataqxana tipli yaşayış sahəsinin verilməsi ilə bağlı orderlə, yataqxanalardan istifadə ilə bağlı verilən order arasında fərqləndirmə aparılmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.11-ci maddəsində nəzərdə tutulmuş sənədlər həmin maddədə adıçəkilən qüvvədən düşmüş Məcəllənin İİ bölmə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin verilməsi adlanan 1-ci fəsil ilə müəyyən edilmiş prosedur qaydalara uyğun olaraq verilmiş müvafiq inzibati orqanın verdiyi orderi nəzərdə tutur, yataqxanalardan istifadə ilə bağlı verilən order isə müəssisənin müdriyyəti tərəfindən verilir ki, adıçəkilən maddədə nəzərdə tutulan mülkiyyət hüququnun qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənəd hesab edilmir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-3679/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3679/2022
04.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver